7 May saat 10:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial mənzillərin satışına başladı. Hazırda Bakı şəhərində ev almaq arzusunda olan kifayət qədər insanın olduğunu nəzərə alsaq, MİDA-nın bu addımını yüksək qiymətləndirməmək olmaz. Bu evlərin qiymət baxımından da münasib, həmçinin təmirli şəkildə olması satışa çıxarılan digər mənzillərdən üstünlüyüdür. Bu da, əhalini ev aldıqdan sonra təmir xərcindən azad edir. Həmçinin mənzillərin içərisində mebellərin də olması aztəminatlı ailələr üçün olduqca əlverişlidir. Lakin satış başlayandan sonra MİDA-nın saytında problemlər yarandı. Vətəndaşların bununla bağlı ciddi narahatlığı, hətta deyərdim ki, etirazları oldu. Məsələnin ciddiliyini nəzərə alaraq “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb: “Qeyd edək ki, satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilib.
Xüsusilə, bildiririk ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq var və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub”.
Açıqlamada həmçinin qeyd olunub ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10.000-ə qədər artırılıb: “Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11:50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16.000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib”.
Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb: “Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmamağı üçün bütün zəruri tədbirləri həyata keçirəcək”.
Sosial evlərə olan tələbatın bu qədər çox olması onu diktə edir ki, bu tip mənzillərin tikilməsi çoxalmalıdır. Sosial evlərin çox tikilməsi mənzil bazarında da rəqabət yarada bilər. Bu kimi məsələlərlə bağlı ekspertlərin fikirlərini öyrəndik.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin bu qədər yüksək olacağı öncədən bəlli idi: “Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi prosesə hazır olsa da, təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı. Halbuki, mayın 7-si saat 10:00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan, bu sistem test edilməli idi. Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarə edilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edən bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq, elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var”.
Ekspert mənzillərin satış qiyməti ilə bağlı təklifini də qeyd etdi: “Ən çox müzakirə edilən məsələlərdən biri də mənzillərin qiyməti ilə əlaqədardır. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin qiyməti həmin ərazidə yerləşən analoji mənzil ilə müqayisədə aşağı olsa belə, İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq hökumətə sosial mənzillərin qiymətinin ucuzlaşdırılması ilə bağlı təkliflərimizi təqdim etmişik. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi, nəticə etibarı ilə qiymətin aşağı düşməsinə gətirib çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərəfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqlı mənzilin qiyməti 31521 manata, 3 otaqlı mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqlı mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artdığını nəzərə alsaq, bu subsidiya üçün maliyyə mənbəyinin tapılması da çətin deyil”.
Məsələ ilə bağlı “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimovun da fikirlərini öyrəndik. Müsahibimiz güzəştli mənzil layihəsinin daşınmaz əmlak bazarına hələ ki, ciddi bir təsirinin olmadığını deyir: “MİDA-nın təklif etdiyi qiymətlər kifayət qədər yaxşıdır. Ona görə də vətəndaşlar arasında bu qədər müraciətin olması gözlənilən idi. Amma inanmıram ki, yaxın müddətdə bazara təsiri olsun. Çünki satışa çıxarılan mənzillər müəyyən sosial qruplara aiddir. Həmin sosial qrup da əmlak bazarında elə də böyük paya malik deyil. Güzəştli mənzilləri alanlar əmlak bazarını tənzimləyəcək və ya bazarda müəyyən dəyişikliyə səbəb olacaq kontingent deyil. Amma tikinti bazarında, vətəndaşların işlə təmin olunmasında müəyyən qədər canlanmaya səbəb olar bilər. Həmçinin tikinti şirkətlərini şəhərsalma standartlarına əməl etməyə sövq edər”.
Günel Azadə