“Dayanmadan azca qaza bas. Solu yandır. Güzgüyə bax. Qəflətən birinci zolağa girmə, yavaş-yavaş soldan ikinciyə gir. Afərin. Dön. Tələsmə… Elə hesab et ki, əyləc yağdır, ayağını qəflətən atsan, yağ, üzərinə sıçrayacaq, ona görə də yavaş-yavaş bas…”
Avto-təlimdəyik. Adət etdiyimizdən fərqli olaraq, maşın sürmək sevdasında olanlar xanımlardır. Təlimçi isə 10 ildir xanımlara avtomobil idarə etməyi öyrədən STEP sürücülük kursunun rəhbəri və müəllimi Sahil Quliyevdir.
Qadınların 90 faizi nəzəriyyə imtahanından birinci dəfədən keçir
İndiyədək mindən çox xanıma maşın sürməyin sirlərini öyrədən müsahibimizdən əvvəlcə kişilərin götürmə qbiliyyəti ilə qadınlarınkı arasında fərqin nədə olduğunu soruşduq. Tələbələrinin 01-0,2 faizinin kişilər olduğunu deyən S.Quliyev yalnız tanışlar xahiş edəndə, kişiləri öyrətməyi boynuna götürür. Çünki əvvəlcədən kursu yaratmaq məqsədi qadınlara maşın sürməyi öyrətmək olub: “Nəzəriyyə dərslərini kişilər daha yaxşı başa düşürlər. Xanımlarda ilk üç dərs adaptasiya gedir. Bu müddət ərzində onlar da, mən də əziyyət çəkirik. Kişilərlə isə ilk dərslər çox rahat keçir. Amma nəticəyə gəlincə, xanımların 90 faizi sürücülük vəsiqəsi almaq üçün ilk imtahandan keçirlər, kişilər isə bu baxımdan geri qalırlar. Belə ki, kişilərin cəmi 30 faizi ilk dəfədən imtahanı keçə bilir. Bilmirəm, kişilərdə həyəcanmı olur, yoxsa kişi olduqlarına görə üzərilərinə daha çox məsuliyyətmi düşür, fikirləşirlər ki, kəsilsələr, yaxşı qəbul olunmayacaq və s. Ola bilsin ki, bunlar kişilərə həyəcan verir”.
Qadın və kişilərin fərqi
Təlimə gəlincə, müsahibimiz deyir ki, istiqamət tutmaq və baş verənlərə anındaca reaksiya vermək qabiliyyətinə görə xanımlarımız kişilərdən geri qalırlar: “Yüz illər öncə kişilər arayıb, axtarıb, ov ovlayıb, mağaraya gətiriblər. Xanımlar isə mağarada, ocaq başında oturaraq biş-düş, uşaq saxlamaqla məşğul olublar. Bu baxımdan, hələ də xanımlarımızda istiqaməti təyin etmək problemi var. Çünki Azərbaycanda əsasən son 20-30 ildə qadınlarda maşın sürmək vərdişi yaranmağa başlayıb. Qadınlar illərlə mağaradan, daha sonra evdən çölə çıxmadığı üçün onların istiqaməti düz tutmaq vərdişi yoxdur. Amma ümumilikdə həmişə deyirəm ki, sürücünün qadını, kişisi olmaz. Vəsiqədə qadın sürücü, kişi sürücü deyə cins ayrı-seçkiliyi qoyulmur, sadəcə sürücü sözü yazılır. Əqli problemi olmayan, şəxsi keyfiyyətlərində, ailə tərbiyəsində problem yaşamayanlar çox rahatlıqla öyrənir və qaydalara, yolda piyadalara, digər sürücülərə hörmətlə yanaşırlar”.
Əyləclə qazı dəyişik salanda…
Kişilərin adətən qadınları müəllim yanına qoymaq əvəzinə, özləri öyrətməyə cəhd etmələrindən narahat olan müsahibimiz deyir ki, bu, düzgün yanaşma deyil: “Bəzi atalar, qardaşlar, həyat yoldaşları fikirləşirlər ki, kimdən əskikdirlər və qızlarını, baclarını, xanımlarını özləri öyrətməyə üstünlük verirlər. Oturub maşın sürəndə ata, qardaş, əmi insanın yanında olmur. Yalnız qəzadan sonra sağ qalırsansa, onlara zəng edə bilirsən. Adətən atalarından, bacılarından, həyat yoldaşlarından öyrənən qadınlar travma alırlar. Çünki yaxınlarını öyrədən kişilər xanım səhv edən kimi, onun üstünə qışqırmağa, təhqir etməyə başlayırlar. Hətta qadına əl qaldıranlar da olur. Bəlkə o kişiləri də başa düşmək olur. Məsələn, xanımını indiyədək ağıllı-başlı, savadlı, qabiliyyətli biri kimi tanıyan kişi xanımı maşında oturub iki pedalı tapa bilməyəndə, əyləclə qazı dəyişik salanda, hətta bəzisi sağı ilə solunu tanımayanda özünü saxlaya bilmir, əsəbiləşir. Vurmasa, qışqırmasa belə, ən azından maşından düşüb siqaret çəkir, səsinin tonu ilə narazılığını bildirir. Bu da xanımın psixoloji travma almasına gətirib çıxarır. Bu travma da həmin xanımda maşın sürərkən daim özgüvəninin az olmasına, daim kənardan kiminsə müdaxilə etməsini gözləməsinə səbəb olur. Qadınlara üzümü tutub deyirəm ki, dost, qardaş, ata və ya həyat yoldaşlarının maşın sürməsinə baxıb həvəslənməsinlər. Yaxınları yaxşı maşın sürə bilər, amma öyrətmək üçün pedaqoji qabiliyyətin olmalıdır, psixologiyanı bilməlisən, həmin insanı ağ vərəq kimi qəbul etməlisən. Bu adam bilmədiyi üçün sənin yanına gəlir, bilsəydi, sənin yanında nə işi var idi ki?..”
“Kişilər qadının sərbəst olub maşın sürməyini qəbul edə bilmirlər”
Təlim maşınının üzərində “Təlim” sözünün olmaması diqqətimizi çəkdi. Sahil Quliyev bunu xanımların psixoloji durumunun normal olması üçün etdiklərini dedi: “Adi sürücülər xanımın təlim keçdiyini biləndə siqnal verir, hansısa formada psixoloji təsir etməyə çalışırlar. Buna görə də düzgün olmasa belə, maşının üzərinə “Təlim” sözü yazılan kağız vurmuruq”.
S.Quliyev kişilərin sürücü xanımlara münasibətindən narazılıq etdi: “Evində anası, bacısı, xanımı, xalası qızları, əmisi qızları olanlar sürücü xanımlara qarşı o qədər təhqiramiz reaksiya verə bilməzlər. Yollarda mədəni, tərbiyəli, düzgün əxlaqlı və yol qaydalarına riayət edən xanım sürücülər hədsiz dərəcədə çoxdur. Maşın sürən xanımlara dəstək olmaq əvəzinə onları sıxışdırırlar”.
Maşın sürməyin sirlərini Sahil müəllimdən öyrənən Təranə Quliyeva sərbəst şəkildə maşın sürməyə yenicə başlayıb. Ən böyük problemi kişilərin qadınları yola verməməsində görür: “Kişilərin qısqanc baxışı ilə tez-tez rastlaşırıq. Kişilərin bir çoxu sürücünün xanım olduğunu görəndə ötmə əməliyyatı etməyə çalışırlar. Qadından arxada getməyi özlərinə sığışdıra, qəbul edə bilmirlər. Bu da kişilərin qadınlara qarşı eqosundan irəli gəlir. Amma ümumilikdə yollarda ən çox problem sürücülərin tələsməsi, bir-birlərinin yoluna keçməsi, döndükləri zaman dönmə işığını yandırmamasıdır”.
Sevinc Hidayətzadə də maşın sürməyə yenicə başlayıb. O da kişi sürücülərdən şikayətçidir: “Bir də görürsünüz, qadın olduğuma görə yolumu kəsir, qəflətən yoluma çıxırlar, buna görə sükan arxasında çox əsəbləşirəm. Sürücünün əsəbləşməyi ən təhlükəli haldır. Kişilərin niyə özlərini bu formada ifadə etməsinə gəlincə, bu, onların, zərif cins nümayəndəsinin maşın sürməyini gözləri götürməməsindən irəli gəlir. Qadının sərbəst olub maşın sürməyini qəbul edə bilmirlər”.
Sahil Quliyev deyir ki, xanım tələbələri 8-20 təlimə maşını sərbəst idarə etməyi öyrənirlər: “Xanımın dinləmə, götürmə qabiliyyətindən də çox şey asılıdır. Qadınların ən böyük problemi eşitmə yox, dinləmə problemidir. Aralarında söz, irad qəbul etmək istəməyənləri olur. İdarə etməyi öyrənmək üçün ilk növbədə dinləməyi bacarmaq lazımdır”.
“…ayağını “zebra”ya qoydusa, bütün dünya dayanmalıdır”
Təlim zamanı piyadaların yolun harasından, necə gəldi keçmələrinin, piyada keçidlərində isə qırmızı işığın yanmasını gözləmədiklərinin şahidi olduq. S.Quliyev də fürsəti fövtə verməyib piyadaları tənqid etdi: “Əgər yüksək cərimələr olsaydı, piyadalar özlərini qırmızı işıqda qəflətən maşınların qarşısına atmazdılar. Mən onlara canlı bombalar deyirəm. Qanunu, öz vəzifə borcunu bilməyən insan hər zaman partlamağa hazır olan bombadır. Piyada fikirli-fikirli gedir, demir ki, maşın sürən də fikirli ola, yaxınını itirmiş ola, pul borcunu düşündüyündən stresə düşə və qarşısına piyada çıxanda qəflətən əyləc əvəzinə qaza basa bilər. Piyadalarda belə bir fikir formalaşıb ki, ayağını “zebra”ya qoydusa, bütün dünya, hətta göydə uçan quşlar belə dayanmalıdır. Piyadanın da borcudur ki, ayağını piyada keçidinə qoymamış ətrafına nəzər yetirsin. Allah adama bir dəfə, iki dəfə güzəşt edir. Ümumiyyətlə, öz həyatına, ailəsinə dəyər verən insan yolda qayda-qanunlara həmişə əməl edir”. (Kaspi.az)