Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə, Hüseynov Babur və Bünyatzadə Naminin axtarışları davam etsə də, onların sağ-salamat tapılacağı ilə bağlı ümidlər də get-gedə azalır. “Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov da zaman-zaman mediaya məlumat verir ki, axtarışlar alpinistlər tapılana qədər davam edəcək.
Burada maraqlı bir məqam isə alpinistlərdən hər üçünün təcrübəli dağçı olmasıdır. Bundan başqa, onlardan birinin – Babur Vaqif oğlunun üzərində 27 kiloluq ruqzakın olmasıdır. Elə tərəddüdlər də o istiqamətdədir: nəyə görə onların heç olmasa əşyaları da olsa tapılmır? Axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-in 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.
Tarixin ən qəribə alpinist itkisi – hadisədə UFO izi tapılıb
Bu hadisənin izi ilə dünyada bu günə qədər itkin düşən alpinistlər, dağçılarla bağlı dosyeləri araşdırıb. Bəli, tarixin müxtəlif dönəmlərində belə itkin hadisələri baş verib. Bəziləri xoşbəxt sonluqla bitib, bəzilərinin isə sirri hələ də çözülməyib.
Bunlardan ən maraqlısı 9 alpinistin 1959-cu ildə Ural dağlarında sirli ölümləridir. Hadisə, yerli xalqın təbirincə, “ölüm dağı” adlandırılan ərazidə baş verib. Hadisənin üstündən 60 il keçməsinə baxmayaraq, həmin tarixdə Ural dağlarında yaşananlar öz sirrini hələ də qoruyub saxlayır, 9 gənc alpinistin qorxunc bir şəkildə ölümünə səbəb olan böyük faciəyə bəzilərinə görə yadplanetlilər, bəzilərinə görə isə gizli bir sovet silahı səbəb olub. Hər iki şəkildə də ortada aydınlanmağı gözləyən bir sirr var.
O gecə yaşananlar haqqında çox şey danışılıb. Və ortaya onlarla iddia atıldı. Bu iddialardan bəzilərinin qəsdən, məlumat çirkliliyi yaratmaq məqsədilə ortaya atıldığı artıq bilinir. 60 ildən artıqdır hadisənin sirrini açmağa çalışan araşdırmaçıların böyük bir qismi bu gün artıq hadisənin içində yadplanetlilərin ola biləcəyini yüksək səslə dilə gətirməyə başladılar.
Tapılan alpinist cəsədləri natamam olub, yerdə yad cisimlərin ayaq izləri tapılıb.
Digər versiya və iddialar:
1) Meyitlərin üzərində şabalıdı-bronzlaşmış ləkələr olduğunu iddia edir.
2) Heyətdən 50 kilometr uzaqlıqda kamp quran başqa bir qrup isə bildirib ki, hadisə gecəsində cənubdan qəribə, narıncı kürələr gəldiyini görüblər. Bu sayaq informasiyalar 1959-cu ilin yanvar ayından mart ayına qədər yayılır. Amma sonradan bunların R-7 Semyorka raket testi olduğu sübut edilir.
3) Hadisə gecəsində qrupun çəkdiyi son şəkildə də qəribə narıncı dairələrin göründüyü iddia edilir.
4) Hadisə yerində qəribə bir metal parçası tapıldığı da sonradan ortaya çıxıb. Bu metal parçasının şəkli axtarış heyəti tərəfindən də çəkilib. Amma bu fraqment cəmiyyətlə paylaşılmayıb.
5) Araşdırmaçılar alpinist Yuriy Krivonişenko və Yuriy Doroşenkonun donmamaq üçün son bir cəhdlə yandırdıqları ocağa quru odunlar yerinə ağacdan qırdıqları yaş budaqları atdıqlarını üzə çıxarıb. Bu da alpinistlərin hadisə gecəsində görmə qabiliyyətlərini bir müddətə itirdiklərini düşündürür.
6) Cəsədlər tapıldığı zaman məlum olub ki, Yuri Krivonişenkonun burnunun bir hissəsi kəsikmiş. Tapılan meyitlərdə göz, dil və sair kimi itmiş orqanlar var idi. Meyitlər üzərindəki kəsiklərin olduqca təmiz bir şəkildə edilməsi ilə bağlı hər hansı açıqlama verilməyib.
7) Dərənin yatağında, suyun içində tapılan dörd meyitin geyimləri üzərində bənövşəyi rəngdə ləkələr görünür. Araşdırmaçılar bunların mineral maddələrdən qaynaqlandığını bildirirlər.
8) Heyətdə İqor Dyatlovunku da daxil olmaq üzrə, Yuri Krivonişenko, Rüstəm Slobodin, Semyon Zolotareva aid daha 3 kamera olduğu bilinir. Amma Dyatlovun kamerası xaricindəki digər kameralara nə olduğu hələ də açıqlanmır.
9) İddialara görə, Yuri Doroşenkonun tutduğu özəl bir gündəlik var. Və bu gündəlik heyətin digər üzvlərinə aid gündəliklərlə birlikdə çadırdadır. Gündəlikdə faciəyə aid önəmli bir məlumatın yazılı olduğu iddia edilməkdədir.
10) Son 4 cəsəddə qəribəlik var idi. Belə ki, Zolotaryov Lyudmillanın paltarını geyinmişdi. Lyudmillanın ayağında isə Krivonişenkonun yun şalvarı var idi. Paltarlar üzərində aparılan araşdırmadan sonra məlum oldu ki, paltarlar yüksək səviyyəli radiasiyaya məruz qalıb. Hadisədən bir neçə ay sonra sovet hökuməti ittiham edəcək heç kimi tapa bilmədi. Beləcə, iş bağlandı və arxivə göndərilərək unuduldu. İllər sonra hadisəni araşdıran Yuri Kuntseviç sovet hökumətinin hadisəni xalqdan gizlətdiyini açıqlayıb. Açıqlamadan sonra “Mansi” adlı yerli qəbilənin bu cinayəti işləyə biləcəyi variantı gündəmə gəldi. Yayılan məlumatlara görə, tələbələri yerli sakinlər öldürüblər. Verilən açıqlamalarda bildirildi ki, guya yerli əhali yad insanların onların torpaqlarına keçdiyini öyrənərək tələbələri öldürüblər. Bu məsələ hadisənin yenidən araşdırılmasını zəruri etdi. Məlum oldu ki, Otorten dağı və Holat-Syahl ərazisi yerli sakinlər üçün adi bir yerdir və adları çəkilən yerlərin heç biri müqəddəs torpaq deyil. Qeyri-adi olan bu idi ki, Otorten dağını yerli sakinlər “Ölüm dağı” adlandırırdılar. 1990-cı illərdə yazar Anatoli Gusçin hadisə ilə bağlı araşdırma apardı.
Bütün bu ilginc versiyalar isə bir nöqtədə birləşirdi. Sözügedən ərazidə yadplanetlilərin olması və onların alpinistləri qətlə yetirə biləcəyi ehtimalı mətbuatda yer alıb. Hətta alpinistlərin qaldığı yerdə çılpaq ayaq izlərinin olması da bu versiyaları gücləndirib. O cür qarlı havada heç bir alpinistin çəkməsiz qarın içinə çıxmayacağı mütləq olduğu üçün, araşdırmaçılar da bu izlərin yadplanetlilərə aid ola biləcəyi versiyasını möhkəmləndiriblər.
İtənlər və tezliklə tapılanların ilginc hekayəsi – demək ki, mümkündür.
Keçək digər alpinist itkinlərinə və onların tapılma hekayələrinə. Bəli, alpinistlər heç də hər zaman səssiz-sədasız itmirlər.
Bu ilin yanvar ayının 26-da Rusiyada Elbrus zirvəsində itən iki belaruslu alpinist tapılıb. Alpinistlər 3600 metr hündürlükdə İrik-Çat dərəsində tapılıblar.
Qeyd edək ki, alpinistlər yanvar ayının 17-dən sonra əlaqəyə çıxmayıblar.
Türkiyədə 2015-ci ilin fevralında Muş-Diyarbakır yolunda 30 nəfər qar səbəbindən hərəkət edə bilməyib. Onları xilas etmək üçün gedən 2 nəfər işçi isə uçqun altında qalıb. İşçilər heç bir yardım olmadan özləri uçqundan çıxa biliblər, sonra isə iş alətlərini də tapıblar. Yolda qalan 30 nəfər də xilas edilib.
2016-cı ilin fevralında isə Hindistanda uçqunla bağlı maraqlı, şok edən hadisə baş verib. Hindistanın şimalında Siachen buzlağında, 8 metrlik qar yığınının altında qalan əsgər uçqundan 6 gün sonra sağ tapılıb. 5.900 metr yüksəklikdə, -45 dərəcə soyuqda Hanamanthappa Koppadı tapan axtarış edənlər onun nəbzinin hələ də döyündüyünü gördükdə təəccübləniblər. Koppad qar təbəqəsinin altında yaranan bir hava boşluğu sayəsində həyatda qala bilib.
2015-ci ilin fevral ayında Türkiyədə Bozdağa qalxan alpinistlər yoxa çıxıb. Hadisəyə qar fırtınası səbəb olub. Uzun çəkən axtarışlardan sonra 20 dağçıdan 19-u sağ şəkildə xilas edilib. 6 gün əvvəl, yəni 24 dekabr tarixində Uludağda qar fırtınasına görə itən 5 dağçı 10 saat sonra xilasedicilər tərəfindən xilas edilib.
Barəsində film çəkilən itkin alpinist hekayəsi – dünya beləsini görməyib
14 dekabr 2014 tarixində isə Nepaldakı Annapurna massivində meydana gələn bir qar fırtınası 43 nəfərin ölümünə səbəb olub. Bu, 40 dağçının öldüyü və o günə qədər görülmüş ən böyük dağçılıq fəlakəti olan Pamir faciəsindən (17 iyul 1990) belə daha böyük bir fəlakətdir. Üstəlik, ölənlər yüksək hazırlıqlı alpinistlər yox, ticari turlarla trekkinq etmək üçün bölgəyə gəlmiş təbiət yürüşçüləri idi. 14 dekabr 2014-cü ildə anidən başlayan qar fırtınası ticari firmalar tərəfindən Annapurna Circuitə çıxarılmış təbiət yürüşçülərini yaxalayıb. O an yolda neçə kişinin olduğu tam bilinmir. Amma 500-ə yaxın yürüşçünün olduğu təxmin edilir.
Dağçılıq və təbiət idmanları ilə maraqlanan hər kəsin izlədiyi bir film var – “127 saat”. Bu, gerçəkdən baş vermiş bir hadisə əsasında çəkilib və gənc bir dağçının ölüm-qalım mübarizəsini ifadə edir. Aron Lee Ralstoun 127 saatlıq yaşam mübarizəsini.
Aron Lee Ralstonun taleyini dəyişdirən hadisə 26 aprel 2003-cü ildə baş verdi. Aron, Utahdakı Blue John Kanyonuna doğru təkbaşına birgünlük təbiət yürüşünə çıxıb. Amma çox ağır bir səhvə yol verərək, bu planı barədə heç kimə məlumat verməyib. Kanyon içində gəzərkən böyük bir qayanı tapdayıb və qaya ilə birlikdə yuvarlanıb. Nəticədə sağ əli 360 kiloluq bir qaya ilə kanyon divarı arasında sıxışıb qalıb. 5 gün suyu və yeməkləri tükənib. Özünü zorlayaraq su torbasına yığdığı idrarını içib. Enerjisi isə artıq tamamilə bitmişdi. Gecəni atlada bilməyəcəyini düşünən Aron, adını və təxmini ölüm tarixi olaraq 1 may 2003-cü ili qaya divarına cızıb, ailəsi üçün bir video çəkdikdən sonra yuxuya dalıb.
Növbəti gün, 1 mayda oyandığı zaman ölmədiyini görüb yenidən ümidlənib. Aron, 127 saatdə 18 kilo çəki itirmişdi və bunun təxminən 1/4-i qan itkisindən qaynaqlanmışdı. Amma 127 saat sonra axtatış heyəti onu kəsik qolu ilə tapıb və həyata qayıtmasına səbəb olub.
Everest Dağı tarixinin ən böyük fəlakəti isə 18 aprel 2014-cü ildə yaşanıb. Khumbuda meydana gələn bir kar-buz fırtınası orada 16 alpinitsin ölümünə səbəb oldu. Onların axtarışları isə bir neçə gün davam etdi.
Sonda… Dünya tarixi zaman-zaman alpinist qəzaları, faciələri ilə üzləşib. Bu nümunələr isə onlardan bəziləridir. Çoxunda xoşbəxt sonluq yaşanıb, bəzilərində isə sual işarələri ilə dolu faciələr. Amma bütün hallarda insanlıq bu qəzalardan sığortalanmayıb. Yüksək texnika, operativ komanda və bir də şans… Bu üçlük alpinistləri zaman-zaman qəzadan sağ çıxarmağa nail olub. Amma hər zaman yox…
Sevinc TELMANQIZI