qadinlar

Tarixin cəsur qadınları haqqında bilmədikləriniz

Baxış sayı: 1. 681

Cəsarətli xarakter, məğlubedilməz ruh gücü, vəziyyətə zidd gedə bilmək bacarığı – adətən belə cəhətlər kişilərin adına yazılır. Amma bütün zamanlarda öz hərəkətlərinin cəsurluğu ilə müasirlərini təəccübləndirən qadınlar mövcud olub.

“Gencaile.az” “Publika.az”-a istinadən belə qadınlardan bir neçəsini sizə təqdim edir. Bu qadınları tanımağa dəyər:

Akvitaniyalı Alienora – XII əsrdə gözəllik müsabiqəsi keçirilmirdi, amma hamı bilirdi ki, Avropanın ən gözəl qızı kimdir: iki kralın həyat yoldaşı olmuş, üç tac sahibəsi Alienora! Onun ilk həyat yoldaşı Fransa kralı VII Lüdoviq olub. Kral onu dəlicəsinə qısqanaraq qadınının dikbaş xarakteri ilə barışmazmış. On üç ildən sonra cütlük boşanır və Alienora yenidən həsəd aparılası gəlin olur. Bu dəfə o, İngiltərə kralı II Henriyə ərə gedir. Bu ərini çox sevdiyindən ona beş oğul və üç qız övladı bəxş edir. Amma müəyyən müddətdən sonra arvadından soyuyan kral işlərinə burnunu soxmasın deyə Alienoranı qəsrdə qapalı saxlayır. Burada 16 ilini keçirən kraliçanı “Şir ürəkli” ləqəbli oğlu Riçard kral olandan sonra azad edir. Alienora 82 yaşındaykən dünyasını dəyişib.

Janna Dark – bu igid xanımı əslində çoxları tanıyır. Fransanın milli qəhrəmanı olan bu qadın Yüzillik müharibə zamanı öz qəhrəmanlığı ilə yadda qalıb. Orlean şəhərindən mühasirəni götürüb. Əsir düşərək ingilislərə təhvil verilib və məhkəmə qarşısına çıxarılıb. Janna şeytanla əlbirlikdə – cadugərlikdə ittiham olunaraq tonqalda yandırılıb. Hazırda onun yandırıldığı yerdə Jannanın heykəli ucalır.

Xuana İnes de la Krus – meksikalı şairə (1651-1695) hələ uşaq yaşlarından öz bacarıqları ilə seçilirdi. Üç yaşındaykən heç kimin köməyi olmadan oxumağı, altı yaşındaykən yazmağı, tikib-biçməyi öyrənib. Bu da onun yaşadığı zamanda qız üçün tam təhsil sayılırdı. Xuana səkkiz yaşında şeir yazmağa başlayıb. On beş yaşında olanda Xuananı sarayda kraliçaya təqdim ediblər və o, sarayın birinci nədiməsi olub. Bu vəzifəsi sayəsində onun istedadından bütün yüksək cəmiyyət agah olub. Xuana çox gözəl qız olsa da, erkən yaşlarından monastıra qapanıb. Bunu belə izah edib ki, yalnız orda bir qadın sakitcə elmlə məşğul ola bilər. Xuana tarixə öz üslubiyyəti, xətti olan şairə kimi düşüb.

Miribal bacıları – Patriya, Minerva və Mariya-Tereza siyasi fəal olaraq Dominikanın o zamankı prezidenti Rafael Truxilio rejiminə qarşı mübarizə aparıblar. Öz ərləri ilə bərabər bacılar ölkənin demokratikliyi uğrunda mücadilə ediblər. Çoxsaylı həbslərə baxmayaraq, bacıların qarşısını almaq mümkün olmayıb. Nəticədə, prezident 1960-cı ildə qanlı üsullarla üç qadının qarşısını almalı olub. Bu da əhalinin kütləvi baş qaldırmasına səbəb olub. Altı ay sonra diktator həbs edilib və onun hakimiyyəti süqut edib. BMT bacıların öldürüldüyü 25 noyabr gününü qadınlara şiddət tətbiq edilməsinə qarşı mübarizə günü elan edib.

Nensi Ueyk – onun başına faşistlər beş milyon frank pul qoymuşdular. Amma yenə də “Ağ siçovul” ləqəbli Nensini tutmaq faşistlərə müyəssər olmayıb. Fransız xəfiyyəsi olan bu qadın dəfələrlə çətin tapşırıqları icra edərkən ölümlə üzləşib, ancaq həmişə vəziyyətdən sağ-salamat çıxıb. O, hətta bir dəfə həyəcan siqnalı vermək istəyən faşist qarovulunu yalın əlləri ilə öldürüb. Müharibədən sonra təkcə Fransanın deyil, bir çox ölkənin orden-medallarıyla təltif edilib. Və 2011-ci ildə 98 yaşında vəfat edib.

Hedi Lamarr – bu xanım da həmişə yovuşmaz xarakteri ilə seçilib. On altı yaşında evdən qaçıb, sonra avstriyalı milyarderə ərə gedib. Dördillik ailə həyatından sıxılan Hedi Hollivuda qaçaraq orada kinolara çəkilib və məşhurlaşıb. Hollivudda aktrisalıqla yanaşı, ixtiraçılıqla da yadda qalıb. Radio texnologiyası ilə bağlı bir ixtiraya imza atsa da, zamanında buna qiymət verən olmayıb. Sonralar isə onun ixtirası əsasında GSM, GPS, “Bluetooth” və “Wi-Fi” hazırlanıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir