komputer

Sosial şəbəkələr öldürür?

Baxış sayı: 1. 382

Sosial şəbəkələr yeniyetmə və gəncləri öldürür. Bu, Amerika alimlərinin gəldiyi qənaətdir. ABŞ-da bir neçə il aparılan tədqiqatlar göstərib ki, 2010-2015-ci illərdə yeniyetmələr arasında depressiya və intihar halları artıb. Bu müddət ərzində intiharların sayı 23 faiz, 13-18 yaş qrupu uşaqlar arasında isə 31 faiz artıb.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, intiharların və depressiya hallarının artması smartfonların və sosial şəbəkələrin yayılması ilə sıx bağlıdır. Belə ki, gündə 5 saatdan çox vaxtını smartfonla və ya sosial şəbəkədə keçirən yeniyetmələr bir saatdan az vaxt keçirən yeniyetmələrə nisbətən 71 faiz daha çox depressiyaya meyillidir.

Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, Azərbaycanda yeniyetmə və gənclər arasında intihar hallarının, depressiyanın artmasının əsas səbəbi ailədaxili münaqişələrdir: “İntihar hadisəsi baş veribsə, deməli, depressiyadan irəli gəlib. Bu, bir saniyədə, eyni zamanda bir-iki günün içində baş verən hadisə deyil. İntihar baş veribsə, bu, uzun ayların sürdüyü üzüntünün, dərin iz salmış depressiyanın nəticəsidir. Əgər intihar hadisələri artırsa, deməli, depressiya çoxalıb. Bunlar bir-birinə zəncirvari bağlı hadisələrdir. Depressiyasız intihar olmur, intiharsız və ya buna cəhdsiz depressiya”.

“Depressiyanın da ağırlıq mərhələsi var”,-deyən psixoloqun sözlərinə görə, amma bu o demək deyil ki, hər depressiyada olan intihar edir. Onun bildirdiyinə görə, amma depressiyanın ağır və çox dərin forması insanı intihara gətirib çıxara bilir. Depressiya aylarla, illərlə keçmirsə, insanın daxilində yaşıyırsa, çox hallarda uşaqlıq illərindən başlayaraq gizli formada özünü göstərirsə, bu acı sonluqla nəticələnə bilər. “Təcrübəmdən uşaqlıq depressiyalarını çox görmüşəm. Təəssüf ki, valideynlər, bunu anlaya bilmir. Uşaq özünə qapanır, söhbət etmir və valideynlər yanlış olaraq düşünür ki, uşaq tək qalmağı xoşlayır. Əslində isə bu, uşaqlıq depressiyasıdır. İllərlə bu acı duyğular, iztirablar üst-üstə gəldiyindən, intihar, bəzən qaçılmaz olur”.

V.Rəşidova qeyd edir ki, sosial şəbəkələrdən, smartfonlardan geniş istifadə edən yeniyetmə və gənclər arasında intihar və depressiyanın daha geniş yayıldığında həqiqət var: “Amma bunu hər kəsə aid etmək doğru olmaz. İnsanların stressə davamiyyəti və həyata baxış tərzi tamamilə fərqlidir. Adam var ki, stressə davamiyyəti zəifdir və həyata baxışı dar çərçivədədir. “Facebook”, “İnstagram”da gördüyü insanların uğurlu həyatına, paylaşımlarına baxaraq kədərlənir, hətta aralarında həyatdan, taleyindən küsənlər də olur. Mən hər zaman yeniyetmə və gənclərə deyirəm ki, “İnstagram”da hər gördüyünüzə inanmayın. “Facebook” və “İnstagram”dakı paylaşımlar heç də göründüyü kimi deyil. Ümumiyyətlə, həyatda çox az şey göründüyü kimidir. Kimisə özünü, həyatını necə görmək, daha doğrusu göstərmək istəyirsə, sosial şəbəkələrdə o cür paylaşır. Yeniyetmə və gənclər isə bunu elə də anlamır. Onlar baxırlar ki, “Səndə var, məndə yoxdur”, “Sənin xoşbəxt sevgin var, məni isə sevgilim atıb”, “Sənin təhsildəki nailiyyətlərin, işgüzar həyatın var, mənim niyə yoxdur?”, “Niyə məndə hər şey belə pisdir?” bu kimi fikirlər həqiqətən yetkin insanları belə üzsə də, yeniyetmə və gənclər daha çox təsirlənir. Valideynlər bunun fərqinə varsalar və övladlarına bu gerçəkləri izah etsələr, intihar halları da azalar”.

Müsahibimiz bildirir ki, sosial şəbəkə istifadəçiləri arasında intihar halları və depressiya həm də ona görə artır ki, insanların fəaliyyəti, məşğuliyyətləri kasaddır. İdmana getmir, hobbisi yoxdur, kitabxanaya getmir, özü üçün vaxt ayırmır, dostları ilə çox söhbət etmir, oturub bir stəkan çay içmir, heç kimlə bölüşmür, əylənmir, həyatdan zövq almır, təmiz havada olmur və bütün günü sosial şəbəkədədir. “Əlbəttə, beyin bu informasiyalardan o qədər yorulur ki, pozulur. Kimsə olmayan zəngin bir həyatını reklam edir, orada nümayiş etdirir, insanların da çoxu buna inanır. Gözlə gördüklərinə inanır və hər dəfə belə dırnaqarası mükəmməl həyatları izləyincə, depressiyaya düşür, xoşbəxt ola bilmir. Həmin insanlara “Mən də yoxdur, onda var”, “Mən bacarıqsızam”, “Məndə heç nə alınmır” düşüncəsi hakim kəsilir. Əlbəttə, belə hallarda depressiya və intihar baş verir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir