Google-yeni-logo-hareketli-0109

“Mənim unudulmaq haqqım var” – “Google”nin möhtəşəm seçimi barədə bilmədiklərimiz

Baxış sayı: 2. 210

Biz jurnalistlərin başına bu kimi hallar tez-tez gəlir. Bir də görürük ki, dünən barəsində yazdığımız adam səsini başına ata-ata redaksiyanın qabağındadır. “Barəmdə yazdıqlarınızı saytdan çıxarın” deyə ultimatum verirlər. Az keçmədən ikinci bir ultimatum da verirlər ki, ümumiyyətlə, adını internetdən silək. Məqsəd google axtarış saytında adını yazanda barəsində heç bir məlumatın üzə çıxmamasıdır.
Çoxları bu tələbi bilməzdən, sadəcə, uşaq cığallığı ilə səsləndirir. Amma bu, artıq yuxu deyil. İnsanlar rahatlıqla barələrində nə zamansa internetdə yer almış məlumatları sildirirlər. Bu təcrübədən ilk növbədə məşhurlar istifadə edir. Xüsusən də özəl həyatları ilə bağlı məlumatları. Düşünün, qadının (və ya kişinin) bu günə qədər onlarla sevgilisi olub. Hər birisi barədə xəbəri, açıqlaması, müsahibəsi çıxıb. Onlardan ayrılıb və indi google-da barəsində axtarış verən hər kəs bu zəngin dosyeni rahatlıqla vərəqləyə bilir. Eləcə də qalmaqalları, iştirakçısı olduğu insidentlərlə bağlı. Nə etsin? Gələcək nəsillər, lap elə gələcəkdə öz övladı anası-atası barədə axtarış verəndə… bu zəngin eşq hekayələrini, dodaq-dodağa ayrı-ayrı şəxslərlə fotolarınımı görsün? Özlərini bu formada “sildirmək” üçün ciddi prosedurlardan keçirlər, paralar ödəyirlər və məqsədlərinə də nail olurlar.
İnternet ensiklopediyası Vikipedianın qurucusu Cimmi Ueyls unudulma haqqı səbəbi ilə Googlenin tətbiq etdiyi fərdi senzura sisteminin müvəffəqiyyətli olmayacağını düşünür. Maraqlı burasıdır ki, Avropa Ədalət Divanının qəbul etdiyi “unuduma haqqı” qərarı qüvvəyə minəndən sonrakı ilk gündə 28 Avropa Birliyi ölkəsi vətəndaşından 12 min məlumat sildirmə tələbi gəlmişdi. Bu cür tələbə baxmayaraq, Ueyls senzura sisteminin işə yaramayacağını söyləmişdi: “İnternetin qlobal miqyaslı quruluşundan ötəri fərdi məlumatları silmə sistemi çox uzun davam etməyəcək. Məsələn, Googlenin ABŞ versiyası bu qərara daxil deyil və əsla olmayacaq. Avropada fəaliyyət göstərməyən, lakin başqa ölkələrdə çalışan bir çox axtarış mühərriki var. O axtarış mühərrikləri də unudulma haqqı qərarını yerinə yetirməyəcələri üçün bir nəfərin internet üzərindəki bütün məlumatlarının sonsuza qədər silinməsi qeyri-mümkündür. Müvəffəqiyyətsiz bir cəhddir”.
Belə qərarın çıxarılmasına səbəb bir ispanın 15 il əvvəl evinin satışa çıxarılması haqqında məlumatların icazəsiz qəzet və internetdə yayınlanması olub. Həmin ispanın şəxsi hüquqlarının pozulması tələbi əsasında açdığı davada məhkəmə “unudulma haqqı”na qərar verib.
Googlenin rəsmi məlumatında isə qeyd edilib ki, insanların internet üzərindəki keçmişlərinin silinməsi üçün hər 7 saniyədə bir tələb göndərilir. “Unudulma haqqı” əslində insanların Google nəticələrindən adlarının silinməsi tələbini ehtiva edir. Google bu günə qədər daxil olan tələblərin 41.8 faizini həyata keçirib. Müraciət edənlərin ümumi statistikası göstərir ki, bu sahədə Fransa birinci yerdədir. İkinci sırada Almaniya dayanır. “Unudulma haqqı”nın detallarına gəlincə, insanlar özləri barədə məlumatları ancaq Googlenin axtarış nəticələrindən sildirə bilirlər, ümumən həmin səhifələri sildirə bilmirlər. Türkiyə və Azərbaycan Avropa Birliyi üzvü olmadığı üçün bu xidmətdən faydalana bilməz.
Hesab edək ki, vətəndaş adının Googledən silinməsini, itməsini, batmasını istəyir. Bunun üçün hansı addımları atmalıdır? Bundan ötrü ilk növbədə sosial mediadakı hesablar silinməlidi. Çünki Google, Yendex və ya Bing axtarış saytlarında qarşımıza çıxan ilk nəticə sosial mediadakı hesabdır. Öncə Twitter, Facebook, Linkedin kimi saytlardakı profil və mesajlarınız görünür. İnternetdən “yox olmanın” ilk yolu buralardan profillərinizi silməklə başlayır. Əgər ancaq axtarış nəticələrindən “itmək” istəyirsizsə, bu profilləri “özəl” edə bilərsiz. Ancaq yaxın dostlarınızın görə biləcəyi profil. Amma bu tam nəticə verməyə bilər.
Arzuedilməyən nəticələri çıxarın: sosial media profilindən qurtulandan sonra ikinci addım adınızın göründüyü saytları axtarmaqdan ibarətdir. Haralarda göründüyünüzə baxın və bir qırağa qeyd edin. Sayta müraciət edərək mədəni şəkildə adınızın ordan silinməsini istəyin. Dünyada qayda belədir: saytlar məhkəmə qərarı olmadan xəbərləri, onun tərkibindəki mətnləri saytdan çıxarmır, belə bir öhdəliyi yoxdur. Amma çox mədəni danışmaqla onlara xəbərin içərisindəkinin doğru olmadığını, bunun həyatınıza, işgüzar nüfuzunuza zərbə olduğunu izah etməniz mümkündür.
Elektron ünvanla bağlı bütün məlumatlarınızı yox edin. Çünki üzvü olduğunuz bir çox forum və saytlarda istifadə etdiyiniz adlar vasitəsilə də sizinlə əlaqə saxlaya bilərlər. Forumlarda kimliyinizi göstərən paylaşımlarınız varsa, moderatordan onları silməsini istəyin. E-posta ünvanınıza yönləndirilən bütün bağlantıları kəsin. İnternet üzərindən mümkün olan bütün çıxış yolları fayda vermədiyi halda özünüzə vəkil tuta bilərsiz.
Googleyə belə bir müraciət etmək istəyənlər ərizəni doldurmaqla yanaşı, kimliklərini də ərizəyə daxil etməlidirlər. Onlar Googlenin axtarış sistemində özləri barəsində çıxan internet linklərini də ərizədə tək-tək göstərməli və bunların Googledən niyə sildirmək istədiklərini açıqlamalıdılar. İnternet istifadəçiləri Googlenin bu ərizəsini doldurub göndərəndən sonra onun prosedura uyğun olaraq araşdırılması ilə bağlı bir mesaj alırlar. Amma prosedurun nə qədər davam edəcəyi ilə bağlı Google hər hansı məlumat vermir. Google rəhbərliyi sözügedən qərarla bağlı bir məsləhət komissiyasından yardım aldığını açıqlayıb. Bu komissiyanın üzvləri arasında Googlenin eks rəhbəri Erik Schmidt, Vikipedianın qurucularından olan Cimmi Vales, Oxford və Leuven (Belçika) universitetlərinin mütəxəssisləri, İspaniyanın eks- məlumat qoruma mütəxəssisi Jose Luis Pinar, BMT-nin düşüncə və düşüncənin ifadə azadlığı ilə bağlı özəl reportyoru Frank La Rue də var.
Daha praktik məlumatlarla yazımızı davam edək.

Hər hansı bir Google məhsulundan link sildirmək istəyiriksə, aşağıdakı səhifəyə baş çəkməliyik. Bu səhifədəki seçimlərə baxanda, Google bizi lazımlı nəticəyə və ya səhifəyə yönləndirəcək. Amma unutmayın ki, bu yönləndirmə nəticəsində Google istədiyiniz məlumatı internetdən yığışdırmağı qaranti etmir.
https://support.google.com/legal/troubleshooter/1114905?hl=tr ttps://support.google.com/legal/troubleshooter/1114905?hl=tr

 

Məlumatı sildirməyi tələb edəcəyiniz Google məhsulları aşağıdakılardır: Blogger/Blogspot, Google+, Google web arama, Google görsel arama, Google Reklamları (Adsense), Drive ve dökümanlar, Google Play, Google Alışveriş, Youtube, Picasa, Orkut ve diğerleri.

 

Googlenin unudulma haqqından yararlana bilən 32 ölkədən birinin vətəndaşı olanlar aşağıdakı səhifəyə müraciət edə bilərlər.
https://support.google.com/legal/contact/lr_eudpa?product=websearch#
Hazırda unudulmaq haqqından yararlana bilən 32 Avropa ölkəsi isə aşağıdakılardır: Avstraliya, Belçika, Bolqarıstan, Horvatiya, Cənubi Kıbrıs, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, İngiltərə.

Əgər Googledən sildirmək istədiyiniz məlumat başqa bir veb saytda yer alırsa və Googledə bu məlumatı axtarış nəticələrindən silə bilmirsə, o zaman saytın sahibi, qurucusu və ya rəhbərliyinə müraciət etməlisiniz.
Məsələn, facebookda sizinlə bağlı həqarət və s. xarakterli bilgilərlə dolu olan bir hesab, ya da səhifə varmı? Facebook rəhbərliyinə öncə bu hesabla bağlı şikayət etməli, daha sonra isə müvafiq yollarla spamlamalıyıq. Həmin vaxt da aşağıdakı linklər vasitəsilə məsələni həll etməliyik.
https://www.facebook.com/help/www/181495968648557
Daha bir nümunə: Twitter-də sizinlə bağlı həqarət və ya böhtan dolu məlumatlara sahib bir hesab var? Öncə bu hesabı müvafiq bağlantılar vasitəsilə spamlamalı, daha sonra Tvitter rəhbərliyinə bu hesabla bağlı şikayət etməlisiz. Onu da aşağıdakı linkə daxil olmaqla etmək mümkündür.
Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir