yas

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Baxış sayı: 1. 520

Yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar. Həmin ayinlər zaman keçdikcə cəmiyyətdə riayət edilməsi vacib olan qayda halına gəlmişdir. Beləliklə də, bəşər sivilizasiyasının inkişaf tarixi boyunca dünyanın müxtəlif xalqlarının həyatında yas mərasimləri adət-ənənəyə çevrilmişdir.

 

İslam dinində

Sonuncu səmavi dində də vəfat edən insanın dəfn edilməsi və ona təziyə saxlanılması xüsusi yer tutur. İlk növbədə qeyd edək ki, Qurani-Kərimin “Ənkəbut” surəsinin 57-ci ayəsində “Hər kəs ölümü dadacaqdır” ifadəsi insan oğlunun bu dünyadakı həyatının sonlu olduğuna işarə etməkdədir. “İsra” surəsinin 99-cu ayəsində isə bu fikir belə ifadə olunmuşdur: “Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur”. İslam inancına görə, bu dünyada həyatı sona çatan şəxs axirətdə sonsuzadək yaşayacaqdır. Məhəmməd peyğəmbər (s) bir hədisində “Qəbir cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurlarından bir çuxurdur” buyuraraq, axirət həyatının məzardan başladığına işarə etmişdir. İslam dininə əsasən, vəfat edən şəxs dəfn olunduqdan sonra ölü üçün ifrat dərəcədə ağlamaq, yas tutmaq doğru deyildir. Çünki bu halda arxasınca haray qoparılan vəfat etmiş şəxsin məzarda rahatlıq tapmadığı inancı vardır. Məhəmməd peyğəmbər (s) də ölünün ardınca bu cür yas tutmağın doğru olmadığına münasibətini belə ifadə etmişdir: “Başına, üzünə vuran, üst-başını yırtan, İslamdan əvvəlki dövrlərdəki kimi ağılarla yas tutan bizdən deyildir”.

Dinimizdə yas saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: “Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır”. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdur. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilmişdir.

İslama görə, dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Vəfat etmiş şəxsin dəfnindən sonra onun evinin ziyarət edilməsi ilə bağlı Məhəmməd peyğəmbər (s) belə buyurmuşdur: “Kim fəlakətə uğrayan qardaşına başsağlığı verərsə, Allah qiyamət günündə ona ikram geyimlərini geyindirər”.

Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq, vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə, yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür.

 

Müsəlman ölkələrində

Dövr keçdikcə və İslam dini daha geniş ərazilərə yayıldıqca dəfn və dəfndən sonrakı yas mərasimlərində müxtəlif dəyişikliklər baş vermişdir. Bunlar insanların müxtəlif yerli-milli adət-ənənələrindən, başqa mədəniyyətlərdən təsirlənməsindən qaynaqlanır.

Bu gün əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər birində dəfndən sonrakı yas mərasimləri İslami qaydalar əsas götürülməklə keçirilir. Şəriət qayda-qanunları ilə idarə edilən, teokratik ölkə olan İran İslam Respublikası ilə yanaşı, İslam qayda-qanunlarının dövlət və cəmiyyətə güclü təsiri ilə seçilən Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Nigeriya, Əfqanıstan, Liviya, Banqladeş, Pakistan, İndoneziya, Türkiyə, İordaniya, Bəhreyn, Oman və Yəməndə bütün sosial-ictimai məsələlərdə olduğu kimi, yas mərasimlərinin saxlanılmasında da qanunauyğunluq hökm sürür. Bu ölkələrdə İslamın təbliğ və təlqin etdiyi kimi yas saxlama müddəti üç gündür. Bu müddətdən artıq yas saxlamağın haram buyurulduğu ölkələrdə yaslar ya dünyasını dəyişmiş insanların evlərində, ya da məscidlərdə saxlanılır. Ölən kişinin xanımı dörd ay on gün olan iddə müddətini (qadın ərindən boşandıqda və ya əri vəfat etdikdə gözləməli olduğu müddət) saxladıqdan sonra yasdan çıxmalıdır. Digər teokratik ölkə olan Səudiyyə Ərəbistanında isə dəfndən sonra ümumiyyətlə heç bir mərasim keçirilmir.

Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçınılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır.

Türkiyə Respublikasında şəxs dünyasını dəyişdikdən sonra ona cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər başsağlıqları elə dəfn mərasimi zamanı verilir. Dəfndən sonrakı üç gün ərzində başsağlığı məqsədi ilə vəfat edən şəxsin evinə baş çəkilir. Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət mövcud deyildir.

İran İslam Respublikasında yas mərasimləri məsciddə, həm də qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir. Şəhərin hər yerində elanlar yazılır, tanışlara xəbər göndərilir və üç-dörd saat ərzində məsciddə yemək-içməksiz mərasim keçirilir.

Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və s. göndərirlər və bu yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Hətta əksər yerlərdə hüzür sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Məclislər qurulur, məclisi aparan din xadimi yuxarı başda əyləşir, Quran tilavət edir və İslam dini haqqında gələn qonaqlara məlumat verir. Qonaqlar da ev sahiblərinə başsağlığı verib mərhumun ruhuna Fatihə oxuyurlar. Suriyada yas mərasimləri zamanı gələn şəxslərə sadəcə qəhvə təklif olunur. Livanda və İraqda məclisə gələn qonaqlara çay, su və halva paylanılır.

Gördüyümüz kimi, dünyanın müxtəlif müsəlman ölkələrində yas mərasimləri İslami qaydalara uyğun olaraq keçirilir. İsrafdan uzaq, ifratçılığa yol vermədən təziyə saxlanılır. Mərasimlərdə Qurani-Kərimin qiraəti əsas yer tutur.
Və bizdə

Təəssüf ki, ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Məsələn, bir ailədən bir nəfər dünyasını dəyişir. Onun dəfni ilə yanaşı, bir sıra yersiz adətlər icra olunmağa başlanılır. Bu ağlasığmaz adətlər nəinki İslam dinində yoxdur, hətta şəriətlə ziddiyyət təşkil edir. Bəzən də o adətlər zülm və günah vasitəsinə çevrilir. Əslində həqiqi İslamla əlaqəsi olmayan o adətlərdən bəzilərini aşağıdakı kimi müəyyənləşdirə bilərik:

Toyu olmamış cavan qız və ya oğlanın cənazəsi kənarında toy xonçasının düzülməsi;

Ölənin cənazəsi önündə qoyun və ya qurbanlıq kəsmək;

Əza əhlinin süfrə açması və camaatın o məclisdə iştirakı; Halbuki dəfndən sonra üç gün əzaya düşən ailəyə yemək göndərmək müstəhəbdir və onların yanında, evlərində yemək məkruhdur.

Camaatın bir-birinin nəzərlərini çəkmək üçün yas mərasimlərini dəm-dəstgahlı təşkil etməsi, beləliklə də, qəm-kədər məclisinin şadlıq-fərəh məclisinə bənzəməsi;

Qəbirlərin cah-cəlalla düzəldilməsi və s.

Yas mərasimlərimizdə yol verilən hədsiz israfçılıq acınacaqlı haldır. Qurani-Kərimin “İsra” sürəsinin 29-cu ayəsində bununla bağlı buyurulur: “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”. “Əraf” surəsinin 31-ci ayəsində də belə buyurulur: “Yeyin-için, ancaq israf etməyin, çünki (Allah) israf edənləri sevməz”.

Ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə də varmaq lazımdır. Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Bu o deməkdir ki, ehsan sadəcə yemək süfrəsindən ibarət deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yemək süfrəsini uşaq və qocalar evində aça bilər. Eyni zamanda, yemək süfrəsinə xərclənəcək vəsait köməksiz xəstələrin müalicəsi üçün xərclənə və ya yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə işlərinə sərf oluna bilər.

Düşünün, evində hər cür nemətlərin olduğu bir insanın gəlib həmin ehsan süfrəsində yemək yeməsi ilə ac-susuz, imkansız, kimsəsiz bir insanın yemək yeməsi arasındakı fərq nə qədər böyükdür! Qohum-əqraba üçün ehsan süfrəsi açmaq əvəzinə, kimsəsiz, ac-susuz insanlara süfrə açmaq daha faydalı və savab əməldir.

Xəstə olduğu halda imkansızlığına görə müalicə oluna bilməyən nə qədər insan var. Onların dərmanını almaq, müalicəsinə kömək etməklə necə böyük savab qazanmaq olar!

Valideyn sevgisindən, qayğısından məhrum olmuş nə qədər uşaq var. Onları ziyarət etmək, tələbatlarını təmin etmək, müəyyən yaşa çatdığı üçün uşaqlar evini tərk etməli olan yetimləri himayəyə götürmək, iş tapmasında, normal həyat qurmasında köməklik göstərmək nə qədər böyük savab işdir!

Hər gün övladlarının yolunu gözləyən qocalara baş çəkmək, onların problemləri ilə maraqlanmaq, xəstə olanların müalicəsini öhdəsinə götürməkdən böyük savab iş nə ola bilər?!

Ehsan süfrəsinə xərclənəcək vəsaiti təmirə ehtiyacı olan məktəblərimizə verə, soyuq otaqlarda oturan uşaqlarımız üçün istilik sisteminin təmirinə sərf edə bilərik.

Saymaqla bitməyən nə qədər xeyir əməllər var. Ehsanımızı israfçılıqdan ibarət yemək süfrəsi ilə məhdudlaşdırmayaq. Əgər yenə də ehsan süfrələri açılacaqsa, heç olmasa, İslama zidd olmasın.

Yas mərasimləri ilə bağlı bütün İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi də fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə etmişdir. İnsanlarımız da bu tövsiyənin mahiyyətinə varıb, İslama zidd davranışlarından çəkinməlidirlər.

Yas mərasimlərində müqəddəs kitabımız Qurani-Kərimin qiraət olunması, başsağlığına gələnlərə daha çox mənəviyyatı zənginləşdirən, insanlara İslam dininin əsaslarını öyrədən təbliğatın yer alması, insanlarımızı dini cəhətdən maarifləndirən söhbətlərin aparılması məqsədəuyğundur.

 

Elnarə Kərimova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir