ders

Uşaq hansı yaşdan məktəbə hazırlanmalıdır?

Baxış sayı: 1. 681

Əvvəllər məktəbəqədər hazırlıq məsələləri olmadığından, uşaqların birinci sinfə qəbul olmaları üçün sadə bilgiləri bilməsi yetərli olurdu. İndi isə uşaqlar birinci sinfə qədər hərfləri tanıyır, yazıb-oxumağı öyrənir. Bəzi hallarda tələbkar valideynlər uşaqların nitq və zehni inkişafını nəzərə almadan onları yükləyirlər ki, bu da əks effekt verir.

Bakıdakı məktəbəqədər hazırlıq kurslarından birinin müəlliməsi Gülnar Abbasovanın bildirdiyinə görə, məktəbəqədər hazırlıq əslində 5 yaşında uşaqlar üçün nəzərdə tutulub: “5 yaşında artıq uşaq məktəbə hazırlaşmalı və 6 yaşında məktəbə qəbul olmalıdır. Elə istisnalar olur ki, qrupda 5 yaşlı uşaqla bərabər 4 və 6 yaşlı uşaqlar da eyni təhsili alır. Elə 4 yaşlı uşaq da var ki, inkişafına görə 5 yaşlı uşağı da ötür”.

G.Abbasova qeyd edib ki, hər bir insanın özünəməxsus psixologiyası var: “Yaş dövrü ilə yanaşı uşağın psixoloji durumu da əsas götürülməlidir. Elə valideyn var ki, övladının götürmə qabiliyyətinin aşağı olmasına baxmayaraq, uşağı dərslərlə çox yükləyir. Uşaq dərsi qavraya bilmədikdə onun üstünə qışqırır, döyür. Uşaqların yaşa və götürmə qabiliyyətinə görə dərslə yüklənməsi fərqli olmalıdır.
Uşaqları öyrədərkən asandan çətinə doğru getmək lazımdır”.

Onun sözlərinə görə, iki yaşdan başlayaraq uşaqlara rəngləri öyrətmək olar. Rəngləri hətta 8-12 aylıqdan başlayaraq da öyrətmək mümkündür. Uşaqlara mütləq əşyaların adlarını öyrətmək lazımdır. Qavradıqca əşyaların formalarını da başa salmaq olar. “Uşaq var ki, 4-5 yaşına çatdıqda heyvanları tanımır, bir çox əşyaların adlarını bilmir. Çünki evdə deyilmir. Tək müəllimin üstünə atmaqla deyil, valideynlər evdə də uşaqları öyrətməyə çalışmalıdır. Valideyn uşağa kiçik yaşlarından başlayaraq götürdüyü hər bir əşyanın adını, formasını, qida məhsuludursa, dadını da deməlidir ki, uşağın yadında qalsın. Uşağın yaş psixologiuasından asılı olaraq ona 2-3 yaşından sözlərin əksini öyrətmək olar. 3 yaşda uşağa öyərədəcəklərimiz mürəkkəbləşir”.

Abbasova bildirib ki, ən kiçik yaşlardan nitq inkişafına fikir verilməlidir: “Nitq inkişafına şeirlər, atalar sözləri, nağıllar, tapmacalar, yanıltmaclar daxildir. Əlifba 4-5 yaşdan öyrədilməlidir. Savad təliminə görə, əlifba, hecalar, sözlər, cümlələr, cümlə quruluşu, ətrafda olan hər bir şey, fəsillər, nəqliyyat vasitələri, heyvanlar, həşəratlar, meyvələr, tərəvəzlər və s. öyərdilir”.
Psixoloq Vəfa Rəşidovanın qəzetimizə dediyinə görə, öncə insan öz uşağının hansı potensiala malik olduğunu anlamalıdır: “Əgər uşaq daha yüksək potensiala malik deyilsə, onu çox yükləyib “Sən də qonşunun uşağı kimi olmalısan!” kimi fikirlərlə uşağı yükləyib psixologiyasını pis vəziyyətə salmayın. Belə vəziyyətlərlə biz tez-tez rastlaşırıq. Baxırıq ki, uşağın yaşı azdır, indidən ona bir neçə dilləri öyrədirlər. Uşağın buna heç marağı yoxdur. Uşaq anlamır ki, bunu nə üçün oxuyur və öyrənir. Erkən yaşlarda dərslə çox yüklənən uşaqlarda dərs oxumağa qarşı neqativ düşüncə yaranır. Dərs öyrənmək onun üçün sıxıcı bir məşğuliyyətə çevrilir. Ona görə ki, o, uşaqlığını normal yaşayıb başa vurmur, artıq valideynlərin ondan yüksək gözləntisi var”.

“Təhsilsiz yetişən uşağın sabah Vətənə nə kimi xeyri dəyəcək, amma hər şeyin bir çərçivəsi var. Valideynlər uşaqlar dərs oxumadıqda ona qarşı şiddət göstərir. Bunun əvəzinə valideyn özünə “Övladım niyə oxumur” sualını versin. Harda, hansı səhvi buraxdım ki, onda oxumağa qarşı neqativ düşüncə yarandı? Və ya ilk məktəb illərində yaxşı oxuyurdu, sonradan uşaqda nəsə baş verir və başqalarından xeyli geridə qalır. Bu sanki yanma sindromuna bənzəyir. Yanma sindromunda da belədir. İnsan o qədər aşırı işləyir ki, bir gün yorulur və heç nə etmək istəmir. Artıq etməyə gücü qalmır, tükənir. Kiçik yaşlarından 5 dil öyrənməyə məcbur qalan uşaqlar da sabah gözlənilmədən yanma sindromunu yaşaya bilər” deyən həmsöhbətimiz valideynləri anlayışlı olmağa çağırır.

Onun fikrincə, uşağın yaşı azdırsa, bu az yaşda ondan tələb etdikləri potensiala malik deyilsə, bir-iki il gözləyib sonra ondan nəsə tələb etməyə başlasınlar: “Valideyn uşağını o biri uşaqlarla müqayisə etməməlidir ki, sən də əmin qızı, əmin oğlu kimi olmalısan. Burdan belə nəticə çıxır ki, valideyn daha çox özünü düşünür ki, başqaları yanında danışanda övladını tərifləyə bilsin. Yenə də valideyn burda özünü tamamlamağa çalışır. Uşağa qəzəblənərək “Mən utanacağam sənə görə”, “Sənə görə mənə niyə söz gəlməlidir” deyir. Demir ki, bizə, bizim ailəmizə söz gəlir, deyir ki, mənə”.

Rəşidovanın sözlərinə görə, 3-5 yaşında götürmə qabiliyyəti yüksək olan uşaqlar olur: “Amma uşağın zehni və nitq inkişafı geridə qalırsa, onun üzərində işləyib çalışmaq lazımdır ki, inkişafdan qalmasın”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir