usaqlar

Uşaqlarımızı pis vərdişlərdən necə qoruyaq?

Baxış sayı: 2. 017
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız”  mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir: “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Valideyn məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası aidiyyəti qurumlara göndərilıb. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır”.
Komitə sədri erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi kimi problemlərin qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərdən də danışıb.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov çıxışında deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir: “Uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər”.
Göründüyü kimi, uşaqların müdafiəsi ilə bağlı xeyli işlər görülsə də, bu mövzu ətrafında problemlər qalmaqdadır. Ona görə də bu məsələni ekspertlərlə müzakirə edib,  uşaqların pis vərdişlərdən qorunması, müdafiə olunması üçün hansı çıxış yolları təklif etdiklərini öyrəndik. Ölkədə hazırda 2 milyon 600 minə yaxın uşaq var. Onların 330 min 80 nəfəri qaçqın və məcburi köçkün uşaqlardır. Bəs bu uşaqları qorumaq üçün hansı addımlara ehtiyac var? Çıxış yolu yalnız maarifləndirmədirmi?
“Daha geniş iş qurulmalı, valideynlər də bu prosesə cəlb olunmalıdır”
Bu haqda fikirlərini bizimlə bölüşən millət vəkili, professor Musa Qasımlı dedi ki, DİN şöbə rəisinin söylədiklərini bölüşür. Hər işi dövlət orqanlarının üzərinə yıxmaq olmaz: “Uşaqların, yeniyetmələrin pis vərdişlərdən uzaq tutulması ilk növbədə, ailənin, qohum-əqrəbanın, uşaq bağçalarının, məktəblərin işi olmalıdır. Daha sonra isə televiziya, radio kanallarında, qəzet və jurnallarda, saytlarda maarifləndirici proqramlar təşkil etmək, yazılar yazmaq olar. QHT-lər məktəblərlə bir yerdə bu istiqamətdə mühüm layihələr həyata keçirə bilərlər. Uşaqlar gələcəyimiz olduğundan, onların hər baxımdan sağlam və cəmiyyətimizə yararlı olmaları üçün hamımız çalışmalıyıq”.
QHT rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov dedi ki, ölkədə son bir neçə ildə uşaq təşkilatları formalaşmışdı və onlar artıq prosesə qoşulmuşdular. Yalnız pis tərbiyə olunmuş uşaqlarla deyil, həmçinin zorakılığa məruz qalmış və digər uşaqlarla iş aparılırdı: “Küçədə yaşayan uşaqlarla da iş aparılırdı. Sonradan qrant alma məsələsində məhdudiyyətlər yaradıldı. Ona görə də bu cür işlərlə məşğul olan təşkilatlar yavaş-yavaş sıradan çıxır. DİN nümayəndəsi düz deyir, amma yaxşı olar ki, o, məsələni, problemi hökumət qarşısında qaldırsın və bildirsin ki, Azərbaycanda mövcud olan uşaq təşkilatları bağlanmaqdadır. QHT-lərə Dövlət Dəstəyi Şurası qalıb, o da, məhdud vəsait deməkdir. Xarici donorlara çıxış yoxdur. Təkcə uşaq yox, digər təşkilatlar da bir-bir bağlanır. Ya daxili vəsait artırılmalı, ya da xarici donorlara çıxış imkanı yaradılmalıdır. Məişət zorakılığına məruz qalanlar, çətin tərbiyə olunan uşaqlar, küçə uşaqları ilə işləyən QHT-lərin fəaliyyəti demək olar ki, dayanıb”.
S.Məmmədov da hesab edir ki, problemin həllini təkcə dövlətin çiyninə yükləmək olmaz, QHT-lərdən dövlətə dəstək gəlməlidir: “Rəhmətlik Nazir Quliyev bu istiqamətdə işlər görürdü. Ümumiyyətlə, xeyli təşkilatlar var idi və onlar ixtisaslaşmışdılar. Bu gedişlə növbəti illərdə belə təşkilatlar az sayda olacaq. Onlar da vəsait az olduğuna görə, ciddi fəaliyyət qura bilməyəcəklər. Maarifləndirmə bu yöndə görülən işlərin bir komponentidir. Daha geniş iş qurulmalı, valideynlər də bu prosesə cəlb olunmalıdır. Həmçinin, icra hakimiyyətləri, polislə əməkdaşlıq olmalıdır”.
Psixoloji dəstək vacibdir
 
Sosioloq Asif Bayramovun fikrincə, heç bir problem yalnız dövlətə və ya onun ayrı-ayrı qurumlarına aid deyil: “Problemlər əslində, cəmiyyətin özünə məxsusdur. Onun həlli ilə bütövlükdə cəmiyyət məşğul olmalıdır. Təbii ki, müəyyən qurumlar, orqanlar yaradılarkən həmin problemlərin həlli onlara tapşırılır. Ona görə də onlar səlahiyyətə malikdirlər və məsul qurum hesab olunurlar. Amma bu o demək deyil ki, cəmiyyət həmin problemlərin həllindən kənar qalmalıdır. Sırf bu problemə gəldikdə, bu haqda illərdir danışılır. İnsanların hərəkətləri uşaqlıqdan böyüyənə qədər, şüur altına ötürülən mesajlar üzərində qurulur. Stereotiplər, yəni davranış modelləri əsasında hərəkət edirlər. İnsanı gün ərzində idarə edən tək şüuru deyil, bəziləri şüur altındakı stereotiplərlə yaşayır. Təəssüf ki, bəzi uşaqlar məhbəs həyatı yaşayır. Ora düşənlər sonradan cəmiyyətə adaptasiya olmağa çətinlik çəkirlər. Bunun üçün xüsusi proqramlar olmalıdır. Psixoloji dəstək vacibdir. Əslində, cəmiyyət sözü mücərrəd ifadədir. Ona hər kəs, hər tip adam daxildir. Hər insanın böyüməsində ilkin sosial mərhələ onun ailəsidir. Daha sonra bağça, məktəb və s. Uşaqların, yeniyetmələrin, ümumiyyətlə hamının şüuruna zərərli məlumatlar ötürən filmlər var. Təbii ki, uşaqları, yeniyetmələri belə şeylərdən uzaq tutmaq lazımdır. Həmçinin, zərərli cizgi filmlərindən”.
Sosioloqun fikrincə, insan pis vərdişləri yaşadığı mühitdən alır: “Azərbaycan qlobal dünyanın kiçik bir hissəsidir. Bu problem bütün dünyada var. Hazırda dünyada insanların şüuru uğrunda mübarizə gedir. Qlobal cəbhələr bunun üçün milli cəbhələrlə döyüşürlər. Milli cəbhəmizi gücləndirməliyik. Bunun üçün dövlətin xüsusi strateji planı və proqramı olmalıdır. Onun maliyyələşməsi üçün büdcədən pul ayrılmalıdır. Təəssüf edirəm ki, bizim parlamentdə uşaqların qorunması mövzusu ən aktual problem kimi gündəmdə deyil. Uşaqlarla bağlı məsələnin ayrı-ayrı detallarına toxunulsa da, sualın özü bütöv şəkildə qoyulmur. Bunu yalnız mənəviyyat və əxlaq müstəvisində həll etmək mümkün deyil. İstəyirəm ki, məsələ hüquq müstəvisinə qaldırılsın və dövlət tərəfindən proqram qəbul olunaraq, maliyyələşdirilsin. Məsələnin həlli o zaman uğurlu olar ki, bu cəbhədə vuruşan insanların arxasında dövlət dayansın. Bir məsələ də var ki, QHT-lərə hər il dövlət büdcəsindən xeyli vəsait ayrılır. Təəssüf ki, pulu alanların etdikləri cəmiyyət üçün xüsusi əhəmiyyət daşımır. Kimlərsə qrant alıb tutaq ki, kitab çap edir. Sonra bölgə-bölgə gəzib, sadəcə, öz kitablarını paylayırlar. Aldıqları qrantlarla kitablarını, özlərini reklam edirlər. QHT-lərə ayrılan qrantların məqsədi, məramı aydınlaşdırılmalı, fayda əmsalı müəyyənləşdirilməlidir”.
“Hər uşağın marağının nəyə olduğunu öyrənmək lazımdır”
 
Psixoloq Könül Mikayılzadə də uşaqları, yeniyetmələri pis vərdişlərə cəlb etməyin çox asan olduğunu düşünür. Onun fikrincə, ailədə boşluq varsa, uşaq diqqətsizlik görürsə, valideynlər uşağı anlamırlarsa, bunun nəticəsi pis ola bilər: “Həmçinin, şiddətə məruz qalan uşaqlar meyllərini ətrafdakı adamlara salırlar. Küçədəki yoldaşlarını, qruplaşmış adamları daha yaxın hiss edirlər. Hər iki valideyn uşağın nə işlə məşğul olduğunu soruşmalı, problemləri ilə maraqlanmalıdır. Yeniyetməlik vaxtı qayğıya daha çox ehtiyac olur. Valideynlər uşağa pul verdikdən sonra pulu hara xərclədikləri ilə maraqlanmırlarsa, nəticə pis ola bilər. Şiddət görən, qayğıdan, diqqətdən uzaq olan uşaq pis insanların təsirinə düşə bilər. Əgər uşaq evdə kifayət qədər yaxşı münasibət görsə, o, heç vaxt kənarda dəstək axtarmaz. Loru dildə desək, pis yola düşməz”.
Psixoloq onu da diqqətə çatdırdı ki, bu cür mənfi halların qarşısını qayğı göstərmək, onlara daha çox zaman ayırıb problemləri ilə maraqlanmaqla almaq olar: “Ata oğulun, ana isə qızın dostuna çevrilməlidir, onların sirlərini bölüşməlidir. Yalnız sirlərini bilsək, onlara doğru istiqamət göstərə bilərik. Təbii ki, sirr aralarında qalmalıdır. Bu, çox ciddi məqamdır. Əgər belə olarsa, uşaq valideyni həqiqi dostu hesab edəcək. Yeniyetmələr daha çox paylaşmağı sevirlər. Məsələləri özləri və həmyaşıdları ilə dəyərləndirirlər. Ailədə dostluq yaranarsa, onları xilas etmiş olarıq. Doğru məsləhətləri yalnız valideynlər verə bilər. Onları qorumağın ən yaxşı yolu odur ki, vaxtlarını səmərəli keçirsinlər. İdmanla məşğul ola bilərlər. Hər uşağın marağının nəyə olduğunu öyrənmək lazımdır. Onların hər biri mükəmməl musiqiçi, rəssam, bəstəkar, müğənni və s ola bilər. Valideyn uşağının həvəsini, qabiliyyətini bilməlidir. Belə olarsa, uşağın enerjisi hansısa bir məşğələyə yönələr. Oğlanlar əsasən idmana, qızlar isə digər məşğələlərə gedərsə, enerjilərini orada dağıtmış olarlar. Belə olanda isə onların çılğınlıqları müəyyən qədər azalır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir