Ruxsare Cumayeva

“Gördüm ki, hospitalda əsgərlərin əl-ayağını kəsib, atırlar…” – Döyüşçü xanım

Baxış sayı: 1. 680

Günümüzdə əksər ölkələrdə, xüsusən ərəb dövlətlərində qadınlara kölə kimi baxırlar və onların qürurunu bir daha bərpa olunmayacaq qədər sındırırlar. Ancaq qadın İlahi bir qüvvə, sözlə ifadə oluna bilinməyəcək dərəcədə möhtəşəm varlıqdır. Qadın ruhən dünyaya hakimdir. Ocağı qoruyan qadındır. Bir şairin sözləri ilə desək:

Dünyanı kəşf eləyən – sən,
Böyüdən – sən, bələyən – sən.
Tanrı ki var, elə sənsən,
Ana, bayramın mübarək…

Bütün bunlar bəlkə də bəzilərinə şablon görünə bilər, amma az da olsa duyğusu, duyumu, düşüncələri olan şəxs Qadının ən yüksəkdə durduğunu hiss etməli və ona layiq olduğu dəyəri verməlidir. Dünya tarixinə, ədəbiyyatına baxsaq, qadınlar orada da ən yüksəkdə dururlar. Boşuna deyilməyib ki, cənnət anaların ayaqları altındadır. Qadın kitab kimidir. Yazıldıqca, oxunduqca insanı maarifləndir, dünyaya baxışlarını müsbət yöndə dəyişdirir. Qadın bəzən çiçəkdir, bəzən silahdır, bəzən də sipər. Qadınlarla bağlı bitməyəcək qədər yazmaq olar, amma söhbəti daha çox uzatmadan, vətənin azadlığı, torpağının bütövlüyü uğrunda canının yarısını Birinci Qarabağ savaşında qoyan qadın sərkərdəmiz Rüxsarə Cumayevanı bu gün yada salmasaydıq, günah olardı. Bu müsahibəni Rüxsarə xanımın timsalında bütün əməkçi, vətənsevər, mərd qadınlara həsr edirik.

Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) Meydan hərəkatı dövrünə düşdüyündən orada fəal iştirak edib. Elə buna görə də, onu həm işdən, həm də universitetdən xaric ediblər. Və ən nəhayət, tibb çantası bu xanımın ömrü boyu yol yoldaşı olub. Ali təhsil ala bilməyən Ruxsarə qarşısına məqsəd qoyaraq anasının arzusunu reallaşdıracağına söz verib. O, 1990-cu ildə Bakı Dövlət Universitetin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib. Rüxsarə könüllü olaraq hospitalda işləyərək yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb.

Birinci Qarabağ savaşında iştirak edənlər Rüxsarə xanımın adını eşidəndə “Qarabağın tutusu”nu xatırlayırlar:

rc

– Rüxsarə xanım, gəlin elə əvvəldən, Meydan hərəkatında iştirakınızdan danışaq…

– Bəli, Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq 1988-ci il noyabr ayının 20-dən dekabrın 5-ə kimi hazırda Azadlıq meydanı adlanan yerdə aclıq aksiyasına qoşuldum. Bakıda Hərbi Hospitalda kiçik tibb bacısı işləyirdim, Qarabağdan gələn yaralı insanlara qulluq edirdim. 1990-cı ildə tibbi yardım aparılarkən Qarabağa getmişdim. Qarabağa 1991-ci il yanvarın 24-də də getdim, çünki tibb bacısı çatışmırdı. Tibb məntəqəsi Nəbilər kəndində bir fermada yerləşirdi. Dedilər ki, hələ döyüş olmayacaq. Yanvarın 25-dən 26-a keçən gecə Fəhmin Hacıyev, Tacəddin Mehdiyev gəldilər. Bizə əmr verildi ki, buradan çıxın. Sonra Bakıya hospitala qayıtdım. Hospitalda bir müddət işlədim. Bir gün hospitala Milli Ordunun Elçin adlı bir gənc əsgərini gətirmişdilər. Oğlanın 17 yaşı da yox idi, qolunda cəmi bir damar işləyirdi, göyərmişdi, qolu kəsilməli idi. Həkimlərin biri mənə dedi ki, Ruxsarə xanım, imkanınız varmı ki, bu gecə bizə kömək edəsiniz? Razılaşdım. Qol kəsiləndə bir anlığa əlimdən fırlanıb yerə dəydi. Səhər Elçin özünə gələndə dönə-dönə soruşdu ki, qolu haradadır?! Biz heç nə deyə bilmədik. Artıq dözə bilmədim. Hospitalın rəisinə müraciət etdim ki, Ağdama getmək istəyirəm. Səbəbini soruşdular. Dedim ki, mən əliləm, əlillik nə olduğunu yaxşı bilirəm, o insanlar sağ gedir, əl-ayaqlarını itirirlər, onların əl-ayaqlarını itirməmələrinə yardımçı olmaq, bu acını yaşamamaları üçün gedirəm.

– Dediniz ki, özüm də əliləm…

– Hə, 10 yaşından sonra əlil olmuşam. Səbəb də dəcəlliyimdir. O vaxt atam qoz ağacını çırpırdı. Ağaca çıxdım, yıxıldım, ayağımı qırdım. O zamandan da belə oldum…

– Döyüşlərdə iştirakınız necə olub?

– Dörd dəfə əmrim olmadan döyüşə getmişəm. Rəhmətlik Milli Qəhrəmanımız Şirin Mirzəyev Fərruxdağ ətrafında gedən döyüşlərdə isə döyüşməyimə rəsmən icazə verdi. Elə “Tutu” ləqəbini də Şirin Mirzəyev mənə verib. O, məni “Qaraca qız” filmindəki Qaraca qıza bənzədirdi. Əmrim veriləndə komandirim Qələndər İsmayılov idi. Amma əmrim verilənə qədər bir sıra döyüşlərdə oldum. Qazançıya qədər Ərəbzəmin, Pircamalda əməliyyatda olmuşuq. May ayında Qiyasbəyli kəndindən olan 18 əsgər Qazançıda gedən döyüşlərdə həlak oldu. Onların müəmmalı ölümünün səbəbi hələ də bilinmir. Mən o əməliyyat zamanı da yaralılara bacardığım qədər kömək etdim. O zaman gördüm ki, döyüşçülərə güllə dəyib, onların əl-ayaqlarını sındırıbsa, hospitala çatanda kəsib atırlar. Orada müraciət etdim. Mənə kiçik bir balta verdilər. Mən o balta ilə kiçik ağac parçaları kəsirdim. Döyüşdə yaralananların qol-qıçlarını bağlayırdım ki, qan işləsin və hospitala gələndə kəsilib atılmasın.

– Rüxsarə xanım, əslində, sizi tanıyanlar fədakarlığınızdan xəbərdardılar. Amma bu gün xanımlarımız üçün özəldir. Xatirələrinizi vərəqləyək…

– 1992-ci ildə Mehmanə döyüşü zamanı yolu azmışdıq. Komandirim Qələndar İsmayılov xalam oğlu Cavanşir Qurbanova dedi ki, deyəsən, mühasirəyə düşmüşük. Tutunun əsir düşməsinə mane olmalıyıq. Tutunu kim güllələyəcək?! Cavanşir əlindəki avtomatı yerə ataraq söylədi ki, mənim əlim gəlməz vurmağa… Dayım oğlu Hacıbəy isə dedi ki, mən vuraram, erməniyə diri getməyə qoymaram! Mühasirədən çıxdıq. Meşənin içi ilə Mehmanəyə doğru qalxdıq. 2-3 gün ağır döyüşlər getdi. Həmin əməliyyatda komandirim Qələndər İsmayılov yaralandı. Onu götürüb Bakıya hospitala gəldim.

Bir dəfə Yeddixırman ərazisində ağır döyüşlər gedirdi. Əvəzedici qüvvə gəlmədiyi üçün biz gecəni qalmalı olduq. Mən və əsgərlərim Yeddixırman ərazisində səhərə qədər yağışın altında taxıl zəmisinin içində oturmağa məcbur idik. Səhəri gün isə Günəşin istisi o yağışdan islanmış canımızı, paltarlarımızı qurutdu.

– Yaxanızdan heç vaxt əl çəkməyən xatirələr varmı?

– 1994-cü il fevral ayının 9-dan 19-na qədər mənim ən ağır döyüşlərimdən biri oldu. Qar uçqununun altında qalan əsgərləri xilas edə bilməməyim məni bu günə qədər də çox üzür. Ağır günlərimizdən biri də Şirin Mirzəyevi itirdiyimiz gün idi. Onun tabutunu Ağdamdan Bakı şəhərinə gətirmək üçün bir əsgər kimi az da olsa borcumdan çıxdım. Yəni hər bir rayona çatdıqca meyitin üstünə buz qoyurdum ki, əzizlərinə problem olmadan çatdıra bilək. Çatdırdıq da. Sonra Zabitlər evinə, oradan da Şəhidlər Xiyabanına qədər komandirimizlə olduq.

– Döyüş yoluna nə vaxt nöqtə qoydunuz?

– 1994-cü il fevralın 18-də Bakıya gəldim. Sonra da atəşkəs elan olundu. Hazırda Veteran Qadınlar Təşkilatının üzvü, ikinci qrup əlil, fəxri anayam. 4-cü sinifdə oxuyan qızım var.

…Sonda məni xatırladığınız üçün hər birinizə təşəkkür edirəm. Və bir şeyi bildirirəm ki, Azərbaycan qadınları hər zaman fədakar olub. Onları sevin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir