Uşaqlar çox hərəkətli və hər şeyə maraq göstərdiklərindən, başlarına tez-tez bədbəxt hadisələr gəlir. Belə hadisələrdən geniş yayılanlardan biri də balacaların məişətdə istifadə olunan müxtəlif yuyucu vasitələri, kimyəvi maddələr, dərman vasitələrini qəbul edərək zəhərlənməsidir. Elə bu səbəbdən də əksər belə vasitələrin üzərində “Uşaqların əl çatmadığı yerdə saxlayın” qeydi verilir. Təəssüf ki, buna əməl etməyən, ya da unutduqları üçün təhlükəli kimyəvi məhlul və dərmanları uşaqların göz önündə, əlləri çatdığı yerdə buraxanlar olur.
Hələlik sonuncu sayıla biləcək hadisə Ağsu rayonunda baş verib. Belə ki, kimyəvi zəhərlənmə nəticəsində azyaşlı ölüb. Hadisə rayonun Muradlı kəndində yerləşən, sahibkar Vaqif İbrahimova məxsus mal-qara fermasında baş verib. Fermada müvəqqəti yaşayan və çobanlıq edən İsmayıllı rayon sakini Şirinov Ramal Əmrşah oğlunun övladı, 2016-cı il təvəllüdlü Şirinova Ulduz Ramal qızı plastik qabda olan və xəstə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən niastol adlı kimyəvi məhlulu içib.
Valideynləri hadisədən gec xəbər tutduğu üçün uşağın halı pisləşib və azyaşlı zəhərlənmə diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq dünyasını dəyişib. Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Onu da bildirək ki, uşaqların qidadan zəhərlənmə hadisələri zamanı vaxtında və düzgün yardım etmədikdə ölümlə nəticələnə bilir. Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib. Belə bir hadisə bu günlərdə Şamaxı şəhərində və Mirikənd kəndində qeydə alınıb. Mirikənd sakini, 2011-ci il təvəllüdlü Aynur Babayeva və Şamaxı şəhərinin
Sabir küçəsindəki 41 saylı mənzildə yaşayan, 2014-cü il təvəllüdlü Toğrul Abbasov qida məhsullarından zəhərləndiyi üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə çatdırılıb (APA). Həkimlərin səyi nəticəsində azyaşlıların həyatı xilas olunub.
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, ev şəraitində uşaqlar nəzarətsiz qaldıqları üçün dərman vasitələrini, kimyəvi mayeləri qəbul edirlər: “Böyüklər uşaqları nəzarətsiz qoymamalıdır. Əsasən uşaqlar özbaşına dərman vasitələrini qəbul etdikləri üçün zəhərlənir. Mətbəxdə işlədilən məişət kimyəvi məhlullardan zəhərlənmə ilə bağlı müraciətlər də çox olur. Ona görə valideyn mütləq uşağa nəzarət etməlidir. Əsasən 2-3 yaşlı, 5-10 yaşlı uşaqlar dərman preparatlarına maraq göstərir. 15-18 yaşa kimi olanlarda da dərman preparatlarından ya özünə qəsd məqsədilə, yada kiminsə məsləhətilə diqqət çəkmək üçün istifadə edirlər”.
A.Maqsudov qeyd edib ki, dərman vasitələrindən, həblərdən zəhərlənmə zamanı mütləq şəxsin mədəsi yuyulmalı və imalə olunmalıdır: “Uşaqlar zəhərləndikdə ev şəraitində bunları etmək çətin olur. Ona görə təcili tibbi yardım briqadasını çağırmaq, ev şəraitində həkimin nəzarəti ilə bu prosedurları həyata keçirmək məsləhətdir. Tibb müəssisəsinə gətirdikdə xəstəyə tələb olunan bütün lazımi prosedurlar tətbiq ediləcək. Qida zəhərlənməsində qusma, ürək bulanma kimi əlamətlər varsa, prosedurların ardıcıllığı belədir ki, əvvəl mədə yuyulur, təmizlənir, sonra imalə qoyulur, sonra da həkimin nəzarəti altında qalan tədbirlər həyata keçirilir. Qida zəhərlənməsinin fəsadlarının qarşısını almaq üçün sistem, iynə-dərman, spesifik preparatlardan istifadə olunur”.
Zəhərlənmə hadisəsi baş verərkən, şəxs istirahətdədirsə, yoldadırsa, ancaq su verib qusdurmaq lazımdır. Lakin kimyəvi maye içibsə, tibbi prosedurlar ancaq həkimin təyinatı ilə edilməlidir.
Şöbə müdiri zəhərlənmə zamanı türkəçarələrdən yararlanmağı məsləhət görmür: “Kimyəvi zəhərlənmələrdə biz qatıq verməyi, ümumiyyətlə, məsləhət görmürük. Sudan başqa nə iləsə mədənin yuyulmasını, ya da yeyib-içilməsini yeməsini tövsiyə etmirik. Xalq arasında zəhərlənənlərə qatıq vermək geniş yayılıb. Əsasən də kimyəvi zəhərlənmələrdə qatıq kömək etmir. Marqans suyu içməyi də mütəxəssis kimi məsləhət görmürük. Çünki çox vaxt bunun fəsadı ilə rastlaşırıq. Marqans məhlulunu düzgün düzəltmirlər. Faiz məsələsi düzgün alınmır. Marqans özü də kimyəvi maddədir və fəsad verə bilər. Mədədə selikli qişanın, qida borusu yanığının baş verməsi mümkündür. Bu səbəbdən marqans məhlulundan istifadə etməyi məsləhət görmürük. Qida zəhərlənməsində belə marqans məhlulu içməyi tövsiyə etmirik. Diqqətli olmaq lazımdır ki, mədə təmiz su ilə yuyulmalı, sonra da ehtiyac olsa, damar daxili müdaxilə olunmalıdır”.
Toksikologiya şöbəsinə müraciətlərə gəlincə, Maqsudov bildirib ki, şöbələrinə qida zəhərlənməsi ilə bağlı o qədər də müraciət etmirlər: “Amma dərman vasitələrindən zəhərlənmə ilə müraciətlər var”.
Zəhərlənmə ilə bağlı mərkəzə müraciətlərin sayına gəlincə, o deyib ki, cari ilin aprel ayında 3 nəfər, mayda 6 nəfər, iyunda 5, iyulda isə hələ ki, iki nəfər uşaqla bağlı müraciət olub. Ötən illə müqayisə bu il zəhərlənmələrin sayında azalma var.
Onun sözlərinə görə, zəhərlənmədən ölüm hadisəsi spesefik məsələdir: “Ölümə gətirib çıxaran qida zəhərlənmələri arasında botulotoksin, botulizm xəstəliyidir. Bu xəstəlik konservləşdirilmiş qida məhsulları düzgün bağlanmadıqda, ev şəraitində şorabaları, tutmaları qaydalara uyğun sterilizasiya etmədikdə baş verir. Şoraba bağladıqda oksigen çatızmazlığı fonunda bankalarda botulotoksin əmələ gəlir və çox vaxt ailə bağladığı bankaları, balonları açanda şorabanı bütün ailə üzvləri yeyir və vaxtında köməklik olunmayanda onların vəziyyəti getdikcə ağırlaşır və ölümlə nəticələnə bilər”.
Bu arada 2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib. Onun sözlərinə görə, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.
Qədirli bildirib ki, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb. O qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.
Aynurə MƏMMƏDOVA