aile

Kiminlə ailə qurmalı: sevdiyimizlə, yoxsa valideynimizin seçdiyi ilə? – POLEMİKA

Baxış sayı: 1. 554

Hər bir insan müəyyən yaş həddinə gəldikdən sonra öz yarını axtarır və ailə qurmaq istəyir. Təbii olaraq hər kəs xoşbəxt olmaq ümidi ilə ailə qurur. Lakin bu xoşbəxtlik hamıya qismət olmur. Kimisi bunu qismətə, kimisi də düzgün seçimə bağlayır. İnsanların bəziləri valideynin müdaxiləsi və seçimi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar. Bəs gənclər nə düşünür? Hansı seçim daha düzgündür; valideyn məsləhəti, yoxsa öz seçimləri?

 

“Valideyn övladın, övlad valideynin fikrinə önəm verməlidir”

Fidan Afər, jurnalist

Fidan düşünür ki, son zamanlar ailə qurmaq böyük risk tələb edir. Müsahibimizin fikrincə, xoşbəxt ailə qurmaq üçün insan həm də şanslı olmalıdır: “Ailə kiçik dövlətdir. Bu fikrin arxasında dərin məna gizlənir. Son zamanlar ailə qurmaq, daha doğrusu, sağlam ailə qura bilmək böyük risk tələb edir. Burada şans da böyük rol oynayır. Bir az keçmişə nəzər salsaq, görərik ki, ailə qurarkən böyüklərin, xüsusilə, valideynlərin istək və arzusu öndə idi. Yəni onların seçdiyi insan ailəyə üzv olurdu. Lakin, informasiya bolluğu zamanında yaşamaq bəzi ənənələri sıradan çıxarıb. Əvvəl qadınların böyük əksəriyyəti düşünürdü ki, evin kişisi hər bir problemi aradan qaldıracaq, amma indi qadınlar da cəmiyyətin aparıcı qüvvəsi, söz sahibidirlər. Cəmiyyət əvvəl düşünürdü ki, valideynlər daha təcrübəlidirlər və onların seçiminə üstyünlük verilirdi, amma indi vəziyyət dəyişib. Müasir dövrümüzdə gənclər daha çox bilir, daha çox informasiya alırlar”.

Fidan düşünür ki, valideynlərin təkidi ilə ailə quran gənclərin müstəqil fikir yürütmə, müstəqil yaşama və liderlik xüsusiyyətləri zəif olur: “Valideynlərin təklifi və təkidi ilə evlənən gənclərin özünün müstəqil fikir yürütmə, müstəqil yaşama və liderlik xüsusiyyətləri zəif olur, onlar kiminsə mənəvi dəstəyi olmadan yaşamağı çətin hesab edirlər. Bir növ belələrinə el arasında “mama uşağı” deyirlər. Yəni, fiziki cəhətdən böyüyüsə də, mənəvi cəhətdən hələ də ana, valideyn nəzarəti olmadan həyatda mübarizə aparması, ayaqda qalması mümkün deyil. Məncə, ailə qurarkən həm valideyn məsləhəti, həm də gəncin öz seçimi nəzərə alınmalıdır. Belə bir deyim də var; böyük sözünə qulaq asmayan, böyürə-böyürə qalar”.

Müsahibimiz deyir ki, əgər övladın seçdiyi şəxs tərbiyəli, sivil toplum insanıdırsa, valideyn də onun seçiminə hörmətlə yanaşmalıdır: “Fikrimcə, bu iki sintez bir arada olsa, ailə daha möhkəm olar. Düşünün, ailə qurursan və seçdiyin şəxs valideynlərinin ürəyincə deyil. Sizcə, həmin ailədə mehribançılıq olarmı? Axı insan sevmədiyi biri ilə necə mehriban, bir yerdə yaşaya bilər? Yaxud övladını sevmədiyi biri ilə evləndirirsən. Əgər o, xoşbəxt deyilsə, ailə qurduğu insanı sevmirsə, o ailə necə uzunömürlü ola bilər? Yəni, bu kimi xoşagəlməzlikləri hər iki tərəf – valideyn və övlad nəzərə alıb, sağlam addım atsa, cəmiyyətdə uzunömürlü ailələr çox olar…”.

Fidan vurğuladı ki, insan bütün hallarda ailə qurarkən yüz ölçüb, bir biçməlidir: “Yüzilliklərdir valideynlər öz övladları üçün qız bəyənib. Bu, qədimdə qadın hamamında, qız toyunda olurdu, ana gördüyü qızları öz oğluna yaraşdırır, birinə elçi düşməyə qərar verir, fikrini oğluna bildirir, seçdiyi qızı nişan verərdi. Evlənəcək oğlan qızı uzaqdan görər, bəyənərdi. Onlar yalnız toy günü bir-birinin üzünü görərdilər, amma bir ömür boyu xoşbəxt yaşayardılar… Zaman hər şeyi dəyişdirdiyi kimi, insani dəyərləri də dəyişir. İndi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, 2 aydan sonra boşanırlar. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan, bu gün bəzən bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır. Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, sonra peşman olmamaq üçün “yüz ölçüb, bir biçmək” lazımdır”.

qaynana

 “Sonra sevərsən də”

 Elşən Həmzəyev, jurnalist

Elşən ailə qurarkən valideyn öyüd-nəsihətinin önəmli olduğunu söyləyir. Həmsöhbətimiz düşünür ki, valideyn yalnız nəsihət verməklə kifayətlənməli, seçimi öz övladına buraxmalıdır: “Evlilik insanların gələcək həyatlarının necə formalaşmasına səbəb olan əsas amillərdən biridir.Yəni uğurlu gələcək, xoşbəxt ailə düzgün evliliyin nəticəsində yaranır. İnsanların hər birinin özünəməxsus düşüncə tərzi, həyata fərqli baxışları olduğundan evlilik mövzusunda da fikir ayrılıqları da mövcuddur. Əksər insanlar öz müqəddəratını həll edəcək evlilik qərarlarını başqalarının, xüsusilədə valideynlərin ixtiyarına buraxırlar. Təbii ki, hər bir valideyn böyüdüb boya başa çatdırdığı övladlarının gələcəkdə də xoş ömür sürmələrini istəyərlər. Bu səbəbdən ailə qurarkən valideynlərin xeyir-dualarının olması vacibdir. Amma valideynlər son addımda qərarı öz övladlarına buraxmalıdır. Çünki o həyatı yaşayan onlar yox, övladlarıdır”.

Müsahibimiz düşünür ki, valideynlər gənclərin həyatına müdaxilə etməkdənsə, öz sevdikləri ilə ailə qurmalarına dəstək olmalıdırlar: “Müasir gənclik valideyn müdaxiləsini qəbul etmir. Onlar öz sevdikləri ilə ailə həyatı qurmaq istəyirlər. Amma çox təəssüf ki, bəzi ailələrdə valideynlər öz övladlarının sevdikləri ilə evlənməsinə müdaxilə edir, sırf özlərinin məsləhət bildikləri ilə ailə qurmalarını istəyirlər. Evliliklərdə əksər baş verən boşanmalar da gənclərin düzgün seçimlərinin olmaması ilə yanaşı, həm də valideyn mudaxilələrini nəticəsində baş verir. Sonda isə mövzuya uyğun olaraq “Əhməd haradadır?” Azərbaycan filmindən bir sitatı qeyd etmək istəyirəm. Hər kəsin baxdığı bu filmdə Əhmədin valideynləri də övladlarını məcburən basqa birisilə evləndirmək istəyir. Məhz oğulun “sevgsiz necə evlənmək olar?” sualına “sonra sevərsən də” cavabını verən valideynlər gənclərin evliliklərinə müdaxilə edən valideynlərin prototipləridir. Valideynlər nəzərə almalıdır ki, əgər bir gəncin sevdiyi varsa, evləndikdən sonra kimisə sevməsi o qədər də asan deyil”.

Kiminlə ailə qurmalı: sevdiyimizlə, yoxsa valideynimizin seçdiyi ilə? - Polemika

“Valideynlər hər zaman doğru yol göstərir”

Nigar Nəzərova, tələbə

Nigar düşünür ki, hər bir valideyn övladının xoşbəxt olmasını istəyər. Bu səbəbdən valideynin məsləhət gördüyü və seçdiyi insanla ailə qurmaq daha məqsədəuyğundur: “Ailə qurarkən valideyn müdaxiləsi və nəsihəti təbii ki, çox önəmlidir. Çünki biz düzgün düşünə bilmir, nəsil-ailə haqqında heç bir fikirə sahib deyilik. Hansı valideyn övladının pis olmasını istəyər? Əgər biz valideynimizin nəsihətlərini qulaqardına vursaq, bu gün qurduğumuz ailə sabah boşanmaya qədər gedə bilər. Çünki müasir gənclik nə dinləməyi, nə də anlamağı bacarır. Mən bacardığım qədər ailəmin fikirlərinə önəm verir, onların nəsihətlərinə qulaq asıram. Çünki biz nə qədər şikayətlənsək də, doğru yolu bilənlər onlardır. Mənim necə biri olduğumu, nələr bacardığımı, ümumilikdə xasiyyətimi sadəcə onlar bilir. Bu səbəbdən haqqımda ən düzgün qərarı da məhz onlar verə bilər. Valideynlərim mənim ən gözəl nəsihət və öyüd kitabçamdır və onların dedikləri mənim üçün qanundur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir