aile

Gənc ailələr niyə dağılır?

Baxış sayı: 1. 500

Azərbaycan qadını şərq qadınları arasında həmişə özünəməxsusluğu ilə seçilmiş, əsrlər boyu davam edən ənənəvi ailə vəzifələrinə əməl etməklə yanaşı, daim azadlıq arzusu ilə yaşamışdır. Müdrik diplomat Sara xanım, Bərdə hökmdarı Nüşabə, şairə Məhsəti Gəncəvi, Aşıq Pəri və başqaları qadın azadlığı uğrunda mübarizə aparmış, qadının potensial imkanlarını üzə çıxarmış, onun cəmiyyətdəki rolunu tərənnüm etmişlər.

Qadının ailədə və cəmiyyətdəki yeri barədə təsəvvürlər indi çox dəyişmiş, onların qorunması, gender bərabərliyi məsələləri gündəmə gəlmişdir. 1995-ci ildə Pekində keçirilmiş qadın problemləri üzrə dördüncü Ümumdünya Qadın Konfransında sübut edilmişdi ki, qadın hüquqları bəşəri problemdir, gender bərabərliyi isə elə bir mühüm məsələdir ki, onun müsbət həllindən hamı razı qalır.

XX əsr boyu geniş yayılmış Avropa təhsil sistemi qadınlarımızın özünüdərkində, onların bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdır. Azərbaycanın müasir qadını yalnız nəsil davamçısı, aşpaz, dayə deyildir. O, həm də ailənin himayədarı, cəmiyyətin fəal üzvü, övladının tərbiyəçisidir.

Ailə iki sevib-seçən fərd arasında qurulur və əksər hallarda təməli möhkəm olur. Amma, mütəxəssislərin rəyinə görə, ailənin daxilində kənar şəxslərin müdaxiləsi sayəsində gənc ailələrin 80-90 faizində münaqişə, 15-20 faizində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Bu isə ailənin bütün üzvlərinin sosial və psixi səhhətinə pis təsir edir. Bunun səbəbləri isə çox müxtəlifdir. Onlardan biri və ən başlıcası ər-arvad münasibətlərinə qohumların avtoritar qarışmasıdır.

Bu yazıda hədəfimiz də elə XXI əsrin əvvəllərində hələ də hökm sürməkdə olan köhnə adət-ənənələrin əsiri olanlar, qadına uzaq əsrlərin prizmasından baxaraq ailə münasibətlərini qeyri-sağlam məcraya yönəldənlər haqqındadır.

Müasir cəmiyyətimizdə valideyn və övlad münasibətləri çox mürəkkəbdir. Müstəqillik və sərbəstlik arzusunda olan gənclər öz həyatlarını istəklərinə uyğun şəkildə qurmağa çalışırlar. Amma hələ adət-ənənələrimizin “qədrini bilənlər”, talelərini köhnə fikirli valideynlərinin öhdəsinə buraxanlar az deyil. Ata-analar çox vaxt öz istəklərinə uyğun gəlin tapmaq arzularından uzaq ola bilmirlər.

qaynana-gelin

Əslində, qaynananın gəlin axtarışları, oğlu yaxşı bir qızla evləndirmək üçün göstərdikləri cəhdlər başadüşüləndir. Amma, “könül sevən göyçək olar”, – demişlər. Elə hallar da olur ki, oğlanın anası istər-istəməz “təki oğlumun könlü xoş olsun”, – deyə oğlunun seçimi ilə razılaşır. Xalqımızın əsrlərdən bəri qoruyub-saxladıqları gözəl mərasimlər – elçilik, nişan, toy uğurla başa çatır. Amma, bunların şirin təəssüratları unudulmamuş yeni ailədə söz söhbətlər başlayır.

Ailə münaqişələrinə qaynananın müdaxiləsi haqqında çox danışılıb. Hətta məşhur “Qaynana” filminə sevə-sevə baxanlar da öz ibrət dərsini almayıblar. Hələ də oğlunu evləndirən bir çox analar onun sevib-seçdiyi qıza öz övladı kimi münasibət bəsləmək əvəzinə, onunla öz arasında “cəbhə xətti” yaradır, hegemonluq hisslərini boğa bilmir. Oğlunun kimi daha çox sevdiyini öyrənmək üçün təqiblərə, tədqiqatlara başlayır. Hər gün öyrətmələr, gəlin haqqında verilən “məlumatlar” oğlu, nəhayət, başdan çıxarır. Əvvəlcə, təzə bəyin “istəyi ilə” qız evinin ayağı oğlan evindən kəsilir. Sonra gəlinin öz atası evinə gedib-gəlməsinə qadağalar qoyulur. Beləliklə, gəlinlə oğul arşında problemlər yaranmağa başlayır. Hər şeyi hələlik kənardan nəzarət altında saxlayan qaynana bu zaman əsl ağbirçək kimi çıxış etmək əvəzinə, oğlunun tərəfində dayanır. Günahı oldu-olmadı, gəlinə irad tutur və onsuz da gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirir. Bu zaman gəlinin ailəyə övlad bəxş etmək vəziyyətində olması, onun əsəb gərginliyi yaşaması və gələcəkdə bu səbəbdən baş verə biləcək problemlər heç kimi düşündürmür. Təsadüfi deyil ki, çox zaman münaqişə şəraitində yaşayan gənc anaların övladları xəstə və zəif doğulur, vəziyyət bir qədər də dramatikləşir.

Qadının ailədə hüquqlarının pozulması müasir cəmiyyətimizdə əksər hallarda boşanma ilə nəticələnir. Boşanmaların sayının çoxalması, ailə, uşaq sayının aşağı düşməsi, uşaq nəzarətsiziyinin və sahibsiz uşaqların sayının artması isə cəmiyyətdə ailənin deqradasiya təhlükəsini artırır.

Vəziyyətdən çıxış yolu ailədə qarşılıqlı anlaşma mühiti yaratmaq, münaqişələrə gətirib çıxaran hallar üzərində düşünmək, qarşı tərəfin hüquqlarına hörmət hissi ilə yaxınlaşmaqdır. Doğrudur, bizi dünyaya gətirən, böyüdüb boya-başa çatdıran valideynlərimiz qarşısında borcumuz müqayisəyəgəlməz dərəcədə böyükdür. Amma ailənin mənafeyini, ailədə böyüyən uşaqların taleyini, ən nəhayət, kişilər öz mövqelərini itirmək təhlükəsi üzərində düşünməlidirlər. Doğrudur, qaynanalar öz övladlarından umduqlarını gəlinlərindən də gözləyirlər. Amma hansı halda? Gəlinə onun öz anası qədər əziz olub səhvlərinə səbirlə dözmüşlərmi? Oğlu gəlini yerli-yersiz təhqir edib səsini üstünə qaldıranda onun haqsız olduğunu deyib susdurublarmı. Bəs belə olmayıbsa, hansı halda qaynanalar gəlindən hörmət və ya qarşılıqlı anlaşma gözləyirlər.

İndi gəlini müti görmək istəyi ilə yaşamağın, ona ev qızı, ev gəlini edib, evdən çölə buraxmamağın vaxtı çoxdan keçmişdir. Lap bu yaxınların söhbətidir. Bir ağbirçəkdən soruşdum: Gəlinin necədir, ürəyincədirmi? Qadın dad çəkdi ki, gəlin onu sayımır, hara istəsə gedir, hər gün anası gildədir.

qaynana-gelin

– Bəs qızın necədir?

Qadının eyni açıldı:

– İndi hansı zəmanədir? Qızım bir gün qapımdan girməsə, üzünü görməsəm, halını bilməsəm, ürəyim partlayar. Hər gün öz yanımdadır, səhər gəlir bizə, axşam gedir….

Daha şərhə ehtiyac yoxdur. Başqa bir problem qadının əmək fəaliyyəti ilə məşğul olmaq istəməsi ilə yaranır. Həm ər, həm də oğlanın valideynləri gəlinin mütləq evdə oturmasını tələb edirlər. Amma gəlinin də bir insan kimi cəmiyyətə qaynayıb-qarışmaq, aldığı təhsili istehsalatda tətbiq etmək hüququ vardır axı!

Yaddan çıxarmaq olmaz ki, ana həm də uşaqların tərbiyəçisidir. Uşaqların tərbiyəsində anaların xüsusi rolunu nəzərə alaraq onları mənəvi-psixoloji gərginlikdən mümkün qədər azad etmək lazımdır.

Ailədə qadının çoxfunksiyalı rolu, çoxsaylı ailə qayğıları ona həm əri, həm də ərin yaxın qohumları – ata-anası tərəfindən hörmət və qayğı ilə yanaşmasını tələb edir. Ailə münasibətlərinin yeni modeli qadının ictimai fəaliyyətinə şərait yaratmağı nəzərdə tutur. Ailənin möhkəmləndirilməsi və inkişafına, ailədə bərabərlik və qarşılıqlı hörmətin bərqərar olunmasına yönəlmiş perspektivləri nəzərdə tutulur.

Bu gün artıq qadınların:

– “Oğlumun həyatı mənim istədiyim kimi olmalıdır modeli köhnəlmişdir. Etiraf edək ki, qaynana da anadır, amma o, səbirli olmalı, ailə quran gənclərə öz yollarını özləri tapmaqda sərbəstlik veməlidir”.

Gəlin hamılıqla ailə münasibətləri üzərində düşünək. Gənc ailələrə öz münasibətlərini özlərinin sahmana salmasına imkan yaradaq. Bundan həm cəmiyyət, həm də ailənin özü qazanar.




1 şərh “Gənc ailələr niyə dağılır?

  1. Maarif

    Gec ailələrə imkan vermey laximdi serbest olmaq indiki valideyinlərin çoxu ailəni dağidir vallah

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir