Gulustan Eliyeva

Tanınmış xanəndə: “Balamın balası balamı əvəz edə bilməz” – MÜSAHİBƏ

Baxış sayı: 2. 019

“Valideyn olmaq ülvi hissdir, ancaq nənə olmaq bambaşqa duyğudur” – bu sözləri bizə əməkdar incəsənət xadimi, tanınmış xanəndə Gülüstan Əliyeva deyir. “Mənim nəvəm” rubrikamızın qonağı olan sevilən sənətçinin yaradıcılığına bələd olsaq da, bu dəfə onu nənə kimi tanımağa çalışdıq.

Yəqin ki, çoxunuz heç onun nənə olmasından da xəbərdar deyilsiniz. Xanəndə o qədər gənc görünür ki, bu yaxınlara qədər biz də onun bu statusundan xəbərdar deyildik. Məsələdən xəbər tutar-tutmaz, ifaçının təəssüratlarını öyrəndik:

– Nəvəm Banuçiçək mənim üçün çox şirin və dəyərlidir. Ondan enerji alıram, ilhamlanıram. Nəvəmlə birlikdə olanda zaman sürətlə keçir. Nəvə sahibi olmaq insana fərqli hisslər aşılayır.

 

– Nəvənizi övladınız qədərmi istəyirsiniz?

– …Deməzdim. Nəvə övladdan fərqlidir. Mənə görə, nəvə heç zaman övladın yerini verə bilməz. Düzdür, nəvə şirindir, sevimlidir, ancaq hər nə qədər sevilsə də, övladı əvəzləməz. Övladın yeri tamam başqadır. Banuçiçək gözümüzün işığı, canımız, ciyərimizdir. O mənim balamın balasıdır.

– Hətta bir mahnının sözlərində deyilir ki, “övladdan da şirindir, şirindir nəvə”.

– Əlbəttə, şirindir, mən demirəm ki, elə deyil. Ancaq insan gənc yaşlarında övlad sahibi olur, onun qayğısına qalır, bu hisslərin nə qədər müqəddəs olduğunu bir qədər hiss etmir. Övladına olan o sevgini, o diqqəti bəlkə də o dərəcədə vermək iqtidarında olmur. Nəvə olduğu zaman nənələr, babalar kamil yaşda olurlar, müəyyən bir səviyyəyə qədər gəlib çatırlar. Belə olan halda, onlar nəvəni başqa cür kəşf edirlər. Nəvələrinin timsalında sanki öz övladlarının yenidən uşaqlığını görürlər. Övladlarına edə bilmədiklərini, istəyirlər ki, nəvələr üçün etsinlər. Bax budur nənə olmaq.

 

– Nəvənizə mahnı həsr etmisinizmi? 

– Xeyr. Mən nəvəmə gözəl bir ad qoymuşam – Banuçiçək. Elə bilirəm ki, bu mənim üçün dünyadır. Banuçiçək qədim Azərbaycan adıdır. Gənc xanım, gənc xatun deməkdir. Çiçək kimi, gül kimi xanım mənasını verir.

 

– Nəvənizə olan sevginizi görən oğlunuz sizi qısqanırmı?

– Əsla. Hərdən mən övladımı qısqanıram. Belə ki, o, qızına “qurban olum sənə” deyəndə, pis oluram. Onda deyirəm ki, elə deməsin. Oğlum deyir, Banuçiçək mənim balamdır. Amma axı o da mənim balamdır. Bir misal var, deyir “qurbanam balama, balam da balasına”.

 

– Yəni deyirsiniz ki, nəvəniz övladınızın yerini verə bilməz?

– Övladlarımız bizim üçün çoxlu nəvələr dünyaya gətirə bilərlər. Ancaq biz bundan sonra övlad dünyaya gətirə bilməyəcəyik. Ona görə övladım mənim üçün qiymətlidir. Bundan sonra 10 nəvəm də olsa, övladımın yerini heç kim verə bilməz. Onun yeri əvəzolunmazdır. Yenə də deyirəm, bu, mənim subyektiv fikrimdir. Bəlkə başqa nənələr mənim fikrimlə razılaşmaya bilərlər.

 

– İstərdinizmi ki, nəvəniz sənətinizi davam etdirsin?

– Əgər qeyri-adi, parlaq istedad sahibi olarsa, əlbəttə, onu dəstəkləyərəm. Ancaq yenə də bu məsələdə əsas məsələ valideynlərin üzərinə düşür. Onların fikri daha önəmlidir, nəinki mənim. Görsəm ki fitri istedad sahibidir, hər zaman onu dəstəkləyərəm, arxasında dayanaram. Nə olur-olsun, elə hesab edirəm ki, ailədə bütün uşaqlar musiqi ilə məşğul olmalıdır. Bu, onların dünyagörüşünə, istedadına müsbət təsir göstərir. Əlbəttə ki, bu mütləq lazımdır.

 

– Nəvənizə nağıl danışırsınızmı?

– Hərdən olur.

– Öz “nağıllarınız”dan, yoxsa xalq nağıllarımızdan?

– Hər ikisindən. Mən tez-tez ona mahnı zümzümə edirəm. Bu da Banuçiçəyə xoş gəlir.

 

– Banuçiçəyin musiqi duyumu varmı?

– Hədsiz. Hətta hiss edirəm ki, yaxşı da səsi var. Yenə də hər şeyi zamana buraxmaq lazımdır. Bir valideyn kimi əlimizdən gələni edəcəyik ki, onlar daha yaxşı inkişaf etsinlər. Zaman özü hər şeyi göstərəcək.

 

– Nəvəniz sizi efirdə görəndə hansı reaksiyanı verir?

– Deyilənlərə görə, televizoru qucaqlayıb öpür. Nəvəm məni çox istəyir. Uşaq sevgini hiss edir.

 

– Nəvənizlə zaman keçirə bilirsinizmi?

– Nə yalan deyim, onunla çox da zaman keçirə bilmirəm. Hərdən uşaqlar da evdə gileylənirlər. İş adamı olduğum üçün nəvəmə çox vaxt ayıra bilmirəm. Ancaq iki saat da vaxtım olsa, tez Banuçiçəyin yanına qaçıram. Onunla vaxt keçirməyi çox sevirəm. Nəvəylə zaman keçirəndə, insanın əsəbləri sakitləşir. Uşaqlar çox pak, təmizdirlər, dünyanın pisliklərindən uzaq varlıqlardır. Onlarla təmasda olanda insan özünü başqa cür hiss edir. Mən də zamanım olan kimi, onunla zaman keçirirəm. Nə qədər də ki canımda can var, onlarla vaxt keçirəcəyəm.

– İstənilən dövrdə qız uşaqlarına qarşı cəmiyyətdə bir aqressiya olub. İndi də bu aqressiya ilə az rastlaşmırıq. Siz belə hallarla üz-üzə qalmısınızmı?

– Qətiyyən. Bizim ailədə belə bir şey yoxdur. Hərənin bir qisməti, alın yazısı var. Hər zaman istəmişəm ki, bir qız övladım da olsun. Hansısa bir məclisə düşəndə deyirdim ki, “qızsız ana, duzsuz anadır”. Qız övladı ailənin işığı, yaraşığıdır, bəzəyidir. Allah heç bir ailəni qız övladsız etməsin. Bizim ailədə nə qədər qız övladı olsa, biz onun sevincini yaşayarıq. Təki övlad olsun. Əsas odur, xeyirli övlad olsun, fərqi yoxdur, qız və ya oğlan. Ailəsinə ad, şan gətirsin. İnanın ki, elə qız övladları var ki, yeddi oğula dəyərlər. Qeyrətli, fərasətli, ağıllı, ata-ananın qeydinə qalan, onların halına yanan daha çox qızlar olur. Onlarla maraqlanan qızlar olur, nəinki oğlan övladları. Bunu mən çox müşahidə etmişəm.

– Bəlkə də qızlar ana olduqdan sonra anasının qədrini daha yaxşı bilməyə başlayırlar. Bu səbəbdəndir ki, valideynlərinin qayğısına qalırlar.

– Bəlkə də oğul övladı da öz valideynlərini, ailəsini qız qədər sevir. Ancaq o sevgini göstərə, büruzə verə bilmir. Qızlar isə həməncə onu hiss etdirir. Ola bilsin ki, oğul qızdan da çox istəyir. Amma işində, qulluğunda, hərəkətində onu tam göstərə bilmir, sadəcə, qəlbində sevir. Bizim ailədə bu, belədir. Biz dörd bacı olmuşuq. Atam heç vaxt bizə qarşı sərt davranmayıb və yaxud bir dəfə də olsun deməyib ki, niyə mənim dörd qızım var. Bizim ailədə belə söhbətlər olmayıb. Düzdür, rayonda, çevrədə belə şeylər tez-tez eşitmişik. Hətta olub ki, atalar qız övladının doğulduğunu eşidəndə xəstəxanaya belə getməyiblər. Ancaq kişilər düşünməyib ki, o hər iki tərəfin qarşılıqlı məhsuludur. Oğlan, ya qız – bütün uşaqlar sevgiyə, qayğıya layiqdir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir