Batil inanclar ibtidai quruluş dövründən bu günə kimi insanlar arasında sınanılmaqdadır. Psixolji təsir altında sınanılan inancların çox zaman doğru olduğu nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatıb. Günümüzdə batil inanclara inananlar və hər zaman onları sınayanlar az deyil. Güzgü sınması, bayquş ötməsi, qara pişik, dırnaq kəsmək, eyniadlı iki insanın arasında durub arzu tutmaq, nərdivan altından keçməmək və s. bu kimi batil inanclar insanlar tərəfindən qəbul edilir. Bəlkə də sizə qəribə gələ bilər, amma 1500-ə yaxın batil inanc var. Bəli, “Gencaile.az bu dəfə batil inanclardan danışacaq.
56 yaşlı oxucumuz Dilarə Güləliyeva güzgü sınmasına çox inanır. Onun fikrincə, güzgü sınarsa, mütləq bir bədbəxt hadisə baş verməlidir: “6 il öncə böyük qızım ailə həyatı qururdu. Onu gəlin köçürən gün bəxt güzgüsü parçalandı. Aradan bir il keçdikdən sonra kürəkənim faciəli şəkildə dünyasını dəyişdi. Güzgü sındığı andan ürəyimə qorxu hissi dolmuşdu. Bu səbəbdən də günləri sayırdım və qorxduğum başıma gəldi”.
76 yaşlı Sayalı İmranova isə bu günə kimi “küncdə oturma şərə düşərsən, evdə qalarsan” inancına inanır. O, hesab edir ki, ailə qurmamasına səbəb elə hər zaman stolun küncündə oturmasıdır: “Biz evdə 7 bacı olmuşuq, anam hər zaman bizə deyərdi ki, “qızım küncdə oturma, evdə qalarsan”. Mən o zamanlar anamın sözlərinə qulaq asmırdım. Əksinə, acığa elə stolun küncündə otururdum. 19 yaşım olandan sonra anamın dediklərinə diqqət etdim. Amma artıq gec idi. Bacılarım bir-bir ailə qurdu. Mən qaldım evdə”.
Sayalı nənənin bu gün də qəbul etdiyi batil inanclar var. Onun fikrincə, həyətdə bayquş ötməsi bədbəxtlik gətirir. “Hava qaralandan sonra evi süpürməzlər. Deyilənə görə, axşam-axşam süpürülən evin ruzisi də süpürülür. Hava qaralandan sonra dırnaq tutmaq, saç daramaq olmaz, çünki bu, bəxtin bağlanmasına səbəb olar”.
Bir çox batil inanclarımız var ki, biz də günlük həyatımızda istər-istəməz bu inancları sınayırıq. Məsələn, evdən çıxarkən qarşımızdan qara pişik keçərsə və yaxud kimsə tək asqırarsa, ayaq saxlayıb dəqiqələr sonra yola davam edirik. Bəs bu batil inancların həyata keçməsi nəyə bağlıdır?
Psixoloqların fikrincə, hər şey insan düşüncəsinin məhsuludur. Yəni insan nə düşünürsə, ürəyindən nə keçirirsə, onunla da qarşılaşır. Psixoloq Günel Alıyeva bildirir ki, hər şey insanın özündən asılıdr: “İnsanların uydurma inanclara inanması vərdiş halıdır. Çünki bu inanclar cəmiyyətdə qəbul edildiyi üçün istər-istəməz insanların beyni tərəfindən qəbul edilir. İnsan beyni güzgü kimidir, hər şeyi özündə əks etdirir. İnsan içində nəyə inanırsa, o, həyata keçir. Nə istəyirsənsə, nə arzulayırsansa, nəyə inanırsansa o baş verir. Məsələn, bir insan hər gün səhər yuxudan durub “bu günüm gözəl keçəcək” deyirsə, onun hər günü gözəl keçir. Və yaxud qarşısına məqsəd qoyan hər insan bu məqsədə çatacağına inanırsa, mütləq öz məqsədinə çatır. Hər şey insanın inamına bağlıdır. Batil inanclar da, insanın inamına bağlı olduğu üçün həyata keçir. Məsələn, qarşınızdan qara pişik keçirsə, istər-istəməz gününüzün pis keçəcəyini düşünürsünüz. Gününüz düşündüyünüz kimi keçirsə, bu qara pişiklə deyil, sizin fikirlərinizlə bağlıdır”.
Psixoloqun fikrincə, batil inancların həyata keçməsinin qarşısını almaq üçün onlara inanmamaq, sınanmamaq lazımdır: “Sadəcə beyninizə əmr edin ki, qarşılaşdığınız hər hansı bir pis hadisə mənasızdır və gün içində onu ağlınızdan belə keçirməyərək, unutmağa çalışın. Özünüzü həyatın gözəl olduğuna inandırın. İnamla, gözəlliyə inamla, yaxşılığa inamla proqramlaşdırın həyatınızı və həyatın nə qədər gözəl olduğunun şahidi olacaqsınız”.
Bioenergetik Rafiq Cəbrayılov batil inancların insanın daxili aləmi ilə bağlı olduğunu bildirir. Onun fikrincə, insan enerji alma və vermə qabiliyyətinə malikdir. Bu səbəbdən də batil inanclara inanmaq və onların həyata keçməsini gözləmək insanın istəyindən asılıdır: “Bizim bədənimiz enerji alma qabiliyyətinə malikdir. Bu da bir başa insan beyni ilə əlaqədardır. Beyin nə əmr edirsə, bədənimiz o enerjini alır. Tutaq güzgü sınıb, siz onu heç nə düşünmədən süpürüb ata da bilərsiniz. Yox, əgər düşünsəniz ki, mütləq nə isə pis bir hadisə baş verəcək, bilin ki, baş verəcək. Çünki beyin əmr etdi və bədən o mənfi enerjini qəbul etdi. Mən deyərdim ki, hər şey insanın özündən asılıdır. İnsan istədiyini əldə etmək, qorumaq, istədiklərini yaşamaq qabiliyyətinə malikdir. Sadəcə olaraq, bir az inam olmalıdır”.
İlahiyyatçı Səriyyə Saminin fikrincə, islam dinində batil inanclar qəbul edilmir. Belə ki, batil inanclara inanmaq, onları sınamaq Allahın işinə qarışmaq hesab olunur: “İnsan həyatını idarə edən Allahdır. Hər hansı bir inancı sınamaq Allaha şərik qoşmaq deməkdir. Tutaq ki, güzgü sınıb, yaxud bayquş ötüb, bunu heç cürə ölümə işarə kimi qəbul etmək olmaz. Peyğəmbərimiz buyurmuşdur ki, “qarşınızdan hər hansı bir dördayaqlının keçməsi heç bir şeyə işarə deyil. Əgər mütləq nəyəsə işarə etmək istəyirsinizsə, mütləq yaxşılığa yozun”.
İlahiyyatçının fikrincə, İslam dini inancları qəbul etmir və günah hesab edir.