“Mənim balam” rubrikamızın qonağı ifaçı, 3 uşaq anası Xuraman Şuşalıdır. Sənətçinin 6 yaşında Muhammed Mehdi, 4 yaş yarımlıq Tumurcuq Sure, 2 yaş yarımlıq isə Hüseyn Abbas adlı övladları var. Müğınni ilə söhbətimizdən aydın oldu ki, onun həyatına rəng verən məhz övladlarıdır. Övladları həyatına gəldikdən sonra ailəsində bir günəş doğub sanki. İfaçı deyir ki, övladları onun həyatının ən böyük mükafatıdır.
– Xuraman xanım, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?
– Övladlarım mənim dünyadakı ən dəyərli varlıqlarımdır. Onların tərbiyəsi mənim üçün hər şeydən üstündür. Ümumiyyətlə mən uşaq döyməyi sevmirəm. Böyük övladım ət yemirdi. 3 yaşına qədər onu döyməmişəm. 3 yaşında ət yemədiyinə görə immuniteti aşağı olduğu üçün xəstələndi. Həkim mənə dedi ki, belə olsa, onun bədəni daha da zəifləyəcək. Ondan sonra evimizdə bir qədər sərt qayda-qanunla davranmalı oldum. Məcbur qaldım, yumşaq yerindən yüngülcə vurdum. Əslində uşaq döyməyin əleyhinəyəm. Gözümün bir nömrəli düşməni uşaq döyən adamdır. Ancaq uşaqların da çəkinəcək bir yeri olmalıdır. Uşağı yüngül formada cəzalandırmaq lazımdır. Mən övladlarımı cəzalandıranda, sevdiyi oyuncaqlarını əlindən alıram, ya da gəzməyə aparacaqdımsa, cəzalı olduqları üçün aparmıram. Uşaq yeddi yaşına kimi şah kimi böyüməlidir. Çünki uşağın şəxsiyyətini sındırmaq olmaz. Uşağı şəxsiyyət kimi böyütmək lazımdır. Onun şəxsiyyətini sındırsan, səhərisi o uşaqdan nə desən çıxar. Pis yolun da yolçusu ola bilər, şəxsiyyətsiz həyat da yaşaya bilər. Uşağın daxilindəki o şəxsiyyəti sındırmamalısan ki, səhəri gün onu pis yola çəkən olsa vicdanı buna imkan verməsin.
– Üç uşaq anası olub da, eyni zamanda sənətçi olmaq yəqin ki, bir qədər çətindir?
– Hər nə qədər çətin olsa da, çox gözəldir. Mən üç uşaq anası olduğum üçün çox xoşbəxtəm. Uşaqlar bütün günü bir yerdədirlər. Ancaq uşaqlarım bir-biriləri ilə dalaşırlar. Aralarındakı yaş fərqi çox az olduğu üçün oyuncaqlarını bir-biri ilə bölüşə bilmirlər.
– Bəs onları necə sakitləşdirirsiniz?
– Onları yatızdırmaqla qorxuduram (gülürük). Balaca oğlum sudan qorxur, hərdən onu çimməklə qorxuduram. Onun suya qarşı fobiyası var.
– İlk dəfə ana kimi övladınızı qucağınıza alanda hansı hissləri keçirmişdiniz?
– Ana olmaq dünyanın ən gözəl hissidir. Heç bir hiss bunu əvəz edə bilməz. İlk dəfə oğlumu qucağıma alanda özlüyümdə düşündüm ki, “görəsən, bu mənimdir? Bu uşağı mən dünyaya gətirmişəm?” Allah bütün xanımlara, arzusunda olanlara tezliklə övlad nəsib etsin.
– Adətən valideynlər deyirlər ki, qız övladını böyütmək daha çətindir. Siz necə düşünürsünüz?
– Əksinə. Elə kişiciklər var ki, özlərini qadın kimi aparırlar. Biz bununla real həyatda da, şou-biznes aləmində də tez-tez rastlaşırıq. Artıq cizgi filmlərində geyləri təbliğ edən səhnələr olur. Hətta ötən gün “Spider men” cizgi filmində bu yaramaz əməli təbliğ edən kadrlarla rastlaşdım. İndiki zamanda oğlan uşaqlarının daha çox nəzarətə ehtiyacı var. Bütün uşaqlar nəzarətdə olmalıdır. Hətta uşaqların danışıqlarına qədər valideynlər nəzarət etməlidirldər. Allah göstərməsin, narkomaniya, pis vərdişlər kimi hallar baş alıb gedir. Şükür Allaha, Azərbaycanda bu kimi hallar çox azdır. Uşağı hər şeydən qorumaq lazımdır. Baxmayaraq ki çox günüm çox gərgin rejimlə keçir, ancaq gündəlik mətbuatı izləyirəm. Mətbuatda o qədər xəbərlər oxuyuram ki, dəhşətə gəlirəm. Valideyn dörd gözlə övladını qorumalıdır. Onu özbaşına buraxmamalıdır. Oğlanı kişi kimi, qızı da xanım kimi tərbiyələndirmək lazımdır. Övladlarımız bizim kapitalımızdır. Övlad hər bir ailənin güzgüsüdür. Hər şey təməldən başlayır.
– Belə başa düşdük ki, siz də uşaqlarınızla bərabər onların izlədikləri cizgi filmlərinə baxırsınız.
– Əlbəttə ki. Ümumiyyətlə mən evdə uşaqlara televizora baxmağa qadağa qoymuşam. Ehtiyac olanda özüm internetə girib onlardan əvvəl izləyəcəkləri cizgi filminə baxıram. Misal üçün, övladlarıma “Spider men” və “Maşa və Ayı” cizgi filmlərinə baxmağa qadağa qoymuşam. Bu cizgi filmləri uşaqların tərbiyəsində pis vərdişlər yaradır. Çalışıram ki, uşaqlarım baxdığı cizgi filmlərində tərbiyəvi əhəmiyyətli mesajlar olsun. İndi uşaqlarım rus dilini öyrənirlər. Valideynin boynuna düşən haqqı düzgün yerinə yetirməliyik.
– Davamlı olaraq mətbuatı izlədiyinizi vurğuladınız. Gündəmin əsas mövzusu olan bir ananın 5 yaşlı uşağını zəhərləyib öldürməsi xəbəri ilə yəqin ki, tanışsınız.
– Bu dəhşətdir. Son zamanlar bu tip xəbərlərin sayı çoxalmağa başlayıb. Allah o insanların cəzasını verəcək. Mənim qarğış etməyim düzgün deyil. Yəqin ki, o xanımın özündə problemlər var. İnanmıram ki, hansısa normal ana övladı ilə belə rəftar edə. O xanım ana adına layiq deyil. Bu hərəkəti “ana” kəlməsinə ləkədir. Biz yenə də bu söhbətin içində deyilik. Orada nələrin yaşandığından xəbərsizik. Şahidlərimiz yoxdur. Yəni, ana olan şəxs belə hərəkət edə bilərmi? Övladı 9 ay bətnində saxla, zülmlə dünyaya gətir, böyüt… O uşağı dünyaya gətirən ana, ölümünə imza ata bilərmi?.. Bu, qiyamətin əlamətlərindəndir. Belə halları görəndə düşünürəm ki, bu, qiymətin işarəsidir. Allah xalqımızı, analarımızı qorusun. Allah rəhm etsin və elə analara insaf versin. Əgər o qadın öz bətnindən çıxan uşaqla belə rəftar edirsə, gör başqasının uşağına nə edər?…
– Uşaqlara necə nəzarət edirsiniz? İşinizlə əlaqədar yəqin ki, evdə çox olmursunuz…
– Bacardığım qədər, uşaqlarıma özüm nəzarət edirəm. Məndən əlavə xalam, bacım, qayınanam, baldızım uşaqlarımı çox sevirlər və zaman-zaman onlar da uşaqlarıma nəzarət edirlər. Ancaq çalışıram ki, zamanımın çoxunu uşaqlarımla keçirim. Başqa cür heç nə ürəyimə yatmır. Mən uşaqlarımın nazı ilə oynayıram. İnanmıram ki, kimsə uşağıma məndən daha yaxşı baxa bilər. Bəlkə analıq hissidir, yoxsa öyrəşmişəm. Harasa gedirəmsə, fikrim uşaqların yanında qalır. Birdən üstüaçıq yatarlar, ya da soyuq su içərlər deyə narahat oluram. Biz harasa qonaq gedəndə, uşaqları gözümdən buraxmıram. Çox qısqanc və eyni zamanda kaprizli insanam. Yad insanların əhatəsinə heç vaxt uşaqlarımı buraxmıram. Uşaqlarımı yad adama həvalə edə bilmərəm.
– İstəyərsinizmi ki, övladlarınız sizin sənətinizi davam etdirsinlər?
– Əsla. Xeyirlisi Allahdan. Mən onları incəsənət yönümlü, musiqi təmayüllü məktəbə və kurslara da yazdıra bilərdim. Ancaq istəmədim. İstəyirəm ki, övladlarım ilk növbədə biliyə, savada yönəlsinlər. İncəsənət elə bir sahədir ki, istənilən vaxt ona müraciət etmək olar. Əgər istedadın varsa, o, əvvəl-axır üzə çıxacaq. İstəyirəm ki, indi övladlarım dil öyrənsinlər. Yoxsa məktəbdən musiqiyə, musiqidən idmana, idmandan rəsmə və s. Bu uşaqlar balaca canları ilə nə qədər şey öyrənsinlər? Uşaqları çox yükləmək də olmaz. (Kaspi.az)