derman

Dərmanların satışının stimullaşdırılması nə dərəcədə düzgündür?

Baxış sayı: 1. 916
“Azərbaycanda həkim resepti olmadan dərmanların geniş reklam olunmasının tərəfdarı deyiləm. Həkim resepti olmadan, düzgün təyin edilmədən və səhv dozada dərmanların qəbulu sonra ciddi fəsadlara gətirib çıxarır” – bu sözləri ötən gün Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında deyib.
Bildirib ki, bəzən kimsə reklamda dərmana baxır, deyir ki, bu patoloji əlamətdən məndə də var, həmin dərmanı alıb qəbul edir. Amma sonra məlum olur ki, həmin dərman ona uyğun deyil və daha sonra xəstənin müalicəsi daha da çətinləşir.
Düzdür, Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısında həkim resepti əsasında buraxılan dərman vasitələri də var. Amma efirdə biz yenə də dərman reklamlarını görürük. Adətən isə bildirilir ki, apteklərdə reseptsiz satılır. Amma nə qədər saf olsa da, artıq içiləndə suyun da dərd verdiyini düşünsək, deməli, reseptsiz buraxılan dərmanlar da zərərsiz olmaya bilməz. Ümumiyyətlə, dərmanların reklam olunması düzgündürmü? Reklam hansı problemlərə səbəb olur?
Dərman geyim deyil…
Tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirdi ki, bir neçə xəstəliyin simptomları eyni ola bilər. Ona görə reklamlarda dərmanın istifadəsi ilə bağlı sadalanan problemlərin kimdəsə olması o demək deyil ki, həmin preparat onun “dərmanı”dır: “Bəzən eyni simptomlar bir neçə xəstəlikdə ola bilir. Bu isə adətən yanlış dərmanların istifadəsinə gətirib çıxara bilər. Xəstə düşünə bilər ki, qeyd edilən simptomlar onda da var və reklam olunan dərmanı qəbul etsə, problem aradan qalxacaq. Həkim müayinəsi və təyinatı olmadan dərmanı alıb qəbul edə bilər. Məsələn, adi allergiya ilə yanaşı, qəbizliklə bağlı nazik bağırsaqlardakı problemlərdən dolayı dəridə səpki, qaşıntılar ola bilər. Hər ikisində görüntü əlamətləri eynidir. Qaşınma və səpkilər olur. Hər ikisini də dəqiq bilmədən allergiya demək olar. Amma bunun səbəbləri araşdırılmalıdır. Bunları bilmədən təxmini hansısa antiallergik dərmanı qəbul edə bilərlər. Simptomlar eyni ola bilər, amma yaradan səbəblər başqadır. Bunları araşdırıb problemin səbəbini tapmaq həkimə aid olan bir işdir. Ona görə dərman təyinatı da həkimə məxsus olsa, yaxşı olar”.
Ş.Namazlı bildirdi ki, dərman insan sağlamlığı ilə əlaqəli olduğu üçün reklamına da ehtiyac görmür: “Dərman insan geyimi deyil ki, satışının reklamı aparılsın. Bu cür reklamlara son dərəcə ehtyatla yanaşmaq lazımdır. Hətta dərmanları reklam etməyə ehtiyac olmadığını düşünürəm”.
Bitki tərkibli, sakitləşdirici, həzm sistemini yaxşılaşdıran və s…
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli hesab edir ki, reseptsiz satışına icazə verilən dərmanların reklam edilməsi ilə bağlı hər hansı problem yoxdur: “Reklam haqqında qanunda reklam olunması qadağan olunan əmtəələr siyahısında dərman preparatları da var. O dərmanların reklamı qadağan olunur ki, onlar həkim təyinatı ilə istifadə edilməlidir. Reseptlə satılacaq dəmanların reklamı isə onsuz da qadağandır. Tərkibində hər hansı kimyəvi molekulu olan dərman preparatının həkim təyinatı olmadan istifadəsi insanların sağlamlığında problem yarada bilər. Qanunla qadağan olunan bu mexanizmə televiziyaların əməl etmələrini tələb etmək lazımdır. Amma bitki tərkibli, sakitləşdirici, həzm sistemini yaxşılaşdıran, qida əlavəsi xarakterli dərmanların reklam olunmasının hər hansı problem yaşadacağını düşünmürəm. Reseptsiz buraxılırsa, insanların sağlamlığında ciddi fəsadların yaradacağını hesab etmirəm. Dünyanın hər yerində belə qayda var”.
Dərmanların reklamının insanların həmin dərmanlardan dozadan artıq istifadə etməsinə səbəb olmasına gəlincə, İ.Hüseynli bildirdi ki, bu artıq fərdi yanaşmadır: “Dərmanın müəyyən bir normada qəbul olunmasını hər kəs bilir. Dərmanın dozadan artıq qəbul edilməsi hər kəsin fərdi yanaşmasından irəli gəlir. Reklamına icazə verilməyən dərmanı da evində görən birinin dozadan artıq qəbul etmə ehtimalı var. Amma onu da deyim ki, reseptsiz satılan, reklamı da gedən bəzi dərmanların istifadəsi ilə bağlı həkim məsləhəti olsa, daha yaxşı olar. Çünki doza məsələsində diqqətli olmaq lazımdır”.
“Dərman reklamı qadağan edilməlidir”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, dərman reklamları ilə bağlı məsələdə də dünya təcrübəsindən yararlanmalıyıq: “Dünya təcrübəsində dərman maddələrinin reklamı qadağandır. Reklam əmtəənin satışını stimullaşdırmaq üçündür. Dərman maddəsi isə satış üçün hesablanan əmtəə deyil. Bu yalnız həkim təyinatı əsasında buraxılır. Dərmanın təyinatı isə həkimə həvalə edilməlidir. Çünki bu ixtisasi oxuyub, həmin dərmanın tərkibi, orqanizmə təsiri və digər məsələləri elmi cəhətdən bilir və təyin edir. Dərman hansısa şou aparıcıları vasitəsilə, yaxud hansısa lövhələrdə reklam oluna bilməz. Bu, dünyanın hər yerində belədir. İstər dərmanlar, istər dərman əlavələri, istərsə də qida əlavələri və s. hamısı buraya daxildir. Hesab edirəm ki, Azərbaycanda da bu praktika tətbiq olunmalıdır. Bizim televiziya ekranlarında müxtəlif dərmanlar reklam edilir. Bunlar isə qətiyyən yolverilməzdir. İngiltərədə reseptsiz satılan dərmanlar “Parasetamol” və qeyri-stereoid ağrıkəsicilər, aspirin və s-dir. Bunlar marketlərdə də satıla bilər. Amma yenə o dərmanların reklamına icazə yoxdur”.
A.Qeybulla deyir ki, dərmanın təyinatı ixtiyarı müstəsna olaraq həkimə verilməlidir: “Dərman reklamı da birmənalı olaraq qadağan edilməlidir. Bizim apeklərdə isə istənilən dərmanı reseptsiz almaq mümkündür. Amma bu yolverilməz haldır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir