Vəkil Anar Qasımlı: “İstismar olunanlar da, edənlər də daha çox qadınlar olur”

Baxış sayı: 2. 352

Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “168 saat” qəzeti  və “Xeberle.com” saytı Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. Gencaile.az saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir. 

Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.

______________________________

Müsahibimiz tanınmış vəkil Anar Qasımlıdır.

 

– Anar müəllim, qanunvericilik hansı halları insan alveri kimi qiymətləndirir?

– Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnsan alverinə qarşı mübarizə haqqında Qanununa əsasən,  insan alveri dedikdə,  zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.

Göründüyü kimi, bu və ya digər əməlin insan alveri kimi dəyərləndirilməsi üçün təqsirkar şəxsin məqsədinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İnsan alveri zor tətbiqetmə, hədə-qorxu gəlmə və s. müxtəlif üsullarla həyata keçirilsə də, məqsəd birdir – şəxsin istismar edilməsi. Şəxsin istismarı bir neçə formada təzahür edə bilər. Buraya  məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə kimi əməllər aiddir.

Uşaqların istismar olunması hallarında isə, sadalanan üsullardan istifadə-olunub olunmaması əhəmiyyət kəsb etmir, başqa sözlə, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi artıq insan alveri hesab olunur.

 

– Təcrübənizdə qurbanlarla tez-tezmi rastlaşırsınız?

– Bir neçə dəfə olub ki, məhkəmədə insan alveri qurbanlarının hüquqlarını müdafiə etmişəm. Əvvəllər bu tipli işlər çox idi.

 

 

– İnsan alveri qurbanı olanlarla bağlı tipik problemlərdən biri onların ittihamçı qismində çıxış etməyə maraq göstərməməsidir. Belə halda cinayətkarı məsuliyyətə cəlb etmək üçün hansı addımlar atıla bilər?

– Cinayət-prosessual qanunvericiliyinə əsasən insan alveri cinayəti üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Bu isə, o deməkdir ki, zərərçəkmiş şəxsin şikayətçi olub-olmamasınan asılı olmayaraq, bu cinayəti törətmiş şəxslər – insan alverçiləri cinayət məsuliyyətinə cəlb olunub  cəzalandırılmalıdırlar. Yetər ki, baş vermiş cinayət barəsində hüquq-mühafizə orqanlarına məlumatın daxil olsun.  Bir məqamı da vurğulmaq lazımdır ki, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

 

– Qanunda insan alveri cinayətinə görə hansı məsuliyyət nəzərdə tutulur?

İnsan alverinə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxsi ağırlaşdırıcı hallar yoxdursa, beş ildən on ilədək,  ağırlaşdırıcı hallarda, yəni, iki və ya daha çox şəxs barəsində törədildikdə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə, zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. İnsan alveri cinayəti nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə və yaxud bu cinayət əməlinin digər ağır nəticələrə səbəb olmasına görə isə, on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

 

– Qurbanlar arasında yəqin ki, qadınlar üstünlük təşkil edir.

– İnsan alverinin ən geniş yayılmış formalarından biri cinsi istismar olduğundan insan alveri qurbanları içərisində qadınların sayı çoxluq təşkil edir. Qadınların məcburi əməyə cəlb olunması da geniş yayılmış istismar formasıdır. Qadının surroqat ana kimi istismar edilməsi formasında zərərçəkmiş şəxs təbii ki, ancaq qadınlar ola bilər. Bununla belə, kişilər də insan alverinin qurbanı olurlar. Bir maraqlı faktı da nəzərinizə çatdırmaq istərdim ki, insan alverçiləri içərisində də qadınların sayı çoxluq təşkil edir. Rast gəldiyim məhkəmə işlərinin əksəriyyətində insan alverçiləri elə qadınlar olub. ən çox istismar olunanlar da qadınlardır, ən çox istismar edənlər də. İnsan alveri qurbanlarının əksəriyyəti qadınlar olduğu kimi, insan alverçilərinin də əksəriyyəti qadınlardır. Xüsusən də əgər söhbət qadınların cinsi istismarından gedirsə.

 

 

– Bəs kişilər bu cinayətin hansı formalarından əziyyət çəkirlər?

– Qeyd etdiyimiz kimi, insanların istismarı, məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə formalarında təzahür edir. Kişilər daha çox məcburi əməyə cəlb olunmaqla, cinayətkar fəaliyyət cəlb olunmaqla istismara məruz qala bilirlər.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2015-ci ilə dair hesabatına nəzər salsaq bəlli olur ki, ölkə üzrə 108 insan alveri, 8 məcburi əmək, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanmışdır. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş, 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Müvafiq cinayətlərə görə 24 şəxs məhkəmə məsuliyyətinə verilmişdir ki, onlardan da 17 nəfəri 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Müəyyən olunmuş 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyə Respublikasına, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiya Federasiyasına aparılmış, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı).

Hesabatdan da göründüyü kimi, həm istismar olunanlar, həm də istismar edənlər arasında qadınlar liderlik edir. Ölkə vətəndaşları istismar məqsədilə əsasən xarici ölkələrə aparılır. Ölkə daxilində istismar olunanlar isə, əsəsən əcnəbilərdir.  Nəzərə almaq lazımdır ki, bunlar rəsmi statistik rəqəmlərdir və statistikadan kənarda qalan rəqəmlər də vardır.

 

– Bir qədər də əmək müqaviləsi barədə danışaq, çünki bununla bağlı pozuntular da insan alveri problemini yaradır. Əmək müqaviləsinin bağlanması nəyə görə zəruridir, nə deməkdir. Mümkünsə, bir qədər də bu barədə.

– Əmək müqaviləsi  işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir. Əmək müqaviləsi bağlamadan işləri həyata keçirənlər işçi sayılmırlar və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilməzlər. Əgər əmək müqaviləsi varsa, işəgötürən işçi ilə münasibətlərini həmin sənəd və əmək qanunvericiliyi əsasında qurmağa, onun əmək müqaviləsindən və qanunvricilikdən irəli gələn hquqlarını təmin etməyə məcbur qalır. Məsələn, əmək müqaviləniz varsa, sizi gündə 8 saatdan artıq işləməyə məcbur edə bilməzlər, əgər müqaviləniz yoxdursa, siz gün ərzində 12 saat da işləməyə məcbur ola bilərsiniz. Və bu zaman sizi müdafiə edən hüquq norması da yoxdur.

 

– İşçini əmək müqaviləsi olmadan işlətmək hansı məsuliyyəti müəyyən edir?

– Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 10 nəfər və daha artıq sayda işçilərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə, yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulub. Eyni əməllər təkrar törədildikdə isə, təqsirkar şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

 

– Bəzən küçələrdə işləyən, nəsə satan, hansısa xidmətini təklif edən azyaşlılar görürük. Uşaq əməyinin istismarına qarşı qanun nə deyir? Valideynlər və ya digər şəxslər bu məsələdə qanun qarşısında hansı məsuliyyəti daşıyır?

– Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. 

 

 

Söhbətləşdi: Vüsal Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir