seyyah

Gənc səyyah: “Əcnəbilər ən çox evliliklə bağlı adətlərimizə təəccüblənirlər” – MÜSAHİBƏ

Baxış sayı: 2. 736

Turizm mövüsümü yaxınlaşdıqca beynimizdə səyahət etməyi stimullaşdıran hormonlar aktivləşməyə başlayır.  Amma heç də hamıda gəzmək həvəsi təkcə turizm mövsümündə özünü göstərmir. Elə adamlar var ki, onların səyahət etməsi üçün fəsillərin fərqi yoxdur. Təbii ki, hər bir səyahətçi hər getdiyi ölkədə yeni bir şey öyrənir. Biz də “çox gəzən çox bilər” misalını əsas tutub, səyahətçi ilə söhbətləşmək qərarı verdik. Beləliklə, həmsöhbətimiz gənc səyyah Nilgün Aslanovadır.  

 

– Adətən, bizim ailələrdə qız uşaqlarının evdən çox uzaqlaşması narahatlıq yaradır. Maraqlıdır ailənizi dünya ölkələrini gəzmək üçün necə razı saldınız?

– Əgər mən təkbaşına səfərlərə çıxmaq qərarı versəydim, bu, bizim ailədə problem olardı, çünki dediyiniz  streotiplər bizdə də var. Amma ailəm həmişə təhsilimizə önəm verib. Mən də təhsillə bağlı hər şeyi etməyə çalışmışam. Təhsillə bağlı müxtəlif  layihələr çərçivəsində bir neçə dəfə ölkədən çıxandan sonra güvən yarandı.

– İndiyə qədər hansı ölkələrdə olmusunuz?

– Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Çexiya, Macarıstan, ABŞ, Ərəb Əmirlikləri,  Latviya, Litva, Estoniya, İsveç, İslandiya və İtaliyada olmuşam.

– Bu qədər ölkəyə səfər etmək maliyyə vəsaiti tələb edir. Səfər xərclərini necə qarşılayırsınız?

– Xaricə səfərlərim adətən hansısa layihə çərçivəsində olur. Belə olduqda xərcləri mən ödəmirəm. Öz hesabıma xaricə yollananda isə xərclərimi təqaüdümlə ödəyirəm. Ümumiyyətlə, istəyəndə səfər xərcini minimuma endirmək olur. Demək olar ki, hansısa ölkədə qalmaq üçün evə heç pul vermirəm, koç sörfinqdən istifadə edirəm. Biletləri endirim olduğu vaxtlarda alıram.Gediş-dönüşü 30-40 avrodan baha olan biletləri almıram.  Bəzən olur ki, hətta yeməkləri də özümlə aparıram. Məsələn, İslandiyaya gedəndə yeməyi evdən aparmışdım, çünki oranın çox baha olduğunu bilirdim.

nilgun 5

– Getdiyiniz yerlərdə ən gözəl və səyahət ediləsi ölkələri sizə görə hansılardır? Belə bir siyahınız varmı?

– Məsələn, İstanbulda cəmi iki gün olmuşam. Hələ ordan doymamışam. Getdiyim yerlərdən ABŞ və İtaliyaya da səyahət etməyə dəyər. Bundan əlavə, İslandiya çox unikal bir yerdir.

– Bəs “bura heç vax getməyin” deyəcəyiniz yer varmı və ümumiyyətlə, xoş olmayan təəssüratla ayrıldığınız ölkələr olubmu?

– Mən Litvanın Vilnüs şəhərini heç sevməmişdim. Amma bir məsələ də var ki, mən ora gedəndə hava çox soyuq idi. İki günlük getsəm də, hava çəraitinin pis olması üzündən sadəcə sonuncu gün bir saat yarım gəzmək imkanım oldu. Həmin müddət ərzində həzz alsam da, bu səyahət məni yormuşdu. Bəyənməməyimə səbəb bu sadaladığım amillər ola bilər. Havalar isinəndə yenidən gedəcəm. Məhz onda yekun qərar verə bilərəm. (gülür – T.M.) Ümumiyyətlə, məncə, dünyanın hər yerini ən azı bir dəfə görmək maraqlı olar.

 – Yollar, macəra, gənc xanım… Bəs bu səfərlərdə qarşınıza sevgi çıxmayıb?

– Yox, belə bir halla qarşılaşmamışam.

– Yəqin ki, adətən getdiyiniz ölkənin mətbəx nümunələri ilə qidalanırsınız. Amma heç də bütün ölkələrin mətbəxi bizim ağız dadımıza uyğun deyil. Maraqlıdır, heç ac qaldığınız olubmu?

– Ac qaldığım olub. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində ac qalmışdım. Onların milli mətbəxi bizə heç uyğun deyil deyə ümumiyyətlə, heç nəyə toxuna bilmədim. Bundan başqa, İslandiya, İsveç və Litva kimi ölkələrin mətbəxində  özəl nəsə yoxdur.  Adətən yeməklə bağlı çətinliklərlə xristian ölkələrində rastlaşıram. Əksər yeməklər donuz ətindəndir  və mən bundan imtina edirəm. Məsələn, İslandiyada Hot-doq yeməyi düşünürdüm, amma donuz ətindən hazırlandığı üçün yemədim. Bundan başqa spirtli içkilərdən də uzaq dururam. Hətta hansısa şirniyyatın tərkibində də spirt olursa, ondan da dadmıram.

nilgun 2

– Adətən, səyahətçilər deyir ki, insan səyahət etdikcə, bu, onda vərdişə çevrilir, daim harasa getmək istəyir, uzun müddət bir yerdə dayana bilmir…

– Hə, çox düzdür. Bununla tamamilə razıyam. Bir müddət gəzdikdən sonra adam artıq evdə otura bilmir. Davamlı gəzmək istəyirsən. Hətta bəzən səyahətlər insanı yorsa da, yenə gəzmək həvəsi qalır. Məsələn, adicə hansısa həmişə getdiyim şəhərlərin belə, görmədiyim hissəsində gəzmək mənə müsbət təsir edir. Mən Gəncədə anadan olmuşam və Bakıda yaşamışam. Bu iki şəhərə baxışım dünya ölkələrini gəzdikdən sonra çox dəyişib. Elə  vaxtlar olurdu ki, Gəncədə və ya Bakıda gəzməyə sırf  turist kimi çıxırdım. Özüm üçün yeni şeylər kəşf etməyə çalışırdım.

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Avropada təəccüblə qarşılanır?

–  Məsələn, mənim donuz əti yeməməyim və içki içməməyim qeyri-adi qarşılanır. Düzdür, bunu heç də bütün azərbaycanlılara aid etmək olmaz, çünki bizdə donuz əti yeyən də, spirtli içki içən də xeyli adam var, amma hər halda məni tanıyan əcnəbilər buna təəccqblənir. Bundan əlavə, bizim mentalitet xaricdə birmənalı qarşılanmır.  Məsələn, evliliklə bağlı adət ənənələrimiz maraqla qarşılanır, təəccüb doğurur. Getdiyim ölkələrdən yalnız İtaliyada  Azərbaycanla oxşarlıq müşahidə etmişəm.

– Maraqlıdır, evliliklə bağlı hansı adətlərimiz əcnəbilər tərəfindən təəccüblə qarşılanır?

– Məsələn, elçilik mərasimi xaricilər üçün qeyri-adidir.

Bəs İtaliyada bizimlə hansı oxşarlıqlar diqqətinizi çəkmişdi?

– Bizim kimi çox səsli-küylü millətdirlər. Yeməkdən danışmağı və yeməyi çox sevirlər. Ən əsası da onlarda da bizim kimi ailə qurarkən valideynlərin razılığı önəmlidir.

nilgun 3

– Sonda səfərlərdən yadınızda qalanlardan maraqlı məqamları bizimlə bölüşə bilərsiniz…

– İsveçdə özüm üçün maraqlı məqam olmuşdu. Deməli, ora üç günlük getmişdim. Cibimdə də cəmi 50 avro var idi. Hələ İsveçə yollanmamışdan düşünürdüm ki, ordan İsveç şokaladının dadına baxmadan qayıtmayacağam. Sonuncu gün artıq demək olar ki, bütün pulumu xərcləmişdim. Ancaq gəmi ilə qayıtmaq üçün pulum qalmışdı. Ümumiyyətlə, orda qiymətlər çox yüksəkdir. Məsələn, orda adicə çörəyin qiyməti 26 İsveç krondan başlayır ki, bu da çox bahadır. Belə demək mümkünsə, 1-2 avrodan ucuz nəsə tapmaq olmur bu ölkədə. Sonda əlimdə qalan 10 kronla mağazaya daxil oldum və satıcıya dedim ki, cəmi 10 kron pulum var və mən İsveç şokaladının dadına baxmadan ölkəni tərk etmək istəmirəm. Satıcıya vəziyyəti izah etdikdən sonra mənə şokaladı verdi. Hamı şokda idi ki, mən cəmi 10 İsveç kronuna şokaladı necə almışam. Sözsüz ki, qiyməti 10 kron deyildi, ancaq satıcı mənə hörmət etmişdi.

 

Söhbətləşdi: Tural Məmmədov

Nilgun5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir