universitet

Varlıların üstünlük verdiyi dünya universitetləri – birmənalı seçimin sirli səbəbləri

Baxış sayı: 1. 640

Demək  olar ki, hər gün dünya varlılarının həyatı ilə bağlı bir-birindən fərqli xəbərlər oxuyuruq. Necə yaşayırlar, bu mərtəbəyə necə yüksəliblər, hansı uğurların sahibləridir və s. Və bu məlumatların hər birini oxuyarkən insanın beynində bir neçə sual yaranır: bu qədər varidatın sahibi olmaları təkcə şans əsəridir, ya güclü bir təhsilin rolu danılmazdır? Və ya onlar harda təhsil alıblar, hansı universitetin yetirmələridir?

 

Varlılar “köhnə üsulla təhsil”ə qayıdırlar

Ali məktəb mərhələsinə keçmədən sizə maraqlı bir bilgi verək. Artıq dünya varlıları kiçik yaşlı uşaqlarının məktəb həyatını keçmiş modellə həyata keçirmək istəyirlər. Məsələn, onlardan biri ilə sizi tanış edək. Bu məktəb dünyanın ultra varlı adamlarının və E-Bay, Google, Apple, Yahoo ve H-Packard kimi texnologiya nəhənglərinin uşaqlarını oxutduğu “Waldorf School of the Peninsula” məktəbidir.

Məktəbi maraqlı edən və varlıların rəğbət bəsləməsinə səbəb olan tək bir özəlliyi var. O da “köhnə üsulla təhsil”dir. Yəni bu məktəbdə kompüter, noutbuk kimi heç bir texnoloji alət yoxdur. Lövhə də müasir olanlardan deyil. Keçmiş, qara lövhə, təbaşir. Şagirdlər kağız-qələmdən istifadə edir və bununla da öz bacarıqlarını 100 faiz nümayiş etdirirlər.

Bundan başqa, hörgü və tikiş iynələri, bəzən də palçıqla bəzi məşğələlər edilir. Bununla da uşağın bütün əl bacarıqları inkişaf etdirilir. Bunun xaricində oyunların çox olduğu dərslər və hekayə danışma saatları da keçirilir.

Qısacası, bu məktəbdəki bir uşaq yemək hazırlamaqdan tutmuş, tikiş tikmək, bağçada çalışmaq, heykəl düzəltməyə qədər bir çox sahədə öz bacarıqlarını inkişaf etdirir. Texnologiya divləri hesab edirlər ki, köhnə üsuldakı bu təhsil uşağın əl bacarığından zəka inkişafına qədər hər sahədə faydalıdır. Təsəvvür edin ki, dünyanın ən ağıllı telefonlarını istehsal edən adamlar öz uşaqlarını texnologiyadan uzaq tuturlar. Demək ki, onlar da uşaq üçün nəyin faydalı, nəyin zərərli olduğunu bilirlər.

Səbəb isə sadədir. Texnoloji bir cihaz uşaqların zəka tənbəlliyinə səbəb olur. Bütün gün telefonla, noutbukla işləyən uşaqlar radiasiyaya məruz qalırlar. Bundan başqa, onlar şişmanlığa da meylli olurlar. Düşünün ki, bütün gün hərəkət etmədən bu alətlərin əsirinə çevrilən uşaqdan nə gözləmək olar?

 

Milyonçuların təhsil ocaqları bunlardır

Amma dünya milyonerləri bu cür məktəblərdən sonra uşaqlarının ali təhsili üçün tərcihlərini fərqli istiqamətdə edirlər. Böyük Britaniyanın aparıcı investisiya şirkəti Skandia imkanlı britaniyalılar arasında onların təhsil aldıqları yer mövzusunda tədqiqat aparıb. Məqsəd hansı təhsil müəssisəsinin gələcəyin milyonçularını yetişdirdiyini öyrənmək idi.

Beləliklə, milyonçuların təhsil ocaqlarından biri olan London universitetində (University of London) təxminən 120.000 tələbə təhsil alır. Universitet bir çox şöbələrdən ibarətdir və tərkibində 19 kollec və 10 ixtisaslaşmış tədqiqat institutunu birləşdirir. London universitetinin məşhur məzunları arasında ABŞ-da milyardlar qazanmazdan qabaq London universitetinin London School of Economics şöbəsində təhsil almış Corc Sorosu qeyd etmək olar.

Digər bir milyonçu, yazıçı Ken Follet də bu təhsil müəssisəsinin fəlsəfə fakültəsində oxuyub. Eləcə də, The Rolling Stones-un solisti Mik Caqqeri qeyd etməliyik.

Məşhur ali məktəb britaniyalılardan başqa, xarici tələbələri də özünə cəlb edir ki, bu da onu Böyük Britaniyanın ən nüfuzlu universitetləri arasında liderə çevirir. Həm də London universiteti ən varlı tələbələrin oxuduğu ali məktəblər arasında ikinci yerdədir.

Milyonerlərin ikinci təhsil ocağı kimi Oksfordun (Oxford University) adını çəkirlər. Tələbələrin bu ali məktəbin hansı istiqamətini seçməsindən asılı olmayaraq, hər şey onlara uğur vəd edir. Hansı fəaliyyət sahəsinin seçilməsindən asılı olmayaraq, bu universitetin məzunlarının əksəriyyəti müvəffəqiyyət əldə edir.

Sübut olaraq onu qeyd edə bilərik ki, bu ali məktəbin məzunlarının 8%-i Britaniya milyonçularına çevrilib. Oksfordda bir çox məşhur siyasətçilər, yazıçılar, biznesmenlər, ictimai xadimlər təhsil almışlar, onların arasında dahi mütəfəkkirlər, alimlər və iş adamları var. Aktyor Hyu Qrant isə 1979-cu ildə İngilis ədəbiyyatı üzrə təhsil almaq üçün aldığı qrant sayəsində Oksfordda oxumaq imkanı əldə edib. Bunlardan başqa, Oksfordun məzunları arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton və milyarder Net Rotşild də var.

Sorğuda iştirak edən milyonçuların 5,5%-i məhz Kembric Universitetinin (Cambridge University) divarları arasında təhsil alıb. Bütün sərvətini “Me and my girl” müzikli sayəsində toplamış Stiven Fray də Kembricin məzunlarındandır. Bundan əlavə, məhz bu təhsil müəssisəsindən 88 Nobel mükafatı laureatı çıxıb.

Sorğusu alınmış milyonerlərin 4%-i vaxtilə Lids Universitetini (University of Leeds) bitiriblər. “Dire Straits” rok-qrupun vokalisti, gitaraçısı və mahnılarının müəllifi Mark Noplfer də bu universitetdə təhsil alıblar. Deyilənə görə, universitetdə Britaniyanın ən kasıb tələbələri təhsil alır.

40.000 nəfərin təhsil aldığı Mançester Universiteti (University of Manchester) 3,5% milyoner üçün “mərhəmətli ana” olub.

Sent-Endryus Universiteti Şotlandiyanın ən qocaman ali məktəblərindən hesab olunur. O, Mançester Universiteti ilə beşinci yeri bölüşür.

Sorğuda iştirak edən milyonçuların 2,7%-i isə Birminhem Universitetində oxuyub. Onun məşhur məzunları arasında “Manchester United” futbol klubunun icraçı direktoru və Futbol Assosiasiyasının Direktorlar Şurasının üzvü Devid Qilldir.

Bristol Universiteti (Bristol University) 2,3 %-lik milyonerlə fəxr edə bilər. Milyonçuların 2,3%-i – Edinburq Universiteti (University of Edinburgh), 2%-i isə Birminhemdəki Aston Universitetinin (Aston University) payına düşür.

Image result for Bristol University

Amerikan milyarderləri isə bu ali məktəbləri tərcih edir

Amma bu məsələdə ən çox diqqət çəkən nüans Amerikanın milyoner və milyarderlərinin təhsil aldığı ali məktəblərdir. Çünki dosye xarakterli məlumatlar göstərir ki, zəngin və uğurlu iş adamlarının, alimlərin, biznesmenlərin böyük əksəriyyəti bu məktəblərin məzunlarıdır. “Amerikanın səsi” bu ali məktəblərin siyahısını təqdim edib.

QS Dünya Universitetləri Cədvəlinə əsasən ABŞ elitar təhsil ocaqları arasında ən çox universitetə malik olan ölkədir. 30 Amerika universiteti dünyanın ən güclü 100 universiteti siyahısında yer alır. Gələcəyin ixtiraçıları, liderləri, mütəfəkkirləri və mühəndislərini yetişdirən həmin bu təhsil ocaqları Qərb sivilizasiyasının bünövrəsini təşkil edir. Milyardlarla dollar büdcəyə sahib universitetlərin bəxş etdiyi misilsiz təhsil Amerika universitetlərinə xaricdən hər il milyonlarla tələbəni cəlb edir. Sıralamaya görə, ABŞ-ın ən güclü 10 universiteti bunlardır:

1.Massaçusetts Texnologiya İnstitutu – İngiliscə MIT (Massachusetts Institute of Technology) abreviyaturası ilə tanınan ali təhsil ocağı təkcə ABŞ yox, dünya miqyasında bir nömrəli universitet sayılır. Dörd ildir ki, titulu əldə saxlayan elm mərkəzi çoxlu məşhur və uğurlu məzunlar yetişdirib. Əsasən fiziki elmlərə və mühəndislik dərəcələrinə görə tanınan MIT son illərdə biologiya, iqtisadiyyat, linqvistika və menecment fənlərində də öncüllüyü ələ alıb.

Stanford Universiteti – 2017-ci ilin statistikasına əsasən dünyada ikinci yeri tutan Stanford Universiteti sahibkarlıq atmosferinə və yüksək keyfiyyətli biznes kurslarına görə tanınır. Mühəndislik və texnologiya sahələrində MIT ilə sıx rəqabətdədir. Stanford Universitetinin məzunları bir çox beynəxalq miqyaslı şirkətlər yaratmağa nail olublar. Bunların sırasında Google, Yahoo, Nike və Instagram var.

Harvard Universiteti – Dünyada üçüncü ən qüdrətli universiteti kimi tanınan Harvard Universieti elm və tibb sahələrində ən yuxarı pillədə qərar tutur. Humanitar və incəsənət sahələrində isə yalnız Britaniyanın Kembric Universitetindən bir addım geridə qalır. 1636-cı ildə əsası qoyulmuş Harvard Amerikanın ən qocaman və ən varlı təhsil ocağıdır.

Kaliforniya Texnologiya İnstitutu – Caltech (California Institute of Technology) kimi tanınan ali təhsil ocağı dünya sıralamasında beşinci yerdə gedir. Cəmi 2,200 tələbəsi olan universitet elitar qruplaşmada ən kiçik universitetdir. Dəqiq elmlər və mühəndislik fənlərində ixtisaslaşmasına görə bu universitet böyük prestijə malikdir. Təbii elmlər də institutun güclü aspektidir.

Çikaqo Universiteti – Dünyanın 9 nömrəli universiteti həm humanitar, həm də elmi ixtisaslaşdırmasına görə tanınır. Çikaqo Universitet Nəşriyyatı ABŞ-ın ən iri nəşriyyatıdır. Bu universitetin məzunları arasında 89 Nobel mükafatı laureatı var. Miçiqan Gölü sahilində yerləşən universitetin fizika fakültəsi kampusdakı futbol meydançasının altında dünyanın ilk özünü hərəkət etidrən nüvə reaksiyası inkişaf etdirib.

Prinston Universiteti – Dünya sıralamasında 13-cü yerdə gedir. 1746-cı ildə təməli qoyulmuş universitet humanitar fənlərdə üstünlük nümayiş etdirir. Universitet tələbələrinə səxavətli təhsil təqaüdləri verir və bütün zümrələrin təmsilçilərinə təhsil imkanı bəxş etməyə çalışır. Bir çox başqa uğurlu adamlardan əlavə, Prinston Universitetinin məzunları sırasında sabiq prezidentlər Vudro Vilson və Ceyms Madison yer alır.

Kornell Universiteti – Nyu York ştatının şimalında yerləşən universitet jurnalistika və Amerika araşdırmaları üzrə ön sırada yer alır. İngilis aktyor Con Klis burada dərs deyir. Məktəbin məzunları arasında “Elm adamı” kimi tanınmış Bill Nye var.

Yel (Yale) Universiteti – Amerikanın ən qocaman universitelərindən biri 1701-ci ildə fəaliyyətə başlayıb. 1861-ci ildə Yale Universiteti ABŞ-da ilk elmlər doktorluğu dərəcəsi verən universitet olub. Universitetin məzunları arasında beş sabiq ABŞ prezidenti və 13 milyarder var.

Cons Hopkins Universiteti – Dünya sıralamasında 17-ci yeri tutan universitet məşhur sahibkar, quldarlıq əleyhinə fəal və filantropist Cons Hopkinsin adını daşıyır.

Pennsilvaniya Universiteti – ABŞ dövlətinin qurucularından olan Bencamin Franklinin əsasını qoyduğu universitet dünya üzrə 18-ci yeri tutur. Bütün sahələrdə, ələlxüsus tibbi araşdırmada yüksək reytinqlərə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir