urek

Ürəyimiz niyə sözə baxmır?

Baxış sayı: 1. 585

Ölkədə son zamanlar əhali arasında infarkt və insultdan ölüm halları artıb. Ekspertlərin fikrincə, stresli həyat, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək ürək-damar xəstəliklərinə gətirib çıxarır.

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17,3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.
Milli Məclisin Səhiyyə komitəsinin iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudovun bildiridiyinə görə, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub: “Vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından ölüb. Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev bildirir ki, ürək xəstəliklərinə səbəb olan amillər arasında birinci yerdə stresdir: “Eləcə də təzyiqin artması, piylənmə, şəkərli diabetin artması ilə birgə ürək-damar xəstəliklləri artır. Bu tendensiya tək Azərbaycana yox, bütün dünya ölkələrinə aiddir. Ola bilər ki, qidalanma ilə bağlı bu durum Azərbaycanda bir qədər fərqli olsun nəinki Aralıq dənizi ölkələrində, İtaliyada, Fransada və s. Qalan ürək xəstəliklərinə tutulma risk amilləri bütün ölkələrdə eynidir”.

Həmsöhbətimiz qeyd edir ki, bu gün yaşayış intensivliyi daha da artıb, həyat dəyişib: “Əvvəllər əhali bir o qədər də bahalı mağazaları, bahalı geyimləri, maşınları görmürdü. İndi insanları cəlb edən çox şey var. Əhalinin hamısı pul çatdırmır. Əvvəllər camaatın hamısı avtobusla, metro ilə işə gedirdi. İndi şəxsi maşınlardan istifadə edənlər var. Bunların hamısı əhaliyə psixoloji təsir göstərir. Kimsə keçirdiyi bu hisslər haqqında danışır, kimsə də danışmır. Amma hamı da rahat həyat yaşamaq, rahat maşına oturub işə getmək istəyir. Əvvəllər uşaqlar özləri məktəbə gedərdi. İndi gərək kimsə onları məktəbə aparıb-gətirsin. İnsanların istəkləri dəyişib. İntensivlik artıb və camaat pul çatdırmır. Bir tərəfdən pul qazanmalıdır ki, yemək, meyvə ala bilsin. Bunlar hamısı stressə gətirib çıxarır. Hamının imkanı yoxdur ki, şəxsi sürücüsü olsun və o da uşaqları məktəbə aparıb-gətirsin. Hamı istəyir ki, pulu nə qədər xərclədiyini saymasın. Bunlar hamısı insanların stress vəziyyətinə düşməsinə gətirib çıxarır. Stress də öz növbəsində xəstəliklərə yol açır”.

Tibb elmləri doktoru, professor Sədaqət Hüseynovanın sözlərinə görə, insultun hemorraqik və işemik olaraq iki növü var: “İşemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır. İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir”.

İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzunmüddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.

İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir. Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf edə bilər.

Onun sözlərinə görə, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: “Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür, ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir”,- deyən
S.Hüseynova belə hallarda həkimə müraciəti vacib sayır. Dediyinə görə, bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. “Lakin beyin qanaması zamanı kəskin, ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərzində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər
ortaya çıxır. Bununla da yanaşı həm hərəki və fiziki pozuntular, yəni, ifliclər əmələ gəlir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir