87

Kişilər maşın sürən xanımları niyə qısqanırlar?

Baxış sayı: 1. 482

“İzah etdim ki, dəmir yoluna 100 metr qalmış ötmə əməliyyatı etmək olar, relsin üzərində ötmək olmaz, relsdən sonra isə yenidən ötmək olar”.
Sürücülük kursunda nəzəriyyə dərsindəyik.Maraqlısı isə odur ki, avtomobil idarə etməyi öyrənmək istəyənlərin hamısı xanımlardır.

Uşaqlıqdan maşın sürmək arzusunda olan Səmra Novruzova ancaq qadınların olduğu məkandahazırlaşmağın onun üçün daha rahat olduğunu deyir. Səmra arzusuna qovuşmağın astanasındadır, artıq imtahana girməyə hazırlaşır və son daxili test imtahanlarını verir: “Mənim üçün dərslər o qədər maraqlıdır ki, hətta gecə saat 3-4-də hansısa sualım yarananda Sahil müəllimə yazıram, həmin dəqiqə cavablandırır”.

İşə qəbul zamanı xanımlardan sürücülük vəsiqəsi tələbi

10 ildir xanımlara avtomobil idarə etməyi öyrədən STEP sürücülük kursunun rəhbəri və müəllimi Sahil Quliyev bu illər ərzində minlərlə xanıma dərs keçdiyini dedi. Kişi və qadın psixologiyasının fərqli olduğunu deyən müsahibimiz dərslərdə qadın psixologiyasını, onların emosional yanaşmalarınınəzərə aldıqlarını bildirdi.
Kursa gələnlərin yaş qrupuna gəlincə, orta hesabla müraciət edən hər 10 xanımdan 6-7-si 28-35 yaş arasındadır: “Belə xanımlar adətən öz ayaqları üzərində müəyyən qədər duran, karyeralarında hansısa nailiyyətlərə imza atanlardır. Xanımlarımız iş həyatlarını asanlaşdırmaq, universitetə getmək, övladlarını bağçaya, məktəbə aparıb-gətirmək üçün maşın idarə etməyi öyrənirlər. Yaxud dərman firmaları, reklam şirkətləri, enerji içkilərinin, şirniyyatların satışı ilə məşğul olan firmalar bəzən işə qəbul zamanı xanımlardan sürücülük vəsiqəsi tələb edir. Çünki maşını xanım sürərkən ətrafdakıların diqqətini daha çox çəkir, bu, bir növ piar sayılır. Yəni işdən tələb olduğuna görə də maşın sürməyi öyrənmək istəyən xanımlarımız olur”.

Kişilər niyə qadınları çaşdırmağa çalışır?

Tez-tez rastlaşırıq ki, kişilər qadın sürücülərdən narazılıq edir, yolda qadın sürücü görən kimi ona çəp-çəp baxırlar. S.Quliyev deyir ki, bunun kökündə əsasən qısqanclıq dayanır: “Tarix boyu həmişə kişilərin adı hallanıb. Amma son 50 il ərzində demək olar ki, xanımlar hər şeyi əlimizdən alıblar. Müasir xanımlar kişilərin əlində qalan tək avtomobilə də yiyələniblər. Anası, yoldaşı, bacısı maşın sürən kişilər belə, qadın sürücü görəndə təəccüblə baxırlar. Halbuki evində 3 xanım sürücü var. Bu məsələyə yanaşma bizdə genetik, psixoloji bir problemdir”.

Qadınların qaydaları pozaraq kişiləri qıcıqlandırmasına gəlincə, müsahibimizin sözlərinə görə, çox vaxt “qurunun oduna yaş da yanır”: “Elə xanımlar var ki, peşəkar təlimçi yanına getmirlər, nəzəriyyə dərslərindən, ümumiyyətlə, xəbərləri yoxdur. Belələri sürücülük vəsiqələrini “dədə-baba üsulları” ilə əldə edir, sonra 3-4 dəfə atası, qardaşı ilə təlimə çıxıb “öyrənirlər”. Bu cür xanımlar öz həyatlarına dəyər verməyən və yolda qəza şəraiti yaradanlardır. Adətən xanımlar baş verənlərə gec reaksiya verirlər. Tutaq ki, normal vaxtda 7-10 saniyəyə reaksiya verirlərsə, həyəcanlı məqamlarda reaksiya vermə qabiliyyətləri 23-27 saniyəyədək uzanır. Bu, o deməkdir ki, adamı xeyli aralıda görür və 10 saniyəyə əyləcə basmağı düşünürsən, amma basmırsan. Təsəvvür edin, xanım əyləc deyə-deyə əyləcə basmır, hətta pedalı da səhv sala bilir. Buna görə də xanım sürücülərin etdiyi qəzaların sayı bir qədər artıqdır. Bu da kişiləri qıcıqlandırır. Başqa aspektdən yanaşsaq, tutaq ki, kişi 1995-ci ilin “Mercedes”ini, xanım isə 2015-ci ilin “Range Rover”ini sürür. İstər-istəməz həmin kişi o xanımdan həyatda əldə edə bilmədiklərinin qisasını almağa çalışır. Qadını çaşdırmaq üçün işıqforda yerindən çox bərk formada hərəkətə başlayır, yaxud manevr edəndə qadının maşınının qarşısını kəsir”.

Xanımların ən böyük problemi

Həmsöhbətimiz deyir ki, xanımların ən böyük problemlərindən biri hər şeyə emosional reaksiya vermələridir: “Məsələn, düşünür ki, qarşıda piyada var. Bir növ mülayimlik göstərmək, yol etikasını nəzərə alaraq piyadaya yol vermək istəyir. Bu zaman dayananda yekun nəticədə qəza törədir. Arxadan onun maşınını vururlar, hətta bəzi hallarda o, piyadanı vura bilir. Kişilər isə hadisələrə mümkün qədər şüurlu yanaşır və analiz etmə, istiqaməti müəyyənləşdirməkqabiliyyətləri qadınlardan daha yaxşıdır”.

Xanımların öyrənməsində digər problem isə özlərinə inamın qırılmasıdır. S.Quliyev deyir ki, qardaşları, ataları, oğlan dostları “Yox əşşi, sən öyrənə bilməzsən, sən hara, maşın sürmək hara, otur oturduğun yerdə, sənə inanıram, amma kənardakılar səni vurar” kimibəhanələrlə xanımları arzularından uzaqlaşdırırlar. Yaxud elə kişilər var ki, özləri xanıma maşın sürməyi öyrətmək istəyir. Bu zaman səhv edən kimi xanıma qışqırır, psixoloji travmaya salırlar”.

“Mexanika ötürücülü avtomobilin idarə edilməsinə zəmanət vermirik”

S.Quliyev nəzəriyyəni və təlimi öyrənmədən onlara şəhadətnamə almaq üçün müraciət edənlərin də olduğunu dedi: “Biz bundan o zaman imtina etmirik ki, xanımlarımız distant şəkildə də olsa, vatsaplamı, feysbuklamı təhsil almaq istəsinlər.

Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsində reytinq baxımından uzun illərdir birinci yerdəyik. Bizim kursu bitirən hər 10 tələbədən 8-i rahatlıqla nəzəriyyə imtahanında birinci dəfədən keçə bilir”.

Qeyd edək ki, həftədə iki dəfə olmaqla keçirilən kurs bir ay davam edir. 8 dərsdən sonra xanımlar 4 mərhələdən ibarət daxili imtahan testlərinə girirlər. Daxili imtahanların hamısından uğurla keçməyən xanımlarDYP imtahan məntəqəsinə göndərilmir, ta ki daxili imtahanları əla verənə qədər.

Təhsil haqlarına gəlincə, qrup şəklində 150, fərdi, yaxud mini qrup şəklində isə aylıq 300 manatdır: “Bizdə qiymətlər digər sürücü məktəblərindən bahadır. Onlarda bir aylıq təhsil haqqı fərdi şəkildə 110 manat, bizdə isə qrup şəklində 150 manatadır. Ancaq arada aksiyalar keçirir, xanımlara endirimlər edirik. Qeyd edək ki, tələbə bir dəfə ödəniş edir və imtahanı keçənə qədər heç bir ödəniş ödəmir. Amma digər məktəbə gedəndə bir dəfə sənəd üçün, sonramüəllim üçün ödəniş edirlər. Sonra “kəsilib” yenidən qayıdanda yenidən pul ödəyib öyrənirlər. Bizdə isə belə deyil”.

S.Quliyev onların kursunda imtahanın nəzəriyyə hissəsinə və avtomat ötürücülü avtomobilin sərbəst idarə edilməsinə zəmanət verildiyini dedi: “Mexanika ötürücülü avtomobillərin idarə edilməsinə isə əvvəlcədən zəmanət vermirik”. Çünki imtahan zamanı təlimdə imtahanların götürülmə “qaydası” hamımıza bəllidir”.

“İmtahandan özüm keçsəm…”

Kursa gələn xanımlarla da həmsöhbət olduq. Lalə Quliyeva kursa gəlməmişdən özü hazırlaşmağa cəhd edib: “Amma mənim üçün qaranlıq qalan xeyli sual olurdu. Buna görə kursa gəlməyə qərar verdim. Artıq 4-cü mərhələdəyəm və elə bir çətinliyim qalmayıb. Yaxınlarda imtahana girəcəyəm”.

Sevinc Həsənova deyir ki, kursa gələrkən anası narazılıq etsə də, atası onu dəstəkləyib: “Atam testlərin həllində də mənə kömək edir”.

Firəngiz Məmmədova əvvəl başqa kursda hazırlaşıb: “Müəllim sırf test üzərində öyrətdiyindən imtahandan keçə bilmədim. Burada isə əzbərçiliklə deyil, məntiqi başa salaraq öyrədilir”.

Evdə Firəngizin maşın sürmək istəyinə olan reaksiyaya gəlincə, deyir ki, hamı onu dəstəkləyib: “Çünki ailəlikcə hansısa regiona saatlarla səfərimiz olur. Bir nəfərin 8-10 saat maşın sürməsi insana pis təsir edir. Evdəkilər deyirlər ki, imtahandan özüm keçsəm, maşın almaqda mənə köməklik edəcəklər”.

Samirə Musayeva isə sırf marşrutdan istifadə etməmək üçün maşın sürməyi öyrənir: “Əvvəllər yoldaşım inanmırdı ki, maşın sürməyi öyrənə bilərəm. Amma indi inanır. Bura gələndən məndə böyük irəliləyiş var. Təlimdə də olmuşam”.

Xarici təcrübə

Sonda S.Quliyev xarici təcrübədən də danışdı. Onun sözlərinə görə, xanımların ən böyük problemi avtomat ötürücülü maşınla deyil, mexanika ötürücüsü olan maşınla imtahan vermək məcburiyyətində qalmalarıdır: “Qonşu Türkiyədə avtomat ötürücülü avtomobili idarə etmək üçün ayrıca imtahan verirsən. Mexanika sürmək istəyənlər isə mexanika ötürücüsü olan maşınlarla imtahan verirlər. Düşünürəm ki, bu təcrübədən istifadə etsək, xüsusilə də xanımlar üçün sürücülük vəsiqəsi almaq rahat olar. Xanımlara deyirlər ki,mexanikanı idarə edə bilməsə, heç vaxt avtomat ötürücülü avtomobili sürə bilməyəcək. Bu, boş söhbətdir. Çünki bu adam ömür boyu mexanika sürməyəcək. Avropanın 40 faizdən çox ölkəsində də bu təcrübə tətbiq edilir”.

 

Lalə Musaqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir