Xaricdə təhsil alan gənclərimizi sizə tanıtmaqda, onlarla fikir mübadiləsi etməkdə davam edirik. “Gencaile.az” saytının “Tələbə bileti”nin budəfəki qonağı Roma Sapienza Universitetində İnkişaf və Beynəlxalq Əməkdaşlıq ixtisası üzrə magistr təhsili alan Sənan Mehdidir.
– Adətən, azərbaycanlı tələbələr ölkəmizə yaxın olan dövlətlərdə, əsasən də Türkiyədə təhsil almağa üstünlük verir. Siz isə İtaliyaya üz tutmusunuz. Bunun səbəbi nədir?
– İtaliyada təqaüd şansının daha böyük olduğuna, eləcə də təhsil aldığım Sapienza Roma Universiteti həm qədimliyinə, böyüklüyünə, akademik azadlığının olmasına, həm də reytinq cədvəllərində yüksək pillələri tutduğuna görə diqqətimi cəlb etdi.
– Yeri gəlmişkən, İtaliyaya gedişiniz necə reallaşmışdı?
– Qərb təhsili sistemini görmək üçün xaricdə təhsil almağı çoxdan planlaşdırırdım. 2015-ci ildə artıq Litvada bir il oxuduğum magistr proqramımı saxlayıb, hazırda təhsil aldığım universitetə müraciət etdim, qəbul olundum, vizaya müraciət edəndə hazırda da davam edən tələbə vizalarının kütləvi imtinası prosesi başladı. Çoxları kimi mən də ilk olaraq viza ilə bağlı çətinliklə üzləşdim. Sonradan müsbət cavab aldım və İtaliyaya yollandım.
– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?
– Təhsildə akademik azadlıqlar çox vacibdir, mühit azad olanda artıq inkişafdan söhbət gedə bilər, bu baxımdan İtaliyada təhsil sistemi kifayət qədər qənaətbəxşdir. Təhsildə rüşvət halı ilə bağlı birmənalı deyə bilərəm ki, rastlaşmamışam.
– Ümumiyyətlə, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?
– Dərslər interaktiv şəraitdə keçirilir ki, bu da təhsil sisteminin önəmli məqamlarındandır. Professorlarla mühazirələrdən də kənar, e-mail-lərdə yazışıb, əlavə görüşlər təşkil etməklə müzakirələri davam etdirmək mümkündür. Elə professorlar var ki, tələbənin çətin məqamlarında, yəni, məsələn, imtahanın vaxtı heç cür uyğun gəlmirsə imtahanın vaxtını dəyişmək və ya fərdi imtahan təyin etmək kimi də dəstək verirlər. Hətta tələbə çox çətinlik çəkirsə, professor onun üçün imtahan imitasiyası təşkil edib, imtahana hazırlaşdırır.
– Artıq üç ildir İtaliyadasınız. Bu ölkə ilə Azərbaycan təhsil sistemi arasında hansı fərqli cəhətlər diqqətinizi çəkir?
– Italiyada tələbələrə daha çox azadlıq verilir, misal olaraq qeyd edim ki, mühazirələrdə iştirak etmək vacib deyil. Tələbələr iştirakçı və qeyri-iştirakçı kimi qeydə alınırlar. Amma məsələ orasındadır ki, iştirak etməyənlər iştirakçı tələbələrdən daha çox kitab-məqalələr oxumalıdır. Digər ölkələdəki universitetlərdəki sistemdən fərqli olaraq, Italiya təhsil sistemi tələbələrə semestr ərzində bir neçə imtahan vermək şansı verir, yəni bəzi digər ölkələrdə olduğu kimi ilk kəsrlərdən sonra eyni imtahana növbəti giriş ödənişi etmədən tələbələr imtahanlarda sərbəst iştirak edir.
– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…
– Məlum məsələdir ki, Italiya mətbəxi çox məşhurdur. Özüm hazırlamadığımdan daha çox italyan və türk yeməklərinə üstünlük verməkdəyəm. İtalyan mətbəxindən lazanya maraqlı yemək növüdür, xəmir yeməyidir, bir az xingalı xatırladır. İtalyan mətbəxi gürcü mətbəxi kimi daha çox xəmiryönümlüdür. Ümumilikdə isə, mənim üçün Azərbaycan mətbəxi liderliyini qoruyur.
– Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?
– Tələbə evində qaldığım üçün məişət işləri ilə məşğul olmuram, demək olar.
– Romada olduğunuz dövr müəyyən qənaətlərə gəlmək üçün az zaman deyil. İtaliyalı gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?
– Sevgi-evlənmək məsələsi hər cəmiyyətdə sentimantaldır. Bu məsələlər fərdidir. Avropada tərəflər bir-birilərini tanımaq üçün uzunmüddətli münasibətlərə üstünlük verirlər. Hətta bu 7-8 ilədək davam edir. Bunun adını sevgi və ya məntiq də qoya bilərsiniz, çünki sevgi olmasa o qədər vaxt sərf etməzlər, və ya məntiq olmasa, o qədər uzun bir müddətdə fikirlərini, uyğunluqları yoxlamazlar.
– Ümumiyyətlə, azərbaycanlı və italiyalı gənclərin həyat tərzi çox fərqlidirmi?
– Italiyada da gənclər arasında işsizlik faizi çoxdur. Maraq dairələri bizdəki kimi fərqlidir, elmə-təhsilə daha çox meyli olanlar, əyləncəni daha üstün tutanlar eynən. Amma onu deyim ki, universitetimizin həyətində tez-tez partilər təşkil olunur, bu hətta sosial-siyasi məsələlərə etirazla bağlı olur. Əyləncələrin formalarında fərqlər ola bilər, məsələn, bizdə əsas məşğuliyyət domino-çayxana, onlarda bar-pub və s.
– Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan italiyalının maddi təminatı necədir? Nə təsir bağışlayır sizə?
– Italiyada minimum əmək haqqı 1000-1200, orta maaş isə 2000 avrodan bir az çoxdur. Əyləncə, restoran sektoru, ticari obyektlər daim yüksək fəaliyyətdədir.
-Yerli əhali ölkəmiz haqda hansı informasiyalara malikdir? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi, yoxsa avropalı kimi qəbul edirlər?
– ABŞ-dan fərqli olaraq, Avropada, xüsusilə İtaliyada Azərbaycanı müəyyən qədər tanıyırlar, ancaq ölkənin adını eşitməyən adamlara da rast gəlmək mümkündür.
– Maraqlıdır, orda gördüyünüz hansı xüsusiyyətlərin ölkəmizdə olmasını istərdiniz?
– İtaliyadakı imtahan sisteminin tətbiq edilməsini, qadın avtobus sürücülərinin olmasını istərdim.
– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?
– Təbii ki, Qarabağ problemi, ictimai-siyasi, diplomatik və digər məsələlərlə bağlı hər zaman müzakirələrimiz olur.
Söhbətləşdi: Tural Məmmədov