saban

Bizdə filmlərin tərcüməsi niyə yaxşı alınmır?

Baxış sayı: 2. 012
Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla, xüsusən də bədii filmlərdəki qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox bağlıdır. Dublyaj sənəti artıq yarım əsrdən çoxdur ki, kinonun bir qolu kimi tamaşaçıların mənəvi tələbatlarını ödəyir. Amma Azərbaycanda dublyaj olunan filmlərə tamaşaçı baxmaq istəmir. Tamaşaçı həmin filmi rus və ya türk dilində seyr etməyə daha çox üstünlük verir.
 
Hind filmlərinin populyar olduğu bir neçə il əvvəl onları dublyaj edən telekanallarımızı tamaşaçı izlədikdə nəinki kanalı dəyişir, hətta həmin filmə qarşı marağı da azalırdı. Son dönəmlər isə dilini əzbər bildiyimiz türk filmləri – İbrahim Tatlısəsin, Hülya Avşarın, Şabanın filmləri əcaib formada tərcümə olunur. Bəzi hallarda isə əsas qəhrəmanların (adlarını qeyd etdiyim) öz səsləri türk dilində verilərək, digər personajların ifadələrinin dublyaj edildiyinin şahidi oluruq. Vaxtilə sevə-sevə izlədiyimiz həmin filmlər bu cür tərcümələrdən sonra tamaşaçıda sözün əsl mənasında ikrah hissi oyadır. Nəticədə insanlar həmin filmlərə türk kanallarında, yaxud da başqa vasitələrlə baxmağı üstün tuturlar.
 
Söhbət açdığımız problemlə bağlı dublyajda çalışan aktyorlarla əlaqə saxlasaq da, onların bəziləri suallarımızı cavablandırmadılar. Digər aktyorların cavabları isə heç də ürəkaçan olmadı. Kimisi maaşların aşağı olması, kimisi isə bu işlə qeyri-peşəkarların məşğul olmasından gileyləndi. Söhbət etdiyimiz aktyorların əksəriyyəti isə adlarının çəkilməsini istəmədilər. Hətta adının hallanmasını istəməyən bir kinorejissor bu gün televiziyada efirə verilən filmlərdə onun tələbələrinin səslərinin yayımlandığını və dostlarının bu işlə məşğul olduğunu, bu səbəbdən onların ünvanına xoşa gəlməyən sözlər deyə bilməyəcəyini qeyd etdi…
 
 
 
Bu, əsil dublyaj deyil
 
Uzun müddətdir televiziyalarda yayımlanan filmləri səsləndirən aktyor Elxan Rza bu gün tərcümə olunan filmlərin durğunluq yaşadığını vurğuladı: “Hazırda tərcümə olunan filmlər elə də yüksək səviyyədə deyil. Çalışırıq ki, ildən-ilə müəyyən müsbət dəyişikliklər olsun, əvvəlki illərə nisbətən inkişaf hiss olunur. Dublyajlarda özüm iştirak etsəm də, bu məsələ tam şəkildə ürəkaçan səviyyədə deyil. Amma əlimizdən gələni edirik ki, səsləndirmədə heç bir anlaşılmazlıq olmasın”.
 
Bir çox filmlərdə səsi ilə yaddaşlarda qalan aktrisa Nəsibə Eldarova bu gün tərcümə olunan filmlərdə sünilik yarandığını bildirdi: “İndi tərcümə olunan filmlər diktor dublyajıdır, sinxron tərcümə olunan dublyaj deyil. Sovet dövründə ikinci plan səslər tamam başqa olurdu. Hazırda səsyazmalarda 4-5 nəfər iştirak edir. Bu əsil dublyaj deyil, əsl dublyajda ən kiçik rola da başqa aktyorlar cəlb olunur. Filimlərin süni alınmasında bunun əsas rolu var. Bir aktyor bir neçə rolu səsləndirir. Ona görə də səsini dəyişməli olur”.
Aktrisa filmlərimizin keyfiyyət baxımından aşağı olmasına əsas səbəb kimi işçilərə az vəsait ayrılmasını göstərdi: “Hər bir kanal pulunu ödədiyi səviyyədə məhsul əldə edir. Yəni o qiymətə işləyən tərcüməçilər, səs rejissorları, texniki rejissorlar o səviyyədə də fəaliyyət göstərir. “Aztv”, “ATV”-də yayımlanan tərcümə olunmuş filmləri qənaətbəxş hesab etmək olar. Onların mətnləri, aktyor heyəti, həm də texniki səviyyəsi yaxşıdır”.
 
 
Müəyyən güzəştlər olunur
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov dublyaj olunan filmlərdə iştirak edən personajların hamısının səsinin tərcümə olunmasının vacib olduğunu vurğuladı: “Həmin filmi tərcümə edən televiziyalar bunları “Şabanın nitqini azərbaycanlılar başa düşür və dublyaj etsək, onun orijinaldakı səsini ala bilməyəcəyik” kimi izah edirlər. Həmin kanallar riskə getmək istəmədiklərindən bu üsuldan istifadə edirlər. Ola bilsin ki, tərcümə olunduqda həmin filmlər eyni effekti verməyə bilər. Amma Teleradio haqqında qanundan çıxış etsək, bütün kanallar məcburdur ki, dublyaj etdiyi filmdə ədəbi dilin normalarına riayət etsin. Tərcümə olunan filmlər dövlət tərəfindən təsbit olunmuş dil normalarına riayət etməlidirlər. Biz müəyyən hallara göz yumuruq”.
 
Əvvəllər tərcümə edilən filmlərdə daha çox problem olduğunu vurğulayan T.Dadaşov indi vəziyyət nisbətən yaxşılaşsa da, tərcümə ilə bağlı problemlərin tam həll olunmadığını da qeyd etdi: “Əvvəllər belə problemlər daha çox idi. Bir çox kanallarda keyfiyyətsiz dublyajlar gedirdi. Amma bu gün də demək olmaz ki, problemlər yoxdur. Hər kanalın tərkibində xüsusi dublyaj studiyaları olmalıdır. Azərbaycanda kanalların əksəriyyəti bu işlə məşğuldur, ancaq onlar da maddiyyatı əsas tutaraq bəhanələr gətirirlər. Əslində kalların özləri bunda maraqlı olmalıdır. Dublyajların keyfiyyət ilə bağlı hər hansı problem varsa, MTRŞ ona qarşı irad tuta bilmir, ancaq Azərbaycan ədəbi dilinin norması pozularsa, hansısa qeyri-etik sözlər işlənərsə, şura konkret tələblərlə irad bildirə bilər. Keyfiyyətsiz dublyaj filmlərinin efirə yol tapmasının qarşısını almaq yönündə MTRŞ tərəfindən addım ata bilmək üçün konkret bir səlahiyyət yoxdur. Çünki bu yaradıcı prosesdir və elə materiallar kanalın özünə zərər gətirir”.
 
 
Yaradıcılıqdan söhbət gedə bilməz
 
Animasiya filmlərinin səsləndirilməsində iştirak edən aktyor və rejissor Nicat Kazımov tərcümə olunan filmlərin keyfiyyətinin aşağı olmasına əsas səbəb kimi məsələnin maddi tərəfini göstərdi: “Azərbaycanda tərcümə olunan filmlərdə sinxron dublyaj olmur, olursa da, çox az olur.
 
Kinostudiyada əvvəllər hər rolu bir aktyor ifa edirdi, filmlər sinxron tərcümə edilirdi. Sovet dövründə tərcümə olunan filmlər daha keyfiyyətli idi. Bu gün belə bir şərait yoxdur. Maddi problemlər olduğuna görə, kanallar bu işi sürətlə tərcümə edib, yayımlamağa çalışırlar. Yəni məhsulu daha tez əldə etməyə səy göstərirlər. Belə halda yaradıcılıqdan söhbət gedə bilməz. O zaman yaradıcı münasibət olmur, icraçı iş alınır. Hərdən dublyajda elə aktyorların səsi gəlir ki, danışıqlarında çox böyük qüsur olur. Filmləri ən çox 4 nəfər səsləndirir, o zaman da yayımlanan film süni alınır və tamaşaçıları televizya qarşısından kənarlaşdırır. Bizim dublyaj olunan filmlər nə sinxron tərcümə kimi, nə də diktor tərcüməsi kimi tərcümə deyil. İkisinin arasında olan bir şeydir”.
 
Bu işlə məşğul olan televiziyalara da başqa tərəfdən haqq qazandıran rejissor, bu sahənin çətin bir iş olduğunu qeyd etdi: “Televiziyaları da qınamaq düzgün deyil. Hər hansı bir filmi səsləndirmək üçün ən azı 15-20 aktyor lazımdır. Bu da maddi cəhətdən baha olur. Həm də sinxron tərcümə çox çətin olur. Hazırda televiziyalar asan variantdan istifadə edirlər. Səriştəsi olmayan, səs tembri olmayan aktyorları dəvət etdikdə, bu da filmin keyfiyyətini aşağı salır. Nə zaman kinostudiyada dublyaj yenidən bərpa olunacaq, o zaman keyfiyyətli tərcümə olunmuş filmlər görəcəyik”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir