ramazan

Orucluqda qidalanma: nə olar, nə olmaz?

Baxış sayı: 1. 790

Ramazan ayında İslamın təməl ibadətlərindən olan oruc ibadəti başlayar və bütün dünyadakı müsəlmanlar Ramazan ayı boyunca oruc tutar. Oruc tutduğumuz zaman imsak və iftarda nə yediyimizə, içdiyimizə də diqqət etməliyik. Mütəxəssislər oruc tutanlara Ramazan ayında rahat oruc tuta bilməsi, düzgün qidalanması, haram qidalardan uzaq durması üçün məsləhətlər veriblər.

Hacı Surxayın bildirdiyinə görə, donuz, it, kaban əti İslam dinində haramdır: “Bu sahədə çeşidlər çoxdur. Azərbaycanın mətbəxində şükürlər olsun, bu yeməklər verilmir, haram ətlər də kəsilmir. Bəzən müəyyən məclislərdə spirtli içkilər verilir ki, bu da haramdır. Bu günləri – Ramazan ayında və digər aylarda, ümumiyyətlə, şübhəli olan ətlər yeyilməməlidir”.

Haram ət yemək İslamda günahdır. Məsələn, inək, qoyun, keçi əti şəriət qaydasıyla kəsilmirsə, bunun üz qibləsi yoxdursa, dörd damar boğazında kəsilmirsə, bismillahı yoxdursa, əlbəttə ki, o əti yemək şübhəlidir və günahdır. Bunların hamısı dinimizdə təsbit və təsdiq olunub.
Həkim terapevt Hüseyn Mehdiyevin bildirdiyinə görə, insanlar sağlamlığından, xəstəliyindən asılı olmayaraq Ramazan ayında oruc tutmaq üçün hazırlaşırlar: “Sevindirici haldır ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da oruc tutanların sayı günü-gündən artır. Yazın axırı yayın əvvəli olsa da, havalar istiləşir, oruc tutmaq çətinlik törədir”.

Mehdiyev bildirib ki, orucu fiziki cəhətdən tam sağlam olan adamlar tutmalıdır: “Ona görə ki, müəyyən xəstəlikləri olan insanlar oruc saxladıqda orqanizmlərində fəsadlar yarana bilər. Amma bunu da bilirik ki, bəzən insanlar həkim məsləhət görməyəndə də oruc tuturlar” deyən Mehdiyev əlavə edib ki, diabet xəstəliyinə tutulanlar, arterial təzyiqi yüksək olanlar, mədə-bağırsaq, qaraciyər və s. xəstəliklərin əksəriyyətində oruc tutmaq məsləhət deyil: “Belə ki, sutka ərzində günün çox hissəsini ac qalmaq istər-istəməz orqanizmdə geri dönməyən fəsadlar törədə bilir. Tam sağlam adamların da oruc tutmazdan əvvəl həkim müayinəsindən keçməyini məsləhət görürəm.

Səhhətlərində elə problemlər olar ki, bundan xəbərsiz olarlar. Bu səbəbdən də müayinədən keçərək dəqiqləşdirməlidirlər ki, onlara oruc tutmaq olar, ya olmaz”.
Onun sözlərinə görə, oruc tutarkən qidalanmaya fikir vermək lazımdır: “İmsaq və iftar vaxtı yüngül, lakin kalorisi çox olan yeməklərdən istifadə olunmalıdır. Xəmir xörəkləri yemək məsləhət deyil. Belə ki, xəmir xörəklərlə çox qidalandıqda qanda şəkərin miqdarı artır, bu, istər-istəməz şəkər xəstəliyinə tutulmayan insanlarda da yanğı, susuzlama hissinə gətirib çıxarır. Yaxşı olar ki, süfrəyə zülalla zəngin qidalar qoyulsun. Bu baxımdan yumurta daha tutumlu qida sayılır. Qoz ləpəsi, ət yeməkləri və s. kimi kalorili, vitaminlərlə zəngin olan qidalarla qidalanmaq lazımdır ki, gün ərzində ac qalmaqdan insanı qoruya bilsin. Müxtəlif çeşidli meyvə – tərəvəz salatları da orqanizmin vitaminə olan tələbatını ödəyəcək. Yağlı və ağır yeməklərdənsə uzaq durmaq lazımdır”.

İçkiyə gəlincə, təbii meyvə şirələrindən istifadə olunmalıdır. Mağazadakı təbii şirə adı altında satılanları təbii şirə adlandırmaq olmaz. “Belə ki, adi alma şirəsini çəkdikdən bir neçə dəqiqə sonra rəngi dəyişir, qaralır. Mağazadakı təbii alma şirələri isə uzun müddət rəngini dəyişmədən qalır. Yaxşı olar ki, insanlar meyvə şirəsini özləri çəksin. Bir şeyə də diqqət etmək lazımdır ki, mədəsində turşuluğu çox olan adamlar şirniyyat yeyəndə, meyvə şirələrini içəndə gün ərzində onların mədəsində qıcqırma, diskomfort hissləri arta bilər”.

İsti havalarda susuzluq hissi yaranmasın deyə həkim adi süfrə suyu içməyi məsləhət görür: “Dədə-babadan həmişə belə deyiblər ki, istər səhər yuxudan oyananda, istərsə də iftarda yeməkdən qabaq mütləq su içilməlidir. Dietoloqlar da məsləhət görürlər ki, mütləq su için. Səhər oyananda birinci su içmək lazımdır. Bu, susuzluğun qarşısını alır. Mümkün qədər yay aylarında çox su içmək lazımdır ki, yanğı hissi azalsın. Çörək, duzlu yeməklər, xəmir xörəkləri də susuzluq yaradır”.

Müsahibimizin sözlərinə görə, iftar süfrəsinə əyləşən insan aclıq hissindən o dəqiqə çoxlu miqdarda yemək yeməyə başlayır: “Bu da orqanizmdə müəyyən fəsadlar törədir. Yaxşı olar ki, yeməyi hissə-hissə, az miqdarda qəbul edərək qidalansınlar. Oruc saxlayarkən bir-iki saat fasilə verməklə yemək lazımdır. Bədəni yükləmək olmaz. İsti aylarda, xüsusilə, ehtiyyatlı olmaq lazımdır. Mümkün qədər çörəkdən az, ya da heç istifadə olunmamalıdır. Oruc tutan bəzən düşünür ki, axşama kimi 15-16 saat ac qalacağam. Mədəni nə qədər çox doldursam, mənə bir o qədər kömək edər. Amma həmişə əksinə olur. Az qidalanmaqla orucluğun ac qalan saatlarını daha yüngül başa vurmaq olur. Nəinki çoxlu miqdarda qida qəbul edərkən. Çox yedikdə orqanizm onu qəbul edə bilmir və problemlər yaranır. Orqanizmdə problemlər yaranmasın deyə yeyən kimi dərhal yatmaq məsləhət deyil. Yaxşı olar ki, bir iki saatdan sonra yatsınlar. Yeyən kimi dərhal yatmağın özü də düzgün olmayan qidalanmadır”.

Həkim bildirib ki, günün istisində çölə çıxmalı olan, ağır fiziki işlərlə məşğul olan adamlar oruc tuta bilməzlər: “İstər-istəməz səhər nə qədər su içsələr də bədəndə yanğı hissi çoxalacaq. Havanın isti vaxtında çölə çıxmaq olmaz, evdə və ya kölgə yerlərdə oturub istirahət etmək lazımdır”.

Psixoloq Mehriban Mütəllimovanın dediyinə görə, Ramazan ayında ailə içi əlaqələr daha nizamlı hala gəlir: “Çox zaman iftar süfrələrindən sonra çay söhbətləri başlayır. Bütün ailə fərdləri bəlkə də bir il içərisində etmədiyi söhbətləri edir. Bu ayda paylaşımlar artır. Yoldaş, dost, qohum ziyarətləri və evlərdə verilən iftar süfrələri ramazan ayında insanları fərqli bir sevincə bürüyür. Dostluq, birlik və bərabərlik güclənir. Beləliklə, təklik hissinə qarşı insanlar əslində heç də tək olmadıqlarını görə bilir və bu da özünə inam duyğusunun artmasına dəstək olur”.

Mütəllimova qeyd edib ki, ramazan ayı üçün edəcəyimiz dəyişikliklər, hazırlıqlar bədənimizi Ramazana hazırlayacaq: “İnsan psixologiyasının ən primitiv ehtiyacları yemək və içməklə əlaqəlidir. Hər bir körpə dünyaya gözlərini açdığı andan etibarən bəslənməyə ehtiyac duyur. Körpənin həyati ehtiyacları “güvən” çərçivəsində anası tərəfindən qarşılanır. Buna görə də hər insan özünü güvənsiz, stressli hiss etdiyi zamanlar həyatının ən erkən dövrlərində qazandığı “etibarı” təkrar hiss etməyi arzulayır. Bu arzu sayəsində ya daha çox yemək yeməyə ehtiyac duyur, ya da tam tərsinə. Yəni, yemək yemək insan həyatının tam mərkəzində iştirak edən ehtiyacdır. Ramazan ayında tutulan oruclarla birlikdə insan, ən təməl ehtiyacını təxirə salmağı və nəzarət altında tutmağı öyrənir. Bu cür təməl bir ehtiyac qarşısında yalnız mənəvi məqsədlər uğrunda özünü məhrum buraxa bilər. Başqa heç bir zaman təmin edə bilmədiyi “aclıq” idarəsini yalnız oruc tutaraq təmin edə bilər. İnsan özünə dönüb düşünərsə görəcək ki, əgər istəsə, bədənini istənilən vəziyyətlərdə nəzarət altında saxlaya bilər. İnsan aclıq kimi bir ehtiyac qarşısında səbrlə dayanırsa və bu ehtiyaca nəzarət edə bilirsə, bədənin başqa ehtiyacları və  istənilməyən davranışları ilə də başa çıxa bilər. Məsələn: spirtli içki istifadə edən insan spirtin sağlamlığına zərərli olduğunu bilməyinə baxmayaraq, bəlkə bunu etmək istəməsə də, spirtli içki içmədən dayana bilmir. Amma söz mövzusu Ramazan ayı olduğu zaman, bədənin bu ehtiyacı qarşısında iradəli davranaraq spirtli içki istəyini bu müddətdə saxlaya bilir”.
Allah orucunuzu qəbul etsin!

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir