Kenan Memmedov

Əməkdar incəsənət xadimi: “Anam mənə 300 rus rublu verib dedi ki, get, taleyini həll et”

Baxış sayı: 2. 222

Altı yaşında ailəsi ilə birlikdə “Azərbaycan” kinoteatrında ilk dəfə baxdığı film bütün həyatını dəyişib. O gündən sonra kino sahəsində çalışacağına qərar verib. Bu, çoxlarımızın sevərək izlədiyi “Tarzan” filmi idi. Məhz bu film Azərbaycan incəsənətinə məşhur operator, Azərbaycanın əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü, dövlət mükafatı laureatı Kənan Məmmədovu qazandırıb. K. Məmmədovun uşaqlıq illərinə birlikdə səyahət edək…

“Atam ədəbiyyatçı olmağımı istəyirdi”

Müsahibimiz 1946-cı il oktyabrın 9-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Əzizağa Məmmədov professor, anası Tahirə Məmmədova isə ədəbiyyatçı olub. 4 uşaqlı ailənin ilki olan müsahibimiz nə sakit, nə də dəcəl uşaq olub: “Ailədə 4 uşaq olmuşuq. Üç qardaş, bir bacı…Bizim ailənin dəcəli mənim kiçik qardaşım olub. Düzdür, mən də sakit deyildim, şıltaqlıqlarım olub. Amma qardaşım qədər deyildi”.
Atası oğlanlarının, xüsusən də böyük oğlu Kənanın ədəbiyyatçı olmasını istəyib. Lakin ailənin oğlanları yox, tək qızı bu sahəni seçib: “Bacım ədəbiyyat sahəsinə yönəldi və yaxşı filoloq oldu. Mən kino sahəsinə yönəldim, ortancıl qardaşım çox yaxşı mühəndisdir, kiçik qardaşım isə geofizikdir”.

“Bədii ədəbiyyat oxumaqla rus dilini öyrəndim”

Orta məktəb illərindən danışan həmsöhbətimiz deyir ki, bədii ədəbiyyata olan marağı və əla qiymətlərlə oxuması ilə həmyaşıdlarından seçilib: “Mənimlə qardaşım Azərbaycan bölməsinə gedirdik. Nənəm istəyirdi ki, rus məktəbinə gedim. Mən isə demək olar, rus dilini bilmirdim. Nənəm təkid elədi ki, yox, Kənan mütləq rus bölməsinə getməlidir. Mən fiziki cəhətdən çox zəif uşaq idim. 7 yaşımda yenidən bağçaya rus bölməsinə qoydular. Ədəbiyyatı çox sevirdim. Çoxlu əsərlər oxuyurdum və oxuduğum əsərin müəllifi haqqında bütün məlumatları toplayırdım. İndi də beləyəm. Əgər Viktor Hüqonu oxuyurdumsa, yaradıcılığını əzbər bilirdim. Balzakı oxuyurdumsa, onun da bütün yaradıcılığını öyrənməli idim. Bu, mənim marağımdan irəli gəlirdi. Nə müəllimlər, nə də məktəb mənə rus dilini öyrədə bilmədi. Yalnız bədii ədəbiyyat oxumaqla rus dilini mükəmməl şəkildə öyrəndim”.

“Məni də əzişdirdilər”

Müsahibimiz deyir ki, uşaqlıq illərində arada həmyaşıdları ilə dalaşdığı da olub: “İçərişəhərdə yaşayan bir oğlanla dostluq edirdim. Sonra elə oldu ki, aramız pozuldu. Bir dəfə məktəbdən qayıdanda onunla dalaşdıq. O məni, mən də onu vurdum. Daha nə qədər dalaşmaq olar? Mən çevrilib getdim, birdən başıma nəyinsə dəydiyini hiss etdim. Sən demə,  arxadan başıma daş atıb. Əlimlə başıma toxunanda, gördüm ki, qanın içindəyəm. Çox qorxdum. Oradan qaça-qaça evə gəldim. Sonralar həmin oğlanla dostlaşdıq. Əvvəllər içərişəhərlilər, bayıllılar, yaxud çəmbərəkəndlilər və s. bir-biri ilə münaqişədə olurdular. Oğlanlar yığışıb dava edirdik. Bir dəfə mən bir nəfəri döydüm, sonra məni də əzişdirdilər”.

“Samakat”, naqqulu, aşıq-aşıq…
 
“Samakat”la oynadıqları illərdən danışan müsahibimiz deyir ki, o vaxtın uşaqları çox gözəl oyunlar oynayar, öz oyuncaqlarını özləri hazırlayardılar: “O vaxtlar indiki “samakat”lar yox idi. Biz onları özümüz düzəldərdik. Yadımdadır, İçərişəhərin dalanlarından şütüyürdük. Bundan əlavə, “naqqulu” oyunu var idi. Naqqulunu taxtadan düzəldirdik. Üstündə rəqəmləri var idi və biz həmin rəqəmləri vururduq. Bir dəfə mən naqqulunu elə vurdum ki, hazırda da dostluq etdiyim Xəyyam Mirzəzadənin pəncərəsi sındı. Xəyyamın anası anamın yanına şikayətə gəldi (gülür – A.Ə.)”.
Balaca Kənan fiziki cəhətdən zəif uşaq olduğu üçün nənəsi ona tez-tez “qoqul-moqul” bişirərmiş: “Nənəm məni çox istəyərdi deyə, çox vaxt onlarda qalardım. Nənəm iki yumurta sarısını stəkana tökər, sonra üstünə şəkər tozu, bir az yağ, bir də kakao əlavə edib bunu krem halı  alana qədər qarışdırmağa başlayardı. O vaxtlar buna “qoqul-moqul” deyərdilər. Onu çörəyin üstünə çəkib mənə çayla yedizdirərdi”.
“Butulka şalvarı sayılıb-seçilən adamlar geyinirdilər”
Müsahibimiz deyir ki, uşaqlıqdan kino çəkənlərə xüsusi rəğbəti olub: “İçərişəhərdə kino çəkiləndə mən valeh olurdum. Yadımdadır ki, “O olmasın, bu olsun” filmini çəkirdilər. Baxırdım ki, hündürboy operator əynində butulka şalvar kameranı gətirir. O vaxt belə şalvarı ancaq özlərindən razı olan, sayılıb-seçilən adamlar geyinirdilər. Həmin operator böyük sənətkar Əlisəttar Atakişiyev idi. Mən Moskvada institutu bitirib qayıdandan sonra kinostudiyada işləyirdim. “Qərib cinlər diyarında” filmini çəkməyə başladılar. Biz onunla tanış olduq və ömrünün axırınadək Əlisəttar müəllim mənimlə çox yaxşı münasibətdə idi”.

“Kino cazibədar görünürdü”

Kənanın foto çəkməyə marağının olduğunu görən valideynləri 1-2-ci sinifdə oxuyanda ona fotoaparat alıb: “Bakı Pionerlər Evində foto dərnəyinə gedirdim və dərnəyin ən fəal üzvlərindən biri idim. Nənəmgilin qonşusu olan kinooperator Xan Babayev çəkdiyim şəkillərə baxardı və mənə istiqamət verərdi. Ümumiyyətlə, kino və kinooperatorluq məsələsi məni həmişə cəlb edərdi. Hazırda uşaqlar hər şeyi bilirlər. O vaxtlar kino çox cazibədar görünürdü. Anam istəyimi görüb həmişə deyərdi, mən də istəyərəm ki, Kənan böyüyəndə Xan kimi kino çəksin. Bir dəfə heç yadımdan çıxmaz, qardaşımla bağçadayıq. Yağışlı gün idi. Birdən qapı açıldı və anamla atam içəri girdilər. Atam heç vaxt bizim dalımızca gəlməzdi. Atam dedi ki, “Tahirə, tez Sənanı da geyindir, mən də Kənanı geyindirim. Tələs, artıq vaxtdır”. Mən də təsəvvür edə bilmirəm ki, hara tələsirik. Bunlar bizi geyindirdilər, atam məni qucağına götürdü. Mənim o vaxt 6 yaşım, Sənanın da 4 yaşı olardı. Anam da Sənanı götürdü və biz qaça-qaça getdik “Azərbaycan” kinoteatrına. 3-4 dəqiqə gecikmişdik. Artıq jurnal gedirdi. Mən atamın, Sənan da anamın qucağında oturduq. Ömrümdə birinci dəfə kinoteatrda filmə baxdım və film məni valeh elədi. Bəlkə də o vaxt qərara gəldim ki, mütləq kino sahəsində çalışacağam. Baxdığımız film “Tarzan” idi”.

“Səhər oxuyub, axşam işləyirdim”

Fotoqrafiya ilə aktiv məşğul olduqdan sonra kino sahəsində ixtisaslaşmağı qarşısına məqsəd qoyan müsahibimiz bu istiqamətdə çalışmağa başlayır: “Pionerlər evində axırıncı siniflərdə oxuyanda artıq ora getməyə vaxtım olmurdu. Fotoaparatdan gec-gec istifadə edirdim. O da artıq köhnəlmişdi. Sonra öyrəndim ki, o vaxt kino təhsili almaq üçün mütləq Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmək lazım idi. Ora daxil olmaqdan ötrü isə iş təcrübən olmalı idi. Evdə də Moskvaya getməyimə etiraz edirdilər. Atam istəyirdi ki,  Moskvada yox, Leninqrad Dövlət Universitetinə şərqşünaslıq bölməsinə qəbul olum. Mən də o vaxtkı Politexnik İnstitutunun axşam şöbəsində mexanika fakültəsinə qəbul oldum. Səhər fotoqraf işləyir, axşam oxuyurdum. Çünki fotoqraf təcrübəsi mənə Moskvaya gedib kinematoqrafiyada oxumağıma imkan verəcəkdi”.

Mühəndislikdən kinoya gedən yol…
 
Təcrübə topladıqdan sonra evdən gizli universitetdən ayrılır: “Moskvada sənədi elə-belə qəbul etmirdilər. Əvvəl Kinemotoqrafiya İnstitutunun operator ixtisasına fotomüsabiqə elan edirdilər. Cürbəcür janrda 20-30 şəkil yollamalı idim. Mən fotoları Moskvaya göndərdim və təxminən 10 gündən sonra fotokonkursu keçməyimlə bağlı göndəriş gəldi. Moskvaya imtahan verməyə dəvət olunurdum. Onda artıq beşinci kursda oxuyurdum. Mənə attestat lazım olduğu üçün Politexnik İnstitutundan çıxmaq üçün evdən xəlvət ərizə yazdım. Qalmaqal yarandı. Məni axşam və qiyabi şöbəsinin prorektorunun yanına çağırdılar. Prorektor mənə dedi ki, dövlət sənin üçün bu qədər xərc çəkib, bir ildən sonra sən mühəndissən, bu nə işdir? Mən hər şeyi açıb ona danışdım və Moskvadan gələn bildirişi göstərdim. Mənə təmkinlə qulaq asandan sonra dedi ki, sənə köməklik edərəm, rektor qol çəkər. İki gündən sonra gedib sənədlərimi götürdüm. Atam bunu eşidəndə çox pis oldu. Mənimlə danışmadı. Əslində məni çox istəyirdi. Anam mənə 300 rus rublu verib dedi ki, get, taleyini həll et. 300 rublla və çox küskün bir vəziyyətdə Moskvaya getdim. 6 imtahan verib 28 bal yığdım. Ümumittifaq müsabiqəsini keçdim və 1971-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul oldum. Sonra atamla barışdıq, o, məni çox istəyərdi. Həmişə çəkdiyim filmlərin premyerasına gələrdi. Mənimlə fəxr edərdi. Dostlarına deyərdi ki, “mənim oğlum prinsipial insandır””.

Tələbəni yayındıran məqam: qızlar, əyləncə…
 
Müsahibimiz deyir ki, Moskvada dolğun və maraqlı həyat tərzi keçirib: “Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunda oxumaq çətin məsələdir. Mən əla oxumuşam. Tələbəni orada əsas işindən yayındıran məqamlar var: qızlar, əyləncə… Kim ki, dözə bilmirdi institutda yerlərini çox tez itirirdilər. Mən məsuliyyəti dərk edirdim. Təqaüd alırdım, atam də hər ay mənim üçün pul göndərirdi. Məsuliyyəti dərk edə-edə həm dolğun həyat tərzi keçirir, həm də başımı itirmirdim, vaxtlı-vaxtında bütün kurs işlərimi hazırlayırdım, əlaçıydım. Professor Qalpenin mənim xətrimi çox istəyirdi. Ömrünün axırınacan mənimlə yaxşı münasibətdə oldu”.

“Tələbələrin dünyagörüşü formalaşmalıdır”

Sonda o dövrün gəncliyi ilə müasir gəncliyi müqayisə edən müsahibimiz vurğuladı ki, o illər intellektual, savadlı gənclərin sayı çox idi: “Bu məmləkətdə təhsilə münasibət bir qədər düzəlməlidir. Yoxsa savadsızlar təbəqəsi meydana gələcək. Xüsusilə İncəsənət Universitetində teatrlara, sərgilərə, muzeylərə gedən tələbələrin sayı artmalıdır. Tələbələrin dünyagörüşü formalaşmalıdır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir