aile terapiyasi

Valideynlər niyə məsuliyyətsizləşir?

Baxış sayı: 1. 359

2016-cı ildə birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin sayı açıqlanıb. Onlar içərisində diqqətçəkən bir rəqəm var. Belə ki, məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da 76-sı təmin edilib. Məhkəmələrdə baxılan valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı 86 işdən 82-də iddialar təmin olunub.

Ötən illə bağlı daha bir statistika isə övladlığa götürülmüş və övladlığa götürmənin ləğvi ilə bağlıdır. 773 nəfər övladlığa götürülmə faktı qeydə alınıb, övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 63-dür. Əslində, bu statistikada olan rəqəmlərin bir çoxu ətrafında düşünmək lazımdır. Hansı hallarda şəxslər valideynlik hüququndan məhrum edilirlər? Övladlığa verilmə nə zaman ləğv edilə bilər? Bütün bunlar valideynlərin məsuliyyətsizliyinin artması demək ola bilərmi?

 

“Dövlət ailəni, xüsusilə ana və uşaqları himayə edir”

Hüquqşünas Ceyhun Cəfərli “Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən, ailə dövlətin himayəsindədir. Dövlət ailəni, xüsusilə ana və uşaqları himayə edir: “Dövlət-vətəndaş hüquqi münasibətlərinin konstitusion səviyyədə nizamnlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Məqsəd odur ki, Komitə yaranan çatışmazlıqları aradan qaldırsın, ailənin bütövlükdə cəmiyyətin əsası kimi inkişafını, onun qorunub saxlanmasını, uşaqların ailədə sağlam sosial-psixoloji mühitdə böyüməsini təmin eləsin. Dövlət hətta valideynlərin özünü belə, uşaqlar qarşısında məsuliyyətə sövq edir, onlar qarşısında vəzifə və öhdəliklərini müəyyən edir. Buna həm ictimai, həm də hüquqi qaydada nəzarət edir. İctimai qayda odur ki, cəmiyyətdə, məktəbdə, məktəbəqədər təhsil müəssisələrində uşaqlarla valideynlərin davranışına nəzarət edib, lazımi məlumatları verə bilirlər. Eyni zamanda, məhkəmə nəzarəti olur. Yəni məhkəməyə müraciət olunduqda, bu proses qanunvericilik normalarına uyğun şəkildə aparılır”.

 

Ata-ana hansı hallarda valideynlik hüququndan məhrum edilir?

Hüquqşünas deyir ki, əgər valideynlər ailə, uşaqlar qarşısında öz vəzifələrini layiqincə yerinə yetirməsələr, eləcə də həm əxlaqi, həm də hüquqi baxımdan müəyyən normaları pozsalar, o halda qanunvericilik valideynlik hüququndan məhrum edir: “Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüquqlarından məhrumetmədən bəhs edilir. Amma onu da qeyd edim ki, qanunvericilik valideynlik hüquqlarının müdafiəsini də həyata keçirir. Valideynlik hüququndan məhrumetmə bir sıra hallarda baş verir. Birincisi, öz valideynlik vəzifələrini yerinə yetirmədikdə… Uşağı tərbiyə etmək, maddi və mənəvi təminat, onun gələcək inkişafını həyata keçirmək, məktəbdə təhsil almasını təmin etmək, onların milli ruhda böyümələri və s. kimi həm maddi, həm mənəvi öhdəliklər var. Şəxsiyyət kimi formalaşmalarında valideyn uşaqların həyatında mühüm rol oynayır. İkinici, alimenti qəsdən ödəmədikdə. Üçüncüsü, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə… Məsələn, uşağı qadın dünyaya gətirir, amma nə ata, nə ana sahib durmur. Ana uşağın atasının ona yardım etmədiyini, özünün isə uşağı təkbaşına böyütmək, xərclərini qarşılamaq iqtidarında olmadığını bildirir. Buna görə uşağı doğum evindən, yaxud müalicə müəssisəsindən götürmür. Bu zaman atasına məlumat verilir, o da götürməkdən imtina etdikdə, hər ikisi valideynlik hüququndan məhrum edilə bilər. Dördüncüsü, valideynlik hüququndan sui-istifadə edildikdə. Boşanma zamanı uşaq valideynlərdən birinin himayəsinə verilir. Adətən, azyaşlı uşaqlar bir qayda olaraq ananın himayəsinə verilir. Məsələn, bəzən ananın iş rejimi sərbəst olur, yaxud işləmir, uşağını istədiyi vaxt götürüb xaricə gedir, onu dərsdən ayırır. İrad tutanda isə deyir ki, uşaq mənim himayəmdədir, eyni zamanda atanın razılığı olmadan uşağı ölkə xaricinə çıxarmaqla bağlı qətnamə almışam. Amma uşağın təhsil almaq hüququ var. Bu kimi məqamlarda valideynin məsuliyyəti yaranır. Beşincisi, uşaqlarla amansız davranış, onları fiziki və psixi təzyiq altında saxlamaq. Altıncısı, xroniki alkoqol və narkomaniya xəstəsidirsə… Yeddincisi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə”.

C.Cəfərli qeyd etdi ki, övladlığa götürmə də məhkəmə qaydasında həyata keçirilir, bunun üçün müəyyən şərtlər var. Övladlığa verilmənin ləğv edilməsi də prinsip etibarilə valideynlik hüququndan məhrumetməyə bənzər hallarda baş verir.

 

“Bəzi gənc valideynlər övladlarından imtina edir”

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İctimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu deyir ki, valideynlik məsuliyyəti birbaşa şəxslərin bacarıq və təhsili ilə əlaqədardır. Ailə planlaşdırılmasına önəm verməyən şəxslər gələcəkdə öz valideynlik məsuliyyətlərini dərk etməkdə çətinlik çəkirlər: “Ümumilikdə son illər ölkədə bu sahədə ciddi maarifləndirmə işinə ehtiyac yaranıb. Bəzən ən sadə səbəblər üzündən bəzi gənc valideynlər övladlarından imtina etməklə bağlı müraciət edirlər. Azərbaycanda ailədən ayrı düşmək riski altında olan uşaqların qiymətləndirilməsi və onların alternativ qayğı müəssisələrinə yerləşdirilməsi Yetkinlik Yaşına Çatmayanların İşləri və Huquqlarının müdafiəsi üzrə Komissiyanın vəzifə öhdəliklərinə daxildir. Belə ki, komissiya övladına baxa bilməyən ailələrin qiymətləndirilməsini aparmalı və risk faktorları araşdırılmalıdır”.

 

“Uşaqların ailələrdən ayrılmasının qarşısını alacaq mexanizmlər işlək hala gətirilməlidir”

C.İmamoğlu bildirdi ki, bir çox hallarda yoxsulluq, işsizlik və digər sosial problemlər uşaqların valideyn himayəsindən məhrum olmağına və müəssisəyə yerləşdirilməsinə səbəb olur: “Bu bizim üçün son dərəcə arzuolunmaz durumdur. Hər şeydən öncə ona görə ki, Azərbaycanda ailələrin sosial rifahının yaxşılaşdırlmasına istiqamətlənmiş dövlət proqramları və mexanizmləri mövcuddur ki, indiki halda belə ailələrə ərazi üzrə müvafiq idarələr tərəfindən müdaxilə planına əsasən dəstək göstərilməlidir. Digər tərəfdən, ölkədə sayları az da olsa ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlərin əsas işi məhz preventiv tədbirləri həyata keçirmək və ailələri gücləndirməkdir. Dövlətimizin əsas məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirləri həyata keçirməkdir. Bütün hallarda uşaqların ən yaxşı mənafeyi gözlənilməli və yalnız uşağın hüquqlarının qorunması məqsədi ilə alternativ qayğıya yönləndirilməsinə razılıq verilməlidir”.

Müsahibimiz qeyd etdi ki, indiki halda önəmli olan uşaqların ailələrdən ayrılmaq riskinin qarşısını alacaq sosial müdafiə mexanizmlərinin işlək hala gətirilməsidir: “Uşaqların alternativ qayğı sisteminə yerləşdirilməsinin qarışısının alınması və bir yerdə qalması üçün ailələrə dəstəyin verilməsi BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarında əhəmiyyətli dərəcədə öz əksini tapıb. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası tərəfindən bu qaydaların Azərbaycanda icrasına dair araşdırma aparılıb və mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanıb. Həmin hesabatda bu sahədə olan boşluqların aradan qaldırılması üçün tövsiyələr də yer alıb. Təşkilatımız uşaq müdafiəsinin səmərəli təşkili sahəsində ictimai vəkillik işi aparır və uşaqların vəziyyətinin düzgün qiymətləndirilməsi sahəsində müvafiq qurumlarla əməkdaşlıq edir”.

 

“Ər-arvad arasında münasibətlər normal olsa…”

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bir qisim ailələrdə övlada bağlılıq aşırı dərəcədə artıb, digər qisimdə isə uşaqlar valideyn nəzarətindən kənarda qalırlar. Psixoloq deyir ki, ər-arvad arasında münasibətlər normal olsa, uşaqlarla bağlı problemlər də artmaz: “Bir qisim valideynlərdə məsuliyyət artıb. O məsuliyyətin içində valideynin övladı ilə simbioz bağlılığı çoxalıb. Uşağını bütün gün gözünün qabağında tutmaq, harasa getsə telefonla nəzarətdə saxlamaq, görüntülü yoxlamaq, uşaqla nəfəs almaq, daha çox diqqət-qayğı göstərmək, hətta onun yerinə qərar vermək kimi bir formada biz bu bağlılığı müşahidə edirik. Digər bir tərəfdən isə tamamilə valideyn nəzarətindən kənar qalan uşaqlar var. O da konkret desək, ər-arvad arasında münasibətlər normal olmayan ailələrdə baş verir. Bu zaman valideynlə övlad arasında münasibətlər pozulur. Belə halda uşaq konkret olaraq tərəflərdən birinin himayəsində qalır. Çox vaxt bilməyərəkdən tərəflər bir-birindən uşaq vasitəsilə heyif almağa çalışırlar. Ya qadın kişini pisləyir, ya da əskinə. Həmin uşaqların özgüvənləri aşağı olur, təhsildən yayınırlar, zərərli vərdişlərə meyil edirlər və s. Ona görə bu kimi situasiyalarda ailəyə psixoloji dəstək verilməlidir. Çünki ailədə tərəflər arasında münasibətlər normal olanda, uşağa düşkün olma halları aşırı dərəcədə olmur”.

 

“Uşağın ailəyə verilib, sonra geri alınması onlara travma yaşadır”

E.Rüstəmov qeyd etdi ki, övladlığa verilmə zamanı hüquqi tərəflərlə yanaşı, psixoloji yoxlanış da ciddi şəkildə getməlidir. Çünki uşağın ailəyə verilib, sonra geri alınması onlara ayrı bir travma yaşadır: “Uşaq hansı ailəyə düşəcək? Ailə uşağı hansı səbəbdən götürür? Ailə tərkibi kimlərdən ibarətdir? Bu kimi məqamlar nəzərə alınmalıdır ki, uşağın həmin ailəyə uyğunlaşması prosesində böyük problemlər yaranmasın. Zaman-zaman belə problemlər yaşanır, valideyn uşağı idarə edə bilmir və geri qaytarır. Ona görə uşağa və paralel olaraq həmin ailəyə uyğunlaşma çətinliyinin olmaması üçün psixoloji dəstəyin göstərilməsi qaçılmaz şərtdir. Bu, tövsiyədir, məcburi deyil. Uşağı ailəyə götürüb, sonra geri qaytarmaq onun üçün ayrı bir travmadır. Burada psixoloji məqamlara həssas yanaşmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir