aile

Ailə övladlığa götürdüyü uşaqla necə doğmalaşmalıdır?

Baxış sayı: 1. 216

Xoşbəxt ailə sağlam cəmiyyət deməkdir. Çünki hər bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq, onun inkişaf etməsində və ya əksinə, inkişafını ləngitməsində müəyyən rol oynayır. Bəs ailə hansı hallarda xoşbəxt olur? Maddi imkan, ev, övlad…

 

Övlad ailə xoşbəxtliyini bir növ tamamlayır. Yəni uğurlu övlad ailənin xoşbəxtlik elementidir. Eyni zamanda, uğurlu fərd də mütləq xoşbəxt ailənin övladı olur. Övlad barı olmayan ailələr isə bu boşluğu yenə övladla; götürülmə övladla “doldurmağa” çalışırlar. Amma bu da hər zaman uğurlu olmur. Ya götürülmüş övlad nankor olur, ailənin bütün əzab-əziyyətlərinə, sıxıntılarına baxmayaraq, onun etimadını doğrultmur, ya da ailə onu əsl övladı kimi tam xoşbəxt edə bilmir. Bu qırıqlıq sonradan bir qəlb sızıltısına, daha sonralar isə dözülməz mənəvi ağrılara çevrilir. Mütəxəssislər də bu mövzu ilə bağlı konkret nəticəyə gələ bilmirlər. Belə ki, istənilən ailə tərəfindən övladlığa götürülən uşağın doğmalaşması üçün vacib detalların bəzən nəzərə alınmadığı qeyd edilir.

 

Övladlığa götürmə nə zaman zəruridir?

“Humel” Psixologiya Mərkəzinin psixoloqu Mikayıl Əliyev bildirdi ki, övladlığa götürmə müxtəlif hallarda baş verir: “Adətən, vətəndaş nikahından dünyaya gəlmiş uşaqlar, valideynlərin evlənmələrinə razı olmadıqları halda, iki gəncin öz aralarında baş vermiş münasibətdən dünyaya gəlmiş uşaqlar, valideynlərinin biri və ya hər ikisi vəfat etmiş uşaqlar uşaq evinə yerləşdirilir. Bəzən ana çox erkən yaşda uşaq dünyaya gətirmiş olur. Fərdlərin, ana və atanın şəxsi məsuliyyət və iqtisadi məsuliyyət hissi çox zəif olur. Onların iqtisadi azadlıqları olmur. Bu kimi hallarda da körpə uşaq evinə verilir. Bir cütlüyün uşaq evindən uşaq götürməsi məhz belə uşaqların övladlığa götürülməsidir. Əslində, bu halda uşağın övladlığa götürülməsi daha məqsədə uyğundur”.

 

Gizli saxlanılmamalıdır

“Bizim cəmiyyətdə isə çox vaxt bunu qəbul etmirlər. Daha çox qohum ailənin uşaqları övladlığa götürülür. Səbəb kimi uşağın genetikasını, başqa sözlə, əslini-nəslini bildiklərini söyləyirlər. Yəni “Ot kökü üstündə bitər” deyərək, gələcəkdə var-dövlətin ona qalması, onu övladlığa götürmüş valideynlərə qocalıq dövründə baxması kimi məsələ də ortaya qoyulur. Təbii ki, bunun müsbət tərəfi var”.

Mütəxəssis deyir ki, övladlığa götürüldüyü, uşağa deyilməlidir: “Bu məsələ uşaqdan gizli saxlanılmamalıdır. Ümumiyyətlə, bu məsələnin uşağa deyilmə yaşı 4-7 yaş arasıdır. Bu məsələ ailənin özü tərəfindən deyil, çox yaxşı olardı ki, hansısa bir psixoloq dəstəyi vasitəsilə həyata keçirilsin. “Nəyə görə deyilməlidir” sualına gəldikdə, bilmək lazımdır ki, insanın həyatda ilk qazanmış olduğu duyğu güvən hissidir. Bu duyğu ana bətnindən başlayır. Uşaq sonradan biləndə ki, mən bu ailənin övladı deyiləm, o halda, uşaqda güvən duyğusu sarsılmış olur. O baxımdan, məsələnin psixoloq vasitəsilə açılması daha yaxşıdır. Burada bir peşəkar dəstəyi məhz ona görə lazımdır ki, uşağın bunu yad insanlar tərəfindən eşitməsi onun stress keçirməsinə səbəb olacaq. Uşaq təşvişli ola bilir. Bu halda isə özünə daha çox qapanır”.

 

Niyə məhz 4-7 yaş arası?

“Uşaq artıq 11 yaşdan sonra yeniyetməlik yaş dövrünə qədəm qoyur. Yeniyetməlik yaş dövründə sosial olaraq, özünü gerçəkləşdirmə dövrü başladıqda, artıq o zaman fikir ayrılığında qalır. Deməli, mənim indiyə kimi yaşadıqlarım yalan imiş. Özünü gerçəkləşdirməyə qədər müddətdə şəxs özünü hər hansı bir ailəyə, hər hansı bir ata-anaya aid hiss edir. Hər şeyin yalan olduğunu biləndə, yeniyetməlik zamanı fəsadların baş vermə ehtimalı daha böyük olur. Onda davranış pozuntuları yaranır. İndiki ailəsini itirmək qorxusu isə özünü ən çox göstərən problemlərdən birinə çevrilir. Uşaq düşünür ki, əvvəlki, doğma ailəsi onu qəbul etməyib, onu sevməyiblər, birdən bu insanlar da onu qəbul etməz. Uşaq daim bu qorxu ilə yaşayır. Guya onu sevməyərək bu ailəyə veriblər deyə, hazırda mənsub olduğu ailəsini itirmək qorxusunu yaşayan uşaq aqressivləşə bilər. Bunu isə ona görə edir ki, görüm bu ailə məni həqiqətən istəyir, ya yox? Bu zaman hazırkı ailənin üzərinə düşən məsələ “biz səni istəyirik, sevirik, sənə ehtiyacımız var” deyərək, bu kimi duyğu və düşüncəni uşağa aşılaya bilməsidir”.

 

Uşaq “yox” deyə bilmədikdə

“Digər bir problem uşaqda yaranan dəyərsizlik hissidir. Güvən duyğusunu itirəndə, uşaqda artıq özünə qarşı dəyərsizlik hissi başlayır. Uşaqda “yox” deyə bilməmək xarakteri formalaşır. İstəyir ki, məsələn, hazırda mənsub olduğu ailənin ondan üz döndərməməsi, inciməməsi üçün hər şey etsin. Uşağı ailəyə “bağlayan” daha yaxşı variantlardan biri uşağın keçmişi ilə bağlı, yəni 1-3 yaş dönəmində onun çəkildiyi foto və videoların göstərilməsidir. Onun ikinci ailəsi ilə bağlı fotoşəkillər uşağın özünün xatırlaya bilmədiyi, yadına gəlmədiyi zamanlarda belə, bu insanların onun yanında olması, həmin ailənin ona qarşı olan sevgisini, diqqət və qayğısını hiss etdirəcək. “Mən səni bətnimdə deyil, qəlbimdə böyütmüşəm” fikrini ona aşılamaq lazımdır. O, 4-6 yaş dönəmində müəyyən informasiyaya sahib olmalıdır. Məsələni tam olduğu kimi qavraya bilməsə də, bu barədə ilkin məlumatı olmalıdır. Artıq 8-9 yaşında və irəliləyən yaşlarda uşaq özlüyündə bunu analizdən keçirir və həzm edir. Yeniyetməlik yaşına keçəndə artıq onun, psixoloji baxımdan özünü gerçəkləşdirməyi, özünü təsdiq etməyi daha rahat olur. O, sağlam şəkildə yeniyetməliyə qədəm qoyur”.

 

Nəvə nənənin övladıdır

“Nənə və baba yanında böyüyən uşaqlar da qismən övladlığa götürülənlərdir. Belə olur ki, iqtisadi baxımdan iki uşağın birinə nənə ilə baba baxır. Bunun başqa bir adı isə yoxdur. Bu hal qismən də olsa, övladlığa götürmə sayılır. Bu zaman uşaq öz bioloji ata-anasından ayrı yaşasa da, valideynlərinin kim olduqlarını bilir”.

 

Sevgi münasibətlərindəki təhlükə 

“Hansısa qohumun uşağını övladlığa götürən zaman bəzən bioloji qardaş-bacısını əmisi qızı və ya oğlu, xalası qızı və ya oğlu kimi tanıyan uşaqlar arasında irəliləyən yaşlarda sevgi münasibətləri başlaya bilər. Valideynlər bunu öncədən nəzərə almalıdırlar. Bu barədə yetəri qədər informasiyalar eşitmişik, yəni bu kimi hadisələrin baş verməsi mümkün haldır. Əgər bacı-qardaş olmuş və bir-birini yaxın qohum – xalaoğlu-xalaqızı və s. kimi tanıyan gənclər arasında sevgi münasibətləri başlayıb və onlar intim münasibətlərə qədər yaxın olublarsa, təbii ki, məntiqi surətdə heç zaman bir araya gəlmək istəməzlər. Onların ağır şəkildə depressiyaya düşmək ehtimalı mütləqdir. Bu zaman həmin gənclərdə psixoloji baxımdan postravmatik stress yaşanır, ağır formalı depressiya yaranır. Bu insanlara psixoloji yardım göstərilməlidir. Bu, artıq qaçılmazdır. Onların yaxın ətrafı, onlara dəstək ola biləcək hər hansı bir şəxsin sözü onlarda aqressiya yaradır. Çünki bu gənclər üçün onların ikisindən, həm özündən, həm də qarşı tərəfdən başqa hər bir yaxın adam, qohum günahkardır. Baş vermiş münasibətlər və üstəlik, onlara təsəlli kimi deyiləcək hər hansı bir söz, onlarda ağır dərəcədə depressiyadan qaynaqlanan intihar cəhdlərinə səbəb ola bilər. Onsuz da onlar emosional baxımdan bir çöküntü yaşayırlar. Bu zaman ən optimal variant psixoloji yardımdır. Onlar mütləq uzaq məkanlarda yaşamalı və bir neçə il bir-birini görməməlidirlər. Bu, emosional qırılmanın bir proses olaraq baş verməsi, yaşanması üçündür. Emosional qırılmanın zaman dilimi isə minimum 4-5 ildir. Yalnız bundan sonra həyat qismən bərpa olunur”.

 

Uşaq xoşbəxt böyüyürsə…

Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva övladlığa götürmənin yaxşı cəhətlərini qeyd etdi: “Yəni bunun müxtəlif səbəbləri olur. Atılmış uşaqların övladlığa götürülməsi yaxşı haldır. Övladı olmayan ailələr belə uşaqlara sahib çıxaraq, onları böyüdüb tərbiyə edir, digər tərəfdən də, özlərinin gələcəkdə tənha qalmayacaqlarını təmin etmiş olurlar. Uşaq evindən övladlığa götürmə uzun bir prosesdir. Bunun üçün ev, ailə şəraiti, iqtisadi vəziyyət, ailənin psixoloji durumu və s. nəzərə alınır”. Mehriban xanım bildirdi ki, uşaq xoşbəxt böyüyürsə, uşaqlıq çağında bunu ona bildirmək travmadır. Uşaqlığını yaşayandan sonra isə demək lazımdır.

Qohum uşağının övladlığa götürülmə məsələsinə toxunan Mehriban xanım qeyd etdi ki, bu da asan məsələ deyil. Qohum bəzən övladını düşdüyü çətin durum zamanı övladlığa verir: “Yəni daha çox iqtisadi cəhətdən imkanı olmayan ailənin övladı və ya arzu olunmayan uşaqlar övladlığa verilə bilər. Bəzən hansısa səbəbdən valideyn övladına baxmaq istəmir. Bu, boşanmış ailələr üçün də xarakterikdir”.

 

Xəstəlik halları, qanla bağlı problemlər

“Bəzən məlum hadisələr, xəstəlik halları ortaya çıxır, qanla bağlı problemlər yaranır. Yəni uşaq nə zamansa biləcək ki, onu böyüdən insanlar onun bioloji valideynləri deyilmiş. Ona görə də, zamanında bilsə, daha yaxşıdır. Onsuz da müəyyən bir vaxtdan sonra işin üstü açılacaq. Ya da qohumlar arasında bəzən baş verən yersiz münaqişələr, dedi-qodular da həmin uşağın gələcəyinə zədə vurur. Hətta uşağı övladlığa götürən ikinci valideynlər bəzən yaşayış yerlərini dəyişmək məcburiyyətində qalırlar ki, məsələnin üstü açılmasın. Bəzən bioloji valideynlər  uşağa “sən bizim övladımızsan, səni bibiyə, xalaya və s. vermişik” deyərək, uşağa eşitdirirlər. Bu cür xudbin insanlar uşağa necə bir travma yaşatdıqlarını düşünməyərək, onunla sanki bir əşya olaraq davranırlar. Bu hal isə sözsüz ki, münasibətlərdə ögeylik hissləri yaradır. Uşaq özünü bu ailədə istər-istəməz artıq bir insan olaraq hiss edir. Bir faktı qeyd edim: övladlığa götürülmüş bir oğlan uşağına qəflətən deyilmişdi ki, sən bu ailənin övladı deyilsən, səni övladlığa götürüblər. Oğlanın artıq 16 yaşı vardı, təbii ki, münasibətlər, baxışlar dəyişdi. Ögeylik yarandı. Bu, vaxtında deyilməli idi ki, uşaq buna hazır olsun. Onu min cür əziyyətlə böyüdən insanların valideyn olmaması və bunun birdən-birə, kobud şəkildə,  qərəzkar bir qonşu tərəfindən açılması xoşbəxt bir ailədə sınıqlıq yaratdı. Uşaq çıxıb getmədi, amma hər iki tərəf – uşaq da, valideynləri də bir-birindən xəcalətli kimi yaşamalı oldular. Bəzən yerində işlədilməyən bir söz hər şeyi alt-üst edə bilər. Bunu vaxtında, asta-asta demək lazım idi”.

 

Zeynəb Əliqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir