plastik emeliyyat

Xanımlar ölümə aparan plastik əməliyyatdan niyə qaçmır?

Baxış sayı: 1. 924

Amerika və Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq son illərdə Azərbaycanda da sürətlə artmağa başlayıb. Beləliklə gözəllik qurbanı olanların da sayı da hər keçən gün artır. Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlara müraciət edirdisə, hazırda sadə insanlar, hətta az imkanlı şəxslər də müraciət edir. İnsanlar keçirəcəyi estetik əməliyyatların onlara həyatı bahasına başa gələcəyini, ölüm riskini bilə-bilə yenə də bu yola addım atırlar. 

Heç də gizlin deyil ki, estetik cərrahiyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Belə ki, əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.

Gözəllik qurbanları… 

Təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar daha çox 18-22 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.

Bu günlərdə isə Bakıda 22 yaşlı model Leyla Oruclunun estetik əməliyyatdan sonra dünyasını dəyişməsi bütün ölkəni sarsıtdı. Məlum olduğu kimi Leyla iyunun 22-də ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girib.

Gənc qızın fotolarından aydın görmək olurdu ki, onun estetik əməliyyata ehtiyacı olmayıb. Yaxınlarının da dediyi kimi Leyla onu narahat edən belindəki piy qatını idmanla da ideallaşdıra bilərdi. Lakin digər gənc qızlar kimi o da estetik əməliyyatla bu problemdən azad olmağa çalışıb. Nəticədə gənc qız əməliyyatdan iki gün sonra, pioemboliya diaqnozundan (piy parçasının damarda tıxanıqlıq yaratması) dünyasını dəyişib.

Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Sirus Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini desələr də, həkim olayda günahsız olduğunu bildirib: “Mən ona dedim ki, “qızım, bu sənə lazım olan əməliyyat deyil”. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.

Bu ilin avqust ayında isə Gəncədə özəl tibb mərkəzlərinin birində burnundan əməliyyat olunan 17 yaşlı Aygül Orucova da dünyasını dəyişmişdi. Əməliyyat zamanı gənc qız narkozdan ayıla bilməyib. Həkimlərin bütün səylərinə rəğmən qızı həyata qaytarmaq mümkün olmamışdı.

İki il öncə isə Bakıda kollec tələbəsi olan 18 yaşlı Leyla Mürsəlova isə burun əməliyyatından sonra dünyasını dəyişmişdi. Ailəsinin bütün səylərinə baxmayaraq, gənc qızın ölümündə təqsirkar olan həkimlər bu günə qədər də cəzasını almayıb. Yalnız əməliyyat olunduğu “StarMed” klinikası fəaliyyətini dayandırmış oldu. Maraqlıdır ki, əməliyyatı zamanı anestezioloq narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda foto çəkərək sosial şəbəkədə paylaşıb, statusunda Konfutsidən sitat da qeyd edib. Lakin məlum məsələdir ki, istər klinikaların bağlanılması, istərsə də həkimlərin cəza alması estetik gözəlliyin qurbanı olmuş gəncləri geri qaytara bilməyəcək.

Qeyd etdiyimiz son iki olayla bağlı bir məsələni də qeyd edək ki, mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görürlər. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşması tam başa çatmır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır.

Dünyada və Azərbaycanda ən çox müraciət edilən plastik əməliyyat…

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.

“Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.

Araşdırmalar zamanı məlum olub ki, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.

Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

Buna misal olaraq iki il öncə botoks əməliyyatından sonra az qala bütün orqanlarını itirmək təhlükəsi ilə üz-üzə qalan Afət Baxışova adlı paytaxt sakininin olayını xatırlatmaq olar. Belə ki, qadın gözəllik naminə ayağına gel vurdurub. Lakin çox keçmədən ayağında şiş yaranmağa başlayıb və qadın ağrıdan gəzə bilmir. Həkimlər qadının ayağında yad cismin olduğunu və onu çıxarmağın mümkün olmadığını bildiriblər. Onu da qeyd ediblər ki, yaranan şiş getdikcə böyüməyə başlasa ayağı amputasiya olunacaq.

Gənc qızlarla bərabər, gənc oğlanların da estetik əməliyyata müraciətləri artıb

Son illərdə ölkəmizdə təkcə gənc qızlar deyil, gənc oğlanların da plastik əməliyyatlara müraciəti artıb. Həkimlər qeyd edir ki, qızlar qədər gənc oğlanlar da daha çox burun əməliyyatları üçün müraciət edir. Sonrakı sırada isə göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsidir. Amma ümumilikdə gənc oğlanlar plastik əməliyyat etməkdən daha çox çəkinir, nəinki gənc qızlar. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə gənc qızlar ölüm riskini bilə-bilə bu cür əməliyyatlardan çəkinmirlər.

Bəs səbəb nədir? Gənc qızların plastik əməliyyatlara müraciəti nədən irəli gəlir?

Psixoloq Azad İsazadə mövzuya bu cür şərh bildirdi: “Plastik əməliyyatlara maraq təkcə ölkəmizdə deyil, bütün dünyada var. İnsanlar adətən özlərini bəyənmirlər, səsi, videoları və sairə xoşuna gəlmir. Və daimi çalışır ki, plastik əməliyyatla öz formasını daha da yaxşı etsin. Bu da psixoloji amillərə ziddir və çıxış yolu kimi yalnız plastik əməliyyat düşünülür. Halbuki reallıqda biz bilirik ki, heç də əməliyyatların hamısı uğurlu olmur və inşa daha da pis görünür. O saat hiss olunur ki, insan əməliyyat keçirib – standart burun, sifət və s. Bəzən ulduzlara baxanda bir-birindən ayırmaq olmur. Plastik əməliyyat təbii ki, cərrahi əməliyyatdır və istər-istəməz burada lazımi tələblər daha ciddi olmalıdır. Vaxtilə Sovet dövründə plastik əməliyyatlar çox az idi və ancaq Moskvada, mərkəzi klinikalarda aparılırdı. Orada nəinki hər tərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi lazım idi. Hazırda plastik əməliyyatlar aparan çoxlu sayda klinikalar var. Çox zaman müayinələr düzgün aparılmır və sonda faciəli nəticə yaranır. Olur ki, müayinə düzgün aparılmır, insan narkozdan ayılmır və yaxud əməliyyat uğurlu aparılmır, xəstə narazı qalır. Tez-tez rastlaşırıq ki, bəzi plastik əməliyyatları hətta gözəllik salonlarında aparırlar. Çox zaman bu mənfi təsir göstərir. Bunun üçün də bu məsələyə ciddi nəzarət olunmalı, klinikalarda çalışan həkimlərin peşəkarlığı yoxlanılmalıdır”.

Estetik əməliyyatdan ölən Azərbaycanlı məşhurlar… 

Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.

Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir