Bakı şəhərində yerləşən bəzi orta ümumtəhsil məktəblərində şagird, müəllimlər və valideynlər arasında növbəti ildən dərslərin saat 08:00-da deyil, 09:00-da başlanacağı barədə fikirlər yayılıb. Əsasən ibtidai siniflərdə, birinci siniflər üçün dərs saatının 9:00-da başlanılacağı bildirilib.
Lakin bununla bağlı müəllim və valideynlərin, şagirdlərin fikirləri üst-üstə düşmür. Müəllimlərin əksəriyyəti dərslərin 8:00-da deyil, 09:00-da başlamasının tərəfdarıdır.
Şagirdlər də onlar üçün səhər tez oyanmağın, saat 8:00-da dərsdə olmağın çətin olduğunu söyləyib.
Şagird Teymur Məmmədovun fikrincə, dərslərin saat 9:00-da başlaması uşaqların hamısını sevindirərdi: “Səhər 8:00-da dərsdə olmaq çətindir. Yuxumuzu ala bilmirik, dərsdə yuxulu oluruq, əhvalımız olmadığı üçün dərslərimizi yaxşı oxuya bilmirik. Dərslərin bir saat gec başlaması bizim xeyrimizədir”.
Verilən məlumatlara görə, bəzi məktəblərdə direktor müavinləri növbəti ildən dərslərin saat 9-da başlayacağını bildiriblər. Bu qərar işləyən valideynlər tərəfindən narazılıqla qarşılanıb. Belə ki, paytaxtdakı dövlət və özəl müəssisələrin böyük əksəriyyətində iş saat 09:00-da başlayır. Bu baxımdan dərslər səhər saat 8:00-da başladığı üçün valideynlər övladlarını məktəbə qoyduqdan sonra işə çata bilirlər. Qərar dəyişikliyi baş verərsə, valideynlər uşaqlarını saat 9:00-da dərsə aparıb eyni zamanda həmin vaxt işdə ola bilməyəcəklər.
Bu haqda valideyn Əfsanə Tağıyeva bildirir ki, çalışdığı şirkətdə iş saatı saat 9:00-da başlayır: “Həyat yoldaşım da həmin vaxt işdə olmalıdır. Dərslərin saat 9:00-da başlaması bir çox valideynləri işdən çıxmaq, işini dəyişmək məcburiyyətində qoyacaq”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “modern.az”ın sorğusunu cavablandırarkən məlumatların əsassız olduğunu deyib:
“Belə bir dəyişiklik nəzərdə tutulmayıb. Ümumiyyətlə, bu barədə nazirlikdə müzakirə belə aparılmayıb. Bütün bunlar növbəti dezinformasiyalardır”.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır: “I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar”.
Digər vacib məsələyə də toxunan müsahibimiz bildirir ki, Azərbaycan Respublikası təhsil qanunvericilik aktlarına görə hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. “Yəni məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür”.
Əsədovun sözlərinə görə, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər: “Çünki uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkirlər”.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, yuxarı siniflər üçün birinci növbənin saat 8:00-da başlaması normal hesab olunur: “Lakin ibtidai, xüsusilə, I siniflər üçün səhər tezdən oyanmaq əziyyətlidir. Birinci sinif uşaqlarının hələ immun sistemi tam bərkiməyib. Bildiyiniz kimi, məktəblərdə, icimai yerlərdə qrip, soyuqdəymə və s. kəskin respirator xəstəliklər yayılıb. Balaca uşaqlar yuxusunu almadıqda isə bu həm immun sistemlərini zəiflədir, həm də uşaqların əsəblərini pozur. Əsasən də nevroloji uşaqlara səhər tezdən oyanmaq vəziyyətlərinin daha da ağırlaşmasına gətirib çıxarır”.
Bundan başqa, onun fikrincə, uşaqlar yuxulu olduqda dərslərini yaxşı qavraya bilmirlər. “İndi birinci sinifdən başlayaraq tədris proqramının çətinliyini nəzərə alsaq, dərslərin balacalar üçün saat 9-da başlaması onlara tərəf atılmış bir addım olar. Bu amilləri nəzərə aldıqda məktəblərdə birinci siniflər üçün dərslərin bir saat gec, yəni saat 9:00-da başlaması həm uşaqların səhhətinə, həm də tədris prosesinə müsbət təsir edəcək”.
Aynurə MƏMMƏDOVA