Bu günlərdə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Nüsrət İbrahimov bildirir ki, Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur. Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.
Qeyd edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz artıb. Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə alınıb. 2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mənzil bazarında hazırkı vəziyyət stabil olaraq qiymətləndirilir: “Hələlik qiymət dəyişməsi müşahidə olunmur. Digər göstəricilər üzrə də artım və ya azalma yoxdur. Ümumilikdə tələb ötən ilin sonlarında olduğu kimi, aşağı olaraq qalmaqdadır. Təklif portfelinin həcmi isə yeni tikililər hesabına genişləndirilsə də, indi 3-4 il əvvəl olduğu qədər bazara mənzil çıxarılmır. Tələb və təklif strukturu arasında ciddi fərq var. Bu isə bazardakı ümumi vəziyyətə mənfi təsir göstərir. Həm təkrar bazarda, həm də yeni mənzillərdə vəziyyət təqribən oxşardır. Adətən ipoteka kreditləri verildiyi zaman təkrar bazarda müəyyən qədər canlanma yaranır. Amma bugünkü vəziyyət stabil olaraq qalmaqdadır. İpoteka kreditlərinin verilməsində cüzi azalma olsa da, təkrar bazarda ciddi dinamika yoxdur. Rayonların bölgüsü üzrə götürdükdə, Bakı şəhərində daha çox aktiv olan ərazilər Yasamal, Xətai, Binəqədi, Nizami, Nəsimi, Nərimanov rayonlarıdır. Həmçinin Nəsimi rayonunun mikrorayonlar hissəsində tələb daha çoxdur. Burada mənzillərin qiyməti müxtəlifdir. Ona görə də orta qiymət müxtəlif formada dəyişir. Məsələn, Nəsimi rayonunun elə ərazisi var ki, orada mənzilin 1 kv. metrinin qiyməti 4-5 min manat arasında dəyişir. Eyni rayonun elə zonası var ki, mənzilin 1 kv.metri 1200 manatdır. Mənzillərin qiymətləri yerləşmə zonasından, layihəsindən asılı olaraq dəyişir. Məsələn, fransız layihəli mənzillə Leninqrad layihəli mənzilin qiyməti arasında 30-35 faiz qiymət fərqi var. Qiymətlər həm də binaların mərtəbəliliyinə görə dəyişir. 9-cu mərtəbədə yerləşən mənzillə 4-cü mərtəbədə yerləşən mənzillərin qiymətləri arasında 5-6 min manat fərq var. Mənzillərin qiyməti həm də sosial obyektlərə yaxınlığına görə dəyişə bilir. Bütün bu faktlar ümumilikdə mənzilin qiymətinə təsir göstərir. Yuxarıda qeyd etdiyim rayonlara alqı-satqı üzrə pay bölgüsü daha çox düşür. Amma bütövlükdə götürsək, digər rayonlarda da vəziyyət təqribən oxşardır. Aktiv və passiv ərazilərin də özünəməxsus xüsusiyyətləri var. Məsələn, Xəzər rayonunda çoxmənzilli binaların sayı olduqca azdır. Bu rayonun əsas hissəsi fərdi yaşayış evlərindən və bağ evlərindən ibarətdir. Həmçinin Sabunçu rayonunun müəyyən hissəsi eyni formadadır. Bu göstəricilər əsasında da qiymətlər dəyişir. Bakı şəhərində bu gün minimum qiymətlər ucqar ərazilərdə olur. Məsələn, Əmircan, Buzovna kimi ərazilərdə mənzilin 1 kv. metrinin təqribi qiyməti 850-900 manatdır. Ən bahalı mənzillərə gəldikdə isə, paytaxtda 1 kv. metri 5000-7000 manat arasında bazara təklif olunan mənzillər var. Bu mənzillər paytaxtın birinci zonasında yerləşir. Birinci zona dedikdə isə, Səbail və Nəsimi rayonlarının mərkəzə və dənizə yaxın olan ərazilərində yerləşən mənzillər nəzərdə tutulur”.
Əmlak üzrə ekspert Rəşad Əliyev bildirdi ki, artıq mənzillərə olan tələb dəyişib: “Bakı şəhəri üzrə müxtəlif təklif paketləri əsasında satılan mənzillər var. Əgər mənzil varsa, deməli, onun alqı-satqısı da var. Sadəcə olaraq söküntü zonasına düşən mənzillərin satışında müəyyən qədər azalma olduğu müşahidə edilir. Belə mənzillərə olan tələb də aşağı səviyyədə qiymətləndirilir. Aprel ayında sosial mənzillərin satışına başlandı və qiymətləri açıqlandı. Eyni zamanda, şəhərin bir çox ərazilərində pilot layihələr həyata keçirilir. Çox güman ki, gələn il bazarda satışın strukturunda və qiymətlərə təsir edən amillərdə yeni trendlər müşahidə ediləcək. Məsələn, keçən ilin sonlarından pilot layihələrin başlanması ilə köhnə tikililərə olan tələbat kəskin olaraq azalıb. Bu mənzillərin qiymətində nəinki artım, hətta azalma müşahidə olunur. 5-10 il bundan əvvəl tikilən mənzillərə isə tələb nisbətən artıb. Analoji olaraq keçən ilin sonlarından başlayaraq bu mənzillərin qiymətində artım var. Alıcıların zövqündə olan dəyişikliklər bazardakı qiymətlərə də təsir edir. Məsələn, əvvəlki dövrlərlə müqayisədə vətəndaşlar daha çox keyfiyyətli binalara və mənzillərə üstünlük verirlər. Rayonlar üzrə tələbə gəldikdə isə, vəziyyət əvvəlki kimi olaraq qalmaqdadır. Demək olmaz ki, hansısa ərazidə olan mənzillərə tələb artıb. Qiymətlərə gəlincə isə, maksimum qiymətlər şəhərin mərkəzində yerləşən lüks mənzillərdədir. Belə mənzillərin bir kv.metrinin qiyməti 7-8 min manata yaxındır. Amma bu cür mənzillərin sayı çox azdır. Belə mənzillər şəhərin mərkəzində yerləşir və mənzərəsi birbaşa dənizə açılır. Minimum qiymətlərə gəlincə, bu, mənzillərin sinfindən asılıdır. Məsələn, ekonom, komfort və lüks siniflərə aid olan mənzillər var. Qiymətlər bu siniflərə uyğun olaraq dəyişir”.