Cəmiyyətdə belə fikir formalaşıb ki, ailədə qadınılar döyülür, alçaldılır, amma Azərbaycan ailələrində kişilərin də zorakılığa məruz qalması faktları var. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il yarım ərzində Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilər olub.
Komitənin məlumatında bildirilir ki, 2015-ci ildə banka 346, 2016-cı ilin I yarısında 184 fakt daxil edilib. Ümumilikdə banka daxil olan 530 məişət zorakılığı faktı təhlil olunub və müəyyən edilib ki, məişət zorakılığına məruz qalan kişilərin 9,2 faizi yetkinlik yaşına çatmayan oğlanlar, 3,2 faizi qocalar, 2,1 faizi isə 25-45 yaşlı kişilərdir.
Bildirildiyinə görə, kişilərə qarşı daha çox psixoloji zorakılıq törədilir. Bu zorakılıq ailə üzvləri tərəfindən törədilə bilər – kişi kişiyə qarşı, qadın kişiyə qarşı və s. ola bilər. Qadınlar tərəfindən kişilərə qarşı qətl də törədilir.
Qeyd edək ki, fiziki zorakılıqla bağlı məlumatların öyrənilməsi asan olsa da, 99 faiz psixoloji və seksual zorakılıq halları ilə bağlı müraciət daxil olmur. Zorakılığa məruz qalan əksər insanlar dövlət orqanlarına müraciət edəndə bəzi məsələlərin bağlı qalmasını istəyir.
Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, Azərbaycan ailələrində də kişilərə qarşı zorakılıq, alçatma, təhqir etmə faktları olur: “Çox adam elə fikirləşir ki, yalnız qadınlar və uşaqlar zorakılığa məruz qalır. Əslində bu, belə deyil. Ailədə gizli qalan məqamlar olur ki, mental dəyərlərimizə yaraşdırmadığımız üçün açıqlamırıq. Kişi zorakılığı ailə sirri kimi saxlanılır. Kişilərə qarşı zorakılıq həm fiziki, həm də psixoloji ola bilər. Fiziki zorakılıq cana zərər yetirsə də, psixoloji zorakılıq ruhumuzu incidir. Bir kişi üçün psixoloji zorakılıq dözülməzdir. Psixoloji basqı, psixoloji zorakılıq izlərini ömür boyu saxlayır. Fiziki zorakılıq, ağrı keçib gedir. Amma psixoloji zorakılıq insanın bütün mənəviyyatına təsir göstərə bilir”.
V.Rəşidova qeyd edir ki, kişi həmişə ailə üzvlərinin ona hörmətlə yanaşmasını umur: “Elə ailələr var ki, qayınana, baldız, arvadı kişini saymır. Bu da əslində bir psixoloji zorakılıqdır. Təbii ki, bu problemin kökü kişinin özü ilə, onun ailədə yaratdığı xaotik vəziyyətlə bağlıdır. Bumeranq kimi özünə qayıdır. Amma fiziki və ya mənəvi zorakılıq bir kişi üçün ölümə bərabərdir. Elə kişilər daha çox insult, infarkt keçirir, ürək xəstəliyinə tutulur, nevroz olurlar, depressiv vəziyyətə düşürlər. Çünki onlar dərdlərini, fikirlərini, hisslərini, problemlərini kiməsə danışa bilmədikləri üçün içinə atıb insult həddinə gəlib çatırlar. Zorakılığa məruz qalmaq kişi üçün utanc verən bir haldır. Zorakılıq kişinin qaldıra bilməyəcəyi problem, hətta faciədir. Belə dözülməz şərait onların intihar etməsinə də təkan verə bilər”.
Həmsöhbətimiz hansı qadınların ərlərinə zorakılıq etməyini və bunun səbəblərini də açıqlayıb: “Açıq deyəcəyəm, çox vaxt öz ata evində atası və ya qardaşları tərəfindən zorakılıq görən qadınlar ərlərinə qarşı bunu edirlər. Digər qism qadınlar həyat yoldaşından şiddət, zorakılıq, mənəvi alçalma görüb deyə eyni davranışı güzgü effekti kimi ona göstərməyə çalışır. İsterik xarakterli qadınlar var ki, onlarla yola getmək olduqca çətin olur. Nevroz halında olurlar deyə, həyat yoldaşlarına zorakılıq tətbiq edə bilirlər. Bu, xanımın aldığı travmalardan irəli gəlir. Heç bir xanım istəməz ki, həyat yoldaşını o vəziyyətə gətirib çıxarsın. Bəzən bunu kişiyə qarşı o qədər hirsli edir ki, özü də bunun fərqində olmur. Və yaxud kişiyə qarşı zorakılıq etdiyinə görə özünü çox xoşbəxt hiss edən xanımlar da olur. Psixi problemlərdən, psixopatiyadan əziyyət çəkən xanımlar da kişi ilə münasibətini bu həddə gətirə bilir”.
Hüquqşünas Aynur Musayevanın dediyinə görə, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə hər hansı şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir: “Məişət zəminində fiziki zorakılıq qeyd olunan şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasından ibarətdir. Məişət zəminində psixi zorakılıq qeyd olunan şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir”.
Aynurə MƏMMƏDOVA