xestelik

Əhali İcbari tibbi müayinəyə niyə maraq göstərmir?

Baxış sayı: 1. 790

Artıq poliklinikalarda əhalinin icbari tibbi müayinələrinə başlanılsa da, buna maraq göstərənlər azdır. Əksəriyyət hesab edir ki, həkimə pul verməsə, ona yaxşı baxmayacaq. Əhali bu qənaətdədir ki, pulsuz müayinələrin aparılması sadəcə formal xarakter daşıyır.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz müayinədən keçirilir. Hər il ölkənin 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova “Yeni Müsavat”a bunun pulsuz tibbi müayinə olmadığını və yanlış yazıldığını deyib: “Bu, 2014-cü ildən hər il 3 ay ərzində keçirilən icbari tibbi müayinədir. Jurnalistlər yazır ki, bu, pulsuz müayinədir. Əgər bunu dövlət təşkil edirsə, onsuz da dövlət xəstəxanaları pulsuzdur. Sadəcə olaraq, bu zaman həkimlər, sahə həkimləri 18 yaşdan yuxarı hər kəsə zəng edib məcburi olaraq tibbi müayinəyə çağırırlar”.

1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarovanın “Ekspress”ə bildirdiyinə görə, prezidentin sərəncamına əsasən fevralın 15-dən əhalinin tibbi müayinəsinə başlanılıb: “Bu müayinələr may ayının 1-nə qədər davam edəcək. Saytlarda bunun adını pulsuz icbari tibbi müayinələr kimi yazıldığını oxuyub əsəbiləşirəm. Ölkənin dövlət tibb müəssisələrində səhiyyə pulsuzdur. Bu səbəbdən də “pulsuz müayinə aparılır” yazmaq olmaz”.

Həmsöhbətimiz deyib ki, əhalinin tibbi müayinəsi könüllüdür: “Biz bununla bağlı bildirişlər vermişik, sahə həkimləri əhalini məlumatlandırıb. Mediada da bu haqda məlumatlar verilib. Könüllü olaraq tibbi müayinəyə hamını dəvət edirik. Bu müayinələrdə hər kəs iştirak edə bilər. Tibbi müayinə üçün hər kəs sahəsində olduğu poliklinikaya gəlib müayinədən keçə bilər. İnsanların sahə poliklinikalarından müayinədən keçmələri vacibdir”.

K.Cabbarovanın dediyinə görə, əgər tibbi müayinə zamanı hansısa xəstəlik aşkarlanarsa, həmin adam nəzarətdə olur və dispanser qeydiyyatına götürülür. “Məsələn, Sumqayıtdan olan bir nəfərdə rentgen zamanı vərəm xəstəliyi aşkarlandı. Biz dərhal vərəm dispanserinə, Respublika Sanitar Epidemioloji Stansiyaya xəbər verdik. Həmin adam mütləq olaraq Sumqayıt dispanserində qeydiyyata düşməlidir və onu nəzarətdə saxlamalıdırlar. Həmin adam öz poliklinikasında müayinədən keçsəydi, uzun proseslərdən keçməli olmayacaqdıq. Yaxşı olar ki, hər kəs öz sahə poliklinikalarına gedib müayinədən keçsin. Çünki sahə həkimi onda aşkarlanan hər hansı xəstəlik barəsində daha məlumatlı olur və onu nəzarətdə saxlayacaq”.

Artıq üçüncü ildir belə müayinələrin aparıldığını deyən baş həkim hesab edir ki, bunun əhali üçün faydası böyükdür. “Bəzən ömründə poliklinikada olmayan insanlar poliklinikaya gəlib razı qalıblar. Rayondan gələnlər də olur ki, gəlib bizdə tibbi müayinədən keçmək istəyirlər. Biz də onları tibbi müayinədən keçirərək, arayaş veririk”.
Cabbarovanın dediyinə görə, əhalinin tibbi müayinəsi zamanı terapevtin müayinəsi, ümumi qan analizi və rentgen vacibdir: “Əhalinin tibbi müayinəsi zamanı gələnlərə ilk olaraq sahə həkimi baxır, ehtiyac olduqda müəyyən prosedurlardan keçməyə yönəldir. Çünki hər gələn adamı bütün müayinələrdən keçirmək mümkün deyil. Ona nə reaktiv, nə rentgen plyonkası çatdıra bilərik. Mütləq hər kəs qan analizi verməlidir. Qan analizinin cavabını alandan sonra o müvafiq müayinələrə, daha dərindən yoxlanılması üçün ayrı-ayrı həkimlərin kabinetinə yönləndirilir. İl ərzində rentgendən keçməyibsə, mütləq vərəmə görə rentgendən keçməlidir. Rentgendə ağ ciyərdə, limfalarda olan şiş xəstəlikləri də aşkarlanır. Şiş xəstəliyi rentgendə kölgələrlə özünü göstərir”.

Tibb sahəsi üzə ekspert Adil Qeybullanın sözlərinə görə, dövlət xəsətəxanalarında müayinə və müalicələrin pulsuz olması məcburidir: “Amma bunun nə dərəcədə təmin olunması məsələsi var. Özəl tibb müəssisələrində isə bu cür müayinələr pulsuz aparıla bilməz. Bu, kommersiyaya müdaxilə demək olardı”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyevin qəzetimizə dediyinə görə, əhalinin tibbi müayinəsinin təşkil edilməsi xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir: “Amma reallığı götürəndə mən bir həkim kimi hələ ki, belə bir müayinələrin pulsuz aparıldığını eşitməmişəm. Hətta biz həkimlər özümüz də hansısa həkimə gedəndə mütləq pul veririk ki, bizi müayinələrdən keçirsinlər. Hələ görünməyib ki, bizim ölkədə həkimlər onlara nəsə verməsən xəstələri gülərüzlə qəbul etsinlər və yüksək səviyyədə yola salsınlar. Bizdə bu yoxdur”.

Mehdiyev bildirib ki, mövcud vəziyyətə görə bizim psixologiyamızda “həkimə pulsuz getsək, bizə yaxşı baxmayacaq” fikri formalaşıb: “Vicdanını itirməyən həkimlərimiz çoxdur. Dövlət xəstəxanasında, ümumiyyətlə, pul söhbəti olmamalıdır. Amma “qaraltılar” var. Xəstəsi olan adamlar tibb müəssisələrində pul verməyəndə onların başına nə oyunlar açdıqlarını yaxşı bilirlər. Buna görə bir tərəfdən həkimləri qınasam da, digər tərəfdən də aldıqları maaşlarının onlara yetmədiyini başa düşürəm. Onların aldığı maaşları adi kommunal xərclərin ödənilməsinə çatmır. O ki qaldı yeyib-içməyinə, gəzməyinə”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir