Hələ eramızdan əvvəl yaşayan Aristotel dahilər haqqında qeyd edirdi ki, bütün dahilər bir az dəlidir. Yəqin ki, qədim yunan filosofu bizim eramızda yaşasaydı söylədiyi bu fikirdə “bir az” sözünü çıxıb deyərdi ki, dahilər tam dəlidir. Və sözsüz ki, filosofun fikri ilə bütün dünya da razılaşardı.
“Gencaile.az” mövzu ilə bağlı yazını təqdim edir.
Əgər dahilərin, dünyanın tanınmışlarının həyatına nəzər yetirsək onların qeyri-adiliklərinə, bir az da kobud ifadə etsək, dəliliklərinə yalnız təəccüblənə bilərək.
Görkəmli fransız yazıçısı, dramaturq, Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri Vüktor Hüqo özünün ən məşhur əsərlərini çılpaq yazıb. Belə ki, yazıçı yaradıcılıqla məşğul olmağa başlayanda xidmətçilərinə göstəriş verib ki, otaqdan bütün geyimləri, hətta əynində olan paltarları da aparsınlar. O, bununla bir neçə saatlıq olsa da, özünü harasa getməkdən məhrum edib. Yazıçı yalnız planlaşdırdığı yazını bitirdikdən sonra geyinib.
Böyük alman şairi və dramaturqu Fridrix Şillerin ilham mənbəyi çürümüş almalar olub. O yazı masasının üstündə və ətrafında, hətta masanın siyirmələrində xarab olmuş və iylənmiş almalar saxlayıb. Şillerin daha bir qeyri-adiliyi ondan ibarət olub ki, o öz otağının bütün divarlarından qırmızı pərdələr asıb. Məşhur dramaturq əsərlərini yazarkən ayaqlarını buzlu suda saxlayıb. Maraqlıdır, görəsən, çürük almaların insan yaradıcılığına nə dəxli var?
Məşhur rus yazıçısı və təmsilçisi İvan Krılovun yanğınlara qarşı sevgi və ehtirasını normal dəyərləndirmək olmaz. Günün istənilən saatında, hava şəraitindən asılı olmayaraq, şəhərin hansı istiqamətində baş verməsinə baxmayaraq, yazıçı gecə yarısı olsa da, belə yanğın hadisəsini seyr etməkdən zövq alıb. Krılovu öz yerində tapmayanda, deyirlərmiş ki, harada yanğın varsa, yazıçı orada olacaq. Yaşadığı evin sahibi Krılovun bu şakərini biləndə təhlükəsizliyini təmin etmək üçün ona hər ay 60 min rubl əlavə pul ödəməsini söyləyib. Krılov isə bu məbləğin az olduğunu bildirib və ev sahibinə 6 milyon rubl təklif edib. Yazıçı ev sahibinə onu da bildirib ki, əgər evi yandırarsa, onsuz da nə 60 min, nə də ki, 6 milyon rubl ödəmək imkanında deyil. Məşhur təmsilçinin bu qeyri-adiliyindən belə qənaətə gəlmək olar ki, yəqin yanğınla təmsilin birbaşa əlaqəsi var.
Amerikalı dramaturq Trumen Kapote özünü “horizontal yazıçı” adlandırıb. Yazıçının məhsuldar işi üçün qəhvə, siqaret, ən başlıcası isə divan vacib sayılıb. Yazıçı öz əsərlərini yalnız uzanılı vəziyyətə yazıb, özü də yalnız karandaşla ağ vərəqə. Belə ki, Trumen Kapotenin çap makinalarını görməyə gözü olmayıb və ömrünün sonunadək onlardan istifadə etməyib.
Məşhur fransız yazıçısı Mopassanın ən zəhləsi getdiyi yer Eyfel qülləsi olub. Yazıçını dünyada məşhur olan bu qüllə qıcıqlandırıb. Amma buna baxmayaraq Mopassan öz istirahətini məhz bu qüllədə yerləşən restoranda keçirib. Bu haqda ondan soruşanda cavabı çox maraqlı olub: “Eyfel qülləsi yeganə yerdir ki, buradan Eyfel qülləsi görünmür”.
Hollandiyalı məşhur rəssam Van Qoq fasiləsiz olaraq sutkalarla öz əsərlərinin üzərində işləyib və çalışdığı zaman vedrələrlə ölçüləcək qədər absent (arağa bənzər spirtli içki) içib. Rəssam öz əsərləri arasında özünü də görmək istəyib, amma təkqulaqlı vəziyyətdə. Van Qoq heç bir tərəddüd etmədən bir qulağını kəsib və öz portretini yaradıb. Məşhur rəssam 37 yaşında intihar edib.
Dövrünün ən məşhur həkimlərindən olan hollandiyalı Burxavenin bütün tibbi fəaliyyəti dövründə xüsusi iplə bağlayaraq heç kimə göstərmədiyi kitabı ilə qürurlanıb. Ölümündən sonra bu kitab açılmadan hərraca qoyulub və 10 min dollara satılıb. Böyük maraq doğuran bu 104 səhifəlik kitab açılanda hamının təəccübünə səbəb olub. Kitabın yalnız bir səhifəsi yazılıb, birinci səhifəsi: “Başınızı sərin saxlayın, ayaqlarınızı isti, bununla da siz dünyanın ən yaxşı həkimlərini kasıb vəziyyətdə qoyacaqsınız…”.
Dahi alman bəstəkarı Bethoven üz qırxmağı yaradıcılığına mane olan ən ciddi amil sayıb. Bu səbəbdən onun üçün üz qırxmaq əsl işgəncəyə çevrilib. Məşhur bəstəkar ilhamını coşdurmağın qeyri-adi üsulunu kəşf edib. Belə ki, o, yaradıcılıq işlərinə başlayanda başına bir vedrə buzlu soyuq su töküb. Bethovenin kaprizləri xidmətçiləri bezdirsə də, onlar susmağa məcbur olublar. Bəstəkar təkid edib ki, ona qəhvə hazırlanarkən 64 qəhvə dənəsindən istifadə olunmalıdır. Qeyri-adi həyat tərzi sürən Bethovenin ölümünün səbəbi də uzun müddət həkimlərin və ictimaiyyətin müzakirə və mübahisələrinə səbəb olub. Bəziləri onun siflis xəstəliyindən, digərləri isə alkoqolun təsirindən yaranmış serrozdan öldüyünü bildirirlər.
Dahilərin qeyri-adilikləri ilə tanış olduqca məşhur psixiatr Lambrozonun söylədiyi bir fikir yada düşür: “Dahilik və dəlilik həmişə yanaşı addımlayırlar…”.