suni qidalar

Süni uşaq qidalarının reklamına qadağa qoyuldu

Baxış sayı: 1. 440
Prezident İlham Əliyev süni qidaların təbliğinə qadağa qoyulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən dəyişikliklər edilib. 
Belə ki, qanunun 10.4-cü və 10.5-ci maddələri ləğv edilib, 10.3-cü maddəsində “ana südünə bərabər və ya ondan” sözləri “ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının” sözləri ilə əvəz edilib. Həmçinin süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağan olunub. Qanuna əsasən yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam oluna bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi də qadağan olunub. Eyni zamanda süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.
Qeyd edək ki, son vaxtlar ölkəmizdə körpələrini yalnız ana südü ilə qidalandıran analar azlıq təşkil etməyə başlayıb. Hansısa xəstəliyi, südü yetərincə olmayan analar istisna olmaqla, bəziləri ya işlə bağlı, bəziləri isə bədən quruluşlarına zərər gəlməsindən çəkindikləri üçün  körpələrinə ana südü verməkdən imtina edir. Halbuki pediatrlar uşaqların iki yaşa qədər ana südü ilə qidalanmasının daha məsləhətli olduğunu dəfələrlə qeyd edirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 6 aya qədər uşağa heç bir əlavə qida, hətta maye belə qəbuledilməsi təyin olunmamalıdır. Çünki ana südündə hər şey yetərincə var. Yalnız 6 aydan sonra uşaq fiziki cəhətdən inkişaf edib çəkisi, boyu artdığını nəzərə alaraq əlavə qidalar məsləhət olunur. Bunlar da meyvə şirəsi, püresi, sıyıqlar, şorbalar ola bilər. Süni qidaların qiymətlərində gəldikdə isə araşdırmalar da göstərib ki, ölkəmizdə süni qidaların qiyməti digər qonşu ölkələrlə müqayisədə 25 faiz bahadır. Bir il ərzində isə süni qidalardan istifadənin ailənin büdcəsinə 1000-3000 manat arasında zərər vurduğu məlum olub.
Bəs yeni sərəncam bu problemlərin aradan qaldırılmasına təsir edə biləcəkmi?
 
 
Mövzu ilə əlaqədar fikirlərini bildirən pediatr Vaqif Qarayev  bunları dedi: “Əgər sertifikatı olmayan qarışıq satılırsa, hökumət birinci növbədə onların ölkəyə girişinə qadağa qoymalıdır. Amma harda gəldi reklam olunması məsələsi ilə mən də razıyam, olmaz! Süni qidanin keyfiyyəti barədə ancaq həkim məlumat verməli, analar özbaşına istifadə etməməlidir. Yeni doğulan uşaq üçün yeganə qida ana südüdür. Həm tibbi, həm psixoloji baxımdan ana südünü heç nə əvəz edə bilməz! Amma bir məsələ var, əgər hər hansi obyektiv səbəbdən ana südü yoxdursa, uşaq mütləq bir qida almalidir. Bugünkü gün müxtəlif süni qida qarışıqları var və onlardan biri təyin oluna bilər. Amma bu qarışığı vəziyyəti qiymətləndirdikdən sonra ancaq həkim təyin edə bilər. Bizdə necə olur? Hələ doğum evində bəzi həkimlər ana südünün azlığını və ya yoxluğunu əsas gətirərək uşağı süni qidaya keçirirlər. Bu, yolverilməzdir. Çünki ilk günlər süd az ola bilər, amma uşaq mütləq döşlə əmizdirilməlidir ki, südün gəlməsinə stimul olsun. Əgər süd ümumiyyətlə olmasa, onda başqa variant qalmır, bu halda uşağa süni qarışıq verilə bilər. Bu məsələlər mütləq tənzimlənməlidir. Amma bütün hallarda həkimləri günahlandırmaq olmaz. Son vaxtlar uşağına ana südü verməkdən imtina edən analar az deyil. Həkim əgər həmin ananı inandıra bilmirsə, məcburdur ki, uşağa süni qarışıq təyin eləsin. Yəni hər uşağa mütləq individual yanaşılmalıdır. Amma birinci növbədə mütləq ana südünə üstünlük verilməlidir”.
Xalidə GƏRAY



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir