et

Əti niyə çox yeyirik?

Baxış sayı: 1. 498

Mütəxəssislər arasında ətin xeyri və zərəri ilə bağlı fikir ayrılığı var. Belə ki, bir qisim ət yeməklərinin faydalı olduğunu desə də, ətin xlorestelin yaratdığını, bir sıra xəstəliklərə yol açdığını söyləyənlər də az deyil.

Tibbi ekspert Hüseyn Mehdiyev bildirir ki, ət əvəzolunmaz bir qidadır: “Qida rasionunda ət yeməklərinin olması vacib şərtlədən biridir. Həmişə dədə-babadan istər iribuynuzlu, istərsə də kiçikbuynuzlu heyvan ətlərindən olan yeməklərlə qidalanmışıq. Sonralar qoyun əti daha yağlı olduğuna görə, insanlar arasında belə bir fikir formalaşdı ki, qoyun əti təzyiqi qaldırır. Əslində belə bir şey yoxdur. Həm mal, həm də qoyun əti orqanizm üçün vacib enerji mənbəyidir. Bədənə lazım olan zülal, proteinlər ətdə var və ət sağlamlığımız üçün çox faydalıdır”.

Mehdiyev qanı az olan adamlara birinci növbədə qırmızı ətlə olan qidalardan qidalanmağı tövsiyə edir: “Çünki heç bir qida məhsulu qanda hemoqlabini o səviyyədə qaldıra bilmir. Qəbzə meylli olan adamlara da biz həmişə məsləhət görürük ki, qırmızı ət yesinlər. Ətin faydasını sadalamaqla bitməz. İnsan gün ərzində azı 150-200 qram olmaqla həftədə iki dəfə ət yeməlidir. Bu, mütlədir”.

Dediyinə görə, çox vaxt ətin qanda xlorestelini qaldırdığı üçün zərərli olduğunu bildirsələr də, son vaxtlar aparılan müşahidələr, təcrübələr göstərir ki, heç də elə deyil. Xlorestelinin qanda qalxması sırf mal əti ilə bağlı deyil. “Həkimlər çox vaxt deyir ki, həftə ərzində toyuq ətinə, balıq ətinə üstünlük verin. Guya ki, qırmızı ət xlorestelini qaldırır. Amma aparılan tədqiqatlar bunu təsdiq etmir. Bu, orqanizmin özündən, genetikadan asılıdır. Məsələn, illərlə çox ət yeyən adamlarla, günə iki-üç dəfə ət yeyən adamların qanında xlorestelinin miqdarını yoxlatdıqda görürsən ki, çox ət yeyən adamın qanında xlorestelinin miqdarı az olur. Və yaxud pəhriz saxlayan adamın qanı ilə müqayisə edirsən ki, onun qanında xlorestelin daha çoxdur. Bu, insanın orqanizminə bağlıdır. Biz çox vaxt bu halı günahsız qırmızı ətin üstünə atırıq”.

Ekspert vurğulayır ki, maddələr mübadiləsində əsas rol oynayan zülaldır: “Bu zülal da ən çox qırmızı ətdədir. Başqa bir qidada bu səviyyədə zülal yoxdur. Həm də zülal güclü enerji mənbəyidir. Dədə-babalarımızın 70-80 yaşında övladı olurdu. Bu, sağlam qidalanmanın nəticəsi idi. Lakin indiki ətlərin keyfiyyəti yaxşı deyil. İndi mal və qoyun təbii şəkildə böyümür. Eləcə də, mal-qaranın qidalanmasında fərq var. Bir var heyvan təbii şəkildə otlaqda otlasın, bir də var ki, heyvan qapalı yerdə saxlanılıb, üzərinə günəş şüası düşmür, elektrik lampalarının altında yaşayır və ona müxtəlif kökəldən, içərisində hormonlar olan yeməklər verilir”.
Həkim onu da qeyd edib ki, vegetarianlar ət əvəzinə qoz yeyir: “Qozda da zülal var. Amma əti heç bir qida məhsulu əvəz edə bilməz”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyir ki, bizim millət daha çox tərəvəz yeməkləri və ağartı yeyir: “Ət onların arasında çox az yer tutur. Ət yeməkləri Azərbaycan mətbəxində 25-30 faizi aşmır. Qış vaxtı hər yerdə, rayonlarda da daha çox xəmir yeməkləri yeyirlər. Onlara bir az ət qatırlar. Bizdə adətdir, adambaşına 500 qram şorba qoyanda içində 50-100 qram ət olur. Bunun qalanı tərəvəzlər və xəmir məhsullarıdır. Bir də ağartı yaxşı yeyilir. 50-100 qram ətin yanında yarım kilo pomidor, xiyar, göyərti qoyulur. Yay vaxtı ətdən çox tərəvəzə, göyərtiyə üstünlük veririk. İsti havalarda xəmir xörəkləri, xəngəl, xəşil və s. nadir hallarda bişirilir. Şirniyyat, paxlava daha çox bayramlarda süfrəyə qoyulur”.

Əmiraslanov qeyd edir ki, əti əsasən soyuq aylarda yeyirik: “Azərbaycanda ilin az qala 8-9 ayı istidir, isti vaxtlarda da ət elə də getmir. Kənardan elə görünür ki, bizim millət ət çox yeyir. Azərbaycan mətbəxinə bu yanaşma düzgün deyil. Bayramlarda, toylarda süfrəyə kabablar çox qoyulur deyə, elə təəssürat oyanır ki, millət hər gün kabab yeyir”.

Baş kulinar bildirib ki, insanın ət yeməyinin miqdarı hər insanın bədənindən, onun statusundan, çəkisindən, gördüyü işdən, ətraf-mühitdən, milliyətindən, psixoloji vəziyyətindən asılı olan bir şeydir. Hər adam üçün ətə olan tələbatı fərdidir.

Onun sözlərinə görə, əti bişirərkən vitaminləri saxlanılsın deyə ətin hazırlanması texnologiyalarına düzgün əməl olunmalıdır: “Dədə-babadan əti necə bişiriblərsə, bu gün də elə bişirməliyik. Amma bugünkü texnologiya imkan verir ki, ət daha aşağı texnologiyalarda hazırlansın. Sadəcə olaraq, zaman uzanır. Məsələn, ətin 60 dərəcədə hazırlanma metodları var. Bu, daha faydalıdır və tərkibindəki vitaminlər yaxşı saxlanılır. Hər yeməyin bişirilmə qaydası fərqlidir”.

Əmiraslanovun dediyinə görə, qoyun əti ətlərin içərisində ən gözəli və ən yaxşısıdır: “Qoyunun ətini də, quyruğunu da yemək lazımdır. Xlorestelinin yaranmasından qorxmayın. Belə ki, xlorestelin yoxdursa, testosteron əmələ gəlmir, testosteron yoxdursa da, qadın və kişi arasında bir-birinə istək yoxdur. Bu, çox vacib bir faktordur. Xlorestelin çox xeyirli bir şeydir. Yalançı dietoloqların sözlərinə fikir vermək lazım deyil. Onlar bunu öz dərmanlarını, pəhriz proqramlarını satmaq üçün deyirlər. Qoyunun ətindən yaxşı ət, quyruğundan da yaxşı yağ yoxdur. O, ən gözəl yağdır”.

Müsahibimizin dediyinə görə, hansı xörəyi bişirirsinizsə, buna uyğun ət alınmalıdır: “Ətin hissələrinin bölgüsü Qobustan qayalarında verilib ki, hər bir xörəyin öz əti var. Hər ətin, ət hissəsinin öz kulinar istiqaməti var. Dolma, qızartma, bozartma üçün ətin fərqli hissələrindən istifadə olunur. Ətin bütün hissələrindən bütün yeməklər bişməz”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir