sohbet

KİŞİ SÖHBƏTİ

Baxış sayı: 3. 053

sohbet

KİŞİ OLMAQ ASAN İŞDİR?

Kişi qismi lap uşaqlıq yaşlarından eşitməli olur: “Belə şeylər etmə! Sənə yaraşmaz! Filankəs kimi ol! Axı, sən kişisən!” Nə üçün? Səbəbi nəymiş? Və ümumiyyətlə, bu stereotipləri kim icad edib? Çünki bəzən “əsil kişi” olmaq cəhdi xəstəlik, stress və məyusluqdan başqa heç nə doğurmur.

HƏYAT BİR TAMAŞA, İNSANLAR İSƏ AKTYOR…

Cəmiyyətdə hər iki cins üçün ənənəvi rollar yüzilliklər boyu cilalanıb. Onlar hətta ilk baxışdan olduqca təbii və qaydasınca görünə bilər. Amma, əslində, bu rol bölgüləri heç də ziyansız deyil və insana çoxlu “olmaz”lar yükləyərək bir yığın problemlər yaradır. Psixoloqlar son bir neçə illər ərzində qeyd edirlər ki, məhz kişilər ənənəvi “kişi rolu”nun yaratdığı və davam etdirdiyi çətinliklərlə (və bunun nərticəi kimi, bəzən də xəstəliklərlə!) daha çox üzləşməli olurlar. Beləliklə “əsil kişi” olmağına dəyərmi? Güman ki, bu ifadənin altında nəzərdə tutduğumuz məna xeyli naqisdir…

“ƏSİL KİŞİ SİFƏTLƏRİ”

Əksər kişilərin əməl etməyə çalışdıqları beş əsas “kişilik xüsusiyyəti” və ya stereotipi var ki, onlar bununla da özləri və başqaları üçün xeyli problemlər yaradırlar.

“Evin çörək qazananı mənəm!”

(Kişinin dəyəri onun qazancının həcmi ilə ölçülür.)

Ailə başçısının az qazanması düşüncəsi kişini özünün və başqalarının nəzərində dəyərsiz edir və kişi özünə olan inamı itirir. Həm də bu stereotipə əməl edəndə insan öz qabiliyyəti və istəyinə uyğun olmayan iş seçməli və axtarmalı olur – təki ailə yanında “üzüqara” olmasın, qazanc çox olsun! Və iş yeri bezdirici məşğuliyyət guşəsinə çevrilir. Nəticədə çoxları xoşlarına gəlməyən işdə çalışır, əsəblər korlanır (“Mən bu dünyada özümü təsdiq edə bilmədim…”).

Anlamaq lazımdır ki, arvad-uşaq,dostlar, valideynlər sizi “qalın portmanat”ınıza görə çox istəmirlər. Və əgər həyat yoldaşınıza puldan başqa bir şey lazım deyilsə, belə bir ömür yoldaşı sizə lazımdırmı?

“Ən ağıllı…ən bacarıqlı…”

(Kişi savadlı, nüfuzlu olmalı və situasiyaya həmişə nəzarət etməyi bacarmalıdır.)

Kişi bu stereotipi doğrultmağa çalışaraq nəyisə bilmədiyini çox çətinliklə boynuna alır və məsləhətləşməkdən yayınır. Bundan başqa, şəxsi münasibətlərdə də gərginlik yarana bilər: kişi çox hallarda ondan çox bilənləri şüurlu şəkildə alçaldır (illah da ki, bu “çoxbilmiş” … qadın ola!)

Ürəyininzə yatan iş tapın və çalışın ki, öz ixtisasınız üzrə ən yaxşı mütəxəssislərdən biri olasınız!

“Cəsur, gözəl və güclü…”

 

(Kişi fiziki cəhətdən güclü, “kişisifətli”olmalı və təhlükədən qorxmamalıdır.)

Axı, hamı anadan pəhləvan və ya Şvartsenegger doğulmur! Və kişi xuliqanlardan çəkinmək, savaşa bilməmək komplekslərinin əsirinə çevrilir. O bunu kompensasiya etməyə çalışaraq sağlamlığını təhlükə altında qoyur – kişi ağrıdığını  büruzə verməməlidir. Nəticəsi – xroniki nasazlıqların çiçəklənməsi və orqanizmin üzülməsi.

Dərk etməyə çalışın ki, sizin gücünüz nədədir. Əgər siz əla həkim və ya proqramçısınızsa,cəngavər cüssəsi nəyinizə gərəkdir?Qaranlıq dalandakı xuliqanlarla əlbəyaxa olmaq sizlik deyil!

“Bu kişi işi deyil…”

(Kişi ənənəvi olaraq qadın xüsusiyyəti hesab edilən şəxsi cizgilərdən yayınmalıdır.)

Bu kompleks hər şeydən əvvəl əsl ata olmağa mane olur. Məgər kişi rəhmli, incə hissli, qayğıkeş ola bilməz?

İnsanlarla, övladlarınızla ünsiyyətdə olarkən hisslərinizi gizlətməyin. Ev işlərində xanımınıza kömək edərkən həm balalarınınza, həm də “əsil kişilərə” nümunə ola bilərsiniz!

“Ciddi, qaşqabaqlıdır…”

(Kişi öz hisslərini gizlətməyi bacarmalıdır.)

Açıqürəklilik, səmimiyyət, nəvazişli davranış yalnız qadınlara xas özəllik sayılır. Boğulmuş hisslər – stress mənbəyidir! Nəticəsi – əsəb və ürək-damar xəstəlikləri…

Özünüzü səmimi aparın və o zaman adamlar sizə daha çox inanacaqlar. Səhhətiniz də normal olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir