“Bir dəfə bir əcnəbi xanım uşağını bizim klinikaya dişini çəkdirməyə gətirmişdi. Uşaqda heç bir qorxu yox idi. Rahat şəkildə iynə vurduq və dişini çəkdik. Amma bizim uşaqlar gələndə ata bir qolundan, ana da bir qolundan tutub güclə gətirir. Klinikaya girib həkim görəndə isə qışqırıb ağlayırlar. İynə görəndə isə durub stoldan qaçırlar. Elə uşaq olub ki, stoldan durub qaçıb küçəyə, güclə tutub gətiriblər”. Bu sözləri bizimlə söhbətində stomatoloq N.M. dedi (ad şərtidir-müəl.) O bildirdi ki, Azərbaycanda uşaqları həkim, iynə qorxusu ilə böyüdürlər. Bu isə həm həkimlərin işinə mane olur, həm də uşaqlar üçün təhlükəlidir.
Əslində həkimin bu fikirləri günümüzün real problemlərindən biridir. Balaca uşaqları dil açıb ayaqları yer tutan vaxtdan həkimlərin iynəsi ilə qorxudurlar. “Yeməyini yeməsən, sənə iynə vuracaqlar”, “Yatmasan, həkim gəlib iynə vuracaq”, “Sakit durmasan, filan həkimin yanına aparacam” sözləri az qala hər addımda eşidilir. Nəticədə isə uşaqlar həkimdən və iynədən qorxurlar. Müalicəyə ehtiyac olan zaman isə artıq onların içərisindəki qorxu böyük narahatlıq yaradır.
İki uşaq anası olan müsahibim Rahilə Ağayeva da uşağı üçün əvvəllər bu metoddan istifadə etdiyini deyir. Amma etiraf edir ki, sonradan səhvini anlayıb: “Birinci uşaqda həkim, iynə ilə qorxutma metodlarından mən də istifadə etmişəm. Amma sonra müalicəyə ehtiyacı olanda uşaq çox qorxurdu, iynə vuranda çox dəhşətli reaksiya verirdi. Sonra artıq ikinci uşaqda biz bundan uzaq durduq. Qohum ailələrdən birinin uşağının həkimə qorxmadan getməsi bizə səhv etdiyimizi başa saldı. İndi artıq elə də böyük qorxuları yoxdur”.
Həkimlərə olan fobiya ailədən başlayır
Pediatr Günay Rəsulova bildirir ki, həkimlərə olan fobiya ailədən başlayır. Tərbiyə üsulu kimi uşağı qorxutmaqdan istifadə edilməsinin özü yanlışdır. Uşağı nəinki həkimlə, heç nə ilə qorxutmaq olmaz: “Hələ üstəlik uşağın sağlamlığına xidmət edən, müayinə edən həkimdən qorxudulmamalıdır. Amma bizdə valideynlər uşaqlarını həkim, iynə ilə qorxudurlar. Bu, uşaqla onun həkimi arasında münasibətin pozulmasının ən böyük səbəbidir”.
G.Rəsulova deyir ki, uşaqda qorxunun olmaması üçün pediatrın onunla münasibəti düzgün qurulmalıdır. Uşaq həkim otağına girəndə xoş bir aura ilə qarşılaşmalıdır: “Pediatrlar adi xalatda deyil, daha əyləncəli, uşaqları qorxutmayacaq geyimdə olsunlar. Həkimin uşaqla rəftarı da burada önəmlidir. Əgər uşağa hər hansı tibbi manipulyasiyalar tətbiq ediləcəksə – iynə vurma, qan və yaxud hansısa analiz nümunəsi götürüləcəksə, bu, həkim tərəfindən aparılmamalıdır. Həkimin otağından kənarda olmalıdır ki, uşaq təkrar müayinəyə gələrkən həmin otaqdan və həkimdən qorxmasın”.
Pediatr deyir ki, uşağı həkimə aparmazdan öncə valideynin onunla psixoloji söhbət aparması çox önəmlidir: “Həkimin uşağa nə edəcəyini, bunun ona hansı faydasının toxunacağını başa salmaq lazımdır. Həkimin ona zərər verməyəcəyini, sağalmasına kömək edəcəyini başa salmaq lazımdır. Eləcə də stomatoloq müalicəsindən öncə”.
G.Rəsulovanın sözlərinə görə, vacib olmadığı təqdirdə uşaqlara hər hansı tibbi manipulyasiyaların tətbiqindən mümkün qədər uzaq durmaq lazımdır. Yerli-yersiz bunlardan istifadə etmək olmaz. O deyir ki, bəzən həkimlər elementar vitaminləri iynə halında təyin edirlər: “Yeni doğulan vaxtdan qəbulumda olan uşaqlarda həkim qorxusu yaranmır. Çünki uşaq əvvəldən öyrəşib ki, onu incitməyəcəyik. Amma uşaq özünü dərk edəcək bir yaşda və əvvəldən həkimdən qorxudulmuş olursa, həkimə gələndə həyəcan, qorxu ilə gəlir. Onlara elə yanaşmaq lazımdır ki, təkrar gələndə qorxmasınlar. Pediatrın və digər həkimlərin uşağa yanaşmasından çox şey asılıdır. Müayinə ləvazimatları ilə qorxudulmamalıdırlar. Onları uşaqlara əyləncəli şəkildə təqdim edib, müayinəni maraqlı etmək lazımdır. Uşaq təbii ki, müayinədən və həkimdən qorxmayacaq. Əgər qorxusu varsa, yavaş-yavaş aradan qalxacaq”.
Qorxu ilə uşaq tərbiyə etmək düzgün metod deyil
Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, bu gün iynədən, həkimdən qorxma halları bir çox uşaqlarda müşahidə edilir. O bildirdi ki, on ilə yaxındır uşaqlara iynə mənşəli dərmanların təyini uyğun metod sayılmır və psixonevroloji bir travma hesab olunur. Ona görə həkimlərə məsləhət olunur ki, dərman müalicəsi təyin edərkən maksimum dərəcədə sirop və həblərdən istifadə edilsin, əzələdaxili müalicə təyin olunmasın.
Psixoloqun sözlərinə görə, valideyn uşağın zəif nöqtəsinin nə olduğunu bildiyi üçün iynə, həkimlə uşağı qorxudur. Valideyn qorxutmasa belə, iynə vurulandan sonra uşaq özü qorxacaq, ağlayacaq. Bu, təbii prosesdir. Təbii olmayan isə valideynin uşağın qorxusundan şantaj, qorxu mənbəyi kimi istifadə etməsidir: “Uşaqlar onsuz da iynədən qorxur. Valideyn də bundan istifadə edib uşağı qorxutmağa çalışır. Uşağın qorxularının üstünə bu şəkildə getmək, bundan bir tərbiyə üsulu kimi istifadə etmək doğru deyil. Uşaq öz səhvini anlayaraq nəticə çıxarmalıdır. Uşaqların qorxuları ilişib qalır və getdikcə təhrif olunmağa başlayır, uşaq beyni şişirdilir. 6 yaşa qədər uşaqların mühiti hələ tam formalaşmadığı üçün hər getdikləri yer yad olanda, adamları tanımayanda onu həkim kimi bilirlər. Artıq valideynlər uşaqlara gördükləri hər tanımadıqları adamın həkim olmadığını başa salmağa çalışırlar. Uşaq tanımadığı hər kəsdən qorxa bilər”.
Uşaq qorxduqda dərmanın effektivliyi azalır
N.Rüstəmova deyir ki, qorxutmaqdansa, uşağa həkimin verəcəyi faydaları izah etmək lazımdır. Həm də iynədən qorxutmaq yox, müsbət bir istiqamətdə istifadə etmək olar: “Məsələn, mənim oğlum həkimə sevərək, maraqla gedir. Deyir mən dişlərimi mütləq fırçalamalıyam. Həkim məndən nəsə soruşsa, ağzımdan iy gələr. Çünki o, həkimdən qorxmur. O da həkimin iynə vurduğunu bilir, iynəni sevmir. Amma biz həkimin necə xeyirli olduğunu ona başa salırıq, iynə vurulursa, onun sağlamlığı üçün vacib olduğunu deyirik. İynədən valideynlər müsbət bir istiqamətdə istifadə edə bilərlər. Uşaq əgər soyuq su içib, yaxud tərləyib xəstələnibsə və ona iynə vurulursa, ağlayan zaman valideyn tərəfindən uşağa xəstələnməsinin, iynə vurulmasının səbəbi izah edilməlidir: “Soyuq su içdiyin üçün oldu, tərləyəndə anana xəbər etsəydin, xəstələnməzdin”. Bu zaman uşaq anlaya bilir ki, həmin davranışlar ona ziyanlıdır. Uşaq tərləyəndə “İndi xəstələnəcəksən, sənə iynə vuracaqlar” – deməklə qorxutmaq olmaz”.
Psixoloq qeyd etdi ki, həkimlər də özləri haqqında uşaqlarda müsbət abu-hava yaratmalıdırlar. Eyni zamanda, otaqları da uşaqların sevəcəyi bir şəkildə olmalıdır: “Bəzi həkimlərin otaqlarında çox qəddar abu-hava yaradılır, passiv rənglərdən istifadə edilir. Həkimlərin otaqları rəngarəng olmalı, orada oyuncaqlardan istifadə edilməlidir. Diş həkimi psixoloji olaraq təlimlər də keçməlidir. Valideynlə yanaşı, həkim də uşaqda qorxu olmaması üçün çalışmalıdır. Maksimum dərəcədə iynədən uzaq durmaq lazımdır. Uşaq qorxduqda isə ona vurulan dərmanın effektivliyi də azalır. Siroplara üstünlük verilməlidir”.
Böyüklərdə də iynə, həkim qorxusu az deyil. Psixoloq onu da bildirdi ki, bu qorxunun da bir çoxunun kökündə uşaqlıqdakı travmalar durur.