masin

Avtomobili qəza yerindən kənara çəkmək olarmı?

Baxış sayı: 1. 812
İki gün öncə Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən yol qəzaları nəticəsində yollarda yaranan tıxacların aradan qaldırılması üçün sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, yol qəzaları zamanı sürücülər tıxac yaratmamaq üçün avtomobilləri yolun hərəkət zolağından kənara çəkməli, yolda avtomobillərin maneəsiz hərəkətinə şərait yaratmalıdır.
Paytaxt yollarında nəqliyyatın hərəkətindəki sıxlığı hər birimiz müşahidə edirik. Bunun müxtəlif səbəbləri var və zamanla bunlar araşdırılıb, həlli istiqamətində addımlar atılır. Səbəblərdən biri də yol-nəqliyyat hadisələri zamanı avtomobillərin yolun hərəkət hissəsində saxlanılmasıdır.
Amma adətən belə bir hal müşahidə edilir ki, avtomobili zərər çəkən sürücülər deyirlər ki, sığorta şirkəti, yol polisi gəlib, baş verən qəzanın səbəbini araşdırıb sənədləşdirməsə, avtomobili hadisə yerindən kənara çəkmək qanunsuzdur. Bəs əslində, belə hallar zamanı sürücü necə hərəkət etməlidir? BNA-nın mütəxəssisləri bildirirlər ki, bununla bağlı məsələ qanunvericilikdə təsbit olunub. Trend-in məlumatına görə, qanunvercilik yol-nəqliyyat hadisəsində zədələnmiş nəqliyyat vasitəsinin məhz hadisə yerində sığortaçıya təqdim edilməsini nəzərdə tutmur. Zədələnmiş avtomobilin konstruksiyası dəyişilmədən, bu istənilən yerdə həyata keçirilə bilər. “İcbari sığortalar haqqında” qanunun 58.2-ci maddəsində göstərilən hallarda – müvafiq qurumun yol-nəqliyyat hadisəsini təsdiqləyən sənədi hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə, hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə, dəymiş zərərin həcmi 1000 manatdan çox olmadıqda, hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda tələb olunmur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, baş verən yol qəzası nəticəsində sürücülər arasında anlaşma olarsa, bu halda sığorta şirkətinin əməkdaşını gözləmədən qəzaya uğramış avtomobilləri hadisə yerindən kənarlaşdırmaq olar: “Bu məsələ qanunvericilikdə kifayət qədər öz əksini tapıb. Avtomobillər iki növ sığorta edilir. İcbari və kasko, yəni ümumi sığorta. Qanunvericiliyə görə, qəza baş verən zaman sürücü dərhal hadisəni araşdıran orqana, yəni Dövlət Yol Polisinə məlumat verməlidir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinə görə, yol polisi hadisə yerinə gəlməyincə, hadisə yerini tərk etmək qadağandır. Həmin maddəyə görə, bir halda hadisə yerini tərk etməyə icazə verilir. Əgər hadisə zamanı yalnız avtomobillərə maddi ziyan dəyibsə, xəsarət alan və sürücülər arasında mübahisə yoxdursa, qəza yerini təbaşirlə işarələyib hadisənin foto və video çəkilişi aparılmaqla avtomobilləri hadisə yerindən kənarlaşdırmaq olar. Həmin prosesdə sürücülər özləri sənəd tərtib edərək onu hadisə şahidlərinə təsdiqlətdikdən sonra avtomobilləri ərazidən uzaqlaşdıra bilər”.
Ə.Hüseynov bildirir ki, bu halda sığortaçı sürücüləri qanunsuzluqda ittiham edə bilməz: “Əgər hadisə barədə sığorta şirkətinə dərhal məlumat verilibsə, əmlakın vəziyyəti dəyişdirilmədən sığortaya qiymətləndirilmək üçün təqdim olunursa, bu prosesdə problem ola bilməz. Məqsəd odur ki, əmlakın vəziyyəti dəyişdirilməsin. Bu halda sığortaçıya hadisə yeri vacib deyil. Hadisə yerinin sığorta şirkətinə aidiyyəti yoxdur, qurum dəymiş ziyanı müəyyənləşdirir. Belə halda sürücü yolda, hadisə yerində sığortaçını gözləməli deyil”.
Ə.Hüseynov deyir ki, əmlakın zədəsinin sığorta şirkətinə hadisə yerində təqdim edilməsi qanunda göstərilməyib. Qanuna görə, sığorta şirkətinə əmlakın zədəsi dəyişdirilmədən təqdim edilməlidir: “Əgər hadisə baş veribsə, sürücü ziyan dəymiş avtomobili evakuator vasitəsilə də zədəni dəyişdirmədən sığorta şirkətinə istənilən yerdə təqdim edə bilər. Sığortaçıya o maraqlıdır ki, avtomobil sahibi onu aldatmasın, avtomobildəki əvvəldən olan zədəni də hadisə baş verən vaxt yaranan zədə kimi təqdim etməsin. Hadisəyə hüquqi qiymət verilməsinin sığortaçıya heç bir aidiyyəti yoxdur. Hüquqi qiymət vermək yol polisi və digər hüquq-mühafizə orqanlarının işidir”.
Bəs sığorta şirkətləri zərərçəkən avtomobillər yerindən tərpədildiyi halda, hər hansı bir problem yaradırlarmı? Məsələ ilə bağlı sığorta şirkətlərinin də münasibətini öyrənmək istədik.
“Paşa Sığorta”nın Marketinq mütəxəssisi Məruz Əzməmmədov bildirdi ki, əgər qəza boş yolda baş veribsə və avtomobil yol hərəkətinə maneə törətmirsə, onun kənara çəkilməsi doğru deyil. Lakin əgər avtomobil digər avtomobillərin hərəkətinə maneə törədirsə, sığorta şirkəti onun qırağa çəkilməsinə heç bir irad bildirmir.
“AtaSığorta”nın İdarə Heyətinin üzvü, Hüquq departamentinin direktoru Azər Fərəcov dedi ki, əgər baş vermiş hadisədən sonra avtomobillərin dayanması digər yol hərəkəti iştirakçılarının sərbəst hərəkətinə maneə törədirsə, yol-nəqliyyat hadisəsini qeydə alan orqana (DYP-ə) məlumat verərək onların razılığını aldıqdan sonra avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmək tövsiyə olunur. Lakin bu halda, avtomobillərin kənara çəkilməsindən əvvəl yol-nəqliyyat hadisəsinin təsviri barədə məlumat verərək avtomobillərin hadisə yerində ətraflı şəkilləri çəkilməli və həmin şəkillər hadisə yerinə gələn sığorta şirkətinin nümayəndəsinə təqdim olunmalıdır.
AXA MBASK şirkətinin marketinq və ictimai əlaqələr departamentinin müdiri Rəşid Rəsulov da qeyd etdi ki, hadisə yerindən avtomobilin çəkilməsi sığorta ödənişinin verilməməsinə səbəb ola bilməz. Bu məsələ qanunvericilik səviyyəsində tənzimlənir. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir