Yeniyetməlikdə meydana gələn dəyişikliklərdən ən önəmlisi ikincili cinsi əlamətlərin yaranmasıdır. Bu əlamətlər isə onlarda ruhi və sosial nəticələrə də səbəb olur. Şübhəsiz ki, yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara da çox rast gəlinir.
“Gencaile.az” xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva dəyişkənlik dövrü olan yeniyetməlikdə ilk dəyişikliklərin bədəndə olduğunu deyir.
“Boy və kütlənin artması ilə yanaşı ikincili cinsiyyət əlamətləri meydana gəlir. Boy və kütlənin artımı yeniyetməliyin ortasında ən yüksək səviyyədə olur. Bir ildə 7-8 sm-ə qədər boy artımı gözlənilir. Kütlənin də artması ona paralel olaraq sürətlənir. Yeniyetmə birdən-birə özünü yeni bədəndə görür. Yeni bədən obrazını tanıması və ona alışması lazım gəlir. Yeni bədən obrazı – insanın bədəni haqqında sahib olduğu avtomatik bir obrazdır. Məsələn, tanıdığınız bir qapıdan keçərkən başınız dəyməsin deyə, hər dəfə kontrol etmənizə ehtiyac qalmır, bunu avtomatik olaraq bilirik. Eyni şəkildə əzələ gücümüz haqqında da avtomatik obraza sahibik. Lakin yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara çox rast gəlinir”.
Yeniyetməlikdə bədəndə meydana gələn dəyişikliklərdən danışan pediatr, bu zaman ikincili cinsi əlamətlərin yaranmasının önəmindən söz açdı:
“Fərd doğumundan etibarən bir cinsiyyətə və buna bağlı olaraq cinsi şəxsiyyətə sahibdir. Qız və ya oğlan olduğunu bilir. Lakin yeniyetməlikdə cinsiyyət orqanları reproduktiv yöndən inkişaf etməyə başlayırlar. Qızlarda döşlərin inkişafı, ilk aybaşının baş verməsi, bədəndə tüklənmə, oğlanlarda testislərin böyüməsi, əzələ inkişafı, üzdə və bədəndə tüklənmə və s. dəyişikliklər yeniyetmələrdə həyəcana səbəb olur”.
“İkincili cinsi əlamətlərin yaranması nə kimi nəticələri ola bilər” sualına N.Sədiyeva belə cavab verdi: “İkincili cinsi əlamətlərin yaranmasının ruhi və sosial nəticələri də var. Bu dəyişikliklər fərdi artıq kəskin şəkildə bir cinsiyyət vahidi içərisinə salacaq, ondan bu cinsiyyətə uyğun davranışlarda olması tələbi ilə qarşılaşacaqdır. Uşaqlıq bitmiş, yetkinliyə gedən yolun qapısı aralanmışdır. Yetkin olmanın bir şərti də cinsi şəxsiyyətə uyğun hərəkət etməkdir. Bu dəyişiklik yeniyetmədə utanma və narahatlığa səbəb ola bilər. Hələ dünənə qədər bir uşaq kimi qəbul edildiyi halda artıq bir gənc qadın və ya kişi hesab edilməsi asan dərk edilməyə bilər. Bu narahatlıq ailədə də hiss ediləcək və yeniyetmə bədənini valideynlərindən və ailə üzvlərindən gizlətməyə çalışacaqdır. Artıq qapılar daha çox bağlanacaq, ana-atay ilə araya bədən baxımından bir məsafə qoyulacaq. Digər tərəfdən hormonların təsiri ilə inkişaf edən cinsi orqanlar cinsi həvəsin meydana gəlməsinə səbəb olur. Yeniyetmə artıq arzulamaqda və başqaları tərəfindən arzulandığını görməkdədir. Cinsi arzunun və cinsiyyətin kəşfi yeniyetmənin həyatında önəmli bir dəyişkənlik dövrüdür. İlk cinsi əlaqənin yaşanması fikri bir dönüş nöqtəsi olaraq valideyn ola bilmə mövzusunu da aktual hala gətirir. Valideyn ola biləcəyini anlamaq yalnız bioloji bir qabiliyyətin fərqinə varmaq demək deyildir. Eyni zamanda yeni bir nəsil yaratmaq, ana-ata olmaq, öz valideynlərini bir əvvəlki nəsil halına gətirməkdir. Bir uşaq dünyaya gətirmənin qəbul edilməsinin, ölümün də qəbul edilməsini təmin etdiyi unudulmamalıdır.
Yeniyetməlikdə reproduktiv qabiliyyətə sahib olduğunu dərk etmək, həyatla əlaqədar əsas sualların sorulmasını və bu suallara cavabların tapılmasını gündəmə gətirir. Beləliklə, yeniyetməlik sadəcə bədənin bioloji dəyişiklikləri dövrü deyil, şəxsiyyətin formalaşma dövrüdür. Həm ruhən, həm cismən burulğanlar dövrüdür. Yeniyetməlik dövrü uzun bir dəniz səyahətidir, yağmurlu günləri də var, günəşli səmaları da. Vacib olan bu fırtınalı səfərdə gəmini batırmadan sahilə çatdırmaqdır. Təcrübənin az olduğu sadəcə yeni bir bədən obrazına uyğunlaşma deyil, şəxsiyyətin formalaşması prosesində onların yanında olmaq, doğru məsləhətlərlə kömək etmək lazımdır”.