Dünyada qrip epidemiyası tüğyan etməkdədir. Çox təəssüf ki, xəstəlikdən daha çox azyaşlı uşaqlar əziyyət çəkir. Məlumatlara görə, ABŞ-da bu epidemiyadan artıq 37 uşaq dünyasını dəyişib. Amerikanın 11 ştatında bütün ölkəni əhatə edən qrip epidemiyası səbəbindən məktəblərdə dərslər müvəqqəti dayandırılıb.
Dərslərin nə zaman bərpa olunacağı müəyyən edilməyib, çünki bu, ölkədəki epidemioloji vəziyyətdən asılıdır. Ekspertlər hesab edir ki, epidemiyanın qarşısı alınana qədər ölənlərin sayı daha da arta bilər. Bütövlükdə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın həyatı bahasına başa gələ bilər.
Təkcə Amerikada deyil, Yaponiyada da qrip xəstəliyi tüğyan edir. Ölkə mətbuatının yazdığına görə, qripə yoluxan xəstələrin sayı 2,83 milyon nəfərə çatıb. Bu isə ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir. Məlumata görə, hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 xəstə düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir. Daha mürəkkəb vəziyyət Küsü adasının cənub-qərbində qeydə alınıb. Burada hər həkim 80 xəstəni müayinə etməlidir.
Eləcə də Şimali Koreyada qrip xəstəliyi ilə bağlı vəziyyətin getdikcə ağırlaşdığı bildirilir. Avropada isə adı “Avstraliya qripi” kimi keçən A (H3N2) virusunun yayılması barədə məlumat yayılmaqdadır.
Beləliklə, dünyada qrip epidemiyasının pik həddə çatması ölkəmizdə də narahatçılıqla qarşılanıb. Bir müddət bundan əvvəl ölkə boyunca qrip virusunun yayılması haqda iddialar var idi. Məsələ ilə bağlı artıq Səhiyyə Nazirliyi də öz reaksiyasını bildirib. Nazirliyin baş epidemioloqu, tibb elmləri doktoru İbadulla Ağayev mətbuata açıqlama verərək bildirib ki, ölkədə qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur: “Əgər ayrı-ayrı ərazilərdə tək-tək kəskin respirator xəstəliklərə yoluxanlar varsa, bu, heç də epidemiya yayılması demək deyildir. Yaxud yüz minlərlə, on minlərlə əhalinin içərisində beş-on nəfərin qripə yoluxması epidemiya yayılması barədə ”həyəcan təbili” çalmağa əsas vermir”.
İ. Ağayev qeyd edib ki, səhiyyə nazirinin bu sahədə xüsusi əmri var və regionlarda infeksiyalara yoluxma halları ciddi nəzarət altındadır: “Əvvəla, qrip virusuna yoluxmanın olub-olmamasını yalnız həkim müayinəsi təsdiq edə bilər. İkincisi, əgər olsa belə, ölkəmizin səhiyyə sistemi, tibb müəssisələri, xəstəxana və poliklinikalar onun qarşısını almaq iqtidarındadır. Ona görə də narahatlığa dəyməz və qrip virusunun yayılması barədə də heç bir təhlükə yoxdur”.
Bəs xəstəliyi necə önləmək olar? Tanınmış həkim Vaqif Qarayev mövzu ilə bağlı bunları dedi: “Qrip epidemiyası tamamilə başqa xəstəlikdir. Qrip xüsusi törədiciləri olan, çox ağır gedişatı və ölümcül ağırlaşmalar verən virus epidemiyasıdır. Yəni hər soyuqdəymə qrip deyil. Qripin özünəməxsus növləri var ki, onların da hər birinin xüsusi gedişatı, ağırlaşmaları, fəsadları var. Bizdə isə el arasında kiminsə burnu ”tutulubsa”, deyirlər ki, “qrip olub”. Amma bu, belə deyil. Hər asqıran, öskürən qrip olmur, sadəcə, soyuqdəymə olur və onun da hər birinin özünəməxsus adı var. Rəsmi məlumatlarda da bildirilir ki, müayinə olunan xəstələr arasında qrip virusu aşkar olunmayıb. Bu günlərdə yayılan soyuqdəymə xəstəlikləri və yaxud onların törədiciləri çox yoluxuculuq qabiliyyətinə malikdirlər. Məsələn, bir ailənin 5 üzvü eyni vaxtda xəstələnə bilir və bu xəstəlik uzun çəkir. Xəstəliyin müxtəlif formaları var, məsələn, ancaq qızdırma ilə və yaxud qızdırma və öskürək ilə, mədə-bağırsaq pozuntuları ilə müşahidə edilir. Bunların hamısının adı var və bunlar qrip deyil”.
Bəs nə etmək lazımdır? Həkim yalnız uşaqlar haqda tövsiyələrini dedi: “Uşaqların yeməyinə və geyiminə diqqət etmək lazımdır. Bəzən görürük ki, valideynlər uşaqlarını havaya çıxardanda əynini çox qalın geyindirir, ağız-burnunu bərk-bərk bağlayır. Sual olunur ki, onda uşağı niyə havaya çıxardıblar? Uşaq normal vəziyyətdə geyindirilməlidir ki, hava ala bilsin. Ən əsası xəstə uşaq bağçalara və yaxud məktəbə getməməlidir. Çünki belə olan halda uşağın həm öz xəstəliyi uzun çəkir, bəzən də ağırlaşmalar olur, həm də ətrafdakı uşaqları yoluxdurur”.
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd isə qeyd edir ki, təbii yolla 1 günə qripdən və soyuqdəymədən xilas olmaq mümkündür: “Apteklərdə tənzif satılır. İlkin olaraq onu ağıza bağlamaq lazımdır. Yaponiyada hara gedirdiksə, insanların ağzında tənziflə gəzdiyini görürdük. İmmuniteti zəif olan adamlar tənzif bağlasınlar, çünki bu xəstəlik hava damcı yolu ilə keçir. İkinci isə valideyn spirtlə uşağın əlini tez-tez silməlidir. Evdə sarımsaq və soğanı doğrayıb boşqabda stolun üzərinə qoymaq lazımdır. Əgər uşaq artıq qripə yoluxubsa, iki saatdan bir onun burnuna soğan suyu tökülməlidir. Böyük adamlar suya qarışdırmır, amma uşaqlara suya qarışdıraraq tökmək lazımdır. Uşağa bir diş olmaqla səhər, günorta və axşam çörəklə sarımsaq yedirmək lazımdır. İki saatdan bir çay qaşığı və ya yarım çay qaşığı balı ağızda sovurmaq lazımdır. Buruna qara çörək otu yağı ilə tampon qoya bilərsiniz. Zoğal, qırmızı moruq mürəbbəsi ilə çay içmək və sulu xəngəl, əvəlik yemək, tərləmək lazımdır. Beləcə, bir günə qrip yox olur. Bu mənim dəfələrlə təcrübədən keçirdiyim bir reseptdir”.
Xalidə GƏRAY