geyim

Necə olur ki, qadınlar dəbin qurbanına çevirilir?

Baxış sayı: 1. 644

Dəb durmadan dəyişir. Mağazanın vitrinlərini demək olar ki, hər gün daha yeni geyim və aksessuarlar, kosmetik vasitələr bəzəyir. Dəb dalınca qaçanlar isə heç düşünmədən pulunu son qəpiyinə qədər yeni kolleksiyadan nəsə əldə etməyə xərcləyir. Mütəxəssislər hesab edirlər ki, bu cür insanlar dəbin qurbanlarıdır.

Psixoloq Elnurə Bağırova hesab edir ki, dəbə qarşı həssas münasibət insanın özünə olan əminsizlik, həm də gözəllik aludəçiliyinə görə də ola bilər: “Dəbə uyğun geyinmək və görünmək arzusu bəzi insanlarda xəstəlik dərəcəsinə çatır. Xüsusilə də qadınlar bu cür asılılıqdan əziyyət çəkirlər. Asılılığın ilkin mərhələsində insanlar adətən xeyli paltarlarının olmasına baxmayaraq “geyinməyə heç nəyim yoxdur” deyirlər. Onlar ümidsiz şəkildə dolabdan xeyli paltarı götürüb geyinir və narazı şəkildə güzgüyə baxırlar. Bundan sonra ikinci atacaqları addım isə pul kisəsini götürüb mağazaya getməkdir. Mağazada dəbə uyğun gördükləri son yenilikləri əldə edir və nə qədər pul xərclədiklərinin fərqinə varmırlar. Onlar yeməksiz qala bilər, amma dəblə geyinməkdən qala bilməzlər. Dəb qurbanları adətən dəblə bağlı jurnallar alır, bu haqda olan verilişləri izləyir, məşhur modelyerlərin kolleksiyalarına baxırlar. Onlar buna o qədər aludə olurlar ki, öz şəxsi həyatlarını, karyeralarını belə unudurlar. Adətən rəfiqə və sevgili kimi də dəbə uyğun adam axtarırlar. Məsələn, onlar yaxşı geyinməyən kişi və ya qadınla adamlar arasına çıxmağa utanırlar. Sevgilisinin də onun kimi dəbli görünməsi isə onlara zövq verir. Çox vaxt da bu cür həyata yanaşma insanları bədbəxt edir. Onlar üçün iş də paltarlarını göstərə biləcəkləri podiumu xatırladır”.

Psixoloq bildirir ki, dəb qurbanları dəblə ayaqlaşmaq üçün hətta borc pul götürür, kreditlə ödəyir, imkanı o qədər də yaxşı deyilsə, son halda müflisləşirlər: “Geyim almaq üçün bahalı mağazalara, xarici ölkələrə qaçan bu adamlar başqalarını dəb aləmi çərçivəsində qiymətləndirirlər. Yəni birinə baxıb “O, keçənilki paltarını geyinib”, “Bu, artıq dəbdən çıxıb”, “Bu, üçmanatlıq paltarı necə geyinib” və s. deyirlər. Onlar özlərini dəb dalınca qaçmaqla təsdiq edirlər. Əgər son kolleksiyadan geyimləri varsa, deməli həyatlarında hər şey yaxşıdır. Onlar özlərini bu halda başqalarından üstün, uğurlu və xoşbəxt hiss edirlər. Əslində isə onlar bununla başını qarışdıraraq özlərini aldadırlar. Buna bütün vaxtlarını və güclərini sərf edirlər”.

Dəb qurbanları bəzən aldıqlarını heç istifadə etmirlər. Onlar bir paltarı cəmi bir dəfə geyinib sonra dolaba qoya və ya ata da bilərlər. Belə adamlar mağazaya girib yenilikləri görəndə özlərini xoşbəxt hiss edirlər. Mağazaya girən kimi onlar yorğunluğu, stressi və problemləri unudurlar. Xüsusilə də, stress keçirəndən sonra onlar neqativ hisslərdən azad olmaq üçün çıxış yolunu alış-veriş etməkdə görürlər. “Yeni bir geyim onları daha xoşbəxt edər”, – deyən həmsöhbətimizin sözlərinə görə, dəb qurbanları adətən özlərinə nəzarət edə bilmir, hər gün daha çox pul xərcləyirlər. Pulları azalanda, yeni heç nə ala bilməyəndə isə depressiyaya düşürlər. Belə adamlar başqa məqsədlər üçün ayırdıqları pulu belə geyimə xərcləyir və buna görə təəssüflənmirlər: “Nə qədər qəribə olsa da, belə adamlar xarici görünüşünə çox xərcləsələr də, zövqsüz görünənləri də az deyil. Belə ki, onlar yaraşanı deyil, dəbdə olanı almağa üstünlük verirlər”.

Psixoloq izah edir ki, dəbdən asılılığın səbəblərini uşaqlıqda axtarmaq lazımdır. Adətən belə adamlar uşaqlıqda valideynləri tərəfindən az diqqət görürlər. Bu diqqətsizliyin əvəzinə isə valideynlər onlara bahalı oyuncaq və geyim alaraq uşağa sevgisini bu üsulla bildirirdilər. Eləcə də övladının uğurlarını hədiyyə verməklə qiymətləndirmə də gələcəkdə onlarda alış-veriş etməyə meyl yaradır. Uşaqlıqdan özünə qarşı olan əminsizlik hissi də dəbdən asılılığa gətirib çıxara bilər: “Əgər bu xüsusiyyət yetkin insanda formalaşmağa başlayırsa, bunun kökünü tənhalıq hissində axtarmaq lazımdır. Çox vaxt da dəb qurbanı qadınlar olur. Onlarsa diqqətsiz qalanda əziyyət çəkir və bunu alış-verişlə əvəz edirlər”.

Bağırovanın dediyinə görə, bu asılılıqdan qurtulmaq çətin olsa da, mümkündür. İlk növbədə belə insanlara izah etmək lazımdır ki, onlar reklamlara və dəb jurnallarına uyub bunu edirlər. Onlar manipulyasiya qurbanlarıdır və lazımsız yerə bu qədər alış-veriş etməklə başqalarına pul qazandırırlar. Yəni, onlara izah etmək lazımdır ki, səndən istifadə edirlər, sən sadəcə reklamların təsiri altında bunu edirsən. Daha sonra isə dəb dalınca kor-koranə qaçan şəxs anlamalıdır ki, o, qurbandır. Yeni geyimin, kosmetik vasitənin, parfümün onu daha da gözəl etdiyini düşünür. Əslində isə o yanılır və bəzən heç ona yaraşmayan tərzdə də harasa gedir. Gözəllik isə əslində insana yaraşan və sadə tərzdə görünməkdir. Ona qurban olmağını anlatmaq üçün dolabın qarşısına keçib saysız-hesabsız geyimləri göstərərək “bunlar hamısı puldur. Sən bu geyimlərə görə o qədər pul xərcləmisən, amma indi əksərini heç geyinmək belə istəmirsən” demək də keçərli olar. Dəb qurbanına həm də başa salmaq olar ki, o, dəyərli vaxtını yaxınlarına sərf etməkdənsə, onu dəbli “butik”lərdə keçirir. Yaxınlarının isə ona ehtiyacı var. Ən pis halda isə demək olar ki, sənin üçün yeni kolleksiyadan geyim insandan daha önəmli olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir