dunya

Bəşəriyyəti məhv olmaqdan qoruyan təsadüflər – FOTOLAR

Baxış sayı: 1. 622

Ötən əsrin 40-cı illərindən başlayaraq Yer kürəsi dəfələrlə məhv olmanın bir addımlığında olub. Amma hər dəfə də xoş bir təsadüf bəşəriyyətin yeni faciələrdən xilas olmasında önəmli rol oynayıb. Bu baxımdan bəşəriyyətin başı üzərini alan faciələrdən xilas olmasını əslində xoş təsadüflərdən daha çox möcüzə hesab etmək olar.

Qrenlandiyada yalançı həyəcan siqnalı

1960-cı ilin oktyabr ayında Qrenlandiyadakı erkən askaretmə radiolokasiya stansiyası ABŞ-a hücumu göstərən siqnallar verməyə başladı. Bu da dərhal hərbçilərin hərəkətə keçməsinə və irimüqyaslı hücum planına əsasən cavab zərbələri endirmək üçün hazırlaşmasına səbəb oldu. Qısa müddətdə Şimali Amerika aerokosmik müdafiə (NORAD) qüvvələri döyüşə hazılıq səviyyəsinə gətirildi. Amma həlledici cavab zərbəsinin endirilməsi anında hərbçilərdən kimsə: “SSRİ-nin rəhbəri ABŞ-da səfərdədir. Onda onlar bizə nə üçün hücum etməlidirlər?-deyə soruşdu. Onun bu sualı dərhal SSRİ-yə nüvə zərbəsi endirməyə hazırlaşan qızğın başlara sanki su səpdi. Dərhal məsələnin araşdırılmasına başlanıldı. Məlum oldu ki, SSRİ-nin hücumu barədə siqnallara səbəb Ayın doğması zamanı başveren təbii hadisələr olub. Əgər o vaxt hərbçilərdən biri SSRİ rəhbərinin ABŞ-da danışıqlar aparması məsələsini xatırlatmasaydı və belə vəziyyətdə qarşı tərəfin nüvə zərbəsi endirməsinin məntiqsiz olmasına diqqəti cəlb etməsəydi, onda bəlkə də nüvə müharibəsi başlayacaqdı. Nəticədə Yer kürəsünin böyük hissəsi məhv olaraq bəşəriyyət yenidən daş dövrünü yaşamalı olacaqdı.

Nyu-York kül altında qalacaqdı

Digər oxşar hadisə nisbətən məhdud çərçivədə 1961-ci ildə ABŞ-da baş verdi. 1961-ci ilin yanvar ayında B-52 qırıcı bombardmançı təyyarəsi göyərtəsində iki nüvə bombası ilə havada qəzaya uğradı. Təyyarə yükünü Şimali Karolinadakı Qoldsboro adlanan yerə atdı. Təyyarə qəzası zamanı ABŞ atılan bombaların təhlükə doğurmadığını bəyan etdi. Yalnız üstündən illər ötəndən sonra, 2013-cü ildə məlum oldu ki, bombalardan birinin partlama təhlükəsi olub. Nüvə təhlükəsizliyi üzrə müşahidəçi Parker Consun sözlərinə görə, aşağı gərginlikli çeviricilərdən biri işə düşmə anında gözlənilmədən dayanıb. Nəticədə partlayış baş verməyib. Qeyd edək ki, bu bombaların hər biri Xirosimaya atıllan atom bombalarından 250 dəfə güclü olub. Əgər bu bombalardan biri partlasaydı, onda Nyu-York şəhəri onun əmələ gətirdiyi radioaktiv külün altında qalacaqdı.

B-59 sualtı qayığı böhranı

Ötən əsrin 60-cı illərində SSRİ-nin Kubada yerləşdirdiyi nüvə başlıqlaı raketlər nəticəsində Karib böhranı adlanan təhlükəli vəziyyət əmələ gəlmişdi. Həmin vaxt SSRİ-yə məxsus göyərtəsində nüvə başlıqlı raket olan B-59 sualtı qayığı Kuba sahillərində keşik çəkirdi. Tezliklə ABŞ hərbi gəmiləri sovet sualtı qayığının yerini müəyyən etdilər. Dərhal sualtı qayığın üzə çıxması üçün onun yaxınlığında xəbərdarlıq anlamına gələn və hər hansı xəsarətə səbəb olmayacaq kiçik dərinlik bombaları partladıldı. Amma ABŞ hərbi gəmiləri sovet sualtı qayığının göyərtəsində nüvə başlıqlı raketin olmasından xəbərsiz idilər. Sualtı qayığın ətrafında kiçik dərinlik bombalarının partladılması dərhal onun ekipajını qorxuya saldı. Sualtı qayığın daxilində isə temperatur 38 dərəcəyə çatdı. Sualtı qayıqdakılar onlara hücum edildiyini düşünərək nüvə başlıqlı raketi döyüşə hazır vəziyyətə gətirdilər. Amma həmin an podpolkovnik Vasili Arxipov hansısa qüvvənin təsiri altında özü də bilmədən kapitana tələsməməyi və hər ehtimala qarşı suyun səthinə qalxmağı təklif etdi. Kaptan isə əvvəlcə bundan imtina etdi. Lakin son anda podpolkovnik kapitanı onlara hücum edilmədiyinə inandıra bildi. Nəticədə sualtı qayıq dənizin səthinə qalxdı. Yalnız onlar ətrafdakı ABŞ hərbi gəmilərini görəndən sonra məsələnin mahiyyətini anladılar. Əgər o vaxt Arxipov olmasaydı onda bölgədə nüvə müharibəsinin başlaması qaçılmaz olacaqdı.

Ayı nüvə müharibəsinə səbəb olacaqdı

1962-ci ilin oktyabr ayında SSRİ ilə ABŞ arasında baş verən Karib böhranı zamanı bütün dünya nüvə müharibəsinin bir addımlığında idi. Hər iki ölkəyə məxsus nüvə başlıqlı bombardmançı təyyarələr havada idi və hər an qarşılıqlı raket zərbələri gözlənilirdi. Belə taleyüklü vaxtda Duluta hərbi bazasının mühafizəçisi hasarı keçmək istəyən sirli fiqur aşkar etdi. Dərhal mühafizəçi sirli fiquru atəşə tutdı və hərbi həyəcan siqnalı ilə bütün hərbi qüvvələr döyüşə hazır vəziyyətə gətirildi. Volk- Fild hərbi hava bazasındakı strateji təyinatlı bombardmançı təyyarələr havaya qalxmaq üçün siqnal gözləməyə başladılar. Necə deyərlər, SSRİ-yə nüvə başlıqlı raketlərlə zərbələr endirilməsinə saniyələr qalmışdı. Amma həmin an aviabazaya daxil olan və aramsız olaraq işıqlarını yandırıb-söndürən yük maşını həyəcan siqanılının təsadüfi olduğunu bildirdi. Məlum oldu ki, hərbi bazaya daxil olmaq istəyən sirli fiqur yolunu azan ayı olub…

Əmri yerinə yetirmədi və haqlı çıxdı

1983-cü ilin sentyabr ayında SSRİ-nin erkən xəbərdarlıq sistemi ABŞ tərəfindən buraxılan 5-6 ballistik raketi qeydə aldı. Dərhal həyəcan siqnalı qaldırıldı. Həmin vaxt bazada növbətçi olan hərbçi Stanislav Petrov həyəcan siqanlının yalançı olduğunu bəyan edərək müdafiə nazirliyinin cavab zərbəsi endirilməsi barədə əmrini yerinə yetirməkdən imtina etdi. O imtinasının səbəbini nüvə başlıqlı 5-6 raketin qeydə alınması ilə izah edərək: “Əgər ABŞ üzərimizə hücum etsəydi, onda yüzlərlə raketlə zərbə endirərdi”- deyə əmri yerinə yetirməməsinə haqq qazandırdı. Hadisələrin gedişi onun əmri yerinə yetirməməklə düzgün hərəkət etdiiyni ortaya çıxardı. Sonradan məlum oldu ki, həyəcan siqnalına səbəb 10-12 min metr yüksəklikdə buludlar üzərinə düşən günəş şüalarının əmələ gətirdiyi və nadir hallarda qeydə alınan effekt olub.

Əziz Mustafa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir