zeherlenme

Qida zəhərlənməsindən necə qorunmalı?

Baxış sayı: 1. 573

Ən adi qaydalara riayət etməklə hər bir kəs özünü və ailəsini qida zəhərlənməsindən çox asanlıqla qoruya bilər. Hamı üçün mümkün olan çox sadə şərtlərlə, xüsusilə zəhərlənmə hallarının daha çox təsadüf edildiyi yay fəslində bu xoşagəlməz haldan uzaq olmaq mümkündür.

Əvvəlcə zəhərlənmə zamanı hansı əlamətlərin üzə çıxdığına nəzər yetirək:

  1. Ürəkbulanma
  2. Qusma halları
  3. Mədədə ağrılar
  4. Halsızlıq
  5. Qızdırma
  6. Qarın boşluğunda ağırlığın hiss olunması
  7. İshal və s.

Belə əlamətlər meydana çıxarsa, xüsusilə uşaqlarda hiss olunarsa ilk növbədə həkimə müraciət etmək vacibdir. Zəhərlənmə zamanı özünümüalicə metodlarından, həkim təyinatı olmadan dərman pereparatlarından istifadə qəti şəkildə yolverilməzdir. Bu cür münasibət daha ağır fəsadlara səbəb ola bilər. Adətən, zəhərlənmə zamanı marqanslı sudan istifadə etmək, barmağı boğaza yeridib məcburi qusmaq, evdəki dərman qabından hər hansı bir antibiotiki tapıb qəbul etmək bir çox ailələrimizdə zəhərlənən kəsə “xüsusi xidmət” kimi qiymətləndirilir. Bu olduqca yanlışdır və zəhərlənən insanı ölümə sürükləmək deməkdir. Əgər zəhərlənən insanı xilas etmək istəyirsinizsə təcili yardıma zəng vurmaq kifayətdir.

Ən yaxşısı isə zəhərlənməmək üçün əvvəlcədən ən adi qaydalara riayət etməkdir.

  1. İlk növbədə, istər yay mövsümündə, istərsə də digər fəsillərdə şəxsi gigiyenaya xüsusi diqqət yetirilməlidir.
  2. Meyvə və tərəvəzlər istifadədən əvvəl yaxşı yuyulmalıdır. Təəssüf ki, dəniz kənarına, təbiətin bir gözoxşayan yerinə istirahətə gedərkən yolüstü aldığımız meyvələri yumağı çox vaxt unuduruq və çox laqeydcəsinə belə bir cümlə də işlədirik: Bir dəfə ilə heç nə olmaz. Amma təcrübə və şahidi olduqlarınız diktə edir ki, hadisə bir dəfə olur.
  3. Ümumiyyətlə, yol kənarından, küçə ticarəti obyektlərindən ərzaq məhsulları almaqdan imtina edin. Bir çox hallarda bu cür yerlərdə qida məhsullarının saxlanılması qaydalarına riayət olunmur. Xüsusilə, ət və ət məhsulları, açıq şəkildə satılan ərzaqlar sağlamlıq üçün olduqca təhlükəlidir.
  4. İstənilən mağazada, marketdə alış-veriş edərkən aldığınız ərzaqların yararlılıq müddətinə diqqət yetirin. Sizə şübhəli görünəcək hər hansı bir məhsul haqqında satış obyektinin nümayəndəsinin məlumat verməsi onun istehlakçı qarşısında borcudur.
  5. Yay fəslində daha çox istifadə olunan qablaşdırılmış sular alarkən əvvəlcə istehsalçını və mənşəyi öyrənin. Bu sizdən bir neçə dəqiqə vaxt aparsa da siz bununla sağlamlığınızı sığortalamış olursunuz.
  6. Zəhərlənmənin səbəblərindən biri də qidaları bir-birinə qarışdırmaqdır. Buna görə də qida rasionunuza xüsusi diqqət yetirin. Və çalışın ki, xörəkləri, salatları o qədər hazırlayasınız ki, sabaha saxlamayasınız.
  7. Keyfiyyətinə zərrəcik qədər şübhə etdiyiniz ərzaqlardan imtina edin. Qoxu, kif, şürümə olan məhsullardan istifadə etməyin.

Bir məsələni də diqqətinizdən yayındırmayın. Yəqin ki, axşamüstü işdən evə qayıdarkən yolüstü özünü “ağıllı” sayan alverçilərin bu cür çağırışlarını eşitmisiniz: Axşam bazarıdı, gəlin meyvələrdən yarı qiymətə aparın. Əslində söhbət axşam bazarından getmir. İnsanların sağlamlığı ilə oynayan bu cür “ağıllılar” məhsullarının yararsız hala düşdüyünü görüb onları bir az ucuz qiymətə kiməsə sırımaq istəyirlər. Bir çox hallarda da həmin meyvələri paketlərə yığırlar. Təbii ki, hər adamda da o qədər hövsələ olmur ki, paketi açıb alacağı meyvəni diqqətlə nəzərdən keşirsin və düşünür ki, qiymət münasibdir. Beləliklə də keyfiyyətsiz və zəhərlənmə təhlükəsi yaradan məhsullar evlərimizə yol açır. Buna görə də 1 manata 1 kilo keyfiyyətsiz və yarasız meyvə almaqdansa, elə həmin 1 manata yarım kilo təzə, keyfiyyətli meyvə almaq daha məqbuldur. Necə deyərlər, az olsun, yaxşı olsun…

Göründüyü kimi zəhərlənmədən qorunmaq çox da çətin deyil, sadəcə bir az diqqət və məsuliyyət tələb olunur. Çalışın diqqətli olun ki, yay mövsümünün istirahət keyfindən yetərincə zövq ala biləsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir