isden cixma

Bir yerdə uzun müddət işləməli, yoxsa işini tez-tez dəyişməli? – ARAŞDIRMA

Baxış sayı: 1. 364

Aparılan araşdırmalara görə, insanların 74 faizi iş yerləri olsa da, daha yaxşı iş axtarmağa davam edirlər. Gənclər bir işdə orta hesabla 3 il qalır, orta yaşlılarda isə bu müddət 11 ilə qədər uzanır. Bəs hansı daha düzgündür? Bir yerdə uzun müddət işləmək, yoxsa işini tez-tez dəyişmək?

“Risk etməyə dəyər”

“ASAN xidmət” in mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun karyerasına nəzər saldıqda görürük ki, iş yerini tez-tez dəyişib. O, mövzu ilə bağlı açıqlamasında bildirib ki, yeni mühit və yeni təcrübə insanın həyatına rəng qatır: “Fərqli mühitlərdə, fərqli insanlarla çalışmağı xoşlayıram. Yəqin ki, bu, işimdən irəli gəlir. Bəzən gənclər karyeralarında yenilik etməkdən çəkinirlər. Lakin, zənn edirəm ki, yeni mühit və yeni insanlar, hər yeni təcrübə və sınaqlar insanın həyatına rəng gətirir və gənc yaşda belə dəyişikliklər üçün risk etməyə dəyər”.
Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov isə deyir ki, əgər işdə özünü inkişaf etdirə bilirsənsə, uzun müddət bir yerdə işləmək yaxşıdır: “Öyrəndiklərin çoxaldıqca inkişafın, vəzifən və səlahiyyətlərin artır. Çalışdığın iş sənə həm də təhsil verməlidir. Əgər iş yerində özünü inkişaf etdirə bilmirsənsə, həmin işi dəyişmək lazımdır. Yəni buna görə kimisə qınamaq olmaz. İnsan özünü tapana qədər tək işini yox, özünü də tez-tez dəyişir. Önəmli olan çalışdığın sahəni və bacardığın işi dəyişməməkdir”.

İş dəyişmə düsturu

Məşhur türk İdarəçi Evrim Kuran hesab edir ki, hər şey qədərində olanda dəyişim uğurludur: “16-cı əsrin məşhur alimi və müasir tibbin qurucularından sayılan Paracelsusun dediyi kimi, zəhərlə dərmanı bir-birindən fərqləndirən onun miqdarıdır. İş dəyişmə mövzusunda da bu düstur etibarlıdır. Hər şey miqdarında olduğu zaman hər cür dəyişim dəstəklənməlidir”. Kuran hesab edir ki, ilk işində olan yeni məzunlar bir işdə ən az 3 il qalmalıdır: “Bir insan eyni firmada 5 ildən artıq işlədikdə onun səmərəliliyi düşə bilər. Bu səbəbdən eyni firmada olsa belə, mütləq dəyişikliklər olmalıdır. İş dəyişikliyi faydalı iş əmsalımızı artırmağa və karyeramızı inkişaf etdirməyə kömək edə bilər”.

Çilingər kimi başlayıb, direktor kimi işi başa vurmaq…

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov gəncin iş yerini tez-tez dəyişməsini dəstəkləmir. Deyir ki, belə insanlar öz sahələrinin peşəkarı olmaqda çətinlik çəkirlər: “Ola bilər ki, gənc bir strukturda 15-20 il işləyə bilər. Ən aşağı vəzifədən başlayıb şöbə müdiri vəzifəsinədək yüksələr. Karyera üçün gəncin inkişafı çox önəmlidir. Əgər bir insanı öz iş yeri qane edirsə, niyə dəyişsin? Məsələn, yaponlar bir müəssisədə uzun illər nəsilliklə işləyirlər və karyeraları da həmin müəssisənin daxilində inkişaf edir. Hesab edirəm ki, bir gənc işlədiyi struktur çərçivəsində karyerasının inkişafını davam etdirməlidir. Bəzən işəgötürənlər işçiyə xərc çəkir, oxutdurur, təhsil verir. Təcrübə artandan sonra gənc həmin yerdən çıxıb gedir. Bu, işəgötürən üçün yaxşı hal deyil. QHT-lər həmişə bundan əziyyət çəkib. Yaxşı olar ki, işə başlayan şəxs öz müəssisəsi çərçivəsində karyerasını inkişaf etdirsin. Məsələn, bizdə o qədər insan var ki, fəxrlə danışır ki, bir müəssisədə 50 il işlədim. Çilingər kimi başlayıb, direktor kimi işi başa vurmaq, ayrı-ayrı yerlərdə iş dəyişməkdən yaxşıdır. Çünki tez-tez iş yeri dəyişən insan öz sahəsində peşəkar ola bilmir. Ən ideal variantda gənc bir işdə işləməli, həmin işin peşəkarı olmalı və özünü inkişaf etdirməlidir”.

“Yaxşı olan qazanır”
 
Karyera və şəxsi inkişaf sahəsi üzrə təlimçi Tofiq Sadıxov isə açıqlamasında bildirdi ki, bundan əvvəlki nəsil daha yaxşı məvacib təklif edilən iş haqqında yox, öz işi haqqında düşünürdü. Onun sözlərinə görə, müasir dövr gəncləri böyük bir yarışın içinə atılır və burada yaxşı olan qazanır: “Bizdən əvvəlki nəsil keçmiş SSRİ-nin ali təhsildən sonrakı təyinatlı iş rejiminə öyrəşmişdi. Hər bir kəs anlayırdı ki, təyinat aldığı müəssisədə karyera yüksəlişini hədəfləməli və ya bunu istəməsə belə, öz işində uzun illər dürüstcəsinə çalışaraq müəssisənin dəyərlərinə sadiq qalaraq təqaüd yaşına qədər işləməlidır. Bu uzun müddət ərzində də onun digər həyat qayğıları sosializm dəyərlərinə uyğun olaraq dövlət tərəfindən qarşılanırdı. Belə olduğu təqdirdə, yeni işə başlayan gənc bir kadr daha yaxşı məvacib təklif edilən iş haqqında yox, elə öz işi haqqında düşünürdü. Uzun illərdən sonra qocaman işçi kimi təqaüdə çıxmaq da bir ayrı zövq idi. Zaman ötür, dövr dəyişir və özü ilə birlikdə tələb və təklifləri də dəyişir. Bu, normal prosesdir. Dəyişən tələblər iş axtaranlar və iş təklif edən müəssisələrdən də yan keçmir. Bu gün təyinat sistemi tamamilə unudulub. Kapitalizm gəncləri böyük bir yarışın içinə atır. Burada ən yaxşı olan qazanır. Bir çox məsələlər vəhşi təbiət qanunları ilə idarə olunur. Bacaran daha irəli gedir, bacarmayan isə bacarana qədər öyrənir, cəhd edir, alınmayanda isə məğlub olur. Belə olan təqdirdə, hər bir gənc təhsilini bitirdikdən sonra əmək bazarında öz bilik və bacarıqlarına uyğun iş axtarmağa başlayır”.
Həmsöhbətimiz hesab edir ki, gənclərin tez-tez iş dəyişməsinin səbəbi öz bacarıqlarını düzgün qiymətləndirməmələridir: “Son 6 ildə birbaşa olaraq gənclərin şəxsi inkişaf və karyerasının qurulmasında yaxından iştirak edən bir mentor olaraq deyə bilərəm ki, onların iş tapa bilməməsində və tez-tez iş dəyişmələrində başlıca səbəb öz bacarıqlarını düzgün qiymətləndirməmələridir. Mövcud qayğılar, bazar iqtisadiyyatı və kapitalizm cəmiyyəti gəncləri iş axtararkən karyera imkanları əvəzinə, məvacibin çox olmasına yönəldir. Belə olan təqdirdə gənclərin əksəriyyəti daha çox məvacib verilən müəssisələrdə çalışmağı üstün tutur, bir çox hallarda ixtisası uyğun olmasa da… Məvacibə görə iş yeri seçən gənc təbii ki, başqa bir müəssisədən daha çox məvacib təklif edilən gün işini dəyişəcək. Çox az sayda gənc, öz işlədiyi müəssisənin dəyərlərini, daha çox qazanmaqdan üstün tuta bilər. Belə bir dilemma qarşısında qalanda gənclər kim onlara daha çox ödəyirsə, onu daha dəyərli hesab edirlər”.

Müəssisə rəhbərinin motivasiyası
 
Müsahibimiz vurğuladı ki, bu məsələdə hər iki yol doğru ola bilər. Əsas seçimi düzgün etməkdir: “İşçinin bir müəssisədə uzun illər çalışması üçün müəssisə rəhbərliyi də sözün əsl mənasında o işçilər üçün çalışmalıdır. İşçinin məvacibindən başlayaraq, iş şəraiti, sosial təminatı, rifahı mütəmadi olaraq yüksəldilməlidir ki, ona qoyulan dəyər və qiymət düzgün anlaşılsın. Yalnız bundan sonra o işçi müəssisənin dəyərlərini hər şeydən üstün tutar. 5 il ərzində 7 iş yerində çalışan biri kimi deyə bilərəm ki mənim üçün müxtəlif qurumlarda, müxtəlif kollektivlərlə çalışmaq çox böyük təcrübə olub. 7 iş yerindən 5-i qısamüddətli proyektlər olduğundan karyeramda belə “ziq-zaq”lar əmələ gəlib. Ancaq həmin illərdə qazandığım təcrübə və bacarıqları heç vaxt bir müəssisə daxilində qazana bilməzdim. Odur ki, bu məsələdə hər iki yol doğrudur. Ən doğru olan isə bir gəncin özünü tam qiymətləndirdikdən sonra düzgün karyera hədəf və planlarını qurmasıdır. Hədəf düzgün olduqdan sonra istər tez-tez iş dəyişsən, istərsə də bir müəssisədə illərini keçirsən, məqsədə gec-tez çatacaqsan”.

“Son məqsədlərini unudanlar”

İşin psixoloji tərəfini araşdıran psixoloq Nail Cəlil vurğulayır ki, tez-tez iş, mühit dəyişmələri gənclərin psixologiyasına mənfi təsir edir: “Gənclərin bir neçə işdə çalışmasının, bir sıra hallarda iş yerlərini daha tez dəyişməyə meyilli olmalarının başlıca səbəbi özünütəsdiq və maddi cəhətdən daha yaxşı, təminatlı, gəlirli işdə çalışmaqdır. Bir neçə işdə çalışmağa, paralel olaraq müxtəlif işləri gərgin bir rejimdə görməyə çalışanların da motivləri, niyyətləri oxşardır. Çox zaman maddi imkanların məhdudluğu, ehtiyacı onları müxtəlif ağır işlərə, daimi iş axtarışına vadar edir. Burada nəzərə çarpan az-çox müsbət məqam sosial inkişaf, özünüdərk, özünüqiymətləndirmə imkanlarının yetərincə genişlənməsi, alternativlərin dəyərləndirilməsi, karyerada, maddi-mənəvi həyatda uğurlar əldə etmək şanslarının yüksəlməsidir. Lakin bu tipli gözləntilər real həyatda heç də həmişə özünü doğrultmur. Çünki çox vaxt gənclər əsas hədəflərinə diqqət yetirmək, məqsədyönlü davranmaq əvəzinə, prosesin qeyri-müəyyən axarına qapılır, son məqsədlərini adətən unudurlar. Digər tərəfdən, tez-tez iş yerlərini dəyişənlərə, xüsusən, ciddi səbəb olmadan dəyişənlərə münasibətdə cəmiyyətdə, əmək bazarında bir inamsızlıq formalaşır. Onlar sonralar nə qədər səy göstərsələr də, ciddi kadr və yaxşı işçi kimi qiymətləndirilmirlər. Bu da onların karyerasına, şəxsi həyatına, psixoloji vəziyyətinə istər-istəməz mənfi təsir edir, maddi vəziyyətləri bu səbəbdən daha da ağırlaşır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir