tehsil

Azərbaycanın ən savadlı tələbələri niyə xaricə axın edir? – Mütəxəssislərdən MÜKƏMMƏL ANALİZ

Baxış sayı: 1. 548

Bu günlərdə saytımızda ölkənin tanınmış şəxsləri arasında keçirilmiş sorğudan bəlli oldu ki, onlar övladlarının xaricdə oxumasını arzu edir. Kimi üçün bu maddi problemlər səbəbindən hələ arzu olaraq qalsa da, bəziləri hətta övladlarının təhsili üçün xeyli pul xərclədiyini bildirmişdi. Yəni imkanı olan övladının xaricdə təhsil almasını istəyir.

Son illər ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayanların demək olar ki, hamısı təhsillərini xaricdə davam etdirmək istədikləri barədə açıqlama verirlər. Bu il ən yüksək nəticə göstərən təxminən 10 abituriyentlə söhbətimizdən bəlli oldu ki, birinci kurs olmasa belə, növbəti illərdə xaricdə təhsil almaq arzusundadırlar. Bir sözlə, ildən-ilə xaricdə təhsil almaq marağı artır. Əvvəl az bal toplayıb, yerli ali məktəblərə qəbul ola bilməyənlər müxtəlif yollarla xarici ölkələrdə təhsilə maraq göstərirdisə, son zamanlar artıq yüksək bal toplayanlar arasında xarici təhsil ocaqlarına maraq daha çoxdur.

Az bal toplayanların xaricə üz tutması çarəsizlik idisə, yüksək bal toplayan, istedadlı gənclər, onların valideynlərinin istəyi, onların ölkədəki təhsilin səviyyəsindən narazı olmaları ilə əlaqələndirilə bilər.

Məsələn, onlar ötən il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alması xəbərini oxuya bilər. Düzdür, sonradan Təhsil Nazirliyinin Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanması, bu müəllimlər arasında 0 bal alan olmaması açıqlamasını da oxuya bilərlər. Lakin ixtisasdan 10 suala cavab verməmək elə sıfır bal toplamaq kimi də anlaşıla bilər. Çünki nazirlik özü də sonrakı açıqlamalarında imtahanda 10 suala düzgün cavab verə bilməyən müəllimlərin olduğunu açıqlamışdı.

Eləcə də, bu il qəbul imtahanında iştirak edənlər arasında 35.790 nəfərin (50.6 faiz) 200 baldan yüksək nəticə göstərməsi, təxminən 49.4 faizin 200-dən aşağı nəticə göstərməsi demək idi.

Yəni bu açıqlamaları oxuyandan sonra istər-istəməz yerli təhsil sisteminə münasibət dəyişə, xaricdə oxumaq istəyi arta bilər.


Təhsil eksperti Əjdər Ağayev hesab edir ki, xaricdə təhsilə marağın artması abituriyentlərin ali məktəbə qəbul göstəricisi və müəllimlərin imtahan nəticələrindən daha çox bu məsələnin ölkədə təbliğilə əlaqədardır: “Xaricdə təhsil almaq həm də yeni ölkələr görmək, xarici ölkə müəllimlərinin iş prosesilə tanış olmaq istəyilə bağlıdır. Yerli ali məktəblərdə təmənnalılıq, müəllimlərin amiranəliyi, tələbələri incitmələri yaxın dövrlərə qədər ciddi problem idi. Düzdür, son dövrlərə bu hallara qarşı müəyyən addımlar atılır. Lakin bu problemlər də gəncləri xaricə yönləndirən səbəblər sırasındadır. Xaricdə isə hər hansı problemlə bağlı tələbə müəllimə 10 dəfə müraciət edirsə, o yenə də suallara xoş rəftarla cavab verir. İnsani münasibətlərdəki mədəniyyət, tələbəyə, gələcək kadıra ehtiram hissi bizimkilərin xarici ölkəyə maraq göstərmə istəyini alovlandırır. Həmçinin xarici ali məktəbi bitirənlərin dünyada məşhur şirkətlərdə iş imkanları da yüksək olur. Bütün bu imkanlarla yanaşı, xaricdə təhsil dünyaya çıxışın bir yoludur. Buna görə də 700 bal toplayanlar, imkanı olanlar övladlarının xaricdə təhsil almasını istəyir”.

Keçmiş təhsil naziri Firudin Cəlilov gənclərin xaricdə təhsilə marağının normal, lakin peşəkar kadrların ölkəyə qayıtmamasının narahatlıq yaratdığını deyir: “Tarix boyu gənclərin xaricdə oxumaq həvəsi olub. Onlar daha yaxşı təhsil, yaxşı imkanlar üçün xaricə gedirlər. Bu məsələdə ən təhlükəli məqam ölkədən beyin axınının başlamasıdır. Ötən əsrin 90-cı illərində Rusiyada bu proses başlamışdı. Az qala ölkədə alim qalmamışdı, hamısı xarici ölkələrə üz tutmuşdu. Prosesin qarşısını almaq üçün maaşların artırılmasını çıxış yolu kimi gördülər.

Xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir. Bu mənada təhsil sahəsində çalışanların maaşlarının artmasına diqqət ayrılmalıdır”.

F.Cəlilov hesab edir ki, bu prosesin qarşısını almaq üçün kompleks tədbirlər lazımdır: “İllərdir bu sahədə vəziyyət çox pisdir. Təhsili, elmi bu bataqlıqdan xilas etmək üçün mütəxəssislər, millətini sevənlər cəlb edilməlidir. Ali məktəblər də bu barədə düşünməlidir. Biz rəqabət mühiti formalaşması üçün bir vaxtlar özəl ali məktəblərin yaradılmasını istəyirdik. Bu gün onların sayı 30-dan çoxdur. Amma rəqabət istənilən səviyyədə deyil. Bunun üçün ali məktəblərə müstəqillik vermək lazımdır. Universitetlər fəaliyyətlərinə görə özləri məsuliyət daşımalıdır. Onlar diplomlarının dəyərini özləri artırmalıdır ki, abituriyentlər həmin ali məktəblərə axın etsin”.

Millət vəkili Rəfael Hüseynov bu məsələni ölkədəki təhsilin keyfiyyəti ilə əlaqələndirməyi doğru hesab etmir: “Bir neçə il əvvəl Avropa Şurasının Elm, mədəniyyət və təhsil komitəsinin xətti ilə hazırladığım “Avropa təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı” adlı məruzənin Avropa ölkələri arasında təhsil şəbəkəsinin qurulmasında istifadə edilməsi tövsiyə edilmişdi. Dünya 50 il əvvəlki deyil, sərhədlər də tam dəyişib, ölkələrarasında gediş-gəliş də artıb. Bir vaxtlar Azərbaycan SSRİ tərkibində olan bir ölkə kimi qapıları dünyaya xeyli qapalı idi. O zaman xarici ölkədə təhsil almaq qeyri-adi hal idi. Lakin Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edəndə ölkəmizdə tədris edilməyən, lakin gələcəkdə əməyinə ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlanması üçün gənclərimizin SSRİ ölkələri universitetlərinə göndərilməsilə bağlı çox ciddi addımlar atmışdı. Bu gün biz onun bəhrələrini görürük. Hazırda dünyaya qapılarımız açıqdır və gənclərimiz digər ölkələrin ali məktəblərində təhsil ala bilirlər. Bunu ölkədən kənara beyin axını və ya ölkəmizdə təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirmək doğru deyil. Düzdür, bizim dünyanın bir çox aparıcı ali təhsil müəssisələri səviyyəsinə çatmağımız üçün zaman lazımdır. Avropa, Amerika təhsil müəssisələrinin heç də hamısı yüksək səviyyədə deyil. Amerikada olan bir gənc Fransaya gedirsə, bu, Amerikada təhsilin aşağı səviyyədə olması anlamına gəlmir. Demək təhsil vahid bir ölkəyə aid deyil. Təhsil dünyanın ortaq sərvətidir”.

Millət vəkili təhsil üçün ölkədən xaricə axının normal olduğunu desə də, yerli ali məktəblərin də verdikləri təhsilin keyfiyyətini yüksəltmələrini mütləq sayır: “Sovet dövründə Rusiya, Ukrayna və Belarusda şərqşünaslıq üzrə çox yaxşı mütəxəssislər olsa da, bu sahədə Azərbaycan ən vacib mərkəzlərdən sayılırdı. Bizim şərqşünaslıq kadrları seçilir, digər ölkələrdən məhz Bakı Dövlət Universitetində bu ixtisasa yiyələnmək istəyənlər var idi. İndi Avropa dillərinin qapısı açılıb. Elə ixtisaslar var ki, aparıcı dünya universitetlərində yüksək səviyyədə tədris edilir. Dünya ali təhsil müəssisələrinə üz tutmağımız vaxtın ortaya qoyduğu məsələdir. Lakin bu total xarakter daşımamalıdır. İmkanım, maddi vəziyyətim var, deyə övladları xaricə göndərmək mütləq deyil. Azərbaycan universitetləri də bu mənada səviyyələrini artırmalıdır. Bu universitetlər varsa, demək, verdikləri təhsilin keyfiyyətini dünya standartlarına uyğunlaşdırmalıdırlar. Biz kənarda təhsil aldığımız kimi, Azərbaycana da bəzi ixtisaslar üzrə təhsil almaq üçün gəlsinlər. Çalışmalıyıq ki, bizim universitetlərimiz səviyyəsi dünya ali məktəbləri ilə uyğunlaşsın, bir neçəsinin adı reytinqli unuversitetlər siyahısında olsun, məhz burada yaxşı təhsil verildiyi üçün can atsınlar.

Müəyyən dövr var idi ki, İran və Türkiyədən olan gənclər təhsil almaq burada daha daha rahat başa gəldiyi üçün Azərbaycana gəlirdilər. Bu, heç də xoş deyildi. Dünyanın bir parçası olmaq istəyirsənsə, bunun üçün gərək zəhmət çəkəsən ki, təhsilinə yuxarıdan aşağı baxmasınlar. Bu səviyyəyə uyğunlaşmayanlar kənarda qalacaq. Ümumi məkana uyğun olmayan fərd kimi kənara atacaqlar. Çünki bu təbii seçmə prosesidir”. (Publika.az)

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir