“Bir dəfə bir nəfər mənə müraciət edərək boşanmaq istədiyini və bu haqda çox düşünüb qəti qərara gəldiyini dedi. Bir qədər söhbətləşdikdən sonra ona dedim ki, tələsik qərar vermə, sonra peşman olarsan. Bir həftə yoldaşınla yoldaşın kimi yox, ikinci bir qızın kimi rəftar elə. Əgər heç nə dəyişməsə, o zaman yenə gələrsən. Bir müddət sonra o, mənə zəng vuraraq fikrindən daşındığını söylədi. “Mən həyat yoldaşıma ikinci bir qızım kimi münasibət göstərdim. Onun bütün şıltaqlığına və ağrı-acısına dözdüm. O, özü də səhvini başa düşdü və onları təkrarlamadı”- dedi. Növbəti dəfə yanıma gələndə həmin şəxs bildirdi ki, siz mənə heç kimin etmədiyi bir yaxşılığı etdiniz, ailəmi geri qaytardınız”. Bunu bizimlə söhbətində Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərli dedi. Bildirdi ki, vəkillik təcrübəsində belə hallara bir neçə dəfə rast gəlib. Amma təəssüf ki, sonluq həmişə belə yaxşı qurtarmır. Bəzən ailələr hətta ən xırda səbəblərə görə dağıla bilir. Çünki deyirlər ki, boşanmaq xərçəng xəstəliyinə bənzəyir. Heç gözləmədiyin, ağlının ucundan keçmədiyi bir vaxtda başına gələ bilər. Boşanmadan sonra isə ailənin dağılması bir tərəfə qalır, tərəflər mal-mülk və digər problemlərin davasına çıxırlar, uzun sürən məhkəmə prosesi gedir. Bu kimi problemlər isə əsasən nikah müqaviləsi olmadıqda yaranır. Nə qədər bu müqavilənin vacibliyi vurğulansa da, hələ də bundan müəyyən mənada məlumatsız olanlar var. Bəs görəsən nikah müqaviləsi nədir? Niyə bizdə ailə qurarkən bu müqaviləyə ehtiyac görülmür?
– Nikah müqaviləsi Azərbaycanda qanuni əsaslarla necə tənzimlənir?
– Azərbaycanda nikah müqaviləsi Ailə Məcəlləsinin 38, 39 və 40-cı maddələri ilə tənzimlənir. Həmin maddələrdə nikah müqaviləsinin məzmunu, yəni onun nə məqsədlə bağlanması, bağlanma və ləğv edilmə qaydaları öz əksini tapır. Nikah müqaviləsi bağlanarkən tərəflərin qazancları və ailənin xərcləri, eləcə də tərəflərin və uşaqların qarşılıqlı hüquq və vəzifələri qeyd olunur. Müqavilə ilə həmçinin, uşaqların tərbiyə və müalicəsində, saxlanmasında ər-arvadın iştirak xərcləri, onların üzərinə düşən məsrəflər bölgüsü, eləcə də nikah pozularkən tərəflərin əmlak hüquq və vəzifələri müəyyən olunur. Əmlakla bağlı olmayan digər məsələlərin isə nikah müqaviləsində öz əksini tapması qanunla yolverilməzdir. Əgər qazanc və xərclərlə bağlı olmayan müddəalar, nikah müqaviləsinə daxil edilərsə, bu müddəalar nikah müqaviləsi bağlandığı andan etibarsız sayılır.
– Bəs müqavilə pozulduğu halda nə baş verir? Problem həmişə ədalətli qaydada öz həllini tapa bilirmi?
– Problemin ədalətli şəkildə həlli məhkəmə qaydasında həyata keçirilir. Ədalətli mühakiməni məhkəmələr həyata keçirir. Məhkəmələr tərəflərin təqdim etdikləri sübutlar əsasında həyata keçirilir. Əgər tərəflər nikaha girərkən, eləcə də nikaha girdikdən sonra nikah müqaviləsi bağlayıblarsa və bu müqavilə qanunla müəyyən edilən qaydada, yəni tərəflərin imzası və notariusun təsdiqi ilə təsdiq olunubsa və oradakı müddəalar ailə qanunvericiliyində nəzərdə tutulan göstəriş və tələblərə uyğundursa, onda həmin müqavilənin şərtlərini məhkəmə təsdiq edir. Belə olan təqdirdə tərəflərin müqavilədə nəzərdə tutulan hüquq və mənafeləri müdafiə olunur. Məhkəmənin müəyyən etdiyi qətnamənin yerinə yetirilib-yetirilmədiyi isə məhkəmə qətnaməsinin icrası mərhələsində özünü doğruldur. Bəzən bir tərəfin xarici vətəndaş olduğu, yaxud hər iki tərəfin Azərbaycan vətəndaşı olduğu nikahlarda ər və ya arvad öz vəzifəsini icra etmədən ölkə hüquqlarından kənara çıxır. Məsələn, kişi alimenti ödəmir və ölkəni tərk edir. Artıq həmin alimentin yaxud digər əmlakla bağlı məhkəmə qətnaməsinin icrası az qala mümkünsüz hala gəlir. Çünki icra məmuru həmin şəxsi Azərbaycanda tapa bilmir.
– Azərbaycanda nikah müqaviləsinin bağlanmasına maraq azdır. Bəzən tərəflər məsələyə birmənalı yanaşılmır. Sizcə, bunun səbəbi nədir?
– Bunun əsas səbəbi Azərbaycanda hələ də iqtisadiyyatın və iqtisadi münasibətlərin tam şəkildə formalaşmamağıdır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi fərqlər var. Təbii olaraq inkişaf etmiş ölkələrin sahibkarlıq təcrübəsi daha çoxdur. Bundan başqa, Azərbaycanda sahibkarlıq son bir neçə il ərzində formalaşmağa başlayıb. Neft müqavilələrindən gəlir əldə etdikdən sonra ölkə iqtisadiyyatı gücləndi. İqtisadi fəaliyyətin subyektləri olan sahibkarlar iqtisadiyyatın özülünü formalaşdırırlar. Həmin sahibkarlar hələ özləri həyatdadırlar və irsi mal-mülklərini öz varislərinə ötürməyiblər. Yəni, onlar hələ bizneslərinin başındadırlar. 20 ildən sonra sahibkarlar nəsli təzələnəcək. İndiki sahibkarların övladları irsi qaydada mal-mülkə sahib olacaqlar. Əslində bu, sosioloji məsələ kimi qəbul edilməlidir. Əgər biznes və qazanc atanın adınadırsa, onun övladı ailə qurduğu zaman əmlakı risk altında olmur. Müstəqil qazancı və əmlakı olmayan birinin nikah müqaviləsi bağlamağına ehtiyac yoxdur. Bu müqavilə əmlak məsələlərini tənzimləyir. Ona görə də hələlik bu ənənə bizdə formalaşmayıb. Bizdə nikah müqaviləsinin geniş yayılmamasının əsas səbəblərindən biri də onun sosioloji əsaslarının olmaması ilə bağlıdır. Məncə, burada maarifləndirmə də rol oynamır. Əgər yol yoxdursa, yol mədəniyyətini necə aşılaya bilərik? Bu, sadəcə, xəyali bir tədris ola bilər. Bunun üçün ilk növbədə iqtisadi münasibətlər təşəkkül tapmalıdır. Nikah müqaviləsinin bağlanması üçün zərurət olmalıdır. Mənim fikrimcə, bu ənənə Azərbaycanda növbəti 10-15 ildə formalaşa bilər
– Nikah müqaviləsi tərəflərə hansı üstünlükləri qazandırır?
– Əgər boşanma zamanı qaynana, yaxud qayınata gəlini evdən çıxarırsa, bunun nikah müqaviləsinə dəxli yoxdur. Nikah müqaviləsi gəlinə qaynananın evində balaca bir otaq verən sənəd deyil. Burada daha dərin köklü məsələlər var. Bu müqavilə zəngin və qeyri-zəngin təbəqələr arasında insani münasibətlərin yaranmasına kömək edir. Ailə dağılanda isə bu münasibətlərin zərər görməməsinə vasitəçilik edir. Müqavilə həm də sui-istifadəyə məruz qalmanın qarşısını alır. Çünki hər kəsin sosial mövqeyi var. Bir şəxs həm sahibkar, həm də ər və ya arvaddır. Ər və ya arvad kimi nikah bağlanarkən nikah müqaviləsi imzalanır. Boşanarkən isə sahibkar kimi sənədə qol çəkir. Nikah müqaviləsinə əsasən, nikaha qədərki əmlak nikaha girənin özünə məxsusdur. Amma nikahdan sonra qazanılan pul ər-arvadın bərabər bölgüsünə düşür. Bəzən nikaha girən şəxs narahat olur ki, qarşı tərəf bir neçə il sonra məndən boşandıqdan sonra rəsmi gəlirlərimin əks olunduğu sənədləri məhkəməyə təqdim edib 3 illik gəlirimin ən azı yarısını tələb edəcək. Belə olan təqdirdə nikah müqaviləsi reallaşır. Tərəflər razılaşır ki, biz ayrı-ayrı sosial təbəqələrin nümayəndələriyik. Mənim illik olaraq ödəyəcəyim bəlli bir məbləğ olacaq. Üstəlik ailənin geyim, yemək, səyahət xərclərini mən verəcəm. Əgər həqiqətən də məni sevirsənsə, bu müqaviləyə qol çəkə bilərsən. Belə olan halda qarşı tərəf həqiqətən də sevgi ilə ailə qurursa, bu müqaviləyə imza atır. Beləliklə, nikah müqaviləsi cəmiyyətdə bütövləşməni təmin edir. Müqavilə ilə ayrı-ayrı sosial təbəqələrin arasında olan ziddiyyətlər aradan qalxır. Bu, həm dövlətin, həm də cəmiyyətin tələbidir. Əgər qarşı tərəf bu şərtə razılıq vermirsə, bu halda deməli, ailə sağlam təməl üzərində qurulmur və Ailə Məcəlləsinin 1-ci maddəsi reallaşa bilmir. Həmin maddədə qeyd olunur ki, ailə qarşılıqlı hörmət və sevgiyə əsasən yaranır. Belə olduqda bəhanələrə də yer qalmır. Adi bir misal deyək. İmkanlı bir ailənin qızı öz sürücüsü ilə ailə qurur. Heç kim öz biznesini risk altında saxlamaq istəməz. Bu halda nikah müqaviləsi tərəflər üçün vacib hesab olunur. Məncə, bu müqavilənin geniş yayılması üçün zamana ehtiyacımız var.
– Bəs regionlarda vəziyyət necədir? İnsanlar öz hüquqlarını bilirmi?
– Bakı paytaxt şəhəri olmaqla yanaşı, həm də mədəniyyət və sənaye mərkəzidir. Əgər şəhər həyatında bu məsələ aktual deyilsə, aydındır ki, regionlarda vəziyyət daha pisdir. Amma bütün hallarda regionlarla müqayisədə şəhərlərdə boşanma hallarına daha çox rast gəlinir. Çünki rayonlarda ictimai qınağın təsiri yüksəkdir. Yerlərdə olan ailələrdəki münasibət daha elastik xarakter daşıyır. Onlar məsələyə daha dözümlü yanaşdığına görə qırılmalar da nisbətən az olur. Kənd ağsaqqal və ağbirçəklərinin, həmçinin, yaxın qohumların məsələdə müsbət müdaxilələri olur. Bu isə ailənin qorunub saxlanmasına gətirib çıxarır.
– Sizcə, nə etmək lazımdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər?
– Fikrimcə, hər şey maarifləndirmədən asılıdır. Profilaktik tədbirlər görülməli və yeri gələrsə, psixoloqa müraciət edilməlidir. Çünki bəzən çox adi səbəblər ucbatından ailələr dağılır. Bəlkə də onlara öyüd-nəsihət verilsə və özlərinə inam formalaşdırılsa, hər şey çox fərqli ola bilər. Mənə elə gəlir ki, burada dini təbliğata da yer vermək lazımdır. Çünki din insanları bir-birini bağışlamağa və güzəştə getməyə çağırır. Ailənin təməli qarşılıqlı güzəşt və dözüm əsasında qurulur. Bu xüsusiyyətlər ailənin ömrünü və elastikliyini artırır. Hər kəs bilməlidir ki, ailədə söyüş, təhqir, şiddət birmənalı şəkildə yolverilməzdir. Maarifçi ziyalılar və ədiblər yazdıqları əsərlərində, teatr tamaşalarında insanları maarifləndirməlidir. Kitab oxuyan insanla oxumayan insan bir ola bilməz. Həmçinin televiziya və mətbuatın da rolunu qeyd etmək yerinə düşər. Təbliğat böyük rol oynayır. Bilənlə, bilməyən adam eyni ola bilməz. Bilikli insan təcrübəli və səbirli olur. Qarşı tərəfi başa düşür. Əgər insan dərin düşünə bilirsə, bağışlamağı da bacarır. Dərin düşüncə isə maariflənmədən başlayır.
– Dünya təcrübəsində nikah müqaviləsinə yanaşma necədir?
– Dünya ölkələrində bu müqavilə geniş yayılıb. İnkişaf etmiş ölkələrdə belə müqavilələr nikah həyatının vacib elementi hesab olunur. Hollandiya və bir sıra qabaqcıl Avropa ölkələrində daha çox müraciət olunan müqavilə formalarından biridir. Orada nikah məhz bu müqavilə əsasında bağlanır. Çünki belə cəmiyyətlərdə nikaha girmək istəyən şəxslərin əmlak və statusu rol oynamır. Onlarda nikah qarşılıqlı sevgi və məhəbbət əsasında qurulur. Ona görə də xarici təcrübədə heç bir problem etmədən bu müqaviləni imzalayırlar. (Kaspi.az)