yuxu

Yuxu görməyənlərlə şizofrenikləri nə birləşdirir?

Baxış sayı: 1. 662

Hər bir insan yuxu görür. Nə gördüyümüzü xatırlayıb-xatırlamamağımızdan asılı olmayaraq ömür boyu düz 5 ilimizi yuxuda keçirdirik.  İnsanlar qədim zamanlardan daim yuxularını yozmağa və onlardan məna çıxarmağa çalışıb. Hindlilərin müqəddəs kitabı “Vedeler”də yuxuların şərh olunmasından bəhs edilir. Yəhudilikdə “Talmut” kitabının son qismində yuxu şərhi mövzusu işlənib, hətta xristianlar arasından yuxu təbirçiləri (yuxu yozanlar) də çıxıb. İslamiyyətin yaranması yuxu şərhinə də yeni bir üfüq gətirib.

Bəs görəsən yuxuların həqiqətən də  mənası varmı?

“Gencaile.az” “Modern.az”-a istinadən məşhur “National Geographic” kanalının bu mövzudakı araşdırmasını təqdim edir:

“Tez-tez eyni qorxulu yuxunu görürəm. Evdən bir səs gəlir və yuxudan oyanıb yataqdan qalxıram. Səsin gəldiyi istiqamətə doğru dəhlizdə yeriyirəm. Oraya çatdığımda şüşə qapının arxasında işığın parıldadığını görürəm və evə kiminsə girdiyini başa düşürəm”

30 yaşındakı rumıniyalı yazar Emilya bütün həyatı boyu qorxulu yuxularla vuruşub. Gördüyü yuxulara görə yatmaqdan qorxar vəziyyətə gələn Emilya keçmişdə müxtəlif həkimlərə müraciət etsə də heç bir nəticəsi olmayıb.

Emilya yuxularından yaxa qurtarmaq üçün psixoloq doktor Hönə üz tutur. Həkim hipnoz yolu ilə xəstələrə yuxu gördüklərinin necə fərqinə varacaqlarını və vəziyyəti necə idarə edə biləcəklərini öyrədir. Bu tibbdə “şüurlu yuxu” adlanır. “Şüurlu yuxu” yeni metod hesab olunmasa da, bu gündə bu metoda şübhə ilə yanaşanlar var.

Dr. Hön əvvəlcə Emilyaya yüngül hipnoz tətbiq edir. Həkim daha sonra şüraltına qorxulu yuxularda ortaya çıxan ünsürlərin real olmadığını yeridir və  Emilyaya sadəcə yuxu gördüyünü qəbul etdirərək yuxunun fərqində olmasını təmin edir.

Emilya hipnoz müalicəsinin ona xeyri olub-olmayacağına şübhə ilə yanaşırdı. Nəticəni izləmək üçün video günlük tutmağa qərar verir. Lakin Emilya yenə də bu yuxulardan qurtulmağı və onları idarə etməyi bacara bilmir. Dr.Hön yenidən onun yanına qayıdan qadından uşaqlıqda və ya həyatı boyu hər hansı bir təsirli hadisə yaşayıb-yaşamadığını soruşur:

“2 yaşında olanda qonşu evlərdən birində uşaq qaçırıb öldürmüşdülər. Qadının biri pəncərədən içəri girib uşağı almış və xəndəyin birində boğaraq öldürmüşdü. Uşağı qaçırmadan öncə atam çöldə bir səs eşitmişdi və pəncərədən baxanda birini görmüşdü. Qadın pəncərəmin çölündə dayanmışdı. Uşaqlığımdan bəri yatağıma girəndə pəncərədən çox qorxduğumu xatırlayıram. O qadını görməkdən o qədər çox qorxurdum ki, geri gəlib məni qaçıracağına həqiqətən inanmışdım. Bu hadisənin ad günümdə olması da mənə ayrıca təsir etdi.

2 yaşında yaşadığı bu hadisənin ortaya çıxması dönüş nöqtəsi oldu” – Emiliya belə deyir. Dr Hön Emilyanın 27 ildir gördüyü bu yuxuların səbəbini tapıb.

Emilyanın şüuraltına hadisənin keçmişdə qaldığı yeridildi və Emilya artıq bu yuxulardan qurtuldu.

Bəzi psixoloqlar yuxuların bizə çox şey başa saldığından əmindirlər.

Psixoloq Dr.Deirdre Barratt:

“Bəzi yuxuların mənası çox açıqdır və gördüyünüz zaman özünü bəlli edir. Amma bəziləri daha gizlidir və daha çox metaforalardan ibarətdir. Bu yuxuları yozmaq yuxunu görən şəxs üçün çox yararlıdır”.

Psixoanalizin banisi Ziqmund Freyd yaşadığı müddətcə yuxuların tərkibini ciddi şəkildə araşdırmağa başlayıb. Yuxuların məna daşıdıqlarına və problemlərimizin həllində yardımçı olacağına hər zaman inanıb.

Yuxulara elmi yanaşmalar da birmənalı deyil. Bəzi uzmanlar yuxulardan bəhs edərkən Freydin mülahizələrini rədd edirlər. Harvard universitetinin psixoloqu Robert Stikqold yuxuların mənasını araşdırmağı sadəcə zaman itkisi hesab edir:

“İnsanların yuxularının mənalarını niyə bu qədər şişirtdiklərini başa düşmürəm. Bu sualı niyə verdiklərini belə anlamıram. Görünən odur ki, insanoğlunun hər şeydən məna çıxarmaq kimi bir adəti var.Yuxular da buna ən gözəl örnəkdir. Bu sahə üzrə çalışdığıma görə  insanlar mənə müraciət edir və son dərəcə sıxıcı yuxularını danışırlar. Niyə insanlar yuxuların mənası olduğunu düşünürlərki?”.

Hər birimiz yuxu görməyə o qədər alışmışıq ki, nə qədər qəribə olduqlarını belə düşünmürük.  Əgər oyaq olanda yuxu görsəniz tibbə görə “şizofrenik”adı alacaqsınız.

Alimlər yuxularla şizofreniklər arasında bir əlaqə olmasından şübhələnirdilər. Beynin yuxu görən zaman çalışan qismləri araşdırılarkən inanılmaz kəşf edilib. Yuxu görməyən insanların beynində xüsusi bir bölgədə zədə aşkarlanıb. Bu bölgə keçmişdə cərrahların ciddi şizofreniklərin beynindən cərrahi yolla  götürdükləri bölgədir.

Psixoloq, Dr.Mark Solms:

“Bu xəstələr hallusiniyalar gördüklərini deyirlər. Bir sözlə əqli vəziyyətlərinin düzgün olmadığını və şizofrenik olduqlarını söyləmək mümkündür. İllər öncə əlamətləri ortadan qaldırmaq üçün bu xəstələrə tətbiq olunan vasitə idi. Bu xəstələrlə yuxu görməyən xəstələrin beyin tomoqrafiyalarını qarşılaşdırsanız əməliyyatın aparıldığı bölgənin, təbii olaraq xəsarətli bölgə ilə eyni olduğunu görəcəksiniz”.

Yuxu yozmaları haqda  çoxlu sayda kitab var. Amma hər kitabda yozmalar bir-birindən fərqlidir. Məsələn, yuxunuzda dovşan görmək bir kitabda çətin günlərə yozulursa, digər kitabda xoş günlərin xəbərçi olaraq dəyərləndirilir. Yəni bu kitablara qətiyyən inanmaq olmaz.

 

Harvard Universiteti  psixoloqu, Allan Hobson:

“Yuxu görməyi də, danışmağı da sevirəm. Amma yuxulardan özüm haqqında bilmədiyim bir şeylər öyrənə biləcəyimə inanmıram”.

Harvard Universitetinin komandası yuxuların beynimizdə  necə yarandığına dair bir nəzəriyyə hazırlayıb:

“Biz yuxuda olanda beyinin alt qismində xüsusi bir bölgədə hər 90 dəqiqədən bir elektrik siqnalları yaranır. Bu “Rem” yuxusu deyilən zaman başlayır. Bir çox yuxunu “Rem” yuxusunda görürük.  Siqnallar beynin üst bölgəllərinə doğru irəlilədikcə görüntü, səs və duyğu xatirələrinin yığıldığı milyonlarla beyin hüceyrəsini hərəkət keçirir. Bu xatirələr biz oyaq olanda olduğu kimi beynimizdə canlanırlar. Beynimiz bu əlaqəsiz görüntülərə məna yükləməyə çalışır. Nəticədə ortaya yuxu çıxır.

Bəs biz yatanda beynimizin belə əlaqəsiz görüntüləri canlandırmasının səbəbi nədir?Yuxular niyə oyaq olandakı düşüncələrimizdən çox fərqlidir?

 

Psixiloq, Dr Mark Solms:

“Yuxu görən adi beyində məntiq bölməsi , yəni beynin reallığa yönələn tərəfi bağlanır. Beləcə insan özünü və  düşüncələrini idarə edə biləcək zehni vəziyyətdə olmur. Bir an dəqiqliklə düşünsəniz yuxuların zehni fəaliyyətdən başqa bir şey olmadığını görəcəksiniz”.

Beynimizin instinktlərimizi hərəkətə keçirən, duyğularımızla yaxından bağlı olan bölgəsi yuxu gördüyümüz zamanda hərəkətə keçir.

Bəzi insanların yuxuları isə həqiqətə çevrilir. Papalara və ya prezidentlərə edilən basqınları yuxularında əvvəlcədən görənlər var.

İngiltərənin bir qəsəbəsində yaşayan bir qadın uşaqlığından bəri bu cür yuxular görür:

“Futbol stadionu kimi bir yerdəydim. Xoş görünüşlü bir adam var idi. Stadionun ortasında adamın yanından keçərkən ona baxdım. Hər iki tərəfdən silahlı əsgərlər adama atəş açdılar. Adam çökdü. Oyandım. Adamın Misir prezidenti Ənvər Sədat olduğunu anlamışdım. 3 gün sonra yuxum reallaşdı. Hər yer eyni ilə yuxumda olduğu şəkildə göstərildi”.

Bəs yuxuların gələcəkdən xəbər verdiyini dəstəkləyən elmi sübutlar varmı?

Doktor Allan Hobson bunun sadəcə təsadüf olduğunu deyir:

“Gələcəyə dair yuxular görmək dini ümidlərlə bağlı özəl bir hadisədir. Yəni gələcəyi təxmin edə bilməyi istiyirik, amma buna nail ola bilmirk. Məsələn, yuxunuzda sevdiyiniz insanın öldüyünü görürsünüz, səhəri bu reallaşır. Bu yuxulara inanan insanları çox sarsır. Amma real olmayan yuxularından heç bəhs edən yoxdur. O qədər çox reallaşmayan yuxu var ki”.

Psixoloq, Deirdre Barrat beyində təsadüfi yaranan proses kimi dəyərləndirilən yuxuları elmin açıqlaya bilmədiyini düşünür.

Tarix boyu bir çox insan yuxusundan kəşflər edib. Elias Hove tikiş tikməyi sürətləndirəcək bir qurğu hazırlamağı düşünürdü. Amma çətinlik çəkirdi. Bir gecə yuxusunda adamyeyənlər tərəfindən qaçırıldığını görür. Adamyeyənlər bişirmək üçün onu böyük bir qazanın içinə oturtmuşdular. Ölümü gözləyərkən birdən-birə gözü adam yeyənlərin mizraqlarına sataşdı. Mizraqların ucunda dəliklər var idi. Oyandığında bir iynənin ucuna dəlik aça bilsə tikişi sürətləndirmək üçün lazımi məqsədə çata biləcəyinə əmin oldu və tikiş maşınını icad etdi.

Vagner, Motsart və Bethoven yuxularından aldığı ilhamla bir çox əsər bəstəliyiblər. Leonarda da Vinçi yuxularında gördüklərini əsər və icadlarında istifadə edib.

Bəs yaradıcılıq niyə oyaq olanda yox, yuxuda olanda ortaya çıxır?

Psixoloq, Dr.Mark Solms:

“Yaradıcılığı real həyatdan daha uzaq və daha az sərhəd məhdudiyyəti tələb edən zehni məşğuliyyət adlandıra bilərik.Yaradıcı bir insanın oyaq olanda sahib olduğu zehni prosesin geniş mənada da olsa yuxu görən bir beyinə bənzədiyini söyləmək olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir