soz

Öz dilimizdə niyə danışa bilmirik?

Baxış sayı: 2. 053

Başqa dildən olan bir sıra yeni sözlər var ki, onları gündəlik danışıq dilimizdə tez-tez işlədirik. “Ostanovka”, “zaryadka”, “rozetka”, “ruçka” belə sözlərdəndir. Əksər belə sözlərin qarşılığı Azərbaycan dilində təqdim olunsa da, hələ də danışıq dilimizdə işlədilmir. Ekspertlərin fikrincə, dil pozuntularına görə cərimələrin tətbiqi bu problemi çözə bilər.

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Bu barədə APA-ya bildirən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: “”Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S.Sadıqova qeyd edib ki, kompüter “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.

Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli bildirir ki, tezliklə dil pozuntularına görə cərimələr tətbiq ediləcək: “Bunun üzərində işləyirik. Baltikyanı ölkələrdə belə bir təcrübə var, dil polisi adlanan qurum dil pozuntularına nəzarət edir və dil qaydalarının pozulmasına görə cərimələr tətbiq edirlər. Bizim millətdə də mentalitetlə bağlı məsələ var. Necə ki, yol qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, gərək dil qaydalarının pozulmasına görə də cərimələr tətbiq olunsun ki, öz dilimizdə təmiz danışaq. Əvvəllər piyada keçidlərindən istifadə etmirdilər, amma cərimələr tətbiq olunduğu üçün artıq hamı piyada keçidindən keçir. Dil ilə bağlı da belə olmalıdır. Nəzarət olsa, vətəndaş qanunu pozmayacaq. “Dil haqqında”, “Reklam haqqında” qanunlarda da bu var. Obyekt adları Azərbaycan dilində yazılmalıdır, amma yenə də əksər adlar ingilis dilində yazılır. Amma “Reklam haqqında” qanunun 4-cü maddəsində deyilir ki, adlar dövlət dilində yazılmalı, sonra əsas yazıdan kiçik həcmdə başqa bir xarici dildə reklam verilə bilər”.

Türkiyədə də belədir, dillərində tez-tez işlədilən türk sözlərinin qarşılığı verilir, amma yenə də çox vaxt “pardon”, “mersi” sözlərini gündəlik danışıqlarında istifadə edirlər. “Azərbaycanda da dilimizdə işlədilən başqa dillərdən olan yeni sözlərin qarşılığını vermişik, bununla bağlı lüğətlərimiz çıxıb. 2017-ci ildə “Yeni mənalar və yeni sözlər” lüğəti Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsi əməkdaşları tərəfindən hazırlandı və bu lüğət çox böyük maraqla qarşılandı. Eləcə də, 2017-ci ildə “İzahlı Terminlər Lüğəti” cəmiyyətin istifadəsinə verilib”.

Yeni sözlərin geniş istifadəsi üçün təbliğatı vacib sayan müsahibimiz deyir ki, əksəriyyət hələ də yeni sözlərin qarşılığının verildiyini bilmir. Dediyinə görə, məsələn, “rozetka” sözünün yerinə “elektrik yuvası” təklif olunub. “Amma bunu çox az adam bilir. Təklif olunan sözlər dərhal qəbul olunmur. Bu sözlərin qəbul olunması üçün müəyyən zaman keçməlidir. Yeni təklif olunmuş sözlər dildə işlədilməlidir. Təbii ki, cəmiyyət qısa müddət ərzində bu sözləri qəbul etməyəcək. Tutaq ki, mətbuatda, virtual aləmdə bu sözlər yazılsa, televiziya və radioda işlədilsə, tədricən gündəlik danışıq dilimizdə yer alacaq”.

Məhərrəmli qeyd edir ki, yeni sözlərin qarşılığının verilməsi ilə bağlı işlər davam etdirilir: “Ölkədə başqa dillərdən olan yeni sözlərin qarşılığının verilməsinə böyük ehtiyac var. Biz hazırda televiziya jurnalistləri üçün treninqlər keçiririk. Onlar da bizim iradlarımıza qarşı haqlı olaraq bildirirlər ki, siz yeni sözləri təklif etməmisiz ki, biz də istifadə edək. Biz də öz funksiyamızı yerinə yetirərək, bu sözləri cəmiyyətə təqdim edirik. Onun cəmiyyətdə qəbul olunub-olunmaması zaman məsələsidir”.

Həmsöhbətimiz əlavə edir ki, vətəndaşların yeni sözlərin təklif olunması barədə xəbəri olmalıdır: “İlk növbədə yeni sözləri ziyalılar işlətməlidir, getdikcə bu kütləviləşməlidir. Kütləviləşdikdən sonra yeni sözlərin işlədilməsi norma kimi qəbul olunacaq. Mətbuatda, bədii əsərlərin dilində, xüsusilə, televiziya və radioda buna fikir verməlidirlər. Yeni sözlər işləndikcə yaddaşlarda qalacaq. Necə ki, vaxtilə bir sıra sözlər dilimizə daxil edildi. Məsələn, fransız mənşəli serjant sözü rus dilindən bizim dilimizə gəlmişdi. Onu biz qədim türk sözü çavuşla əvəz etdik. Və yaxud multiplikasiya filmi cizgi filmi ilə əvəz olundu. Görürsünüz, bir sıra belə sözlər var ki, zaman keçdikcə qəbul olundu, işlədilir”.

Onun sözlərinə görə, orta məktəblərdə müəllimlərin özü də dil normalarına riayət etmirlər: “Fikir vermişəm ki, dəfələrlə müəllimlər özləri də dərsdə qələmə “ruçka” deyirlər. Və yaxud vətəndaş deyir ki, “ostanovka”da saxla. Bunu kiminsə boynuna qoymaq olmur, vətəndaşın özünün vətənpərvərlik hissi olmalıdır ki, öz dilində olan sözü işlətsin”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir