psixi

Psixi xəstələr niyə çoxalır?

Baxış sayı: 1. 746

Əvvəllər kiminsə psixoloq, psixiatr yanına getməsi qalmaqallı bir xəbər, hadisəyə bərabər olardı. İndisə, bu hal artıq adiləşib. Psixoloq, psixiatr, nevropatoloqlar tez-tez televiziyada çıxış edir, müəyyən məsləhətləri bölüşürlər. Uşaqlıq illərindən belə psixoloqa aparmaq tərbiyənin bir hissəsinə çevrilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  hazırda Azərbaycanda 96 min 848 nəfər psixi xəstəliklərdən əziyyət çəkir. Sonuncu statistik göstəricilərə əsasən il ərzində 3 min 863 nəfərə ilk dəfə psixi xəstəliklərə bağlı diaqnoz qoyulub. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı isə 769 nəfər artıb.

Qeyd edək ki, bir çox psixi xəstəliklər neyrotransmitterlər-beynin sinir hüceyrələri arasinda siqnalları nəql edən maddələr sistemində baş vermiş pozuntularla əlaqədardir. Bundan əlavə, psixi xəstəliklərin inkişafında orqanizmin endokrin və immun sistemlərinin pozulması da mühüm rol oynayır. Bəzi xəstəliklər irsi meylliliyə malikdirlər. Bir çox xəstəliklər keçirilmiş ağır hadisələrdən (yaxın adamın vəfatı, ailənin dağılması, qorxu və s.) və ya uzunmüddətli stress (ailə problemləri, işsizlik, qaçqın düşərgəsində yaşayış və s.) vəziyyətlərindən sonra meydana çıxır. Bəzi xəstəliklər beynin bilavasitə zədələnməsi ilə əlaqədardər. Kəllə-beyin travmaları, yoluxucu xəstəliklər, zəhərlənmələr, beyin qan dövranının pozuntuları bu qəbildəndir. Alkoqol və narkotik maddələrdən istifadə edənlərdə özünəməxsus psixi pozuntular qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, şizofreniya, MDP, anadangəlmə və qazanılma ağıl zəifliyi kimi ağır xroniki psixi xəstəliklərlə yanaşı nevrozlar, şəxsiyyət aksentuasiyaları, yüngül depressiyalar kini sərhəddə yerləşən psixopatologiyaları özündə birləşdirən psixiadriya son illər ən aktual tibbi sahələrdən birinə çevrilib.
XXI əsr depressiya əsri adlandırılır. Müasir psixiatriyada dərman müalicəsi ilə yanaşı müxtəlif psixoterapevtik metodlar, fizioterapiya üsulları geniş tətbiq olunur.

Psixoloq Ramil Nəcəfli bildirir ki, həqiqətən də ölkədə psixi xəstəliklərdən, psixoloji narahatlıqlardan əziyyət çəkənlərin sayı artır: “Statistikada göstərilən rəqəmlər qeydiyyata düşmüş psixi xəstəliklərin statistikasıdır. O adamlar ki, faktiki olaraq ətrafa, cəmiyyətə zərərlidirlər və ailələr, ətrafdakılar bunun fərqində olduğundan ya özləri onları psixi xəstəxanaya aparır, ya da adam özü bunu başa düşərək gedib psixiatrik dispanserlərdən qeydiyyatdan keçir. Eləcə də, əsgərlik yaşına çatmış gənclərin tibbi müayinəsi zamanı bu aşkar oluna bilər. Sürücülük vəsiqəsinin alınması zamanı da bu təsadüfən üzə çıxır. Əsas bu yollarla şəxsdə psixi xəstəliyin olması müəyyən edilir. Könüllülük əsasında bu az olur”.

Nəcəfli qeyd edir ki, nə qədər “papaq altında” olan psixi xəstəliklər var: “Hər adam, hər ailə gedib psixi xəstəliyi qeydiyyata saldırmır. Biz hələ nəzərə almalıyıq ki, bəzən sürücülük vəsiqəsi verilən zaman düzgün müayinələr aparılmır. Yaxud, psixi xəstələr özləri bunu gizlədirlər. Burada qabartmaq istəyərdim ki, Azərbaycanda hal-hazırda mövcud vəziyyətlə əlaqədar psixi, psixo-nevroloji, ruhi-əsəb xəstəliklərinin sayı artıb. İnsanlar çox vaxt belə xəstəlikləri ilə xəstəxanaya müraciət etmədiyindən müalicəsiz ağır fəsadlar baş verir. Psixi xəstəliklərin vaxtında müalicə olunmaması ailə dramlarına, şəxsin həyatını məhv etməsinə, intihara belə gətirib çıxarır”.

Həmsöhbətimizin sözlərinə görə, bu xəstəliklərin artmasının əsas səbəbləri sosial vəziyyətlərinin, maddi durumlarının ağır olması, ailə-məişət zəminində olan münaqişələrdir: “Eləcə də, müxtəlif ağır, sağalmaz xəstəliklər qarşısında insanların psixikası dözməyə bilər və bu sonradan ruhi-əsəb xəstəliyinə çevrilər. Kimlərləsə qarşılıqlı münasibətlər zəminində sevgi münasibətləri və ya digər faktorların təsirinin, boşanmalar, ayrılıqlar nəticəsinin fəsadları olaraq psixi xəstəliklər yarana bilər. İşsizlik, çarəsizlik, kredit borcu olan adamlarda da dözümsüzlük şəraitində çarəsizlikdən psixikaları dözməz. Əksər hallarda ruhi-əsəb sarsıntıları keçirirlər”.

Mütəxəssis onu da vurğulayır ki, ümumilikdə götürdükdə, psixi xəstəliklər çox az adam qrupunu təşkil edir, lakin psixoloji və yaxud nevroloji xəstəliklərin sayı-hesabı yoxdur: “Bu da yaşadığımız zəmanədə insanların stresə, depressiyalara, psixoloji travmalara məruz qalması nəticəsində baş verir”.

R.Nəcəfli əlavə edir ki, insanları dəlilik həddinə çatdırırlar: “Normal adamlar psixi xəstəyə çevrilirlər. Normalda əsasən anadangəlmə anomaliyalar, genetik faktortlar, irsi xəstəliklər səbəbindən insanlar psixi xəstə olurlar. Məsələn, xromosom xəsətlikləri var: Daun sindromu, digər başqa xromosom xəstəlikləri üzündən anadangəlmə psixi pozuntular, anomaliyalar olur. Bir də var ki, qazanılmış xəstəliklər. Normal adamlardır, ancaq müxtəlif travmalar, həyat çətinlikləri, insanlarla münasibətlərin pozulması və uçurumlar nəticəsində sonradan qazanılmış psixi xəstəliklərə tutulur.

Əsəbləri dözməyən insanlar var. Biz adətən yolda, insanlarla ünsiyyət zamanı psixi pozuntuların qabarıq şəkildə büruzə verilən insanlara ast gəlirik. Baş verən hadisələr qarşısında normal reaksiyalar əvəzinə belə adamlar qeyri-adekvat reaksiyalar verirlər. Onlar müəyyən problemlərlə qarşılaşdıqda, stresli vəziyyətlərdə əsəbləri dözmür. Normal adamdır, amma o qədər davamlı travmalara məruz qalıb ki, artıq dözə bilmir. Psixi müqaviməti azalır, normal reaskiya verə bilmir, istər-istəməz aqessivləşir, aqressiv reaksiyalar verir, bu cür nevroloji simptomlar təkrarlandıqca axırda psixi xəstəlik qarşısında aciz qalır”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir